Tərcüman (qəzet)

"Tərcüman" qəzeti (krımtat. ترجمان, rus. Переводчик) — 1883–1918-ci illərdə Krımın Bağçasaray şəhərində nəşr olunan qəzet.

Tərcüman
Loqonun şəkli
"Tərcüman-Переводчик" qəzetinin 10 aprel 1883-cü il tarixli 1-ci nömrəsi
"Tərcüman-Переводчик" qəzetinin 10 aprel 1883-cü il tarixli 1-ci nömrəsi
Sahibi İsmayıl Qaspıralı, Rüfət Qaspıralı
Təsisçi
Nəşriyyat İsmayıl Qaspıralı, Rüfət Qaspıralı
Baş redaktor İsmayıl bəy Qaspıralı
Redaktor
Yaranma tarixi 10 aprel 1883
Dil türkrus
Nəşrini dayandırıb 23 fevral 1918
Baş ofis Bağçasaray
Ölkə Rusiya imperiyası
Rusiya müvəqqəti hökuməti
Krım Xalq Respublikası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1879-cu ildə Krım türklərinin dilində ilk qəzet buraxmaq üçün təşəbbüs göstərən İsmayıl bəy Qasprinski Həsən bəyə məktub yazıb "Tərcüman" adlı qəzet nəşr etmək üçün ona xeyir-dua verməsini və qəzetin idarə olunmasına rəhbərlik etməsini xahiş etmişdi. İsmayıl bəy Qasprinskiyə məsləhət görürdü ki, qəzetdə ərəbfars sözlərindən, eləcə də Krımda başa düşülən spesifik sözlərdən uzaq olunsun.[mənbə göstərin]

"Tərcüman"ın hər səhifəsi, hər cümləsi türk dünyasını, xüsusən, Rusiyada yaşayan müsəlman türklərini cəhalətdən oyanmağa, özünüdərkə, maarifə, elmə, haqları uğrunda savaşa səsləyirdi. Ona görə də İsmayıl bəy Qasprinski müasirləri tərəfindən türk dünyasının hər yerində, eləcə də Azərbaycanda görkəmli maarifçi kimi təqdim edilmiş, ondan yüksək ehtiramla bəhs etmişlər.

"Tərcüman" hər nüsxəsində öz məsləyini belə ifadə edir: "Türk, Tatar, Azərbaycan, Kumuk, Noqay, Başqırd, Özbək, Sart, Tarança, Kaşğari, Türkmən və sair adlarla bilinən türk qövmlərinin cümləsi arasında yayılmış və məlum olan "Tərcüman", müsəlmanlar arasında maarifin intişarına və İslam məktəblərinin islahına çalışır. Sadə və açıq hər kəs anlayacaq surətdə qələm işlədir".[1]

"Tərcüman" qəzeti nəşrə başladığı 1883-cü ildən 1903-cü ilə qədər Rusiya müsəlmanları kimi Azərbaycan türklərinin də yeganə mətbu orqanı olmuşdur. Mənbələr göstərir ki, Azərbaycan ziyalıları "Tərcüman"a abunə yazılmış, uzun müddət bu qazetə "yeganə milli qida" kimi baxmışlar. Çünki Qasprinskinin naşiri olduğu "Tərcüman" qəzeti, öndəri olduğu üsuli-cədid hərəkatı, geniş, çoxşaxəli maarifçilik çalışmaları digər Rusiya müsəlmanları kimi Azərbaycan türkləri ilə də sıx bağlı olmuş, onların özünüdərkinə xidmət etmişdir. Qəzetin səhifələrində müntəzəm olaraq Bakı, Tiflis, Şuşa, Nuxa, Yelizavetpolun adları hallanır, Azərbaycan həyatının az qala, məişət hadisələri belə, geniş şəkildə oxuculara təqdim olunurdu. Maarifçi-pedaqoq Sultan Məcid Qənizadənin təzə çapdan çıxan dərsliyi qəzetin bir neçə nömrəsində elə dərs vəsaiti kimi təbliğ olunurdu. "Tərcüman" qəzeti uzun illər Azərbaycan ziyalılarının da oxuduğu yeganə türk qəzeti idi. Bir maarifçi kimi dövrünün nüfuzlu ziyalısı Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbov qəzetə 150 nəfər abunə yazdırmışdı. Yusif Vəzir Çəmənzəminli də xatirələrində rus-yapon müharibəsi başlanana qədər Azərbaycan ziyalılarının "Tərcüman" qəzetini sevə-sevə oxuduğundan və abunə yazıldığından bəhs etmişdir.

"Molla Nəsrəddin" ilə əlaqəsi

[redaktə | mənbəni redaktə et]

Cəlil Məmmədquluzadə ilə Qasprinskinin əlaqələri zəngin və rəngarəng olmuşdur. Bütün azərbaycanlı ziyalıları kimi Cəlil Məmmədquluzadə də "Tərcüman"a və onun naşirinin fəaliyyətinə rəğbət bəsləmişdir. "Molla Nəsrəddin" nəşrə başladıqdan sonra Qasprinski onun fəaliyyətini "Tərcüman" vasitəsilə Rusiya müsəlmanları arasında təbliğ etmiş, onu "bir qaç boyalı gözəl rəsmlər ilə təzyin", "millətimiz arasında bəzi suyi-adət və hərəkat haqqında xeyli tənqidanə yazılmış lətifə və fəqərələrdən" ibarət məcmuə kimi təqdim etmiş, "bizim bu qism yeni ədəbiyyatımız dəxi tədricən intişar edərək millət arasında rəğbət bulub fayda gətirməsi"nə ümid bəsləmişdir.

Qasprinski "Tərcüman"da dərc etdiyi xüsusi icmallarda "Molla Nəsrəddin"ə xüsusi yer ayırır, onun gülüşünün səciyyəsini izah edib aydınlaşdırmağa çalışırdı. İcmalların birində yazırdı: "Bizim Tiflisin "Molla Nəsrəddin"i ədibanə ağlayır və mənalı-mənalı söylənir, uyumuş başları iynə ilə sancır". "Molla Nəsrəddin"də gedən yazılara və karikaturalara "Tərcüman" səhifələrində vaxtaşırı yer verilirdi.[2]

  1. ""TƏRCÜMAN"". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-11.
  2. "Qasprinski Mustafa ağa oğlu". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-11.
  • Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.280.