Bu məqaləni vikiləşdirmək lazımdır. |
Münəvvər Musso (ind. Manowar Musso; 12 avqust 1898 – 31 oktyabr 1948[1]) — İndoneziya siyasi xadimi.
Münəvvər Musso | |
---|---|
Doğum tarixi | 12 avqust 1898 |
Vəfat tarixi | 31 oktyabr 1948[1] (50 yaşında) |
Fəaliyyəti | siyasətçi, sindikatçı[d] |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Paqu–Şərqi Yavada çox olan kiçik kəndlərdən biridir. Burada 1898-ci il avqustun 12-də Datarla Kasanaxın bir oğlu oldu və uşağın adını Münəvvər qoydular. Ailədə 7 uşaq var idi və valideynlər səhərdən axşama qədər işləməli olurdular. Datar da Paqunun əksər kəndliləri kimi saatlarla çəltik tarlasında dizə qədər su içində işləyirdi. Kasanaxın bütün gün boyu batikadan tikdiyi paltarı isə bəzən satmaq və ya bir şeylə dəyişmək mümkün olurdu. Paquda demək olar ki, hamı bu vəziyyətdə yaşayırdı.
Münəvvər Musso kənd məktəbinə getməyə başlayır, bu isə kasıb İndoneziyalı ailəsindən çıxmış uşaq üçün heç də asan deyildi, lakin nüfuzedici nəzərlərə malik olan uşaq son dərəcə istedadlı idi və məktəbi qurtardıqdan sonra o şəhər müəllimlər seminariyasına girməyə müvəffəq olur.
İndoneziyada dərslər holland dilində keçirilirdi; şagirdlərə bir təsir vasitəsi kimi əsasən xətkeşdən və karserdən istifadə olunurdu. İndoneziyalıları istədikləri kimi təhqir edirdilər. Nəhayət Münəvvər təhqirlərə qarşı üsyan edir. Ən mənfur müəllimlərin qovulmasını tələb edən seminaristlərin tətilinə 19 yaşlı Musso rəhbərlik edirdi. Seminariya iki həftə qiyam etdi, şəhər iki həftə həyəcan keçirdi. Nəyin bahasına olursa-olsun tətilin genişlənməsinə mane olmağa çalışan seminariya müdiriyyəti qiyamçıların tələblərinə güzəştə getdi: iki ən qəddar və kobud müəllim seminariyadan qovuldu.
Mussonun tətildə rəhbər rolu o dərəcədə aydın idi ki, müdiriyyət "tədbir görməyi" lazım bildi: Mussonu seminariyadan çıxardılar. Həyəcan yeni qüvvə kəsb etdi: tətilə çıxanlar öz rəhbərlərinin qaytarılmasını tələb edirdilər. Qorxuya düşmüş müdiriyyət güzəştə getməyə məcbur oldu. Musso 1918-ci ildə seminariyanı qurtarıb Bataviyaya (o vaxt Caqarta belə adlanırdı) getdi. Onu uzun müddət işə götürmürlər, ancaq yoldaşlarının köməyi ilə dolanır. Nəhayət, Musso poçtamta işə düzəlir, lakin həmkarlar hərəkatında fəal iştirakı onu hollandiyalılar üçün təhlükəli edir; Mussonu işdən azad edirlər.
1920-ci il. Musso o vaxt məşhur olan burjua-millətçi təşkilatı "Sarekat İslam"ın ("İslam ittifaqı") üzvü olur. "Sarekat İslam" Hollandiya ağalığına qarşı çıxmadan İndoneziyalılara geniş demokratik hüquqlar, xüsusilə, mədəniyyət sahəsində hüquqlar verilməsini tələb edirdi. Mussonun "Sarekat İslam"a daxil olması ilə təşkilatın həmin il yaradılmış İndoneziya Kommunist Parşyasına (İKP) ideyaca yaxın sol qolu formalaşmağa başlayır. "Sarekat İslam"ın sol qolunun İndoneziyaya istiqlaliyyət verilməsi tələbi, həmçinin onun fəaliyyətindəki müstəmləkəçilik əleyhinə istiqamət Hollandiyalılar tərəfindən cəza tədbirləri ilə qarşılanır. Sol qolun rəhbərləri həbsə alınır, Musso katorqaya göndərilir. 1923-cü il. Musso Yavadadır. O burada kommunist partiyası sıralarına daxil olur. Onun 25 yaşı olsa da xalq səadəti uğrunda mətinləşmiş mübariz, hamının hörmət və məhəbbətini qazanmış peşəkar inqilabçıdır. Məhz buna görədir ki, partiya onu İndoneziya həmkarlar ittifaqına məsul işə göndərir. İKP MK-nın üzvü olan Münəvvər Musso öz təcrübəsindən istifadə edərək həmkarlar təşkilatını fəhlə sinfinin mübariz inqilabi təşkilatına çevirməli idi. 1924-cü il. Musso Ümumindoneziya həmkarlar ittifaqı birliyinin rəhbərlərindən biridir. Musso İKP MK-nın tapşırığı ilə Şərqi Yavanın ən böyük liman və sənaye Mərkəzi olan Surabayaya gedir.
1925-ci il. Mussonun Surabayaya gəlməsindən təxminən bir il keçir. Bir illik fədakar iş metalçıların və dok fahlələrinin tə'tili ilə nəticələnir. Hərəkat şəhəri və limanı bürüyüb ümumi tətil xarakteri alır. Surabayaya qoşun dəstələri göndərilir. Tətil dağıdılır; Musso gizli fəaliyyətə başlayır… Mussonun Surabayadakı fəaliyyəti İndoneziya fəhlə hərəkatı tarixində ən parlaq səhifələrdən biridir. Milli azadlıq mübarizəsinin ən gözəl ən'ənələri burada yaranmışdır. 20 il keçəndən sonra 1945-ci il noyabrın 10-da İndoneziya xalqının müstəmləkəçilərə qarşı silahlı mübarizəsi məhz burada başlandı. 1926-cı il. Çox gizli şəraitdə İndoneziya Kommunist Partiyasının konfransı çağırılır. Konfrans Kommunist İnternasionalının İcraiyyə Komitəsi ilə müstəqil əlaqə yaradılması haqqında qərar çıxarır. Musso və Alimin nümayəndə kimi Moskvaya göndərilirlər. İKP nümayəndə heyətinin yolu Malayadan, Tailanddan, Çindən keçir. Onlar bir neçə həftə ərzində olmazın təhlükələrə mə'ruz qalırlar. İyul ayında İKP nümayəndə heyəti İndoneziyada vəziyyət haqqında Kominternə məlumat verir. Vəziyyət isə olduqca gərgin idi. Tə'tillər artmışdı, həyəcanın arası kəsilmirdi. Nümayəndə heyəti Sovet İttifaqını tərk edir, lakin Yavadakı noyabr üsyanının sədası Şanxayda onlara çatır. Musso və Alimin həyatları üçün risqlərlə dolu daimi təhlükəyə baxmayaraq məxfi surətdə İndoneziyaya yola düşürlər. Kanton, Banqhok arxada qalır. Nümayəndə heyəti Sinqapura çatır. Hollandiyalılar hərbi vəziyyət elan etmişdilər. Sərhəd rayonlarında xüsusi rejimə riayət olunurdu. Nümayəndə he'y'ətini casuslar əhatə edirlər. Musso və Alimin polisdən gizlənmək məqsədilə plantasiyada işləyirlər, lakin İngiltərə müstəmləkə siyasəti xeyrinə casusluq edən Aqam Putixin xəbərçiliyi üzündən onlar həbsə alınırlar. İstintaq əşyayi–dəlil olmadığından heç bir nəticə vermir. 1927-ci ilin aprelində Musso və Alimini həbsxanadan buraxıb Sinqapurdan sürgün edirlər. Kantonda onlar yenidən həbs olunurlar… İndoneziyada isə qanlı döyüşlər davam edirdi. Cəza dəstələri minlərlə qiyamçını, xalqın ən yaxşı oğullarını öldürmüş, bir çoxları həbsxanalara salınmışdı. Kommunistlərə olmazın işgəncələr verilirdi. Yüzlərlə vətənpərvər Qərbi İrianın bataqlıq rayonlarına sürgün edilmişdi. İKP-nin baş katibi Əliərham həbs düşərgəsində, Diqulada bataqlıqlar arasında həlak oldu. Çiamisdə e'dam zamanı dustaqlar "Yaşasın kommunizm!" şüarı ilə ölümə gedirdilər. Hollandiya hakimiyyət orqanları elan etmişdi ki, Musso İndoneziyaya qayıtdığı təqdirdə dərhal hərbi məhkəməyə veriləcəkdir. Bu isə açıq-aşkar ölüm demək idi. Musso isə İndoneziyaya gəlməyə can atırdı… Lakin Kominternin rəhbərliyi Mussonu Moskvaya Qırmızı həmkarlar ittifaqları İnternasionalında işləməyə də'vət etmək qərarına gəlir. 1928-ci il. Mussonu həmkarlar ittifaqları İnternasionalının İcraiyyə Komitəsinə üzv seçirlər. O, İcraiyyə Komitəsində çox və gərgin fəaliyyət göstərməklə bərabər bir neçə il ərzində İndoneziyada milli azadlıq mübarizəsi tarixini yazmaqla məşğul olur, Musso İndoneziyada vəziyyətin və ölkənin proletar və kəndli kütlələri inqilabi hərəkatının dərin marksist təhlilini verir, İndoneziya xalqının milli azadlıq mübarizəsinin məqsədlərini işıqlandırır, Hollandiya imperializminin, Hollandiya sağ sosial-demokratlarının və İndoneziya irticası şəxsində onun köməkçilərinin siyasətini ifşa edir. Musso "İndoneziyada inqilabi həmkarlar təşkilatı hərəkatı" məqaləsində 1926–1927-ci illərdəki xalq üsyanının ibrət dərslərini təhlil edərək yazır: "İndoneziya əhalisinin bütün sinifləri indi inqilabi ittifaqda birləşmişdir, onların hamısı öz ümumi düşmənləri olan Hollandiya imperialistlərinə qarşı gedir… Hollandiya imperialistlərinin İndoneziyada tətbiq etdikləri amansız cəzalar siyasəti əhalinin bütün siniflərini onlara qarşı qaldırmışdır. Əvvəllər imperialistlərə tərəfdar olan yerlilər arasındakı bəzi mürtəce hərəkatlar da indi onların əleyhinə çevrilmişdir… İnqilabçı fəhlələr cəzadan qorxub geri çəkilmirlər və yeni mübarizə üçün qüvvə toplayırlar… Onlar saysız-hesabsız qurbanlara baxmayaraq irəliləyirlər; onlar öz məqsədlərinə–Hollandiya imperializmini devirməyə nail olmayıncaya qədər mübarizəni dayandırmayacaqlar". 1926–1927-ci illərin xalq üsyanı İndoneziyada Hollandiya ağalığının təməlini sarsıtdı. Hollandiya müstəmləkəçiləri başa düşürdülər ki, "qamçı siyasəti", daha doğrusu, İndoneziya vətənpərvərlərinə verilən kütləvi cəzalar ancaq bu zəngin ölkədə Hollandiya ağalığının günlərini qısaldır, Buna görə də Hollandiya hakimiyyət orqanları İndoneziya xalqının ən inqilabi hissəsini–fəhlələri, kəndliləri və onların avanqardı olan kommunist partiyasını tə'qib etməyə, sürgünə göndərməyə, gözümçıxdıya salmağa başladı, burjua-millətçi partiyaların və təşkilatların başçılarını isə onlara müstəmləkə üsuli-idarəsində ikinci dərəcəli vəzifələr vermək, rəhbərlikləri altında yerlərdə bir növ "özünüidarə" orqanları yaratmaq və'dilə ələ keçirməyə çalışırdılar. Hollandiya müstəmləkəçiləri ölkədə öz siyasi mövqelərini möhkəmləndirmək məqsədilə 30-cu illərdə İndoneziya cavanlarından özlərinə casus hazırlamaq məsələsinə böyük əhəmiyyət verməyə başladılar. Gənc İndoneziyalıların Amsterdam və Haaqa tədris müəssisələrinə daxil olmaları asanlaşdırılmışdı. Gənc İndoneziyalılar arasında Hollandiya xeyrinə təbliğat aparılması İndoneziyada milli azadlıq mübarizəsi üçün son dərəcə təhlükəli nəticələr verə bilərdi. Bunu qabaqcadan görən İKP rəhbərliyi Mussoya təklif etdi ki, Hollandiyada İndoneziyalı tələbələrin təşkilatlarına çox ciddi diqqət versin. Bu bir də ona görə zəruri idi ki, Xatta başda olmaqla bir qrup irticaçı "Perximpunan İndoneziya" təşkilatının rəhbərliyinə soxulmuşdu. Mussonun apardığı gərgin işlər nəticəsində kommunist partiyası təşkilatın üzvlərinin əksəriyyətini öz tərəfinə çəkə bildi və Xattanın və onun tərəfdarlarının təşkilatdan qovulmasına nail oldu. Kommunistlər Haaqada və Amsterdamda marksist fəlsəfəsini, siyasi-iqtisadı və Sovet İttifaqının nailiyyətlərini öyrədən gizli tələbə dərnəkləri yaratmışdılar. Tərəqqipərvər ruhlu gənclərin köməyi ilə tələbələrin leqal nəşriyyat orqanını çap etmək qaydaya salındı. Kommunist partiyası Hollandiya limanlarında işləyən İndoneziya ticarət donanması matrosları arasında, həmçinin Hollandiya liman fəhlələri arasında da fəal iş aparırdı. Hollandiya Kommunist Partiyasının köməyi ilə İndoneziya Kommunist Partiyasının matroslar və fəhlələr üçün qəzet nəşrini təşkil etməsi böyük beynəlmiləl əhəmiyyətə malik idi, Hollandiya və İndoneziya zəhmətkeşləri arasında həmrəylik və qardaşlıq hissi tərbiyə edirdi.
1948-ci il oktyabrın 31-də teleqraf kədərli bir xəbər gətirdi; İndoneziya Kommunist Partiyasının Baş katibi Münəvvər Musso həlak olmuşdur. Musso irticaçılara mütəşəkkil müqavimət göstərməyi qaydaya salmaq üçün dəstədən-dəstəyə gedir, öz təmkinliyi və qorxmazlığı ilə vətənpərvərlərin qəlbində inam hissini artırırdı. Belə səfərlərdən birində Musso və onun iki adyutantı Hatta əsgərləri dəstəsi tərəfindən mühasirəyə alınmış və öldürülmüşdü. Mussonun son sözləri–"Yaşasın kommunizm!" olmuşdur.