"Kondor" əməliyyatı (isp. Operación Cóndor) — 1970-1980-ci illərdə Cənubi Amerikanın bir sıra ölkələrində siyasi müxalifətin (əsasən kommunistlər və sosialistlərin) təqib edilməsi və məhv edilməsi kampaniyasıdır. Bunu ABŞ xüsusi xidmət orqanlarının dəstəyi ilə Çili, Argentina, Uruqvay, Braziliya, Paraqvay, Boliviyanın diktator rejimləri həyata keçirib.
Bu dövlətlərin xüsusi xidmət orqanları koordinasiyalı şəkildə fəaliyyət göstərərək müxalifət nümayəndələrinin oğurlanmasını, işgəncə verilməsini, məhkəməsiz və istintaqsız edamlarını (xüsusən də “ölüm uçuşları”) təşkil edirdi. Tanınmış siyasətçilər, diplomatlar və ictimai xadimlər əməliyyatın qurbanı olurdu. Ümumilikdə, müxtəlif hesablamalara görə, 40-60 min insan o illərdəki terrorunun qurbanı olub: 30.000 argentinalı, 3.000 perulu, 3.000-dən çox çilili, 160 paraqvaylı, 150 boliviyalı, 140 uruqvaylı və 6 ekvadorlu[1][2][3][4][5]..
1992-ci ildə Paraqvaylı hüquq müdafiəçisi Martin Almada diktatura rejimlərinin dissidentlərin və müxalifətçilərin məhvi ilə bağlı dosyelər, hesabatlar və digər məlumatlardan ibarət terror arxivlərini aşkar etdi.
2001-ci ildə bir sıra insan haqları təşkilatları ABŞ-nin keçmiş dövlət katibi Henri Kissinceri Kondor əməliyyatında iştirakda ittiham edərək ona qarşı iddia qaldırıb. Argentinalı cinayəti araşdıran hakim Kissincerin potensial şübhəli və hətta müttəhim olduğunu söyləmişdi. Kissincer müstəntiq tərəfindən dindirilməyə çağırıldıqdan sonra dərhal Fransanı tərk emiş və Braziliyaya getməkdən imtina etmişdir[6].
Belə bir əməliyyatın olduğu haqda ilk informasiya isə 1979-cu ildə “Vaşinqton Post”un müxbiri Cek Anderson tərfindən yayılmışdı[7].
27 may 2016-cı ildə Buenos-Ayres apellyasiya məhkəməsi Kondor əməliyyatı üzrə 15 sabiq hərbçini qətl və işgəncədə iştirak etdiklərinə görə 8 ildən 25 ilədək həbs cəzasına məhkum etdi. Argentinanın sonuncu hərbi diktatoru, 88 yaşlı (isp. Reynaldo Benito Antonio Bignone Ramayón) 20 il müddətinə azadlıqdan məhrum edildi. Argentinalı general Santyaqo Riveros və uruqvaylı polkovnik Manuel Kordero Piasentini 25 il müddətinə azadlıqdan məhrum edilib.
8 iyul 2019-cu ildə Romadakı apellyasiya məhkəməsi Boliviya, Çili, Uruqvay və Perudan olan daha 24 keçmiş hərbçini ömürlük həbsə məhkum etdi; onların hamısı İtaliya vətəndaşlarını oğurlamaqda və öldürməkdə təqsirli bilindilər. 24 nəfərdən 14-ü Uruqvay vətəndaşıdır, həmçinin İtaliyada məhkəmədən gizlənən Xorxe Nestor Trokkoli. Digər məhkumların çoxu, Kondor əməliyyatı zamanı törətdiyi cinayətlərə görə artıq başqa ölkələrin məhkəmələri tərəfindən məhkum olunduqlarına görə, Romada müttəhimləri yalnız Trokkoli təmsil edirdi[8].