Kult kino (ingiliscə: Cult film) sədaqətli, ehtiraslı, lakin nisbətən az fanat kütləsi olan filmlər üçün nəzərdə tutulmuş termindir.[1] Kult sözü (ingiliscə: Cult, fransızca: Culte, almanca: Kult) qərb dillərindəki ibadət, sitayiş etmək mənasında olan, Latın mənşəli cultus sözündən götürülmüşdür. Bu söz Azərbaycan dilində də qərb dillərində olduğu kimi aludəçisi olmaq, ilahiləşdirmə, həddindən artıq ehtiram mənasını verir.
Kult kinolar, ümumiyyətlə, ilk buraxılış tarixlərində əhəmiyyətli kommersiya müvəffəqiyyətləri əldə etməyən, eyni zamanda film tənqidçilərindən müsbət rəylər əldə edə bilməyən aşağı büdcəli müstəqil filmlərdirlər.[2] Bu filmlər ilk vaxtlarda çoxluq təşkil edən adi kino tamaşaçısının diqqətini cəlb etməmişdirsə də, zaman keçdikcə özlərinə kiçik, lakin ehtiraslı və hətta obsesif bir tamaşaçı kütləsi yaratmışdırlar. Bu filmlərin fanatik pərəstişkarları (və ya izləyiciləri) kult kino hesab etdikləri kinoya təkrar-təkrar baxırlar, replikaları, dialoqları əzbərləyirlər, film haqqında ən xırda detalları belə öyrənirlər, filmin müxtəlif versiyalarını əldə edirlər və hətta filmlə bağlı efemera materiallardan ibarət kolleksiyalar yığırlar.[3][4]
Kult kinoların həmişə kiçik bir fanat kütləsinin olması lazım deyildir. Bunun bir çox istisnaları mövcuddur. Məsələn, Taxi Driver (1976), Pulp Fiction (1994) və ya Döyüş Klubu (1999) kimi filmləri geniş auditoriya kütlələrinə çatmış məşhur kult kinolara misal kimi göstərmək mümkündür.
Kult anlayışı subyektivdir. Biri üçün kult olan kino başqası üçün kult olmaya da bilər. Həm də kult kinonun yaxşı film olması heç də şərt deyildir. Kino tarixi baxımından heç bir dəyəri olmayan filmlərin də xüsusi fanat kütləsi ola bilər. Buna misal olaraq "Dünyanı xilas edən adam" adlı türk elmi-fantastika filmini göstərmək mümkündür. Klassik kinolar arasında çoxlu kult kinoları olduğu kimi (Məsələn: M — Şəhər qatili axtarır), hər klassik kino da kult kino deyildir.
Qorxu və elmi fantastika kimi bəzi kino janrları kult kinolar yaratmağa daha çox meyllidirlər və kult kinolar özlərindən sonrakı kinolara ilham mənbəyi olduğu kimi, bir çox kinolar da özlərindən əvvəl çəkilmiş belə kult filmlərə istinad edilərək çəkilirlər. Qorxu və elmi fantastika janrında çəkilmiş olan filmlərdən əlavə olaraq, "Musiqinin Səsi" kimi muzikallardan Conni Gitar kimi vesternlərə, Shaft kimi zorakılıq və istismarı özündə ehtiva edən filmlərdən Animal House kimi yeniyetmə filmlərinə, hətta Cənnət Qapıları kimi sənədli filmlərdən Deep Throat kimi porno klassiklərinə qədər demək olar ki, bütün kino janrlarında kult kinolara rast gəlmək mümkündür.
Bəzi kinoların kult kino olmasına onların musiqisi təsir göstərmişdirsə (məsələn: The Blues Brothers), bəzi filmlərdə fetiş obyekti (məsələn, Çirkli Adam filmindəki məşhur tapança və ya Vanishing Point (Ölüm nöqtəsi) filmindəki dözümlü avtomobil) və ya bir şəxs (Böyük Lebowski filmində Jeffrey "The Dude" Lebowski personajı) həmin filmi kult statusuna yüksəldən amillərdəndir.
Həmçinin də bəzi rejissorların daha çox sayda kult kinolar olaraq qəbul edilmiş kinoları olduğuna görə onlar da kult rejissor kimi qəbul edilirlər. David Lynch, Quentin Tarantino, Stanley Kubrick, Tim Burton və Con qardaşları (Coen Brothers) kimi rejissorlar belə kult rejissorlara nümunədirlər.[5][6][7][8]