Leyden Universiteti

Leyden Universiteti (nid. Universiteit Leiden) — Niderland Krallığında, Leyden şəhərinin mərkəzində yerləşən ali təhsil müəssisəsi. Ölkənin ən qədim ali təhsil ocaqlarından biridir.

Leyden Universiteti
Universiteit Leiden
Loqonun şəkli
Xəritə
52°09′25″ şm. e. 4°29′07″ ş. u.
Əsası qoyulub 1636
Tip Dövlət
Tələbə sayı 18778
Şəhər Leyden şəhəri
Ölkə
Sayt universiteitleiden.nl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1575-ci ilə qədər Hollandiyanın şimalında hələ də universitet yox idi. Burada yeganə universitet Leuven şəhərində yerləşirdi, lakin ona nəzarəti ispanlar ələ keçirmişdilər. Elmi Renessans ərəfəsində ispanların hücumlarına qarşı müdafiəsinə görə Leyden şəhərinə şahzadə Villiam tərəfindən mükafat verilir. Həmin mükafat ilk holland universitetinin bu şəhərdə yaradılması olur. Deyilənə görə, Leyden vətəndaşlarına universitet yaradılması və ya müəyyən vergilərdən azad olunması arasında seçim təklif edilib. Lakin vətəndaşlar bildiriblər ki, vergilərdən azad edilmək haqqında qanun dəyişir, Avropanın böyük universitetləri isə əsrlər boyu yaşayır.

Əvvəllər Müqəddəs Barbara kilsəsində yerləşən universitet 1581-ci ildə Ağ Rahibələr kilsəsinə köçürülür. 1616-cı ildə universitetin əvvəlki binasının tamamilə dağıdılmasına baxmayaraq, bu ali məktəb hazırda həmin ərazidə yeni binada yerləşir.

Yarım əsr ərzində universitetin filoloq və humanist Yustus Lipsius, ilahiyyatçılar Josef Skaliger, Fransiskus Gomarus və Yacobus Arminius, hüquqşünas Hugo Qrotius, filoloqlar Daniel Heinsius və Gerhard Yohann Vossius kimi alimləri olublar. Filoloq-klassik Yacobus Gronovius, botanik və həkim Herman Burhaave, tənqidçi-filoloq Tiberius Hemsterhuis və filoloq-klassik David Ruhnkenin nüfuzu və təlimi sayəsində Leyden Universitetinin adı Avropanın nüfuzlu universitetləri arasında çəkilməyə başlanılır və bu, XVIII əsrin sonunadək davam edir.

XIX əsrin sonlarına doğru Leyden Universiteti yenidən Avropanın aparıcı universitetlərindən biri olur. Dünyada ilk dəfə universitetin professoru Hayke Kamerlinq Onnes aşağı laboratoriya temperaturunda tam sıfırdan yalnız bir dərəcə yuxarı temperatur — 273 dərəcə Selsi əldə edir. 1913-cü ildə Kamerlinq Onnes Nobel mükafatına layiq görülür. Sonradan Nobel mükafatı laureatları arasında universitetin professorları, fiziklər Hendrik Antoon Lourens, Piter Zeeman, Albert Eynşteyn, Paul Erenfest, həkim və fizioloq Villem Eynthoven, ərəbşünas və İslam dini üzrə ekspert Xristian Snuk Hurqronye və digərləri olurlar. 2005-ci ildə Leyden Universitetinin kitabxanalarının birində A. Eynşteynin təkatomlu ideal qazın kvant nəzəriyyəsinə aid əlyazması aşkar edilmişdir.

Müasir vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Leyden şəhərində universitetin xüsusi kampusu mövcud deyil. Ali məktəbin binaları şəhərin müxtəlif hissələrindədir. Binaların əksəriyyəti çox qədimdir və müxtəlif memarlıq üslublarına aiddir, bəziləri isə (Lipsius, Gorlaeus və s.) müasir tikililərdir.

Leyden Universitetində 50-dən çox bakalavr və 100-dən çox magistr və doktorluq proqramları təklif edən 6 fakültə fəaliyyət göstərir.

Leyden Universitetinin Arxeologiya fakültəsi Niderlandda bu sahəyə aid yeganə fakültədir. Fakültə insanın yaranması, insan sümüyü tədqiqatları, ekoloji, mədəni tədqiqatlar, arxeoloji irsin idarəolunması, tarixi arxeologiya, Şimal-Qərbi Avropa, Aralıq dənizi, Yaxın Şərq arxeologiyası, Mesoamerika və And mədəniyyəti, Karib dənizi və Amazoniya üzrə tədqiqatlar həyata keçirir.

Humanitar elmlər fakültəsi Afrika, Çin, holland, Misir, italyan, ingilis, fransız, alman, ibrani (yəhudi) və aramey, Latın Amerikası, ispan, Koreya, Yaponiya, Cənub-Şərqi Asiya və Okeaniya dilləri və mədəniyyətləri, arxeologiya, ərəb, fars və türk dilləri və mədəniyyətləri, Holland tədqiqatları, Rus tədqiqatları, Hindu-Amerika Tədqiqatları, Yaxın Şərq, İncəsənətin tarixi, Assuriyalogiya, Astronomiya, Klassika, Tarix, Müqayisəli Hind-Avropa dilçiliyi, Dilçilik, Fəlsəfə, İlahiyyat, İslam, Dünya dinləri tədqiqatları və s. üzrə bakalavr və magistr proqramlarını, Ölkəşünaslıq (Asiya və Yaxın Şərq), Dilçilik, Tarix, Fəlsəfə, İlahiyyat və s. üzrə doktorluq proqramlarını təklif edir. Fakültə çərçivəsində Yaradıcılıq və İfaçılıq Akademiyası, Linqvistika Mərkəzi, Ölkəşünaslıq, Mədəni İntizamlar, Tarix, Fəlsəfə, İlahiyyat üzrə Humanitar Təhsil institutları fəaliyyət göstərir.

Hüquq fakültəsi

Hüquq fakültəsi universitetin ən qədim fakültələrindən biridir və Avropa hüququ, beynəlxalq ictimai hüquq, hava və kosmik hüquq, beynəlxalq vergi hüququ, beynəlxalq cinayət hüququ, sülh, ədalət və inkişaf və s. üzrə tədqiqatlar aparır. Fakültəyə İctimai Hüquq, Cinayət Hüququ və Kriminologiya, Hüquq Fənlərarası Tədqiqatlar, Dəqiq elmlər fakültəsində Leyden Kimya, Fizika, Biologiya, Perspektiv Kompüter Elmləri, Riyaziyyat, Ətraf Mühit institutları, Leyden-Amsterdam Narkotik Tədqiqatları Mərkəzi, Lourens Mərkəzi, Leyden rəsədxanası, Niderland milli herbarisi, Botanika bağı fəaliyyət göstərir.

İctimai və əxlaq elmləri fakültəsi Mədəni Antropologiya və Sosiologiyanın İnkişafı, Təhsil və Uşaq Tədqiqatları, Siyasi Elmlər, Psixologiya, Dövlət qulluğu institutlarından ibarətdir.

Tibb fakültəsi Leyden Universitetinin nəzdində fəaliyyət göstərən böyük tibb mərkəzidir. 7000-dən çox əməkdaşı olan mərkəzdə xəstələrə qulluqla yanaşı, tibbin bütün sahələri üzrə tədqiqat aparılır və yeni mütəxəssislər hazırlanır. Burada həkim, pasiyent, müəllim və tələbələrin birgə əməkdaşlığı nəticəsində yeni müalicə metodları aşkar edilir və tədqiqatlar həyata keçirilir.

Leyden Universitetinin kitabxana sisteminə müxtəlif binalarda yerləşən yeddi kitabxana daxildir. Bunlar Humanitar, arxeologiya və xüsusi kolleksiyalar və ya Universitet, Humanitar: Şərqi Asiya, Hüquq, Leyden Tibb Mərkəzi: Valaeus, İctimai və əxlaq elmləri, Dəqiq elmlər: Gorlaeus, Dəqiq elmlər: Riyaziyyat və kompüter elmləri kitabxanalarıdır. Universitet kitabxanlarının kolleksiyasına ümumilikdə 3 milyondan çox kitab, 16000 elektron jurnal, yüzlərlə verilənlər bazası, elektron kitabça, rəqəmsal mətn və qrafik material, əlyazma, qədim qravür, şəkil, xəritə və s. daxildir.

Kitabxananın Qərbi əlyazma kolleksiyasına 2500 orta əsrlərə aid, 25000 müasir əlyazma, 300000 məktub və sənəd, Qərbi çap kolleksiyaya isə 1801-ci ilədək çap edilmiş, həmçinin 700 inkunabula (kitab çapı icadının ilk dövründə yığma hərflərlə çap olunmuş ilk kitab) və 1801-ci ildən sonrakı illərə təsadüf edən nadir kitablar aiddir. Bu kolleksiya 4 əsr müddətində alim və imkanlı şəxslərin universitetə vəsiyyət etdikləri materiallar (mülk) əsasında toplanıb.

Leyden Universiteti kitabxanasının Şərq kolleksiyası "Leqatum Varnerianum" ("Varnerin mirası") adlanır və 30000 əlyazmadan, arxeologiya, zərdüştlük və digər dövrlərə aid, ərəb, zulu (Cənubi Afrikada xalq) və s. dillərdə 200000 çap edilmiş kitabdan ibarətdir. Levinus Varner Hollandiyanın Konstantinopoldakı (İstanbul) səfiri olub və 100-dən çox Şərq əlyazmasını universitetə hədiyyə edib. Leyden Universiteti kitabxanasının yaranma tarixi 1575-ci ildə şahzadə Vilhelm Oranskinin universitetə Poliqlot İncilin nüsxəsini bağışladığı vaxta təsadüf edir.

Leyden Universitetinin rektoru, professor Pol van der Heydendir. Universitetin idarəetmə orqanlarına İdarəçilər Şurası, İcraedici Şura aiddir. Hər bir fakültənin də ayrılıqda dekanın sədrliyi ilə şurası mövcuddur. Universitetdə ümumilikdə 3926 nəfər işçi çalışır. Onların 1121 nəfərini akademik, 1093 nəfərini idarəetmə, qalanlarını isə inzibati heyət təşkil edir.

Leyden Universitetində ümumilikdə 18778 nəfər təhsil alır. Onların 12588 nəfərini bakalavr, 6190 nəfərini isə magistrant və doktorantlar təşkil edirlər.

Leyden Universitetində tələbələrin yataqxanalarla təmin olunması məsələsi ilə universitetin Mənzil idarəsi məşğul olur. İdarə yalnız bakalavrda oxuyan tələbələrin deyil, magistrant və doktorantların da mənzillərdə yerləşdirilməsinə təminat verir. Mənzillərin maksimal kirayə müddəti 1 ildir. 1 ildən sonra tələbə qaldığı yeri yeni qəbul olunmuş tələbə üçün azad etməli və özünə yeni mənzil axtarmalıdır. Magistrantlar üçün bu müddət 2 ilədək uzadıla bilər. Hər bir fakültə də ayrılıqda tələbələrə yaşayış yeri təklif edir. Mənzillərin daha ucuz başa gəlməsi üçün tələbələr növbəyə yazılmalıdırlar. Mənzil idarəsində əvvəlcədən növbəyə yazılmaq üçün 100 avro ödəmək lazımdır. Gözləmək üçün minimal müddət 2 ildir. Universitetin təklif etdiyi tək və bir neçə nəfərlik otaqlardan ibarət yataqxanalar Leyden şəhərinin mərkəzində yerləşən Herenqraxt 33–35 və Kaarsenmakersstraat 7–121, Oegstgeest rayonundakı Oranjelaan 2, şəhər mərkəzi və Oegstgeest rayonu arasında yerləşən Rijnfront, əcnəbi tələbələrin məskunlaşdığı Huqo de Grootstrat 32-Horizon Evidir. Bu yataqxanalarda otaqların qiyməti 300–700 avro arasında dəyişir. Həmçinin universitet tələbələrə mənzillərdən ibarət Hooigracht/Kloosterpoort, Smaragdlaan, Huqo de Grootstrat 32-Horizon Evi yataqxanaları təklif edir. Bu yataqxanalarda ayrıca mətbəxi, vanna otağı, balkonu olan birotaqlı mənzillər mövcuddur. Belə mənzillərin qiyməti 530–820 avro təşkil edir. Tələbələr müstəqil surətdə də özlərinə mənzil tapa bilərlər. Xüsusi evlərdə qiymətlər otağın şəraitindən asılı olaraq 250–1000 avro arasında dəyişir.

Leyden Universitetində hər bir tələbəyə akademik və şəxsi həyatında xüsusi diqqət ayrılır, onlara məsləhət, informasiya, tibb, idman, mədəni xidmətlər göstərilir. Leyden Universiteti Avropanın qədim ali təhsil ocağı olaraq hazırda da dünyaya yeni-yeni kəşflər və nailiyyətlər verməkdə davam edir.

2009–2010-cu tədris ilində Leyden Universitetinin illik gəlirləri 477800000 avro, illik xərcləri isə 462800000 avro təşkil edib.

2010–2011-ci tədris ili üzrə Leyden Universitetində tələbələrin təhsil haqqı bakalavr pilləsində Niderland, İsveç, Surinam və Avropa Birliyi ölkələrini təmsil edən tələbələr üçün 1672 avro, Arxeologiya, Humanitar, İctimai elmlər fakültələrində 5120 avro, Dəqiq elmlər və Tibb fakültələrində, universitetin Haaqa Kollecində 9300 avro, digər əcnəbi tələbələrin təhsil haqqı isə 2300 avro, Dəqiq elmlər və Tibb fakültələrində 9300–9600 avro, Arxeologiya, Humanitar, İctimai elmlər fakültələrində 5120–5280 avrodur. Leyden Universitetinin Haaqa Kollecində tələbələr təhsil haqqından başqa 1830 avro əlavə məbləğ ödəməlidirlər. Həmin tədris ilində magistratura pilləsində Niderland, İsveç, Surinam və Avropa Birliyi ölkələrini təmsil edən tələbələr üçün təhsil haqqı 1742 avro təşkil edir, əcnəbi tələbələr üçün isə fakültə və proqramdan asılı olaraq bu məbləğ 14200 (Arxeologiya, Humanitar, İctimai elmlər) — 19100 (Tibb) avro arasında dəyişir.

Leyden Universitetində oxuyan tələbələrə Niderland dövləti və universitet tərəfindən müxtəlif məbləğdə təqaüdlər təklif olunur. Təqaüd almaq istəyən tələbələr ərizə ilə universitetə müraciət etməlidirlər.

Xarici əlaqələri

[redaktə | mənbəni redaktə et]

Koimbra qrupunun üzvüdür.[1]

Böyük Britaniyanın "Times Higher Education Supplement — QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Leyden Universiteti 100 ən yaxşı ali məktəb arasında 60-cı yerdə olmuşdur.

2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında Leyden Universiteti "Times Higher Education World University Rankings"in apardığı araşdırmaya əsasən, 124-cü, "QS World University Rankings"in açıqlamasına görə isə 82-ci yeri tutmuşdur.

Məşhur məzunları

[redaktə | mənbəni redaktə et]

Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:

Nobel mükafatı laureatları

[redaktə | mənbəni redaktə et]
  1. "CG Member Universities 2014" (PDF). Coimbra Group. 2014-04-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 10.10.2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • leiden.edu — Leyden Universitetinin rəsmi saytı