Luis Butan (fr. Louis Marie-Auguste Boutan) - Fransız bioloq, zooloq və okeanoloq, Fransa Zooloji Cəmiyyətinin fəxri üzvü. Sualtı fotoqrafiyanın öncülərindən hesab olunan fotoqraf. Luis Butan dünyada ilk dəfə sualtı fotoşəkili çəkmiş şəxs hesab olunur.
Luis Butan | |
---|---|
fr. Louis Marie-Auguste Boutan | |
| |
Doğum tarixi | |
Doğum yeri | Versal sarayı, Paris, Fransa |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Tigzirt, Tizi-Uzu, Əlcəzair |
Vətəndaşlığı | Fransa |
Təhsili |
Paris Universiteti Əlcəzair Universiteti |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Belə ki, 1899-cu ildə Fransanın cənubunda Oksitaniya regionunun daxilində yerləşən Şərqi Pireney departamentinin Banyuls-sur-Mer kommunasında Luis Butan və rumın bioloq Emil Raçovitanın iştirakı ilə dünyanın ilk sualtı fotosu çəkilmişdir.
Foto, Banyuls-sur-Mer kommunasında yerləşən Banyuls-sur-Mer Okeanoloji Rəsədxanasının inzibati ərazisində çəkilib. 1899-cu ilin yayında çəkilmiş şəkildə rumın bioloq Emil Raçovita əlində sualtı fotoşəkil yazılı löhvə tutub.[1]
Luis Butan 1859-cu ilin 6 mart tarixində Fransanın paytaxtı Paris şəhəri yaxınlığında yerləşən Versal sarayında anadan olub. Atası Avqustin Butan Fransanın tanınmış maarifçilərindən olmuş və baş baş müfəttiş vəzifəsində çalışmışdır. Paris Universitetində biologiya və təbiət tarixi üzrə təhsil aldıqdan sonra iyirmi yaşında Sarbonnada müəllim köməkçisi kimi işləməyə başlamışdır.
1880-cı ildə Fransa nümayəndə heyətinin tərkibində Melburn Beynəlxalq Sərgisində iştirak etmək üçün Avstraliyaya göndərilmiş və 18 ay burada yaşamışdır. Avstraliyada olduğu dövrdə qitəni gəzmiş və yeni heyvan növləri ilə tanış olmuşdur. 1886-cı ildə Lil Universitetində (fr. maître de conférences) konfransların ustası fəxri dərəcəsi ilə fəaliyyətini davam etdirib. Həmin ilə dalğıclıq sahəsindəki bacarıqlarını inkişaf etdirərək okeanologiya elminə maraq salmışdır.
1893-cü ildə professor adını alıb. Qardaşı ilə birlikdə ilk dəfə olaraq sualtı fotoşəkil çəkmək məqsədi ilə müxtəlif avadanlıqlar hazırlamışdır. Butan öz sualtı fotoqrafiya avadanlığı haqqında ilk dəfə ABŞ-da nəşr olunan (ing. The Century Illustrated Monthly Magazine) jurnalında məlumat vermiş və həmin jurnalındakı yazısında müxtəlif illüstrasiyalarla avadanlığını təsvir etmişdir.
Butan sualtında fotoşəkil çəkməyə çox maraqlı idi və bu məqsədlə su altında istifadə edilə bilən xüsusi lampa hazırlamış və işıqlandırma üçün karbon qövs işıqlarından istifadə etmişdir. 1898-ci ildə fotoqrafın sualtı fotoqrafiyadan bəhs edən ilk kitabı (ing. La Photographie sous-marine et les progrès de la photographie) nəşr olunur və sualtı fotoşəkillərin ilk nümunələri 1900-cü ildə Parisdəki Universitetdə təşkil edilən sərgidə nümayiş etdirilir.[1]
1899-cu ilin yayında Fransanın cənubunda Oksitaniya regionunun daxilində yerləşən Şərqi Pireney departamentinin Banyuls-sur-Mer kommunasında dövlətə məxsus Banyuls-sur-Mer Okeanoloji Rəsədxanasında dünyada ilk dəfə olaraq sualtı fotoşəkil çəkməyə nail olmuşdur. Belə ki, xüsusi dalğıc paltarı geyinmiş rumın bioloq Emil Raçovita əlində sualtı fotoşəkil yazılı löhvə tutduğu an Luis Butan onun fotosunu çəkmişdir.
1904-cü ildə o, mirvari stridiyalarını öyrənmək və bu barədə daha çox məlumat əldə etmək məqsədi ilə Hanoy şəhərinə göndərilmişdir. 1908-ci ildə Fransaya qayıtmış, 1910-cu ildə Bordo şəhərində yerləşən Bordo Universitetində zoologiya və heyvan fiziologiyası üzrə professor elmi adını almışdır.
1914 və 1916-cı illərdə qardaşı ilə birlikdə Fransa Silahlı Qüvvələri üçün nəzərdə tutulmuş xüsusi dalğıc kostyumu üzərində işləmişdir. Birinci Dünya müharibəsindən sonra dəniz mirvarilərinin süni istehsalı ilə bağlı müxtəlif araşdırmalara rəhbərlik edib və bu mövzuda araşdıramlar aparan ilk şəxslərdən biri olub. 1921-ci ildə (fr. Biologique d'Arcachon) elmi-araşdırma stansiyasının direktoru vəzifəsinə təyin edilib.
1923-cü ildən etibarən Əlcəzairdə yaşamağa başlayan Butan burada Əlcəzair Universitetində elmlər fakültəsinin ümumi zoologiya kafedrasınım rəhbəri təyin edilib. O, həmçinin (fr. Station d'Aquaculture et de Pêches de Castiglione) adlı qurumun başçısı və Əlcəzairin balıqçılıq təsərrüfatı üzrə baş müfəttiş vəzifəsinə təyinat almışdır.[2]
1929-cu ildə Əlcəzairdə təqaüdə çıxmış və 1934-cü ildə Əlcəzairin Tizi-Uzu vilayətinə daxil olan Tigzirt şəhərində 74 yaşında vəfat etmişdir.[2] Fransa qarşısında göstərdiyi xidmətlərə görə "Fəxri legion" ordeni ilə təltif edilib. 2010-cu ildə adı sualtı fotoqrafiyanın öncülərindən biri kimi Beynəlxalq Skub Dalışı Şöhrət Zalında əbədiləşdirilib.[3] Butan balığı 1905-ci ildə onun şərəfinə adlandırılmağa başlanıb.[4]