Lizinq

Lizinq özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksidir. Lizinq, lizinq verənlə lizinq alan arasında əksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq müqaviləsinə görə lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir. Lizinq — sənaye avadanlıqlarının, maşınların, yeni texnologiyaların, istehsal təyinatlı bina və tikililərin istifadəsinin xüsusi sahibkarlıq fəaliyyəti formasıdır. Hal-hazırda lizinq ixtiyari istehsalın inkişafı üçün kapital qoyuluşlarının edilməsində əsas maliyyə mənbəyidir. Lizinqin bir sıra üstün cəhətləri vardır, onlara aşağıdakıları nümunə göstərə bilərik:

  • Lizinq üzrə maliyyələşdirmə bank kreditlərindən daha uzunmüddətlidir. Belə ki, Azərbaycan banklarında 18 aydan artıq olan müddət üçün kredit verilmir, lakin lizinq üzrə kreditlərin verilməsində ən azı üç illik müddət nəzərdə tutulur;
  • Maliyyə lizinqi, sürətli amortizasiya hesabına, kredit alana onun öz vergi borcları yükünü yüngülləşdirməyə imkan verir;
  • Vergiyə cəlb edilmə məqsədilə lizinq üzrə ödəmələr lizinqə vəsaiti hesabına əldə olunmuş əmlakın dəyərinin ödəniş kimi qəbul edilir və vergiyə cəlb olunan mənfəətin məbləğindən çıxılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq olaraq, lizinqə alınmış əmlakın dəyərinin ölçülməsi üçün ammortizasiya xərcləri sürətli hesablana bilər.
  • Lizinq üzrə öhdəliklər maliyyə-kredit təşkilatlarından yeni kreditlərin alınmasının qarşısını almır və s.

Artıq 80-ci illərin əvvəllərindən lizinq fenomeni sadə uzunmüddətli icarə kimi deyil, özündə icarə münasibətləri, təminatlı kredit maliyyələşdirilməsi elementlərini, borc öhdəlikləri üzrə hesablaşmaları və d. maliyyə mexanizmlərini birləşdirən əlavə perspektivli maliyyələşdirmə sistemi kimi qəbul olunur. Lizinq əməliyyatları bank strukuturları ilə sahibkarları istehsalın maliyyələşdirilməsi üçün əməldaşlıq etməyə sövq edir.

Lizinq biznesi sahibkarlıq fəaliyyətinin xüsusi sferası kimi fəaliyyət göstərir. Əgər lizinqdən geniş surətdə istifadə olunarsa, o istehsalın texniki təchizatının, Azərbaycan iqtisadiyyatının yenidən təşkilinin və bazarın yüksək keyfiyyətli mallarla doldurulmasının güclüimpulsu kimi çıxış edə bilər. Lizinq sövdələşmələrinin effektivliyi özünü investisiya prosesinin aktivləşdirilməsində lizinqalan müəssisənin maliyyə durumunun yaxşılaşmasında, xırda və orta biznesin rəqabət qabiliyyətliliyinin artırılmasında göstərir.

Lizinq ideyası yeni deyil. Tarixçi və iqtisadçılara görə lizinq sövdələşmələri hələ eramızdan əvvəl qədim Şumerdə tətbiq olunub. Tarixçilər bilidirirlər ki, Aristotel e.ə. 350-ci ilidə yazdığı "Sərvət mülkiyyət hüququnda yox, ondan istifadədədir" adlı əsərində bu fikrə toxunub. Venesiyada XI əsrdə lizinq sövdələşmələr bənzər sövdələşmələr olub. Belə ki, venesiyalılar ticarət gəmilərinin sahiblərinə o zamanlar baha sayılan lövbərlərini icarəyə verirdilər. Səyahət başa çatdıqdan sonra isə lövbərlər sahiblərinə geri qaytarılırdı və yenidən icarəyə verilirdi.

İqtisadi leksikona lizinq (ingiliscə "lease" – icarəyə vermək) sözünün daxil olması Bell telefon şirkətinin fəaliyyəti ilə bağlıdır. Şirkət rəhbərliyi 1877-ci ildə öz telefonlarını satmaq əvəzinə, onları icarəyə vermək qərarına gəldi. Lakin əsas fəaliyyəti lizinq əməliyyatları olan ilk cəmiyyət 1952-ci ildə San-Fransisko şəhərində yaranmış "United States Leasing Corporation" olmuşdur. Beləliklə Amerika Birləşmiş Ştatları yeni bir biznes növünün vətəni oldu. 60-cı illərin ortalarında lizinq əməliyyatlarının dövriyyəsi bu ölkədə 1 milyard ABŞ dolları, 80-ci illərin axırına isə 110 milyard ABŞ dollarını keçmişdir. Bu o deməkdir ki, bir əsr rübü ərzində lizinq əməliyyatlarının ümumi dövriyyəsi 100 dəfə artmışdır. Bu artım lizinq sövdələşmələrində hər iki tərəfin qazandığını göstərir. Halhazırda bazar iqtisadiyyatına malik ölkələrdə təsərrüfat subyektləri tərəfindən istehsalın texniki təchizatı zamanı lizinq əməliyyatlarına üstünlük verilir.

Amerika Birləşmiş Ştatlarında lizinq biznes növləri arasında xüsusi yer tutur. Müxtəlif xidmətlər təklif edən lizinq şirkətlərinin sürətli artımı və lizinq sövdələşmələrinin şərtlərinin modifikasiyası müxtəlif iqtisadi sferalardan olan sahibkarlar tərəfindən investisiya vəsaitlərinin alınmasının müxtəlif yollarını müəyyən etdi. Sonradan lizinq şirkətləri maliyyə-lizinq cəmiyyəti adını aldılar. Onlar istehsalçıya onun malını icarəyə vermək yolu ilə satışda kömək edir, sövdələşmələrin maliyyələşdirilməsi və onlarla bağlı risklərin bölünməsini təşkil edirdilər.

Qərbi Avropada ilk maliyyə-lizinq cəmiyyətləri 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində yaranıb. Lakin lizinq əməliyyatlarının inkişafının qarşısını onların statuslarının vergi və vətəndaş qanunvericiliyində qeyri-müəyyən olması alırdı. Yalnız vergi qanunvericiliyində lizinq müqvilələri öz əksini tapdıqdan sonra, lizinq əməliyyatlarının tempi artmışdır. Məsələn: birinci lizinq şirkəti olan "Lokafrans" 1982-ci ildə yaradılıb, 4 il sonra isə onların sayı 30-dan çox idi. 1987-ci ildə Fransada illik müqavilə dövriyyəsi 57 milyard frank olan daşınan əmlakla bağlı əməliyyatlar aparan 56 lizinq şirkəti və daşınmaz əmlakla bağlı əməliyyatlar aparan 94 lizinq şirkəti fəaliyyət göstərirdi. Bu şirkətlər ölkənin iqtisadi cəhətdən geridə qalmış regionlarının inkişafına təkan verdi. Fransa hökuməti yerlərdə sahibkarlığın inkişafı planının bir hissəsi kimi bu şirkətlərin fəaliyyətini genişləndirir. Lizinq şirkətlərinin stimullaşdırılması, vergidən azad edilməsi, itkiləri kompensasiya edən xüsusi fondların yaradılması və s. vasitəsilə həyata keçirilir. Fransanın ən böyük lizinq şirkətləri "Lokfrans", "Slibay", "Lokabay", "Sofimoboy", "Sliminiko" və başqaları sayılırlar.

İtaliyada ilk lizinq şirkəti 1963-cü ildə yaradılıb, bu növ şirkətlərin sürətli artımı isə 70–80-ci illərə təsadüf edir. İtaliyanın əsas xüsusiyyəti böyük sayda icarə müəssisələrinin varlığı idi.

80-ci illərdə ölkədə mövcud olan lizinq şirkətlərinin böyük hissəsi xırda və orta tipli idilər. Onların arasında "Assimo" milli assosiasiyasının üzvü olan 50 böyük lizinq şirkəti var idi. Bu dövrdə 10 daha böyük lizinq şirkətinin payına bütün əməliyyatların 80%-i düşürdü. Ölkənin "Lokafit", "Gentrolizinq", "Savay zinq", "Lokat" kimi şirkətləri 30 min müəssiəyə xidmət göstərirdi.

Artıq 60-cı illərdən lizinq əməliyyatları Asiya qitəsində də öz inkişafını tapıb. Halhazırda lizinq xidmətlərinin dünya bazarının əsas hissəsi "ABŞ – Qərbi Avropa – Yaponiya" üçbucağında cəmlənib. Qərbi Avropada lizinqverən rolunda bank və onun törəmə cəmiyyətləri tərəfindən idarə olunan ixtisaslaşmış lizinq şirkətləri çıxış edirlər.

Yaponiya üçün lizinq əməliyyatlarının genişləndirilməsi, lizinq və istiqrazların alqı-satqı kombinasiyasını daxil edən təkliflər paketinin təqdim edən təkliflər paketinin təqdim olunması aiddir. Bu xidmətlər kompleks lizinq adını almışdır.

Beynəlxalq lizinq xidmətləri bazarı ən dinamik bazarlardan biri sayılır. Ekspertlərə görə 1988-ci ildə lizinq şərtləri ilə əsas fondların reallaşdırılma məbləği 250 milyard ABŞ dolları olub. Müqayisə üçün bildirək ki, 1979-cu ildə bu rəqəm 5 dəfə az idi.

90-cı illərdə maşın və avadanlıqlara edilmiş kapital qoyuluşlarında lizinqin payı müvafiq ölkələrdə aşağı kimi idi: ABŞ – 25–30%, Böyük Britaniya, Fransa, İsveç, İspaniya – 13–17%, İtaliya, Niderland – 12–14%, Avstriya, Danimarka, Norveç – 8–10%, Yaponiyada – 8–10% . Yaponiyada lizinq sövdələşmələrinin həcmi 1980–1988-ci illər ərzində 6 dəfə artmışdı. Burada lizinq əməliyyatlarının illik artımı 25–30% idi.

Öz sürətli inkişafına baxmayaraq Avropa lizinq bazarı öz inkişaf templərinə görə ABŞ, Asiya, Sakit okeanAvstraliyadan geri qalır.

Avstraliyada sənaye kapital qoyuluşlarının 33%-i lizinq əsasında baş verir. ABŞ-də EHM, poliqrafikenergetik avadanlıqların böyük hissəsi lizinq əsasında alınır. Qaldırıcı-nəqliyyat vasitələrinin payı 58%, sərnişin təyyarələri və avadanlıqların payı 50%-dir. Çevik dəyişən texnologiyaya və hesablama texnikasında, maşınqayırmada, rabitə vasitələrinin istehsalında, elektrik avadanlıqları sahəsində lizinqdən daha geniş istifadə olunur.

Müasir dövr üçün beynəlxalq lizinq institutlarının yaradılması xarakterikdir. Avropa Lizinq Cəmiyyətləri Birliyi (qərargahı Brüsseldə yerləşir) 17 Avropa ölkəsinin cəmiyyət və birliklərini əhatə edir.

Bir sıra ölkələrdə dövlət orqanları lizinqi kiçik biznesin dəstəklənməsi üçün istifadə edirlər. Məsələn, Yaponiyada kiçik müəssisələrə lizinq xidmətlərini təklif edən orqanlar sistemi yaradılıb. Xüsusilə də, 1966-cı ildə təsis edilmiş lizinq təchizatı sistemində kreditor rolunda milli və prefektura hökumətləri çıxış edirlər.

Azərbaycanda lizinq

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda da lizinq xidmətləri bazarı getdikcə inkişaf edir. Hazırda Azərbaycan lizinq xidmətləri bazarında Qafqaz lizinq, AG lizinq,Vestmark Financial Leasing Investment Company,Azərlizinq, Azərlizinq İLŞ, Günay-Lizinq, Unilizinq, Atalizinq, Muğanlizinq, MCB Lizinq kimi şirkətlər fəaliyyət göstərir.

Layihənin əsas məqsədi lizinq xidmətləri bazarının inkişafı, kiçik və orta sahibkarlığın maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, həmçinin Azərbaycanın lizinq sektoruna xarici və daxili investisiyaların cəlb edilməsi üçün əlveişli mühit yaradılması olmuşdur. Lizinqin İnkişafı Layihəsinin əsas vəzifəsi işgüzar mühitin təkmilləşdirilməsi və ölkədə rifahın yaxşılaşdırılmasıdır.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, inflyasiyanın yüksək templərində, qeyri-stabil vergi qanunvericiliyi, lizinq əməliyyatlarını tənzimləyə biləcək normativ aktların yoxluğu zamanı lizinq əməliyyatlarının həyata keçirilməsi riskli olur.

Bir çox kommersiya bankları yüksək mənfəətli malların (EHM, videotexnika, avtonəqliyyat vasitələri) satışı üzrə müqavilələri lizinq müqaviləsi adı altında gizlədirlər. Bəzən də elə olur ki, kommersiya bankları lizinq əməliyyatları üzrə az biliyə malik olduqlarından bir çox digər xidmətləri də lizinq əməliyyatlarına daxil edirlər.

Lizinq – ixtisaslaşmış lizinq şirkətinin, firmasının, bank şöbəsinin lizinqalan üçün əmlak olaraq, həmin əmlakın müəyyən müddətə icarəyə verilməsi ilə əlaqədar olaraq əsas vəsaitlərə investisiya qoyuluşunun maliyyələşdirilməsidir. Müddətindən asılı olaraq 3 növ icarə müqaviləsi mövcuddur:

  1. Qısamüddətli icarə (rentinq, ing: renting) – 1 gündən 1 ilə qədər müddətə;
  2. Ortamüddətli icarə (hayrinq, ing: hiring) – 1 ildən 3 ilə qədər müddətə;
  3. Uzunmüdəətli icarə (lizinq, ing: leasing) – 3 ildən 20 ilə qədər.

Lizinq dedikdə maşın və avadanlıqların uzunmüddətli icarəsi başa düşülür. Bu zaman istehsal məqsədilə avadanlıq və maşınlar icarəçi tərəfindən icarədara verilir. Müqavilənin bütün müddəti ərzində mülkiyyət hüququ icarəçidə qalır.

Bundan başqa, lizinqə üçüncü şəxs üçün əmlak əldə edib, bu əmlakı ona uzunmüddətli icarəyə verən, əsas fondlara edilən qoyuluşları maliyyələşdirmənin xüsusi formasında vasitəçilik edən ixtisaslaşmış şirkət kimi də nəzərdən keçirmək olar. Beləliklə, lizinq şirkəti icarədara kredit verir. Buna görə də, lizinqə bəzən "kredi-bay" (fransızcadan tərcümədə — kredit-icarə) deyirlər. Mülkiyyət hüququnun satıcıdan alıcıya keçdiyi alqı-satqı müqvilələrindən fərqli olaraq lizinq müqvilələrində mülkiyyət hüququna icarəçi sahib olur. İcarədar isə, onun müvəqqəti sahibi olur. Lizinq müqaviləsinin müddəti bitdikdən sonra lizinq alan müqvilə obyektini razılaşdırılmış qiymətlə əldə edə, lizinq müqviləsinin vaxtını uzada və ya avadanlığı və ya maşını sahibinə geri qaytara bilər.

İqtisadi nöqteyi nəzərdən lizinq avadanlıq alınması üçün təqdim olunan kreditlə oxşardır. Kredit vermə zamanı borc alan borcu bağlamaq üçün müəyyən edilmiş tarixlərdə əsas fondlaraödənişlər daxil edir, bununla belə ssidanın tam ödənilməsinə qədər kreditə verilən obyektin mülkiyyət hüququnu bank özündə saxlayır. Lizinq zamanı icarədar müqavilənin müddəti bitdikdən sonra, icarəyə götürülmüş əmlakın qiyməti tam ödənildikdən sonra əmlakın sahibi olur. Amma bu deyilənlər yalnız maliyyə lizinqinə aiddir. Lizinqin digər bir növü olan operativ lizinq avadanlığın klassik icarəsinə daha çox oxşayır.

Hüquqi nöqteyi nəzərdən lizinq müqaviləsi investisiya qiymətlilərinin uzunmüddətli icarəsinin xüsusi növüdür.

Lizinq və icarə anlayışları arasında oxşar cəhətlər çoxdur. Lakin onlar eyni anlayışlar sayıla bilməzlər. Belə ki, icarə əmlakın başqa şəxsin (icarəçinin) müvəqqəti sahibliyinə və istifadəsinə verilməsidir. İcarə zamanı icarəçi əmlakdan istifadə etməklə yanaşı ondan bəhrə götürmək hüququna malikdir. İcarə münasibətləri ikitərəfli xarakter daşıyır. Lizinq — əmlakın başqa şəxsin (lizinq alanın) müvəqqəti sahibliyinə və istifadəsinə verilməsidir. Lizinq üçtərəfli münasibətdir. Lizinqin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, lizinq verən əmlakı lizinqə vermək üçün onu mülkiyyət hüququ əsasında əldə etməli və ya hazırlamalıdır. əgər lizinqə verilən əmlak artıq lizinq verənin mülkiyyətindədirsə, əmələ gələn hüquq münasibəti icarə (kirayə) kimi qiymətləndiriləcəkdir. Lizinqin xüsusiyyətlərindən biri də lizinq alanın alqı-satqı müqaviləsi üzrə tələblərin birbaşa əmlakın satıcısına qarşı irəli sürülməsi hüququna malik olmasıdır.

Lizinq əməliyyatlarının tətbiqi aşağıda göstərilən yollarla iqtisadi inkişafa kömək edir:

  • Lizinq istehsalatın müasirləşdirilməsi və kiçik sahibkarlığın inkişafı yolunu təklif edir. Kiçik və orta müəssisələrinkredit qabiliyyəti aşağı olduğuna, onlar likvid girovun təklif edilməsi imkanına malik lmadıqlarına görə həmin müəssisələrin maliyyələşdirilməsində lizinq şirkətləri mühüm rol oynayırlar.
  • Lizinq maliyyə bazarında rəqabətin artmasına xidmət edir. Dövriyyə vəsaitlərinin maliyyələşdirilməsindən aşağı riskli olanlizinq bank kreditindən daha ucuz maliyyələşdirmə üsuludur və onunla birbaşa rəqabət təşkil edir. İnkişaf etməkdə olan ölkələrdəlizinq bank kreditləşməsinin alternativi olaraq müəssisələrə həm lizinqdən, həm də bank kreditindən istifadə ediləməsinə və təmin edilmiş borcun məbləğinin aşmamasına imkan yaradır.
  • Lizinq ümumiyyətlə iqtisadiyyata kapital qoyuluşlarının həcmini artırır.
  • Lizinq avadanlığın satış həcmlərinin artmasına xidmət edir. Lizinq yerli və xarici mal verənlərə yeni alıcı sayının artması mexanizmini təklif edir.

Lizinq əməliyyatlarının dəqiq müəyyənləşdirilməsinin böyük praktiki əhəmiyyəti var, belə ki, qanunvericiliklə müəyyən edilmiş sənədləşdirmə qaydalarına riayət olunmazsa, müqvilənin hər iki iştirakçısı maliyyə itkilərinə məruz qalarlar.

Lizinq müqaviləsinin əsasını aşağıdakılar təşkil edirlər:

  • Müqavilənin obyekti;
  • Müqavilənin subyektləri (lizinq müqviləsinin tərəfləri);
  • Lizinq müqviləsinin müddəti;
  • Lizinq ödənişləri;
  • Lizinq üzrə təklif olunan xidmətlər.

Lizinq müqaviləsinin obyekti rolunda istehsal zamanı məhv olmayan istənilən növ maddi sərvətlər çıxış edə bilər. İcarəyə götürülmüş obyektin təbiətinə görə daşınmaz və daşınan obyektin lizinqi fərqləndirilir.

Lizinq müqaviləsinin subyektləri rolunda lizinq müqviləsinin obyektinə bilavasitə aidiyyəti olan tərəflər çıxış edirlər. Bununla belə onları birbaşa və dolayı iştirakçılara bölmək olar. Lizinq müqaviləsinin birbaşa iştirakçılarına aiddir:

  • lizinq firmaları və ya şirkətləri(lizinq verənlər və icarəçilər);
  • istehsal (sənaye və kənd təsərrüfatı), ticarət və nəqliyyat müəssisə və işçiləri (lizinqalan və icarədarlar);
  • müqavilə obyektinin tədarükçüsü – istehsal (sənaye) və ticarət şirkətləri.

Lizinq sövdələşmələrinin dolayı iştirakçıları aşağıdakılar sayılırlar:

  • Lizinqverəni kreditləşdirən və müqvilənin zamini rolunda çıxış edən kommersiya və investisiya bankları;
  • Sığorta şirkətləri;
  • Broker və digər vasitəçi şirkətlər.

Lizinqin bir investisiya mexanizmi kimi inkişafı nəticəsində banklar və sığorta şirlətləri də lizinq münasibətlərinə qatılırlar.

Lizinq şirkətləri icarə növündən asılı olmayaraq (qısamüddətləri, ortamüddətli və uzunmüddətli) icarə münasibətləri həyata keçirən bütün şirkətlər sayılır. Öz fəaliyyət xarakterinə görə onlar dari xtisaslaşdırılmış və universal kimi təsnifləşdilirlər.

Dar ixtisaslaşdırılmış şirkətlər adətən bir növ əmlakla (yüngül avtomobillər, konteynerlər) və ya standart növ eyni qrup əmlaklarla (tikinti avadanlıqları, tekstil maşınları) iş görürlər. Adətən bu şirkətlər maşın parkı və avadanlıq ehtiyatlarına malik olurlar və müştərinin ilk tələbinə uyğun olaraq onları təqdim edirlər. Lizinq şirkətləri adətən özləri texniki xidməti həyata keçirirlər və obyektin normal istismar vəziyyətində saxlanmasına diqqət yetirirlər.

Universal lizinq firmaları icarəyə müxtəlif növ maşın və avadanlıqlar verirlər. Onlar müştəriyə (icarədara) lazımi avadanlığın tədarükçüsünü seçməyi, sifarişin yerləşdirilməsi və müqavilə obyektinin yerləşdirilməsi məsələlərini sərbəst buraxırlar. Texniki xidmət və icarə predmetinin təmiri məsələlərini ya tədarükçü ya da ki, lizinq alanyerinə yetirir. Beləliklə, lizinqverən yalnız müqavilənin maliyyələşdirilməsi funksiyasını yerinə yetirir. Beləliklə lizinq verən yalnız müqvilənin maliyyələşdirilməsi funksiyasını yerinə yetirir. Lizinq firmaları çox nadir hallarda başqa şirkətlərlə qohum əlaqəsində olmayıb sərbəst olurlar. Çox zaman onlar sənaye və ticarət şirkətlərinin, bank və sığorta cəmiyyətlərinin filialları və ya törəmə şirkətləri olurlar. Bununla bərabər əksər hallarda lizinq şirkətləri banklar tərəfindənidarə olunurlar. ABŞ-ın kommersiya bankları XX əsrin 60-cı illərinin əvvəllərindən başlayaraq lizinq əməliyyatlarında bilavasitə iştirak etmməyə başlayıblar. Növbəti illərdə lizinq biznesinin genişlənməsinə səbəb 1971-ci ildə Federal Rezerv Sisteminin qəbul etdiyi qərar oldu. Bu qərar banklara xırda mülkiyyət və avadanlığın, sonradan isə daşınmaz əmlakın icarəyə verilməsi üçün törəmə şirkət təsis etmək hüququ verdi.

Bankların lizinq xidmətləri bazarına daxil olmaları 2 amillə bağlıdır:

  1. Lizinq kapital tutumlu biznes növüdür, banklar isə pul resurslarının əsas sahibləri sayılırlar.
  2. Lizinq xidmətləri öz iqtisadi təbiətləriə görə bank kreditləşdirilməsi ilə sıx bağlıdır və axırıncının özünəməxsus alternativdir.

Maliyyə bazarlarında olan rəqabət, bankları bu əməliyyatları genişləndirməyə sövq edir ki, bu da banklaılizinq əməliyyatları həyata keçirən şirkətlər arasında birinci yerə çıxarmışdır. Bununla bərabər banklar müstəqil lizinq şirkətlərini, kredit vermə yolu ilə idarə edə bilər. Lizinq cəmiyyətlərinə kredit təqdim etməklə, onlar lizinqalanları əmlak krediti formasında maliyyələşdirirlər.

Lizinq əməliyyatlarını həyata keçirən digər kateqoriya şirkətlər sənaye və tikinti şrkətləridirlər. Onlar icarəyə öz istehsal etdikləri əmtəələri verirlər.

Digər bir qrup şirkətlər də var ki, onlar müqavilələri lizinq əsasında həyata keçirirlər. "Liz"-in dövrü adı altında lizinq müqaviləsinin qüvvədə olduğu müddət başa düşülür. Lizinq uzunmüddətli icarənin xüsusi bir forması olduğundan müqavilə obyektininyüksək qiyməti və uzun istifadə müddəti liz dövrünün müvqqəti çərçivələrini müəyyən edir.

Lizinq müqviləsinin müddətini müəyyənləşdirərkən lizinqalan və lizinqverən aşağıdakıları nəzərə almalıdırlar:

  • Avadanlığın texniki iqtisadi göstəriciləri ilə müəyyən olunan istifadə müddəti. Lizinq müqviləsinin müddəti avadanlığın mümkün istismar müddətini (icarədar tərəfindən istismar şərtləri nəzərə alınmaqla) aşmamalaıdır;
  • Müqavilənin müddəti qanunvericiliklə məhdudlaşdırıla bilər;
  • Avadanlığın amortizasiya periodu dövlət orqanları tərəfindən müəyyən edilir. Maliyyə lizinqi zamanı müqavilənin müddəti ilə amortizasiya dövrü üst-üstə düşür;
  • Müqavilənin daha səmərəli və ucuz analoqunun meydana çıxması. Bu faktor əsasən buraxılan məhsulu tez-tez dəyişdirilərək yeniləşdirilən sahələr üçün vacibdir;
  • İnflyasiya prosesinin dinamikası. Lizinqverən üçün sürətlə artan inflyasiya zamanı təsbit edilmiş müddətlərdə ödənişlərlə uzun müddətli müqavilə imzalamaq sərfəli deyil. Qiymətlər aşağı düşdüyü zaman isə lizinqverən uzunmüddətli dövrə müqvilə bağlamağa səhd göstərir;
  • Borc kapitalı bazarının konyukturası və inkişaf tendensiyaları. Lizinq şirkətləri bank kreditlərindən geniş istifadə etdiklərinə görə, lizinq faizinin əsasını təşkil edən, uzunmüddətli kreditlər üzrə faiz stavkası lizinq müqaviləsinin müddətinə birbaşa təsir göstərir.

Lizinq əməliyyatları sistemində ən çətin məqam lizinqverənə çatacaq lizinq ödənişlərinin ümumi məbləğinin müəyyən olunmasıdır. Qısamüddətli və ortmüddətli lizinq zamanı icarə ödənişlərinin məbləği icarəyə götürülən əmlakın bazar konyukturası ilə müəyyən olunur. Uzunmüddətli lizinq zamanı lizinq ödənişlərinin hesablanması özündə lizinq müqaviləsi obyektinin dəyərini və müqavilənin müddətini ehtiva edən hesablanma metodikası əsasında həyata keçirirlir. Lizinq və kredit arasında mövcud olan oxşarlıqlara baxmayaraq lizinq şərtlərinin hazırlanması və sənədləşdirilməsi daha çətin iş olub, xüsusi hazırlıq tələb edir. İstənilən lizinq ödənişinə daxildir:

  • amortizasiya;
  • müqavilənin lizinqverən tərəfindən həyata keçirilməsi üçün istifadə olunan resursların ödənişi;
  • lizinq marjası – bura lizinqverənin göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlir daxildir (1–3%);
  • riskin məbləği – bu məbləğ lizinqverənin aid olduğu müxtəlif risklərin səviyyəsindən asılıdır

Resursların qiyməti, lizinq marjası və risk məbləği birlikdə lizinq faizini təşkil edirlər. Lizinq müqaviləsi aşağıdakı 11 mərhələdən ibarət olan bir mürəkkəb prosesdir:

  1. Lizinq müraciəti – potensial lizinq alan onu maraqlandıran obyektin geniş təsvirini verməklə lizinq müraciətinin formasını doldurur;
  2. Müraciətə baxılması – müraciətə lizinq şirkəti tərəfindən baxılır;
  3. Müraciətin təsdiqlənməsi – müraciət lizinq şirkətinin kredit komitəsi tərəfindən təsdiq edilir;
  4. Lizinq müqaviləsinin bağlanması – lizinq alanın müraciəti təsdiq edildikdən sonra lizinq verən və lizinq alan arasında lizinq müqaviləsi bağlanır;
  5. Alqı-satqı müqaviləsinin bağlanması — lizinq verən və satıcı arasında alqı-satqı müqaviləsi bağlanır;
  6. Lizinq obyektinin əldə edilməsi – lizinq verən lizinq obyektini lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə vermək üçün onu mülkiyyət hüququ ilə əldə edir;
  7. Sığorta – lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmadıqda satıcı lizinq obyektini sığortalamalıdır;
  8. Lizinq obyektinin lizinq alana verilməsi — lizinq verən və lizinq alan lizinq obyektinin lizinq alana verilməsini təsdiq edən qəbul protokolunu imzalayırlar;
  9. Lizinq ödənişləri – lizinq alan lizinq obyektindən istifadəyə görə mütəmadi olaraq lizinq ödənişlərini həyata keçirir;
  10. Monitorinq maliyyə nəzarəti – lizinq verən lizinq obyektinin vəziyyətini və lizinq alanın maliyyə vəziyyətini lizinq müqaviləsi ilə müəyyən edilmiş qaydada yoxlayır;
  11. Mülkiyyət hüququnun lizinq alana keçməsi – lizinq müqaviləsi ilə nəzərdə tutulmuş hallarda lizinq obyekti lizinq alanın mülkiyyətinə keçə, yaxud lizinq alan lizinq obyektini satın ala bilər.

Müəssisələr adətən istifadə etdikləriəsas vəsaitlərin həm də sahibidirlər və bu vəsaitlər onların balansında da əks olunur. Bu, müəssisələr üçün hər zaman müsbət hal kimi qarşılanmır. Lizinqin yaranması ilə müəssisələr əsas vəsaitlərini satınalma ilə yanaşı kiralama yolu ilə də qazanmaq imkanını əldə etmişdir. Lizinq münasibətlərində əmlakın mülkiyyətinə sahib olmanın ortaya çıxardığı xərclər Lizinq Şirkətinə aid olduğu üçün lizinq yolu ilə avadanlıq əldə edən müəssisələr qazanclı çıxmaqdadır. Bəzən hətta, müəssisələr sahib olduqları avadanlıqları lizinq şirkətlərinə satıb eyni avadanlıqları həmin şirkətdən yenidən maliyyə lizinqi yolu ilə icarəyə götürmək üsullarına belə müraciət etmişdirlər və beləliklə lizinqin qaytarılan lizinq növü ortaya çıxmışdır.

Ümumiyyətlə, lizinqin ən geniş istifadə edilən aşağıdakı növləri vardır:

Operativ lizinq (operating leases). Lizinqin bu növündə, maliyyə lizinqi ilə müqayisədə müqavilə müddəti daha qısa müddətli, lizinq ödənişləri isə daha yüksək olur. Bu lizinq növündə lizinq şirkəti avadanlığın bütün cari və əsaslı təmir xərclərini özü çəkir və bu xərclər lizinq ödənişlərinə əlavə edilir. Operativ lizinqdə müqavilə sonunda avadanlığın mülkiyyəti lizinq şirkətində qalır. Buna görə də, operativ lizinqdə müqavilə müddəti adətən çox qısa olur və lizinqalan tərəfindən ödənilən lizinq ödənişləri avadanlığın dəyərini tam əhatə etmir. Lizinq şirkətləri operativ lizinqə verdikləri avadanlıqları ya ikinci dəfə lizinqə verməklə və ya satmaqla avadanlığın tam qiymətini əldə edirlər. Müəssisələr tərəfindən operativ lizinq əsasən çox sürətlə inkişaf edən texnika vasitələrinin əldə edilməsində istifadə olunur. Belə ki, bəzi avadanlıqların texniki cəhətdən saz vəziyyətdə olmasına baxmayaraq, bazara yeni modellərin təqdim edilməsi ilə bu avadanlıqların mənəvi köhnəlməsi hadisəsi baş verir və nəticədə bir müəssisə üçün istehsal avadanlıqlarının hamısının yenilənməsi böyük ölçüdə maliyyə vəsaitləri tələb edir. Operativ lizinqdə isə bu avadanlıqlar icarəyə götürülərək rahatlıqla belə vəziyyətlərdən çıxış yolu əldə edilir.

Operativ lizinqdə avadanlıq lizinq şirkəti tərəfindən müştərinin (lizinqalanın) əvvəlcədən razılığı olmadan alınır və bununla bağlı bütün riskləri lizinq şirkətiöz üzərinə götürür.

Maliyyə lizinqi lizinqin ən geniş yayılan formasıdır. Maliyyə lizinqində avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən nəzərdə tutulmuş simvolik bir dəyərlə lizinqalana satılması nəzərdə tutulur. Bu lizinq növündə lizinq müqavilələrinin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur. Maliyyə lizinqində avadanlıqları adətən müştəri (lizinqalan) seçir və lizinq şirkətinə bu avadanlığın alınması üçün sifariş verir. Maliyyə lizinqində avadanlığın cari və əsaslı təmiri lizinqalan tərəfindən öz vəsaiti hesabına həyata keçirilir. Maliyyə lizinqi daha çox bir maliyyələşdirmə növüdür və müştəri tərəfindən seçilən avadanlığın lizinq şirkəti tərəfindən yalnız satın alınmasından ibarətdir. Lizinq şirkəti alınacaq avadanlıq haqqında heç bir məlumata sahib deyil və hətta çox vaxt alınan avadanlıq satıcı tərəfindən birbaşa müştəriyə (lizinqalana) təqdim edildiyi üçün lizinq şirkəti avadanlığı görmür.

Sublizinqdə lizinqə götürülən avadanlıq lizinq şirkətinin (lizinqverənin) razılığı ilə lizinqalan tərəfindən digər müəssisələrə yenidən lizinqə verilə bilər. Bu zaman sublizinq müqaviləsinin müddəti əsas lizinq müqaviləsinin müddətindən çox ola bilməz. Sublizinq müqavilələrinin şərtləri də hər cəhətdən maliyyə lizinqi müqavilələrinin şərtlərinə bənzəyir.

Lizinq şirkətlərində lizinq müqaviləsinin bağlanılması üçün aşağıdakı sənədlərin təqdim olunması lazımdır:

Lizinq alan — Hüquqi şəxs olduqda

 Müəssisənin nizamnaməsinin surəti,  VÖEN,  Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışı,  Xüsusi fəaliyyət növləri üçün lazım olan lisenziyalar.  Təsdiq olunmuş balans və mənfəət hesabatları,  Bank hesabları haqqında məlumat (hesabdan dövriyyə barədə çıxarış),  Lizinq obyekti haqqında məlumat və onun texniki göstəriciləri,  Hüquqi şəxsin təsisçilərinin şəxsiyyət vəsiqələrinin surətləri,  Müəssisənin fəaliyyəti haqqında ətraflı məlumat,  Müəssisənin direktorunun təyin edilməsi barədə əmr,  Müəssisənin direktorunun şəxsiyyət vəsiqəsinin surəti,  Müəssisənin təsisçilərinin lizinq alınması barədə qərarı,

Lizinq alan — Fərdi sahibkar olduqda

 Şəxsiyyət vəsiqəsinin surəti,  VÖEN,  Gəlirləri təsdiq edən sənədlər,  Zamin duran şəxsin şəxsiyyət vəsiqəsinin surəti,  Zamin duran şəxsin gəlirləri barədə sənədlər.