Müjdə xristian incəsənətində ən çox müraciət olunan mövzulardan biridir.[1][2] Müjdə mövzusu hələ erkən xristianlıq dövründən məşhur olmuş və bu mövzuda məlum olan erkən dənət nümunəsi Romadakı Prisilla katakombasındakı IV əsrə aid freskodur.[3]
Orta əsrlər və intibah dövründə məşhur olan Müjdə mövzusuna həmin dövrlərin ən məşhur və nüfuzlu sənətkarları müraciət etmişlər. Bakirə Məryəm və arxangel Cəbrayıl Roma-Katolik Marian incəsənətinin ən sevilən mövzularından biri olmuşdur. Sandro Botiçelli, Leonardo da Vinçi, Karavacco, Duçço di Buininsenya, Yan van Eyk, Bartolome Esteban Murillo və başqa minlərlə ustad sənətkarlar bu mövzuya müraciət etmişlər. Romadakı Santa Mariya in Trastevere (1291) kilsəsində Pyetro Kavallini, Padovadakı Skroveni kapellasında (1303) Cotto, Florensiyadakı Santa Mariya Novella kilsəsində (1486) Domeniko Girlandayo tərəfindən işlənmiş mozaikalar, Florensiyadakı Santa Kroçe bazilikasında (1435) Donatellonun qızıl suyuna çəkilmiş heykəli bu mövzuya həsr edilmiş məşhur sənət əsərləridir.
Müjdə səhnələrinin təsvir kompozisiyası adətən bir-birinə oxşar idi; Məryəmin solunda dayanmış Cəbrayıl ona müjdəli xəbəri verərkən Məryəm oturmuş, daha sonrakı təsvirlərdə isə diz çökmüş halda göstərilirdi. Tipik olaraq Cəbrayıl daha yaxından, Məryəm isə bir qədər onun fonunda verilir. Orta əsrlər incəsənətində bir qayda olaraq Məryəm qapalı məkan və ya dəhlizdə göstərilirsə, intibah incəsənətində o, bağda və ya ağacların əhatəsində verilir. Təsvirlərdə göstərilən bina bəzən Bakirənin evi, bəzən də Yerusəlim məbədi hesab edilir. Orta əsr əfsanələrində savadlı olması qeyd edildiyinə görə bakirə bəzən kitab oxuyarkən və ya tikmə işi ilə məşğul olarkən göstərilir ki, bu da, Məryəmin Yerusəlim məbədinin pərdələrini tikən bakirələrdən biri olması haqqında başqa bir əfsanəyə əsaslanır. Son orta əsrlər şərhçiləri Məryəmin Cəbrayılın qəfil peyda olmasına reaksiyası və yeni xəbəri qəbul etməsini bir qədər fərqli şərh edirdilər. Həmin şərhlər Məryəmin duruşunda və üz ifadələrində öz əksini tapmışdır.
Son orta əsrlər və erkən intibah təsvirlərində bir qayda olaraq Məryəmin üstünə günəş şüalarını xatırladan şüalar düşür ki, bu da bakirənin hamilə qalması nəzəriyyəsini ifadə edir. Bəzən səmada günəş mənbəyi kimi Tanrı ata və ya Müqəddəs ruhun simvolu olan kiçik göyərçin də göstərilir. Şimali Avropa rəssamlarının əsərlərində Cəbrayıl dyakon vestmenti və kappa maqna ilə təsvir edilir. Xüsusilə Erkən Niderland təsvirlərində çox mürəkkəb kompozisiyaların qurulmasına, liturgik əhəmiyyəti olan obyektlərin ətrafda yerləşdirilməsinə üstünlük verilirdi. Bu cür sənət əsərlərinin ən gözəl nümunələri kimi Rober Kampinin "Merode altarı" və Yan van Eykin "Müjdə" tablosudur.
Orta əsrlər Şərq Ortodoks ikonaları Qərb kilsəsinin rəsmlərindən fərqli olaraq daha ardıcıl və sadə olurdular. Bir qayda olaraq həmin ikonalarda Məryəm sağ tərəfdə, ayaq üstə və ya binanın (altarın) qarşısında qoyulmuş taxtda oturmuş vəziyyətdə təsvir edilir; Cəbrayılın arxasında da həmişə bina görünür. Bu stil qərbdə də uzun müddət təkrarlanmış, XIII əsrdən başlayaraq isə, müxtəlif dini məzmunlu mürəkkəb kompozisiyaların qurulmasına başlanmışdır.
Kompozisiyada iki fiqur nəzərdə tutulduğuna görə Müjdə ikonaları adətən diptix formasında olurdu. Şərq Ortodoks Kilsələrində Müjdə təsvirləri ilə adətən Müqəddəs qapılar (nefdən müqəddəs yerə aparan qapı) bəzədilirdi, Qərbdə isə bu iki fiqur poliptixlərin xarici panellərinin bəzədilməsi, skiniyaların qapılarının dekorasiyası, illüminasiyalı əlyazmalarda və müxtəlif altar rəsmlərində istifadə olunurdu.
Roma-Katolik kilsəsinin Marian incəsənətində müjdə təsvirləri Məryəmin daimi bakirəliyi nəzəriyyəsinin göstərilməsi üçün də istifadə edilirdi. Bakirənin həyatını təsvir edən rəsmlər siklinə daxil olan Müjdə mövzusu həm də İsanın həyatının erkən dövrünü əks etdirən rəsmlər sırasına daxil edilirdi. Müjdə mövzusunu əks etdirən sənət əsərləri əsrlər boyunca ən müxtəlif sənətkarlar tərəfindən vitrajdan mozaikaya, relyefdən heykələ, yağlı boya rəsmlərindən freskoya kimi müxtəlif janrlarda hazırlanmışdır.[4]