Möhsün bəy Xanlarov

Mövsüm bəy Məhəmməd bəy oğlu Xanlarov (24 sentyabr 1857 və ya 1857, Bakı23 fevral 1921 və ya 1921, Bakı) — Azərbaycanın ilk kimyaçı (üzvi kimya) alimi və Bakı Şəhər Dumasının üzvü.[1]

Mövsüm bəy Xanlarov
Şəxsi məlumatlar
Doğum tarixi 24 sentyabr 1857(1857-09-24) və ya 1857
Doğum yeri
Vəfat tarixi 23 fevral 1921(1921-02-23) və ya 1921
Vəfat yeri
Təhsili
Fəaliyyəti kimyaçı

Həyatının erkən dövrləri

[redaktə | mənbəni redaktə et]

Mövsüm bəy Xanlarov 1857-ci ilin 24 sentyabrında Bakıda bəy nəsli olan Xanlarovlar ailəsində anadan olmuş və ilk təhsilini mədrəsədə almış, ərəb və fars dillərini, Quranı, şəriət elmini, islam əxlaqını burada öyrənmiş, klassik ədəbiyyat və tarixlə də məhz mədrəsədə tanış olmuşdur. 1871-ci ildə mədrəsə təhsilini başa vurandan sonra o, müstəqil şəkildə rus dilini öyrənmiş, az sonra isə Bakıdakı rus realnı gimnaziyasının tələbəsi olmuşdur.

Mövsüm bəy 1872-ci ildə Bakı realnı gimnaziyasına (1874-cü ildə bu təhsil ocağının bazasında Bakı realnı məktəbi təşkil edildi) qəbul olmuşdur. 1877-ci ildə Bakı realnı məktəbini bitirdikdən sonra o, qulluğa başlamayıb məktəbin əlavə siniflərində təhsilini davam etdirmişdir. Həmin məktəbdə o dövrün tələblərinə cavab verən mükəmməl kimya laboratoriyası və fizika kabineti vardı. Məktəbin kitabxanası müxtəlif xarici elmi-kütləvi nəşrlərə abunə idi. Fundamental elmlərə böyük maraq göstərən Mövsüm bəy bu imkanlardan bəhrələnərək nəzəri-praktiki biliklərini daha da artıra bilərdi. Buna görə də o, əlavə siniflərdə təhsilini davam etdirməyi xidmətə başlamaqdan üstün tutdu.

Həyatının Avropa dövrü

[redaktə | mənbəni redaktə et]

1878-ci ildə Mövsüm bəy Xanlarov Bakı realnı məktəbini uğurla başa vurub Avropa universitetlərindən birində ali təhsil almaq üçün hazırlaşmağa başladı. Bu məqsəd üçün 1878-ci ilin payızında Almaniyanın Vyüsburq şəhərinə gəldi və Vyüsburq Universitetinin tələbəsi oldu. O dövrdə Almaniyanın digər universitetlərində olduğu kimi, bu universitetdə də həm ümumi, həm fundamental, həm də dini fənlər tədris olunurdu. Tələbələrə ilahiyyatdan tutmuş, təbiət elmlərinə qədər bütün sahələr üzrə mühazirələr oxunurdu.

Mövsüm bəyin Almaniyadan öz sevimli müəllimi, Azərbaycan milli mətbuatının banisi, böyük mütəfəkkir Həsən bəy Zərdabiyə göndərdiyi məktubların, müəllim və tələbə arasında gedən yazışmaların məzmunu xeyli maraqlıdır. Bu məktublarında Mövsüm bəy Həsən bəy Zərdabiyə öz təhsili, əldə etdiyi nəticələr, gələcək planları barədə söhbət açır və keçmiş məktəb yoldaşları Nəcəf bəyin (Nəcəf bəy Vəzirov) və Əsgər ağanın (Əsgər ağa Gorani) əhvalını soruşurdu. Xatırladaq ki, adı çəkilən bu iki şəxs də Bakı realnı məktəbini bitirdikdən sonra Moskvadakı Petrovski-Razumovski Kənd Təsərrüfatı Akademiyasında ali təhsil almağa başlamış, Həsən bəy Zərdabinin 1875-ci ildə əsasını qoyduğu "Əkinçi" qəzetinin fəal müəllifləri kimi tanınmışdılar. Mövsüm bəy, Nəcəf bəy və Əsgər ağa arasında məktəb illərindən əsası qoyulmuş dostluq münasibəti uzun illər qorundu.[2]

Öyrəndiyi texniki ixtisasa daha mükəmməl yiyələnməkdən ötrü Mövsüm bəyə növbəti il təhsilini davam etdirmək üçün Almaniyanın başqa bir şəhərinə getmək lazım gəlirdi. Həsən bəy Zərdabiyə məktubunda o yazırdı ki, növbəti il üçün artıq Leypsiqi seçmişdir. Beləliklə, Mövsüm bəy Xanlarov təhsilini Leypsiq Universitetində davam etdirməyə başladı. O dövrdə Leypsiqdə zamanının nüfuzlu elm xadimlərindən sayılan professor Vaqner çalışırdı və professorla azərbaycanlı tələbə arasında normal münasibətlər qurulmuşdu. Neft emalı üzrə biliklərə yiyələnmək üçün müvafiq təhsil ocağı və səriştəli müəllim axtarışında olan Mövsüm bəy bu barədə professor Vaqnerdən məsləhət istəyərkən o, Almaniyada belə mütəxəssisin olmadığını bildirmiş, vəziyyətdən çıxış yolu kimi onu müvəqqəti olaraq öz laboratoriyasına dəvət etmişdi. Bununla belə, Mövsüm bəy Leypsiqdə uzun müddət qala bilmədi, 1881-ci ilin mayında Strasburq şəhərinə, bu şəhərdə fəaliyyət göstərən Vilhelm Kayzer Universitetinə gəldi. Bu universitet o dövrdə Avropanın və ümumilikdə dünyanın ən nüfuzlu elm və təhsil mərkəzlərindən sayılırdı. İ. V. Höte, L. Paster kimi nüfuzlu alimlər bu universitetlə bağlı idilər. Burada zamanının tanınmış alimlərindən olan bioloq Anton de Bari, kimyaçı Rudolf Fittiq kimi insanlar çalışır, onlardan öyrənmək və bu alimlərin laboratoriyalarında çalışmaq üçün dünyanın müxtəlif ölkələrindən gənclər axın-axın Strasburqa gəlirdi. Mövsüm bəy Xanlarov da burada professor Rudolf Fittiqin rəhbərliyi altında elmi araşdırmalara başladı.[3][4][5]

1880-ci ilin mayından Strasburq Universitetində tanınmış professor Avqust Adolf Kundtın laboratoriyasında Rusiyadan gəlmiş gənc dağ mühəndisi, sonralar öz elmi nailiyyətləri ilə dünya şöhrəti qazanmış Dimitri Petroviç Konovalov da tədqiqat aparırdı. O, Fittiqin üzvi-kimya laboratoriyasına yazılsa da, burada çox az müddət çalışdı. 1881-ci ilin uyulunda Strasburqdakı Kayzer Vilhelm Universitetinin riyaziyyat və təbiət elmləri fakültəsinin elmi şurasında doktorluq dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alan D. Konovolovla Mövsüm bəy arasında qurulmuş dostluq əlaqələri uzun illər qorunmuşdur.

Mövsüm bəy özü Fittiqin laboratoriyasında toksin turşusunun rodan etilinə təsirini tədqiq edirdi. Öz elmi araşdırmalarının nəticələrini 1882-ci ildə alman kimya ictimaiyyətinin "Berichte der Deutschen Chemischem Gesellchaft" jurnalında nəşr etdirmişdir. Həmin vaxt professor R. Fittiq laktonu araşdırır, bakılı tələbəsi də bu mövzuda elmi tədqiqatları ilə alimə dəstək verirdi. O bu sahədə uğurlu nəticələr əldə etmiş, butirolakton və alfa-butirolaktonun sintezi xüsusiyyətlərinə dair ona qədər bir çox alimləri düşündürən sualların cavabını tapmışdı. Gənc alimin əldə etdiyi elmi nəticələri professor R. Fittiq yüksək qiymətləndirirdi.[6][2]

Həyatının Bakı dövrü

[redaktə | mənbəni redaktə et]

1883-cü ildə Strasburq Universitetinin Elmi Şurasında 26 yaşlı azərbaycanlı Mövsüm bəy Xanlarov doktorluq dissertasiyasını uğurla müdafiə edərək, kimya elmləri doktoru alimlik dərəcəsi aldı. Qısa müddətdən sonra doktor Mövsüm bəy Xanlarov Azərbaycana döndü və mühəndis-texnik kimi bu uğurların sırasını daha da genişləndirdi.

Mövsüm bəy Xanlarov bir sıra rəhbər orqanlara seçilmişdi. Bakının ziyalı mühitində onun adı daim hörmətlə çəkilirdi. Mövsüm bəy Xanlarovun D. İ.Mendeleyev, D. P. Konovalov, N. A. Mentuşkin kimi alimlərlə yazışmaları, adı çəkilən elm xadimlərinin azərbaycanlı alimə göndərdikləri məktublar onun hansı elmi səviyyəyə malik olduğunu və hansı səviyyədə qəbul olunduğunu ortaya qoyan ən parlaq faktlardır.

İsmayıl Qaspıralının Tərcüman qəzetinin 1884-cü ildəki 20-ci sayında Bakıdakı teatrın inkişafına töhfə verən şəxslərin başında "Kimyaçı Xanlarov"un gəldiyi qeyd olunmuşdur. Bu şəxsin Mövsüm bəy Xanlarov olma ehtimalı yüksəkdir.

Bakıda olarkən Rusiya Texniki Cəmiyyətinin Bakı filialının və onun inispeksiya komisisyasının üzvü olmuşdur.[6] Mövsüm bəy Azərbaycanın sovetləşdirilməsindən öncə kimya sahəsində sistemli təhsil almış ilk və tək şəxsdir.[3] Yusif Məmmədəliyevin bildirdiyinə görə, uyğun şərtlərin olmamasına görə Mövsüm bəy Bakıya döndükdən sonra elmi fəaliyyətlə o qədər də məşğul ola bilməmiş, elmi araşdırmalarını 1887-ci ildə dayandırmışdır. Buna görədir ki, bu ildən etibarən onun adı Rusiya Fizika-Kimya Cəmiyyəti üzvləri siyahısında yoxdur.[6]

O, Avropada təhsilini başa vurub Bakıya qayıdandan sonra Mövsüm bəy Xanlarov məşhur mesenat Hacı Zeynalabdin Tağıyevin qızı Xanımla ailə qurmuşdur. Bu da 23 fevral 1921-ci ildə dünyasını dəyişmiş Mövsüm bəy Xanlarovun sovet dövründə tam unutdurulmasına, belə bir alimin diqqətdən tamamilə kənarda qalmasına gətirən amillərdən biri idi.

  1. Мөвсүм бәј Ханларов // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 50.
  2. 1 2 Платонов, 1966. səh. 186
  3. 1 2 Zülfüqarov, 1970. səh. 86
  4. Məmmədəliyev, 1960. səh. 26
  5. Chanlaroff, Moehsin Beg. Verhalten von Thiacetsäure gegen Schwefelcyanäthyl // Berichte der deutschen chemischen Gesellschaft Arxivləşdirilib 2022-01-22 at the Wayback Machine. — 1882. — № 15. — p. 1987–1989.
  6. 1 2 3 Azərbaycan Sovet Ensiklopediyası, 1986. səh. 50
  • Quliyev, Cəmil. Azərbaycan Sovet Ensiklopediyası. Baku: ASE Redaksiyası. 1986.
  • Zülfüqarov, J. Химия в АГУ за пятьдесят лет. Baku: BSU Press. 1970.
  • Платонов, Б; Мамедалиев, А. Страницы жизни. Baku: здательство Академии наук Азербайджанской ССР. 1966.
  • Рахшанлы, Расул. Герр доктор Ханларов. Баку: Адильоглу. 2007.
  • Рахшанлы, Расул. Первый ученый-химик. Баку: Сада. 2012.
  • Рахшанлы, Расул. Доктор Страсбургского Университета Ханларов (PDF). Баку: Elm və təhsil. 2017.
  • Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. C. 3 F-İ. Bakı: Təhsil. 2019.