Azərbaycan iqtisadiyyatı

Azərbaycan iqtisadiyyatıAzərbaycan Respublikası hüdudları daxilində aparılan iqtisadi fəaliyyət toplusu.

Azərbaycan iqtisadiyyatı
Azərbaycanın əsas iqtisad mərkəzi Bakı şəhəri, 2015
Valyuta Azərbaycan manatı (AZN, ₼)
Sabit məzənnə dəyəri 1 manat = 100 qəpik
Büdcə ili Təqvim ili
Ticarət təşkilatları Müstəqil Dövlətlər Birliyi
İqtisadi Əməkdaşlıq Təşkilatı
GUAM İnkişaf Təşkilatı
Statistika
ÜDM 80.21 milyard $ (ÜDM)
201.192 milyard $ (AQP)
ÜDM sıralaması 86-cı (ÜDM) (2019)
72-ci (AQP) (2019)
Adambaşına düşən ÜDM 4,689 $ (ÜDM)
18,616 $ (AQP)
Adambaşına düşən ÜDM sıralaması 102-ci (ÜDM) (2019)
73-cü (AQP) (2019)
Sektorlarına görə ÜDM Kənd təsərrüfatı (6.1%)
Sənaye (53.5%)
Xidmət (40.4%)
İnflyasiya (İQİ) 6.75% (2021)[1]
Uçot faiz dərəcəsi 7.75% (mart 2022)[2]
Yoxsulluq həddindən aşağı olan əhali 8.2% ($5.50/günlükdən daha az) (2005)
Cini indeksi 33.7 orta (2008)
İnsan İnkişafı İndeksi 0.754 yüksək (2018)
İşçi qüvvəsi 5,073,024 (2019)
Məşğulluğa görə işçi qüvvəsi 63.0% (2019)
İşsizlik səviyyəsi 4.9% (2018)
13.4% gənc işsizliyi
Orta aylıq gəlir 540 AZN/ 294 €/ 317 $ (2017)
Biznesin qurulma asanlığı indeksi 34-cü ən asan
Xarici ticarət
İxrac 15.15 milyard $ (2017)
İxrac məhsulları Neft, təbii qaz, maşın, ərzaq, pambıq
İxrac tərəfdaşları İtaliya İtaliya (23.2%)
Türkiyə Türkiyə (13.6%)
İsrail İsrail (6.1%)
Rusiya Rusiya (5.4%)
Almaniya Almaniya (5%)
Çexiya Çexiya (4.6%)
Gürcüstan Gürcüstan (4.3%) (2017)
İdxal 9.037 milyard $ (2017)
İdxal məhsulları Ərzaq, maşın və avadanlıq, metal, kimyəvi maddə
İdxal tərəfdaşları Rusiya Rusiya (17.7%)
Türkiyə Türkiyə (14.8%)
Çin ÇXR (9.9%)
ABŞ ABŞ (8.3%)
Ukrayna Ukrayna (5.3%)
Almaniya Almaniya (5.1%)
BXİ indeksi 79.53 milyard $ (2017)
Cari hesab 1.685 milyard $ (2017)
Xarici borc 17.41 milyard $ (112-ci) (2017)
Dövlət maliyyəsi
İctimai borc ÜDM-nin 54.1%-i
Büdcə balansı −1.6% (ÜDM) (2017)
Gəlirlər 24.681 milyard ₼ (2020)
Xərclər 26.416 milyard ₼ (2020)
Kredit sıralaması Standart & Poor's: BB+
Moody's: Ba1
Fitch: BBB-
Scope: -BB
Outlook: Sabit
Xarici ehtiyatlar 104.8 milyard $ (2019)
Əsas mənbə: CIA World Fact Book
Əksi qeyd olunmayıbsa, bütün məlumatlar ABŞ dolları ilədir.

Qədim Azərbaycanın iqtisadi həyatı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan xalqının iqtisadi fikirləri haqqında bizə gəlib çatan ən qədim yazılı abidələrdən biri "Avesta"dır. Zərdüştiliyin qanunlar toplusu olan "Avesta" bizim eradan əvvəl X–VII əsrlərdə meydana gəlmişdir. Bəşər həyatının Məzdə qanunları əsasında qurulması cəmiyyətdə xeyirxahlıq və ədalət qanunları əsasında qurulması deməkdir. Azərbaycanda ilk sosial hərəkatlar olan Manihəçilik (III əsr), Məzdəkizm (V–VI əsrlər) və Xürrəmilər (VIII–X əsrlər) hərəkatlarının iqtisadi məzmunu hamı üçün mülkiyyət hüququ yaratmaq ideyası təşkil edir. Azərbaycan xalqı dünya xalqları içərisində ensiklopedik məzmunlu qədim yazılı abidələri olan xalqlardan biridir. Bu baxımdan "Dədə-Qorqud" qəhrəmanlıq dastanı və oradakı iqtisadi ideyalar diqqəti cəlb edir. X əsrdə qələmə alınmış bu dastan III–VII əsrlərin real hadisələrini, böyük bir dövrün ictimai həyatını, təsərrüfat ukladını öyrənmək baxımından əvəzsiz mənbədir. "Dədə-Qorqud" dastanının məlumatları təsdiq edir ki, Azərbaycan oğuzlarının həyatında natural mübadilə ilə bərabər pul artıq müəyyən rol oynayır. Tədavül və yığım vasitəsi kimi istifadə olunur. Məlumdur ki, elmi baxımdan iqtisadiyyat, iqtisadi münasibətlər ilk növbədə bir-biri ilə qarşılıqlı və üzvi əlaqədə olan istehsal, bölgü, mübadilə, istehlak proseslərinin məcmusudur. Bunların hamısı isə bilavasitə mülkiyyət münasibətləri, mülkiyyət formaları ilə bağlıdır, üzvi qovuşmaqdadırlar. Dastanın oğuz tayfalarının o zamankı məşğuliyyətlərindən mötəbər xəbər verilir. Orada maddi nemətlər istehsalının müxtəlif sahələri, təsərrüfat rəngarəngliyi, onların konkret strukturu, əmək bölgüsü və bunun aparıcı təmsilçisi olan ixtisaslaşma növləri aydın duyulur. Mötəbər məlumatlara görə ilk içtimai əmək bölgüsü tarixən Şərq aləmində baş verib. Bu isə vaxtı ilə cəmiyyətin, xalqların tərəqqisində bir amil olubdur.

F. Engels "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" əsərində ilk böyük ictimai əmək bölgüsünü orada yaşayan ən qabaqcıl tayfalarda meydana gəldiyini göstərir və bunun üçünün adını çəkir. Onlardan birinin də "Turanlılar" olduğunu göstərir. Məlum olduğu kimi "Turanlılar"ın da ən öncül qollarından biri oğuzlar olub. Dədə-Qorqud dövründə isə bunlarda əmək bölgüsü və onun tərkibi zamana görə cox əhatəli olub.

Azərbaycanda orta əsrlər iqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Şərqin, o cümlədən Azərbaycanın orta əsrlərdə yaşayıb yaratmış böyük filosof və mütəfəkkirlərinin əsərlərində cəmiyyətin iqtisadi quruluşu və onun inkişaf qanunları haqqında irəli sürdükləri dəyərli nəzəri fikirlərlə qarşılaşırıq. Məsələn, böyük Şərqin dünya şöhrətli mütəfəkkirlərindən Əl Fərabi (870–950), İbn Sina (980–1037), Abu Reyhan Biruni (XI əsr), Nizami Gəncəvi (1141–1209), Nəsirəddin Tusi (1201–1274), İbn Xəldun (1334–1406) bütün bəşər mədəniyyətinə böyük elmi töhfələr vermişlər. Bunların iqtisadi fikir sahəsində də böyük xidmətləri olmuşdur.

Orta əsrlərdə bütün İslam Şərqində o cümlədən Azərbaycanda da elmin, mədəniyyətin iqtisadi və mədəni həyatında da bir canlanma başlamışdır. Bu dövrdə iqtisadi fikir və təlimlər tarixi vüsətli təkamül və inkişaf yolu keçmişdir. Bu ölkələrdə iqtisadi həyatda istehsalın ən qədim formaları olan əkinçilik, heyvandarlıq, suvarma sistemləri, sənətkarlıq, tiçarət, şəhər mədəniyyəti daha yüksək səviyyəyə qalxmışdır. F. Engels qeyd edirdi ki, Asiyanın ən qabaqcıl tayfalarında, arilərdə, semitlərdə, turanlarda başlıca əmək sahəsi olan əkinçilik, heyvandarlıq, suvarma sistemi xeyli inkişaf etmiş, ilk ictimai əmək bölgüsü də bu ölkələrdə meydana gəlmişdir. O, "Kapitalın III cildinə əlavə"də yazır ki, "Əmtəə mübadiləsi hələ heç bir yazılı tarixin mövcud olmadığı zamanlarda, Misirdə bizim tarixdən azı üç və ya bəlkə də beş min il qabaq, Babilistanda isə dörd-altı min il qabaq başlanır".

Tarixi mənbələrdən görünür ki, Qədim Şərqdə, o çümlədən Azərbaycanda orta əsrlərdə ictimai əmək bölgüsü və əmtəə mübadiləsinin inkişafı erkən dövrlərdə ayrı-ayrı əmtəələrin ümumekvivalent rolunda çıxış etməsinə səbəb olmuşdur. Böyük şərqdə və eləcə də Azərbaycanda qaramal, qoyun və s. xüsusi bir əmtəə çıxış edərək mübadilə prosesində ümumekvivalent ölçü vasitəsi kimi fəaliyyət göstərmişlər. Heç təsadüfi deyildir ki, bu günə kimi Azərbaycanda mal, əmtəə anlayışları eyni anlamada ifadə olunur. Onlardan metal pullara tədricən keçilməsi də çox qədim dövrlərdən başlanmışdır. İndi ana dilində işlətdiyimiz "manat" pul vahidinin adı da eramızdan əvvəl Bisutun qayalarında Mixi yazılarında "manat" kimi həkk olunmuş şərq dillərinə məxsus bir termindir. Məşhur dilçi azərbaycanlı alim Ə. Dəmirçizadənin verdiyi təhlilə görə bu anlayış, söz, yəni "manat" çox qədim dövrlərdə "vergi", "xərac" mənasını ifadə etmişdir. Bu anlayış tarixən pulla ödənilən vergini bildirən və tədricən pulun öz adını ifadə edən bir kateqoriya kimi işlədilməyə başlanmışdır. Son illər "moneta" termini kimi Avropa dillərinə uyğunlaşdırılmış həmin məfhum o xalqların dillərində geniş yayılmışdır.

İbn Xəldun cəmiyyətin iqtisadi quruluşu, iqtisadi münasibətləri, qiymət qanunu, tələb-təklif və rəqabət qanunları haqqında elmi-iqtisadi təfəkkürlərin əsaslarını yaradanlardan olmuşdur. Bu həqiqətlə tanış olan A. Aniçkin Maksim Qorki yə İbn Xəldunun iqtisadi məsələlərin həllində əldə etdiyi nailiyyətləri çatdırır. M. Qorki 1912-ci ilin 21 sentyabrında A. Aniçkinə yazır ki, "İlk dəfə iqtisadi amillərin və iqtisadi münasibətlərin rolunu XIV əsr alimlərindən İbn Xəldunun göstərmiş olduğu haqqındakı məlumatınız sensasiyaya səbəb olmuşdur. Bu xüsusilə dostumuz V. İ. Lenində böyük maraq oyatmışdır". A. Aniçkin özü sonra bu münasibətlə yazmışdı: "V. İ. Lenin ərəb filosofu İbn Xəldunun iqtisadi amillərin rolundan bəhs edən "Müqəddimə" əsəri ilə çox maraqlanırdı. Lenin soruşurdu. Şərqdə bu qəbildən özgə bir filosof da yoxdurmu?" Deməli, hələ orta əsrlərdə iqtisadi münasibətlər və onun qanunları haqqında açıq-aydın iqtisadi ideya və fikir yürüdən mütəfəkkirin bu baxışları təəccüb doğurmuş və "sensasiyaya" səbəb olmuşdur.

Məşhur türkoloq alim Lev Qumilyev "Qədim türklər" adlı əsərində yazır ki, "Altay dəmirçiləri yüksək keyfiyyətli dəmirdən bir tiyəli bıçaqlar, yonucu baltalar, üzəngilər, cilovlar, duz, azca maili və geniş tiyəli qılınclar, ox və cida ucluqları, habelə ikicürdəyirmi, asma qazanlar və üçayaq üstündə duran qazanlar hazırlayırdılar". Onun qeyd etdiyi kimi, yazılı mənbələrin verdiyi məlumat tam inamla məlum edir ki, "Türklər dəmirin sənaye üsulu ilə istehsalını Mərkəzi Asiyada mənimsəyən ilk xalq kimi tarix səhnəsinə çıxarıblar".

İbn Xəldun və eləcə də digər mütəfəkkirlər bəşər cəmiyyətində insanların köçərilik həyatı sürməsini cəmiyyətin inkişafının zəruri bir mərhələsi hesab etmişlər. İbn Xəldun göstərir ki, "Köçərilik mədəni və şəhər həyatının əsasıdır və bütün insanların yerləşik həyat yaşamasından öncə yaşadıqları və keçirdikləri bir dövrdür".

Göründüyü kimi qədim dövrlərdə olduğutək orta əsrlərdə də iqtisadi fikir və ideyalar cəmiyyətin müəyyən tarixi inkişafının, onun iqtisadi şəraitinin ifadəsi olaraq meydana çıxır, formalaşır və təkamül edir. Məlumdur ki, Azərbaycan xalqının iqtisadi fikir və təsəvvürləri əzəldən başlasa da o orta əsrlərdə, xüsusən də XI–XIV əsrlərdə çox zəngin olmuş və təkamül etmişdir. Qədim əcdadlarımızın şüurlu əmək fəaliyyətinə, iqtisadi fəaliyyətə başladıqları anlardan orta əsrlərə və sonrakı mərhələlərə, bu günümüzə qədər öz tələbatlarını necə və hansı vasitələrlə ödəmək haqqında da düşünməyə başlamışlar. Lakin yazılı ədəbiyyatın olmadığı dövrlərdə istehsalçı insanları ən çox düşündürən ətraf təbii mühitin dərk edilməsi, bu mühitlə ünsiyyət, bəsit əmək alətlərilə zəruri yaşayış vasitələri əldə etmək, təbiətdən qorunmaq üçün yaşayış məkanları seçmək, bir sözlə, "yaşamaq uğrunda mübarizə" məsələləri düşündürmüşdür. Həmin dövrdən bizə gəlib çatan əmək alətləri ilk insan nəsillərinin necə və nə istehsal etməsi, onların ümumi həyat şəraiti haqqındakı məlumatlar çağdaş dövrümüzdə də iqtisad elminin, onun iqtisadi fikir tarixinin başlıca vəzifəsidir.

XIX əsrin II yarısında Azərbaycan iqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

XIX əsrin ikinci yarısında Azərbaycan xalqının həyatında iqtisadi fikir və ideyalar məzmunca zəngin, miqyasca daha ətraflı olmuşdur. Azərbaycan xalqının həyatının rəngarəngliyi iqtisadi fikrin özünün rəngarəngliyinə və zənginliyinə səbəb olur. Bu da bütövlükdə iqtisadi fikrin müxtəlif cərəyan və istiqamətlərə bölünməsində əks olunur. Deməli, bu haqda olan mənbələrə əsasən iqtisadi fikir və cərəyanları aşağıdakı üç qrupa bölmək olar:

  • birinci qrupa, iqtisadi fikrin antifeodal istiqaməti və cərəyanları;
  • ikinci qrupa, iqtisadi fikrin klassik burjua, xırda burjua cərəyan və istiqamətləri;
  • üçüncü qrupa isə marksist-leninçi iqtisadi fikir və cərəyanlar aid edilməlidir.

XIX əsrin ikinci yarısında Azərbaycanın iqtisadi fikri M. F. Axundov (1812–1878), H. B. Zərdabi (1837–1907), N. B. Vəzirov (1854–1926) və başqa görkəmli mütəfəkkirlərin adı ilə bağlıdır. Onlar ölkədə sənayenin inkişaf etdirilməsi, kooperativ birliklər və kənd təsərrüfatı banklarının təşkili, istehsal və həvəsləndirmə metodlarının yaxşılaşdırılması, işçilərin ixtisas səviyyəsinin yüksəldilməsinə dair sırf iqtisadi səciyyəli ideyaların müəlliflərindəndirlər.

XIX əsrin ikinci yarısından Azərbaycan mütəfəkkirlərinin iqtisadi-sosial fikirləri başlıca olaraq demokratik səciyyə ilə özünü nümayiş etdirir. Bu öz növbəsində həmin dövrdə yaşamış mütəfəkkir və yazıçıların əsərlərində maarifçilik və milli dirçəliş ideyalarında üstünlük təşkil edirdi. Bu baxımdan da M. F. Axundovun, H. B. Zərdabinin və N. B. Vəzirovun iqtisadi fikir və baxışları xüsusi əhəmiyyət kəsb edir. Bu dövrün mütəfəkkirləri qəzet və məqalələrində ("Əkinçi" qəzeti), fəlsəfi və ədəbi əsərlərində ən çox Azərbaycanın iqtisadi inkişafının fikir və ideyalarını tərənnüm edərək o dövrdə istehsal (məhsuldar) qüvvələrin artırılması, xalqın və onun müxtəlif zümrələrinin böyük əksəriyyətini təşkil edən kəndlilərin həyat səviyyəsi, xalqın həqiqi azadlığı naminə söylənilən iqtisadi-sosial fikirlər, xalqın mütərəqqiliyə doğru tərəqqisini ifadə edən ideyalar idi. M. F. Axundov özünün "İnsan tələbatları haqqında" adlı əsərində ictimai əməyin düzgün bölgüsü məsələsini ictimai əməyin müxtəlif sahələri arasında müəyyən proporsiyanın nəzərə alınması məsələsi ilə bağlayırdı. O, düzgün olaraq belə hesab edirdi ki, bu prinsipin pozulması zəruri olan yaşayış vasitələrinin bəzilərinin çox, digərlərinin isə az istehsal edilməsinə səbəb olur. M. F. Axundovun iqtisadi tədqiqatı sübut edir ki, o, kapitalizmdə istehsalla istehlak arasındakı ziddiyyəti başa düşür və onun fikrincə burjua ölkələrində istehsal edilən əmtəələrin miqdarı xalq kütlələrinin tələbindən artıq olur ki, bu da mütləq böhrana gətirib çıxarır. Bu dövrdə Bakı sürətlə Qafqazın ən böyük sənaye mərkəzinə çevrilirdi ki, həmin illərdə sənayeinin yaranması və neftçilər ordusunun inqilabi hərəkatının artması H. B. Zərdabinin iqtisadi görüşlərinin formalaşmasına və inkişafına bilavasitə təsir göstərmişdir. Öz dünyagörüşü etibarilə maarifçi demokrat olan H. B. Zərdabi bütün şüurlü fəaliyyəti dövründə xalqın maariflənməsi uğrunda və Azərbaycanda iqtisadiyyatın, mədəniyyətin inkişafı uğrunda gərgin mübarizə aparmışdır. Onun elmi fəaliyyətinin mərkəzində zəhəmtəkeşlərin ağır ictimai-iqtisadi vəziyyəti və bu vəziyyətdən çıxış yollarını axtarmaq məsələsi olmuşdur. H. B. Zərdabinin iqtisadi görüşləri əsasən onun çıxardığı və redaktoru olduğu "Əkinçi" qəzetinin səhifələrində öz əksini tapmışdır.

Çar Rusiyası dönəmində Azərbaycan iqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

1883-cü ildə Tiflisdən Bakıya qədər dəmir yolunun tikilməsi və 1900-cü ildə dəmir yolunun Cənubi Qafqaz dəmiryol magistralı vasitəsilə Ümumrusiya şəbəkəsinə qoşulması böyük əhəmiyyətə malik idi. Həmçinin Xəzərdə dəniz ticarətinin genişlənilməsi əhəmiyyətli rolu oynadı. XIX əsrin sonundan etibarən Bakı böyük dəmir yol qovşağı və Xəzər sahilində böyük porta sahib şəhər olur. Bakı ərazisində neft hasilatı inkişaf edir. 1872-ci ilə qədər burada neft hasilatı kiçik həcmdə idi. 1872-ci ildən burada birinci böyük sənaye müəssisələri meydana çıxır, primitiv neft quyuları qazma quyularıyla əvəz olunur, qazmada buxar mühərrikləri tətbiq edilməyə başlanır. Yüksək gəlirin olması Bakının rayonunun neft sənayesinə yerli və xarici kapitalları cəlb edir. 1872-ci ildə 26 min tondan 1901-ci ildə 11 milyon t-a qədər artdı. XX əsrin əvvəlində Bakıda neft hasilatı dünya neft hasilatının 50 %-ni təşkil edirdi. Birinci dünya müharibəsi illərində quberniyanın iqtisadiyyatı tənəzzülə uğradı. Neft kəşfiyyatı və hasilat işləri dayandı, kənd təsərrüfatı əkini sahələri xüsusən pambıq əkini sahələri kəskin azaldı.

Azərbaycan SSR iqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda 28 aprel işğalından sonra neft hasilatı hələ uzun illər 1900-cü illərin səviyyəsinə çatmadı və 1921–1922-ci illərdə gənc Sovet respublikası cəmi 2–3 milyon ton neft hasil edirdi. Azərbaycan iqtisadiyyatının daha əhatəli və böyük yüksəlişi XX əsrdə 70 ildən artıq bir dövrü əhatə edən Azərbaycan Sovet Sosialist Respublikası zamanına təsadüf edir.[2] Bu illər ərzində Azərbaycan iqtisadiyyatının əksər sahələri əvvəlki dövrlərlə müqayisədə sürətlə və kompleks inkişaf etmiş, güclü sənaye potensialı yaranmışdı. Azərbaycan İkinci Dünya müharibəsinə qədər Sovet İttifaqının əsas neft bazası idi. Abşeronda neft və onunla əlaqədar sənaye sahələrinə çoxlu əsaslı vəsait qoyulurdu və bu sahələrin sürətlə inkişafı hesabına Azərbaycanda sənaye nisbətən sürətlə inkişaf edirdi. İkinci Dünya müharibəsinə qədər olan dövrdə Azərbaycanda xalq təsərrüfatına bütün kapital qoyuluşunun 65%-i sənayenin inkişafı üçün yönəldilirdi. Sonrakı beşilliklərin heç birində xalq təsərrüfatına kapital qoyuluşunda sənayenin payı bu qədər yüksək olmamışdı. Həm də bu dövrdə sənayeyə kapital qoyuluşunun 80%-ə qədəri, o cümlədən birinci beşillik dövründə 86,4 %-i neft və onunla əlaqədar olan sahələrin payına düşürdü. Bütün bunlar İkinci Dünya müharibəsinə qədər ən çox neft və onunla əlaqədar sahələrin hesabına Azərbaycanda sənayenin sürətlə inkişafını təmin edirdi. 1941-ci ildə Azərbaycan neft sənayesində ən çox neft – 23,5 milyon ton çıxarırdı. İkinci Dünya müharibəsi illərində müharibənin tələbatını ödəmək məqsədilə neft və onunla əlaqədar sahələrin inkişafı ön plana çəkildi. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini istehsalının yeni texnologiyası hazırlandı. Azərbaycanda yüksəkoktanlı benzin istehsalına başlandı. Azərbaycanda neft hasilatı SSRİ-də çıxarılan neftin 71,4 faizini təşkil edirdi. Azərbaycan neftçiləri müharibə illərində ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları verirdilər. Müharibə zamanı hər beş təyyarə, tank və avtomaşından dördü Bakı mədənlərində çıxarılan, onun neft emalı zavodlarında istehsal olunan yanacaqla işləyirdi. Müharibə illərində cəbhənin neft tələbatının 70, yüksək oktanlı benzin və sürtgü yağına olan ehtiyacının 100 faizini Bakı ödəyirdi. 1942-ci ildə Bakının sənaye müəssisələrində 130 növ müxtəlif silah, hərbi sursat istehsal edilirdi. 1948-ci ildə respublika sənayesi müharibədən əvvəlki səviyyəni üstələyən məhsul buraxılışına nail olmuş, 1950-ci ildə Azərbaycanın sənaye məhsulu 1940-cı ilə nisbətən 39% artmışdı. 1941–1970-ci illərdə 146 və ya bütün 1920 – 1970-ci illərdə tikilmiş sənaye obyektlərinin 60%-i qədər iri sənaye müəssisələri tikilib istifadəyə verilmişdi. Azərbaycan sənayesinin inkişafında mühüm rol oynayan Sumqayıt boruyayma, alüminium və sintez-kauçuk zavodları, Gəncə Alüminium Zavodu, Daşkəsən Filiz Saflaşdırma kombinatı, Mingəçevir su-elektrik stansiyası və sairə iri müəssisələr tikilib istifadəyə verilmişdi. Bu illərdə Sumqayıt, Mingəçevir, Əli-Bayramlı (indiki Şirvan), Daşkəsən kimi yeni sənaye şəhərləri yaranmış, Naxçıvan, Xankəndi, Quba, Qazax, Salyan, Neftçala və başqa şəhərlərdə sənayenin gələcək daha güclü inkişafı üçün təməl qoyulmuşdu. Ümumi sənaye məhsulu istehsalında Bakı şəhərinin xüsusi çəkisi 1913-cü ildəki 91,4%-dən 72,8%-ə düşmüşdü. 1949-cu ildə dünya təcrübəsində ilk dəfə dənizindən neft çıxarılmasına başlandı. Qısa müddət ərzində Bakı döyüşən ordunun mühüm cəbbəxanalarından birinə çevrildi. Neft sənayesi neft maşınqayırması, cihaz və alətqayırma, qara metallurgiya, ilk növbədə neftçıxarma üçün borular istehsalı, elektroenergetika və s. yaranması əsasında respublikada çox güclü sənaye kompleksinin meydana gəlməsini təmin etdi. 50–60-cı illərdə Sovet İttifaqının başqa regionlarında zəngin neft ehtiyatlarının aşkara çıxarılması və istifadəsi ilə əlaqədar olaraq, Azərbaycan neftinə maraq xeyli azaldı, bu sahələrin inkişafının zəifləməsi bütövlükdə iqtisadiyyatın artım sürətinə mənfi təsir göstərməyə başladı. 1970-ci ildə Azərbaycan SSR-də sənayenin əsas istehsal fondlarının 70%-i, istehsal olunan məhsulun isə cəmi 40%-ə qədəri yanacaq, energetika, metallurgiya və kimya sənayesi sahələrinin hesabına əldə edilirdi. Sənaye məhsulunun cəmi 22%-ni verən yanacaq sənayesinin payına o zaman sənayedə qoyulan bütün kapitalın 50%-dən çoxu düşürdü. 70-ci illərə qədər olan dövründə şəhər əhalisinin artması sürətinə görə Bakı, keçmiş ittifaqın paytaxt şəhərləri içərisində birincilər sırasında idi. 1970-ci ildə respublikada olan 60 şəhərin dördündə (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir) bütün şəhər əhalisinin 63%-i, qalanlarında isə 37%-i yaşayırdı. Bu da Bakı şəhərində mənzil sahəsinə və digər sosial obyektlərə olan ehtiyacın ödənilməsi sahəsindəki çətinlikləri daha da ağırlaşdırırdı. 70-ci illərdə və 80-ci illərin birinci yarısında Azərbaycanda həm bütövlükdə respublika iqtisadiyyatının, həm də regionların gələcək sürətli inkişafını təmin edə bilən istehsal, elmi-texniki və kadr potensialı yaranmışdı. Keçmiş SSRİ əhalisinin yalnız 2,5%-nin yaşadığı Azərbaycan bir çox əsas sənaye məhsulları istehsalına görə ittifaq sənayesində nisbətən xeyli yüksək yer tuturdu. Belə ki, 80-ci illərin ortalarında ittifaq üzrə neft mədən avadanlıqları istehsalının 70%-i, o cümlədən 1970 – 1985-ci illərdə dərinlik nasosları istehsalının hamısı, elektrik qaynaq avadanlıqlarının 10,5%-i, kauçuk sodanın 7,8%-i, şərab və şərab məhsullarının 1/3 hissəsindən çoxu, məişət kondisionerlərinin hamısı, soyuducuların 5,7%-i, pambıq ipliyinin 9,6%-i, ipək xammalının 11,7-i və i.a. Azərbaycanın payına düşürdü. 70-ci illərdə və 80-ci illərin birinci yarısında Azərbaycanda yeni sənaye müəssisələrinin istifadəyə verilməsi, yeni maşın və avadanlıqların alınması bütövlükdə SSRİ-də olduğuna nisbətən daha sürətlə həyata keçirildiyindən əsas kapital da burada SSRİ-də olduğuna nisbətən daha böyük həcmdə artmış və işçilərin fondla silahlanma səviyyəsi daha yüksək olmuşdu. Bir işçiyə düşən əsas fondların dəyəri keçmiş SSRİ üzrə 1980-ci ildə 13,3 min rubl, 1985-ci ildə 17,8 və 1990-cı ildə 24,2 min rubl təşkil edirdisə, Azərbaycanda bu göstəricilər xeyli yüksək olub, müvafiq surətdə 1980-ci ildə 19,5 min rubl, sonrakı illərdə 24,5 və 33,4 min rubla bərabər olmuşdu. Azərbaycan SSR-in vəsaiti və ondan göndərilən xammalla işləyən bir çox müəssisələr Ukrayna, Rusiya və digər respublikalarda fəaliyyət göstərirdi. 80-ci illərin ortalarında Azərbaycanda güclü istehsal potensialı yarandığım başqa faktlar da sübut edir. Misal üçün 80-ci illərdə Azərbaycandan ittifaq fonduna ayrılan məhsul Azərbaycana gətiriləndən hər il orta hesabla 2,0 milyard rubl, ayrı-ayrı illərdə isə daha çox olmuşdu.

Müstəqillik dönəmi Azərbaycan iqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]
1990–2012-ci illər arasında Cənubi Qafqaz ölkələrində ÜDM (Azərbaycan, ErmənistanGürcüstan)

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.[3]

Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991–1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.

Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin dövründə dövlət üçün zəruri olan gömrük sisteminin yaradılması Azərbaycanın təbii ehtiyatlarının xaricə maneəsiz daşınmasının qarşısını xeyli dərəcədə aldı. [mənbə göstərin]

1992-ci ildə tamamilə maliyyə baxımından taqətdən salınmış, xəzinəsinə süpürgə çəkilmiş bir ölkədə Dövlət Ləl-Cəvahirat Fondu yaradıldı. Bir ildə fonda 1.5 ton qızıl və digər qiymətli metallar toplandı. [mənbə göstərin]1993-cü il iyun ayının 1-nə qədər Azərbaycan Respublikasının Mərkəzi Bankında valyuta ehtiyatı 1992-ci ilin uyğun dövrünə nisbətən 100 dəfədən çox artaraq 156 milyon ABŞ dollara çatdı.[mənbə göstərin]

1992-ci ildə hakimiyyətə gələn Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin yürütdüyü iqtisadi siyasət əsasən iki məqsədə yönəldilmişdi. Birincisi, köhnə dövlət təsərrüfatını vaxtsız dağılmaqdan qoruyub saxlamaq və bunun üçün dövlət əmlakının gündəlik talan edilməsinin qarşısını almaq, əmək intizamını, vəzifəli şəxslərin dövlət qarşısında məsuliyyətini, ictimai sərvətin mühafizəsini gücləndirmək, köhnə iqtisadi əlaqələri bərpa etmək yolu ilə iqtisadiyyatda nisbi də olsa sabitliyə nail olmaq.[mənbə göstərin] İkincisi, liberal iqtisadi islahatlara başlamaqla respublikada bazar iqtisadiyyatının formalaşmasına nail olmaq. [mənbə göstərin] Bu məqsədlə Dövlət Əmlak Komitəsi (2009-cu ildə qurulan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yerinə keçdi), Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Yardım Komitəsi və İqtisadiyyat Nazirliyi (2001-ci ildə Dövlət Əmlakı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ticarət Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi və Xarici İnvestisiyalar Agentliyi ləğv edilmiş, onların bazasında Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yaradılmışdır), Torpaq Komitəsi (2001-ci ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yerinə keçdi) dövlət orqanları yaradıldı.[3]

Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Prezident Heydər Əliyevin 1999-cu ildə imzaladığı fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaradıldı. Lakin beynəlxalq maliyyə təşkilatlar tərəfindən Fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi çox da yüksək qiymətləndirilmir.[3]

ÜDM-in real və nominal artım dinamikası (illər üzrə, manatla və faizlə)

2008–2009-cu illərdə dünyada baş verən qlobal maliyyə-pul bazarlarının sıxıntısı şəraitində bankların, milli şirkətlərin xaricdən borclanması, onların yenidən maliyyələşməsi imkanları nəinki məhdudlaşdı, hətta bir sıra borcların vaxtından əvvəl qaytarılması tələb olundu. Belə şəraitdə Azərbaycan bankları il ərzində $1,2 mlrd. borc qaytardılar. Bundan başqa xaricdə yaşayan azərbaycanlıların regionların əhalisi üçün sosial baxımdan xüsusi əhəmiyyət kəsb edən pul transferləri də xeyli azaldı. Nəticədə milli iqtisadiyyat bəzi qonşu ölkələrdə olduğu kimi, manatın devalvasiyası təzyiqləri ilə qarşılaşdı. Bu təzyiqlər özünü ötən ilin birinci rübündə — əhalinin devalvasiya gözləntilərinin daha çox artdığı (RusiyaErmənistandaki devalvasiyadan sonra) və bununla da əlaqədar pullarının xeyli hissəsini xarici valyutalara çevirdiyi şəraitdə — qabarıq şəkildə göstərdi. Milli valyutanın stabilliyini qorumaq üçün Mərkəzi Bank xeyli resurslar sərf etməli oldu və bu da sonda demək olar ki, özünü doğrultdu. Bütövlükdə, il ərzində Mərkəzi Bankın xalis emissiyası 1,8 mlrd. manat təşkil etdi. Daxili və xarici maliyyə mənbələrinin azalması şəraitində Mərkəzi Bank pul siyasətini ciddi şəkildə yumşaltmalı oldu, uçot dərəcəsi 15%-dən 2%-dək azaldıldı.[4]

2012-ci ildə İlham Əliyev çıxışında qeyd edib ki, BP şirkəti Azərbaycanın neft-qaz sektoruna 28 milyard dollar investisiya qoyub, 74 milyard gəlir əldə edib. Lakin bəzi ekspertlər 28 milyard dolların özünü çox böyük rəqəm hesab edir. Bu məbləğ "Əsrin müqaviləsi" imzalananda müqavilənin elan olunmuş smeta dəyərindən ən azı üç dəfə çoxdur.[5]

2023-cü ildə Azərbaycan Mərkəzi Bankı bildirib ki, respublikanın strateji valyuta ehtiyatları 10% artaraq 5,3 milyard dollar təşkil edib.[6]

İqtisadi islahatlar

[redaktə | mənbəni redaktə et]

İqtisadi islahatları tənzimləmək məqsədilə 34 qanun, o cümlədən dövlət əmlakının özəlləşdirilməsi haqqında, banklar və bank fəaliyyəti haqqında (ümumiyyətlə, bazar iqtisadiyyatına uyğun bank sisteminin yaradılması üçün bütün lazımlı qanunlar qəbul edilmişdi), mülkiyyət haqqında, xarici investisiyaların qorunması haqqında, icarə haqqında, torpaq vergisi haqqında, aksizlər haqqında qanunlar qəbul edildi. Ticarətin liberallaşdırılması, dövlət ticarət müəssisələrinin kommersiyalaşdırılması, yarımçıq qalmış tikililərin icarəyə verilməsi haqqında, xırda sahibkarlığa kömək və onun inkişaf etdirilməsi haqqında prezident fərmanları qəbul edildi. Bundan başqa, özəlləşdirmə, sahibkarlığa yardım, fermer təsərrüfatının, emal sənayesinin inkişafı haqqında dövlət proqramları hazırlandı. Beləliklə, respublikada iqtisadi islahatların həyata keçirilməsi üçün hüquqi baza yaradıldı və bu yöndə ilkin addımlar atılmağa başlandı. Qısa müddətdə respublikada minlərlə xüsusi müəssisə, onlarca müstəqil bank (o sıradan xarici ortaqların iştirakı ilə) fəaliyyətə başladı, kənddə 17 mindən artıq sərbəst icarə kollektivi yaradıldı, özəlləşdirmə proqramının ilkin mərhələsi kimi taksilərin və yaşayış evlərinin özəlləşdirilməsinə başlanıldı. Hazırlanan müqavilələrə əsasən ABŞ, İngiltərə, NorveçTürkiyənin neft şirkətlərinin respublikamızın neft sənayesinə 10 milyard dollara yaxın sərmayə qoyması gözlənilirdi.[3]

AZN işarəsi
border=none Əsas məqalə: Azərbaycan manatı

Həmin bir ildə Azərbaycanın milli valyutası Azərbaycan manatı dövriyyəyə buraxıldı. Manat, ölkənin siyasi nüfuzuna beynəlxalq aləmdə müsbət təsir göstərdi. Manat uzun müddət rublla müqayisədə öz başlanğıc 1:10 nisbətini qoruyub saxladı (qeyd edək ki, həmin dövr ərzində Rusiya rublla nisbətən Belorus rublu 300%, Ukrayna kuponu isə 700% qiymətdən düşmüşdü).

Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Özəlləşdirməyə başlayan zaman özəl sektorun ÜDM-də payı faktiki olaraq 10%-dən az olmasına baxmayaraq hazırda onun xüsusi çəkisi 85%-ə çatmışdır.

1995-ci ildən Azərbaycanda keçid dövrünün yeni mərhələsi – bərpa dövrü başlandı. 1995–2003-cü illər ərzində ümumi daxili məhsul 90,1%, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2%, kənd təsərrüfatı istehsalının həcmi 53,9%, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əmək haqqı 5,6 dəfə artdı, inflyasiya səviyyəsi 2–3%-ə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi.

Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuşdur.

Azərbaycanın iqtisadi rayonları 10 iqtisadiyyat bölmələri

İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə "Azərbaycan Respublikası iqtisadi rayonlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmişdir.[3]

Neft Daşları

Qlobal maliyyə-iqtisadi böhran nəticəsində dünyanın aparıcı ölkələrində baş vermiş kəskin ressesiyaya baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2009-cu ildə də davam etmişdir. Eyni zamanda, Azərbaycan 2009-cu ildə iqtisadiyyatın real artım tempinə görə region ölkələri arasında lider olmaqla yanaşı, müvafiq göstərici üzrə dünya miqyasında da yüksək yerdə qərarlaşmışdır. Belə ki, ilin yekunlarına əsasən, 2009-cu ildə ÜDM-in real artımı 2008-ci illə müqayisədə 9,3%, əhalinin hər nəfərinə düşən ÜDM-nin real həcmi isə 7,9% təşkil etmişdir. ÜDM-nin 64,1%-i iqtisadiyyatın istehsal, 28,3%-i xidmət sahələrinin payına düşmüş və bu sahələrdə real artım müvafiq olaraq 10% və 9,1% təşkil etmişdir. 2009-cu ildə neft-qaz sektorunda real artım 14,3%, qeyri-neft sektorunda isə 3,2% olmuş və eləcə də sənaye sektorunda real artım tempi 12,8%, nəqliyyatda 9,3%, rabitədə 13,1%, ticarətdə 9,9% təşkil etmişdir.[3] Kənd təsərrüfatının real artım tempi 2008-ci illə müqayisədə yüksələrək 3,5% təşkil etmişdir.

Ümumilikdə isə 2004–2009-cu illərdə ÜDM real ifadədə 2.8 dəfə artmış və cari qiymətlərlə 43.0 milyard ABŞ dollarına çatmışdır. Adambaşına düşən ÜDM-in həcmi 2004-cü ilə nisbətən 2009-cu ildə real ifadədə 2.2 dəfə artaraq 4874.1 ABŞ dolları təşkil etmişdir. Bu dövrdə əhalinin pul gəlirləri real ifadədə 2.0 dəfə, adambaşına düşən gəlirlər isə 85%, orta aylıq əmək haqqı 3 dəfə, minimum pensiyanın məbləği 3.8 dəfə, minimum əmək haqqı 6.3 dəfə artmışdır.

2009-cu ildə dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri 2004-cü ilə nisbətən 7 dəfə artmış, ölkədə 2004–2009-cu illərdə 32886 yeni müəssisə yaradılmış, 840 minə yaxın yeni iş yeri açılmışdır. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində yoxsulluq səviyyəsi son beş ildə 4.1 dəfə azalaraq 44,7 faizdən 11 faizədək enmişdir.

Bakı-Tbilisi-Ceyhan neft kəməri

Azərbaycanın uğurları nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. 2009–2010-cu illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir. Eləcə də, "Standard and Poor’s" Beynəlxalq Reytinq Agentliyi tərəfindən ölkə iqtisadiyyatının hazırkı vəziyyəti "Stabil"dən "Pozitiv"ə yüksəldilmişdir.

Növbəti mərhələnin əsas məqsədlərini makroiqtisadi sabitliyin qorunub saxlanılması və iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsi təşkil edəcəkdir. Eyni zamanda, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsi nəzərdə tutulur. Bu məqsədlə iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək və iqtisadiyyatın klasterlər üzrə inkişafına nail olunacaqdır.

Həmçinin, ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlər davam etdiriləcəkdir. Biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, məsləhət, informasiya təminatının, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi yolu ilə sahibkarlığın və regionların inkişafı daha da sürətləndiriləcəkdir. Növbəti illərdə də sosial-iqtisadi siyasətin başlıca istiqamətini ölkə əhalisinin həyat səviyyəsinin daha da yüksəldilməsi təşkil edəcəkdir.[3]

Xarici ticarət

[redaktə | mənbəni redaktə et]

2004–2009-cu illərdə xarici ticarət dövriyyəsi 2.8 dəfə, o cümlədən, ixrac 3.9 dəfə, idxal 1.7 dəfə, qeyri-neft ixracı isə 2.4 dəfə artmışdır. 2011-ci ildə Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 36,33 mlrd. ABŞ dolları, o cümlədən idxalın həcmi 9,76 mlrd. ABŞ dolları, ixracın həcmi isə 26,57 mlrd. ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində Azərbaycan Respublikası 149 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmiş və xarici ticarət saldosu müsbət 16,81 mlrd. ABŞ dolları olmuşdur. 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə, 2011-ci ildə Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 29,92 faiz, o cümlədən idxal 47,81 faiz, ixrac isə 24,39 faiz artmışdır. 2011-ci ildə ixrac əməliyyatlarında dövlət sektorunun payı 25 250,74 mln. ABŞ dolları (95,03%), özəl sektorun payı 1 127,23 mln. ABŞ dolları (4,24%), fiziki şəxslərin payı 192,92 mln. ABŞ dolları (0,73%) təşkil etmişdir. İdxal əməliyyatlarında isə qeyd olunan dövr ərzində dövlət sektorunun payı 3 404,25 mln. ABŞ dolları (34,89%), özəl sektorun payı 5 901,17 mln. ABŞ dolları (60,49%), fiziki şəxslərin payı 450,55 mln. ABŞ dolları (4,62%) olmuşdur.[7]

Fəaliyyət sahələri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda iqtisadi fəaliyyət sahələri aşağıdakı kimi təsnifləşdirilmişdir:[8]

  1. Kənd təsərrüfatı, ovçuluq və meşəçilik məhsulları
  2. Balıq və digər balıqçılıq məhsulları
  3. Neft və qaz hasilatı məhsulları, neft və qaz hasilatı ilə bağlı xidmətlər
  4. Dağ mədən sənayesinin məhsulları
  5. Qida sənayesinin məhsulları (tütün məmulatları daxil olmaqla)
  6. Toxuculuq sənayesinin məhsulları, dəri məmulatları və ayaqqabı
  7. Ağac, sellüloz-kağız və poliqrafiya məhsulları
  8. Neftayırma məhsulları
  9. Kimya sənayesinin məhsulu (neft məhsullarının emalı istisna olmaqla), rezin və plastik kütlədən məmulatlar
  10. Qeyri-metal mineral məmulatlar
  11. Metallurgiya sənayesinin məhsulu və metal məmulatları
  12. Maşın və avadanlıq
  13. Mebel və sair sənaye məhsulları
  14. Elektrik enerjisi, qaz və su
  15. Tikinti işləri
  16. Ticarət xidmətləri
  17. Mehmanxana və restoranların xidmətləri
  18. Nəqliyyat xidmətləri
  19. Poçt və rabitə xidmətləri
  20. Maliyyə vasitəçiliyi, sığorta və pensiya təminatı üzrə xidmətlər
  21. Daşınmaz əmlakla əlaqədar xidmətlər, icarə və digər kommersiya xidmətləri
  22. Təhsil sahəsində xidmətlər
  23. Səhiyyə və sosial xidmətlər
  24. Dövlət idarəetməsi və müdafiə, məcburi sosial sığorta sahəsində xidmətlər
  25. Kommunal və sair xidmətlər

Ümumi daxili məhsul

[redaktə | mənbəni redaktə et]
Ümumi daxili məhsul[9]
İl 2004 2005 2006 2007 2008 2009 2010 2019 2020
% 9,8% 26,4% 32,5% 25% 10,8% 9,3% 5% 2,2% -4,3%[10]
Ümumi daxili məhsul[11]
İl 2012 2013 2014 2015 2016 2017 2018 2019 2020 2021
mln. manat 53 995 57 708,2 58 977,8 54 380 60 425,2 70 135,1 80 092 81 896,2 72 578,1 92 857,7
% 102.2 105.8 102.8 101.1 96.9 100.1 101.4 102.5 95.8 105.6
  1. "Инфляция в Азербайджане пойдет на спад". 2022-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-20.
  2. "Uçot faiz dərəcəsi". 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-20.
  3. 1 2 3 4 5 6 7 "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası — İqtisadiyyat" (PDF). 2021-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-12-09.
  4. "Azərbaycan iqtisadiyyatı - 2009 (Məlumatlandırıcı və analitik bülleten)". 2015-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-13.
  5. "Azərbaycan iqtisadiyyatı bp-dən asılı vəziyyətədir". 2013-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-13.
  6. "Стратегические валютные резервы Азербайджана выросли" (rus). news.day.az. 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.
  7. "2011-ci ildə Azərbaycan Respublikasının xarici ticarət əlaqələri haqqında arayış". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-27.
  8. Həmzəağa ORUCOV, Yadulla HƏSƏNLİ, Vilayət VƏLİYEV XƏTTİ CƏBR VƏ İQTİSADİ MODELLƏR. Qafqaz Universiteti, Bakı, 2009
  9. 2008 Arxivləşdirilib 2010-06-26 at the Wayback Machine, 2007 Arxivləşdirilib 2010-07-16 at the Wayback Machine, 2006 Arxivləşdirilib 2010-04-13 at the Wayback Machine, 2005 Arxivləşdirilib 2010-05-21 at the Wayback Machine, 2004 Arxivləşdirilib 2008-12-11 at the Wayback Machine, The World Factbook Arxivləşdirilib 2016-07-09 at the Wayback Machine
  10. "Ожидается рост экономики Азербайджана - прогноз МВФ" (rus). 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-04.
  11. "AR Mərkəzi Bankin Statistik bülleteni Yanvar 2022" (PDF). AR Mərkəzi Banki Rəsmi sayti (az.). 2022-02-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-03-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]