Kisaburo Ueda

Onisaburo Dequçi (出口 王仁三郎?, 27 avqust 1871, Tamba əyaləti[d]19 yanvar 1948[1]) və ya doğum adı ilə Kisaburo Ueda (上田 喜三郎?)Yaponiya din xadimi. Oomoto dini hərəkatının əsas liderlərindən biri olmuşdur.

Onisaburo Dequçi
yap. 出口王仁三郎
Doğum tarixi 27 avqust 1871(1871-08-27)
Doğum yeri
Vəfat tarixi 19 yanvar 1948(1948-01-19)[1] (77 yaşında)
Həyat yoldaşı
  • Sumiko Dequçi[d]
Uşaqları
Təhsili
  • Koten Kokyuco[d]
Fəaliyyəti dini rəhbər[d], esperantoçu, dulusçu, vaka şairi, keramikaçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kisaburo Ueda 1871-ci ildə Yaponiyanın Kioto prefekturasında yerləşən Anao şəhərində (indiki Kameoka şəhəri) kəndli ailəsində doğulmuşdur. Təhsilə və öyrənməyə böyük marağı olsa da, sadəcə yerli müəllimlərdən dərslər ala bilmiş, rəsmi təhsil almamışdır.[3] Müəllimliklə maraqlanmışdır.[4]

Ueda 1898-ci ildə quldurların kəndə etdikləri hücumdan sonra Şuqendo təlimindəkinə oxşar dini təcrübələr yaşadığını iddia etməyə başlamış, şaman kimi ad çıxarmışdır. Şintoizmlə məşğul olmağa başlamış, yanına gələn şəxsləri trans vəziyyətinə soxan, hər bir bədənə hökm edən ilahi gücü çəkdiyini iddia etdiyi qədim texnikanı tətbiq etməyə başlamışdır.[3]

O, 1898-ci ildə onun kimi dini təcrübələr yaşayan Nao Dequçi ilə tanış olmuş və onun dini hərəkatına qoşulmuşdur. Tezliklə Naonun qızı Sumi ilə evlənmiş, Dequçi soyadını götürmüş və Oomoto dininin liderlərindən birinə çevrilmişdir. Şintoizm praktikaları haqqında məlumatlı olan Dequçi Naonun vəhylərini Yaponiyanın sürətli sənayeşləmə dövründə əziyyət çəkən kütləyə xitab edəcək terminlərlə ifadə etməyi bacarmışdır. Onun rəhbərliyi altında Oomoto adını alan bu dini hərəkat sürətlə yayılsa da, gələcəkdə dünyanın yenidən qurulması fikrini müdafiə etməsi Yaponiya hökumətinin dövlət şintoizmi ideyası ilə ziddiyyət təşkil edirdi.[3] O, dövlətin şinto siyasətini tənqid etmək üçün yayımlara başlamış, ağ ata minmiş və səyahətlərində motosikldan istifadə etmişdir. Bu səbəbdən Dequçi 1921-ci ildə həbsdə olmuş,[4] Monqolustana sığınaraq özünü "Dünyanın xilaskarı" elan etmiş və Universal Sevgi və Qardaşlıq Assosiasiyasını (Cinrui Ayzen Kay) yaratmışdır.[5]

Dequçi öz ruhani səyahətindən bəhs edən 81 cildlik "Reykay monoqatari" (1921–1927; 1934–1935) əsərini nəşr etdirmiş, dinində istifadə etmək üçün esperanto dilini öyrənmiş və xarici ölkələrə missionerlər göndərmişdir. 1935-ci ildə polislər onun dini mərkəzlərinə basqın təşkil edərək Dequçini həbs etmiş, dini məhv etməyə çalışmışdırlar.[3] Həbsdə olarkən 600.000 dini şeir yazmışdır.[5] O, 1942-ci ildə həbsdən çıxmış, İkinci Dünya müharibəsindən sonra Oomoto dininin bərpası üçün çalışmışdır.[4] Dinlə yanaşı dulusçuluq, rəssamlıq və xəttatlıq ilə məşğul olmuşdur.[5]

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Article database of deceased artists. Tokyo National Research Institute for Cultural Properties.
  3. 1 2 3 4 Kodansha Encyclopedia of Japan. səh. 83
  4. 1 2 3 Huffman. səh. 42
  5. 1 2 3 Frédéric. səh. 150
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). II cild (Const–F). Tokio: Kodansha. 1983. səh. 83. ISBN 0-87011-622-3. İstifadə tarixi: 12 avqust 2024.
  • Frédéric, Louis. Japan Encyclopedia (ingiliscə). Harvard University Press. 2002. səh. 150. ISBN 9780674017535. İstifadə tarixi: 13 avqust 2024.
  • Huffman, James. Modern Japan: An Encyclopedia of History, Culture, and Nationalism (ingilis). Nyu-York: Routledge. 2013. səh. 42. ISBN 978-0-815-32525-3. İstifadə tarixi: 12 avqust 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]