Müdafiəçi — cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə fəaliyyət göstərən vəkil. Ümumi hüquq sistemli ölkələrdə bu fəaliyyətlə əsasən barristerlər məşğul olur.
ABŞ-də müdafiəçilər həbs, cinayətlərin istintaqı, cinayət təqibi, hökm çıxarılması, apelyasiya və məhkəmə araşdırmaları ilə bağlı məsələlərlə məşğul olurlar. Çox zaman vəkillərin bir qismi xüsusi olaraq müdafiəçi kimi ixtisaslaşırlar. Məsələn, ABŞ-də narkotik vasitələrlə əlaqədar törədilən cinayətlər üzrə müdafiəçilər və sərxoş vəziyyətdə nəqliyyat vasitəsitəsinin idarə edilməsi cinayətləri üzrə ixtisaslaşmış müdafiəçilər fəaliyyət göstərirlər.[1]
Müdafiəçilər, həmçinin, müdafiə etdikləri şəxslərin ittiham olunduqları cinayət üzrə cinayət tərkibinin əlamətlərini də araşdırırlar. Onlar öz müştərilərinə prokuror tərəfindən ittiham aktı tərtib olunanadək yardım edə bilirlər. Bu, adətən, həmin şəxs haqqında təhqiqat aparılanda və ya şəxs tutulanda həyata keçirilir.
Təqsirləndirilən şəxslər polis və digər təhqiqatçılarla münasibətlərdə təmsil edilmək, cinayət işi barədə təhqiqat aparılması, eləcə də prokurorun ittihamlarına qarşı müdafiə olunmaq məqsədilə sübutların toplanması üçün müdafiəçi tuturlar. ABŞ-də qraflıq, dövlət və federal hökumətİ kimi dövlət idarələrində çalışan müdafiəçilərə çox zaman ictimai müdafiəçilər və ya məhkəmə tərəfindən təyin edilmiş vəkillər də deyilir.
Bu işin əhəmiyyətli tərəfi ondan ibarətdir ki, ABŞ-də müdafiəçilər ABŞ Konstitusiyasını çox aydın başa düşməlidirlər. Xüsusilə də, Konstitusiyaya Dördüncü düzəliş qanunsuz axtarış və götürmələrdən müdafiəni təmin edir. Beşinci və Altıncı düzəliş isə şəxsin səssiz qalmaq və bununla da özü əleyhinə şahidlik etməmək hüququnu təmin edir.[2][3] Təqsirləndirilən şəxslərin hüquqları ilə əlaqədar ABŞ Konstitusiyasına edilən bütün düzəlişlərin realizəsi On dördüncü düzəliş vasitəsilə təmin olunur. Buna görə də müdafiəçi bu hüquqların hər birini bilməlidir. İstənilən cinayət işi üzrə başlanğıc olaraq görülən işlərə ittihamların və iddia edilən faktların araşdırılması, konstitusiya pozuntularının təhlili, ittihamın prima facie məzmunu, müdafiə məsələləri, eləcə də potensial cəza kimi məsələlər daxildir. Cinayət işinin ilkin mərhələlərində işin davam etdirilməsinə zərurət olub-olmamasını aydınlaşdırmaq üçün böyük andlı iclasçılar (ing. grand jury) çağırıla və ya ilkin dinləmələr həyata keçirilə bilər. Konstitusiyaya Dördüncü və ya Beşinci düzəlişin pozulması, eləcə də sübutların qanunsuz olaraq əldə edilməsi həmin sübutların məhkəmə tərəfindən qəbuledilməz elan edilməsinə səbəb ola bilər. Müvafiq olaraq, müdafiəçi əksər hallarda hökumətin qanunsuz hərəkətlərinə görə konstitusional əsaslarla işin qazanıla biləcəyini müəyyənləşdirmək üçün bütün sənədlərin nəzərdən keçirilməsinə xeyli vaxt sərf edir.
Əgər konstitusional pozuntular yoxdursa, müdafiəçinin əsas işi məhkəmə prosesinə hazırlaşmaqla əlaqədar olur. Müdafiəçi təqsirləndirilən şəxsin işə baxılması ilə əlaqədar olan, eləcə də digər hüquqlarının həyata keçirilməsinə alternativ olaraq, adətən dövlət ittihamçısı ilə təqsirin etirafı məsələsi ilə bağlı razılığa gəlmək üçün müzakirələr aparır. Barışıq sazişinin bağlanması ilə ittiham yüngülləşdirilir və ya şəxsə daha az cəza verilir, ya da hər ikisi həyata keçirilir.
Müdafiəçi olmaq üçün də eynilə digər hüquqi peşələr kimi hüquq fakültəsini bitirmək tələb olunur. Fakültəni bitirdikdən sonra vəkillik imtahanından keçmək lazımdır. Daha sonra vəkil adını qazanmış şəxs cinayət hüququ sahəsi üzrə ixtisaslaşır. Demək olar ki, bütün nüfuzlu müdafiəçilər vəkilliyə qəbul edildikdən sonra bir müddət prokurorluq orqanlarında işləyirlər.
Böyük Britaniyada müdafiəçi kimi barristerlər fəaliyyət göstərir. İngiltərə və Uelsdə müdafiəçi kimi işləmək üçün vəkillik kursundan hüquq dərəcəsi almaq tələb olunur.
Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin III bəndinə əsasən,
Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.[4]
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 7.0.18-ci maddəsinə əsasən, müdafiəçi cinayət prosesinin iştirakçısıdır və müdafiə tərəfini təmsil edir. Hər bir tutulmuş və ya həbsə alınmış şəxsə müdafiəçi tərəfindən hüquqi yardım almaq hüququ ona aydın olan dildə bildirilməlidir. Cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisinin iştirak etməsi bu şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarını məhdudlaşdıra bilməz. Şübhəli və ya təqsirləndirilən şəxsin bir neçə müdafiəçisi ola bilər. Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsini qəbul etmədikdə, müdafiəçinin cinayət prosesində iştirakına xitam verilmir. Müdafiəçi cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini və Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədi, habelə vəkil qurumunun orderini təqdim etməlidir.
Tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxs, eləcə də təqsirləndirilən şəxs müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq, müdafiəçinin yardımından pulsuz istifadə etmək, müdafiəçinin verdiyi şikayətdən imtina etmək kimi hüquqlara malikdir.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 92.1-ci maddəsinə görə,
Cinayət prosesində müdafiəçi qismində yalnız Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququna malik olan vəkil iştirak edə bilər. Müdafiəçi şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyəti və onun iştirakı ilə baxılan cinayət işinin xarakteri ilə eyniləşdirilə bilməz.[5]
Müdafiəçiyə aşağıdakılar qadağan olunur: