Əliyeva Münəvvər Əli qızı – aktrisa.
Münəvvər Əliyeva | |
---|---|
Münəvvər Əli qızı Əliyeva | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Fəaliyyəti | Aktrisa |
Münəvvər Əliyeva 1951-ci il iyun ayının 26-da Bakı şəhərində doğulub. 1968-ci ildə Ərəblinski adına Sumqayıt Dövlət Dram teatrı açılarkən orada yaradıcılıq fəaliyyətinə başlayıb. 1983-cü ildə M.Əzizbəyov adına Azərbaycan İncəsənət İnstitutunu bitirib. Mirzə Fətəli Axundovun "Müsyo Jordan və Dərviş Məstəlişah" tamaşasında Gülçöhrə, "Bəli, dünya dəyişib" tamaşasında Bənövşə, A.Ximelikin "Miliyonçu Laptep" tamaşasında Petrov, Nəcəf bəy Vəzirovun "Müsübəti-Fəxrəddin" tamaşasında Gülbahar rollarını alıb. 1970-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən təyinatla Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına göndərilib. Bu teatrda İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" tamaşasında Fəridə, Əziz Nesinin "Toros canavarı" tamaşasında Cülay, 3,2 tamaşasında Siva, X.Əlizadənin "Dovşanın ad günü" tamaşasında Dovşan, "Sevindik, qız axtarır" musiqili komediyasında Sevər, Bəxtiyar Vahabzadənin "İkinci səs" tamaşasında Qərənfil, G.Xuqayevin "Arvadın əri" komediyasında Zərimə və s. rolları müvəffəqiyyətlə oynayıb. 1975-ci ildə Lənkəran şəhərində yeni teatr açılarkən Münəvvər Əliyeva ora dəvət alıb. O, N.B.Vəzirov adına Dövlət Dram Teatrında bir-birindən fərqli rollar oynayıb və tamaşaçıların məhəbbətini qazanmağa nail olub. Uilyam Şekspirin "Qış nağılı" tamaşasında Paulina, Hüseyn Cavidin "Topal Teymur" tamaşasında Bizans Kraliçası, Cəlil Məmmədquluzadənin "Ölülər" tamaşasında Kərbalayi Fatimə, A.Safranovun "Qəribə doktor" tamaşasında Qarkuşa, A.Ostrovskinin "Tufan" tamaşasında Kabanixa , İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" tamaşasında ana, Mirzə İbrahimovun "Kəndçi qızı" tamaşasında Göyərçin, Mirzə Fətəli Axundovun "Sərgüzəşti vəziri-xan Lənkəran" tamaşasında Ziba, Səməd Vurğunun "Vaqif" tamaşasında Qolların anası, Musayerkonun "Nəsillər eşidin" tamaşasında jurnalist, Nazim Hikmətin "Bayramın birinci günü" tamaşasında Fəxrundə xanım, "Torontolu bir qadın" tamaşasında Vircinya, Yaroslav Qaşekin "Şivexen macəraları" tamaşasında psixiatr, Sabit Rəhmanın komediyasında Zalxa rolları M.Əliyevanın oynadığı rolların bütün siyahısı deyil.
Münəvvər Əliyeva 1988-ci ildə Akademik Milli Dram teatrının truppasına daxil olub. Orda Vaqif Səmədoğlunun "Yayda qartopu oyunu" tamaşasında Tac Mahal, Sabit Rəhmanın "Yalan" komediyasında, Lorkanın "Qanlı toy" tamaşasında qadın, Nəbi Xəzrinin "Gecə döyülən qapılar" tamaşasında Əsmər və s. rollarda çıxış edib.
1992-ci ildə ailə vəziyyəti ilə əlaqədar xaricə köçməli olub.
M.Əliyeva Respublikanın əməkdar artisti Nazir Əliyevin həyat yoldaşıdır.