Müsəlman Xalq Respublikası Partiyası və ya İslami Xalq Respublikaçı Partiyası — Şiə din adamlarından biri və Azərbaycan türkü olan Ayətullah Şəriətmədari ilə assosiasiya edilən qısaömürlü partiya. Partiya İslam inqilabı dönəmində, yəni 1979-cu ildə islamçı və teokrat İslami Respublikaçı Partiyasına qarşı olaraq daha mötədil və liberal xüsusiyyətlər üzərində qurulmuşdu.
Müsəlman Xalq Respublikası Partiyası | |
---|---|
Quruluş tarixi | 1979 |
Dağılma tarixi | 1980 |
Baş qərargah |
Qum (rəmzi olaraq) Təbriz |
İdeologiya | liberalizm, İran milliyətçiliyi, sosial mühafizəkarlıq[d] |
İdeoloji spektr | mərkəzçilik |
Üzv sayı | İddialara görə 3 milyon nəfər[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Partiya 1979-cu ilin martında bazar tacirlərinin, orta təbəqəyə məxsus siyasətçilərin və Xomeyninin əsas rəqibi hesab edilən Böyük Ayətullah Şəriətmədariyə bağlı din adamlarının iştirakı ilə yaradılmışdır. İslami Respublika Partiyasından fərqli olaraq, Müsəlman Xalq Respublikası Partiyası kollektiv dini rəhbərliyi üstün tuturdu və bu prinsipi ilə Xomeyninin rəhbərliyinə qarşı çıxırdı. Partiya, Azərbaycan türkləri ilə assosiasiya olunmaq və onlar üçün etnik haqlar tələb etməklə yanaşı,[2] inqilabi komitələrin qanunsuz davranışlarını və inqilab məhkəmələrinin sərt cəzalandırmalarını tənqid edirdi və dünyəvi təşkilatlarla əməkdaşlıq etməyə hazır olduğunu bildirir, mətbuatın hər kəsə açıq olmasını tələb edirdi. Partiyanın yaradılmasından qısa müddət sonra onun Kərəc, Ərak, Savə, Ərdəbil və Xalxaldakı qollarına hücumlar həyata keçirildi.[3]
1979-cu ilin noyabrından etibarən bu partiya və onun düləmə sinfindən olan məsləhətçisi Şəriətmədari (o, rəsmi şəkildə partiya üzvü deyildi) bütün İranda yeni kontitusiyaya qarşı çıxan şəxslərin birləşdiyi partiyaya çevrildi. Bu konstitusiya yaxın zamanda keçiriləcək referendumda səsverməyə çıxarılmalı idi. Bu məsələlər fonunda 6 dekabrda Ruhulla Xomeyni Şəriətmədari ilə görüşdü və bəzi iddialara görə, ona "ultimatum "verdi.[4]
Partiya bütün İran xalqını sıralarına qoşulmağa çağırsa da, üzvləri əsasən Azərbaycan əyalətlərinin sakinləri və Tehranda bazarda çalışan Azərbaycan türklərindən təşkil edilmişdi. Partiyanın proqramında ölkənin bütünlüyünü nəzərə almaqla bütün etnik azlıqlara haqlarının verilməsi nəzərdə tutulurdu. Həmçinin bütün böyük əyalətlərin öz parlamentlərinin olması tələb edilir, eyni zamanda bu tələblər təkcə Azərbaycan türkləri üçün yox, digər etnik azlıqlar üçün də istənilirdi. Partiyanın qəzeti farsca dərc edilsə də, daha çox Azərbaycanln məsələləri ilə maraqlanırdı və hakimiyyətin ədəmi-mərkəziyyət prinsipinə əsaslanmasını istəyirdi. Şəriətmədari partiyanın rəsmi şəkildə rəhbəri və ya üzvü olmasa da,[5] yaxın əlaqələrə sahib idi və onun oğlu Həsən partiyanın rəhbərlərindən biri idi. Həm partiya, həm də Şəriətmədari vilayəti-fəqih, yəni bütün hakimiyyətin bir ali dini lider ətrafında cəmləşdirilməsinə və yeni dini konstitusiyaya qarşı idi.[6] Bəzən partiya ilə Şəriətmədari arasında müəyyən narazılıqlar da yaşanırdı. Məsələn, İranın konstitusiyasını yazmalı olan Mütəxəsislər Məclisinə olan seçkilərdə onların fikirləri ziddiyyət təşkil etdi. Şəriətmədari konstitusiyanın komitə tərəfindən hazırlanmasına etiraz edir, bunun əvəzinə konistitusiyanın tamamilə seçilmiş üzvlərdən olan assambleya tərəfindən müəyyənləşdirilməsini tələb edir və seçkilərə boykot etməyə çağırırdı. Lakin partiyanın Azərbaycandakı yerli qolu konstitusiyanın etnik haqları təmin edəcəyinə inamının ümidin az olmasına və məhdud çərçivəyə baxmayaraq, seçkilərdə iştirak etmək istəyirdi.[2]
Mütəxəsislər Məclisi toplanarkən partiyanın Azərbaycan qolu aktiv şəkildə Azərbaycanda Əyalət Məclisinin qurulmasını təbliğ edirdi. 1979-cu ilin sentyabrında partiyanın Azərbaycan qolu olan Azərbaycan Birləşmiş Xalq Partiyası əyaləti təmsil etmək üçün parlament təşkilatı qurmağa çağırdı. Azərbaycan olan məşhur siyasətçilərdən Müqəddəm Marağayi Mütəxəsislər Şurasında bu layihəni təqdim etdi. Yerli partiyanın müraciətində bildirilirdi:
Əyalət Məclisinin və İran Xalq Məclisinin yaradılması bütün hakimiyyətin mərkəzi hökumətin əlində cəmləşməsini önləyəcək və mərkəzi əyalətlərin qərarverici gücünü zəiflədəcək. Belə bir qurumun yaradılması İran xalqları arasında əsl bərabərliyə nail olunmasına yardım edəcək. [7]
Brenda Şaffer bu bəyanəti belə dəyərləndirir:
Bu fəaliyyət və bəyanat İranda əyalətlərin və azlıqların təmsilçiliyinin genişləndirilməsi istəyini və Azərbaycanın vilayətlər üçün geniş qərar qəbul etmə səlahiyyəti istəyini nümayiş etdirir.[8]
Yeni kontitusiyanın referenduma çıxarılması ərəfəsində Təbrizdə Şəriətmədarinin adından guya onun konstitusiyanın dəstəklənməsi barədə fətva verdiyini bildirən saxta xəbərlər yayıldı. İnsanlar bunun saxta olduğunu sonradan başa düşdülər və bu Təbrizdə böyük etirazlara və ya üsyana yol açdı. Bundan sonra müxtəlif bölgələrdən insanlar Təbrizə axın edərək növbəti günə MXRP tərəfindən təyin edilmiş mitinqə hazırlaşmağa başladılar. Elə bu zaman Şəriətmədarinin Qumdakı evinə hücum edildiyi və onun mühafizəçilərindən birinin öldürüldüyü xəbəri insanları daha da qəzəbləndirdi. Beləliklə, 6 dekabr mitinqi təkcə təzə konstitusiyaya yox, eyni zamanda da Şəriətmədarinin evinə edilmiş hücuma etiraza çevrildi. Hökumət orqanlarına hücum edən təbrizlilər Təbriz radiosunu da ələ keçirdilər. Nümayişçilərin tələbləri və hərəkətlərinin intensivliyi göstərir ki, konstitusiya məsələsi və Şəriətmədarinin üzərinə hücum onların rejim əleyhinə fəaliyyətləri üçün təkan rolunu oynayırdı. Etirazın əsas səbəbləri sırasına Azərbaycan əyalətlərinə göndərilən məmurların təyinatı və mətbuat məsələsi idi. Etirazçıların mülki hava limanını ələ keçirməsindən sonra şəhərdə olan ordu etirazçılara müdaxilə etməkdən imtina etdi. Bundan başqa, şəhərdəki ordu birləşmələrindən bəziləri, xüsusən hərbi hava qüvvələrinə mənsub olan əsgərlərin bir qismi etirazçılara qatıldılar və Şəriətmədarini dəstəkləməyə başladılar.[9][10][11]
Təbrizdəki əhalinin üsyanı qısa bir müddət ərzində Urmiya və Ərdəbildə də etirazlar başladı. Yerlərdəki MXRP qolları Şəriətmədarini Xomeyni ilə olan mübarizəsində dəstəklədiklərini bildirirdilər. Təbrizdəki etirazlardan ruhlanan Urmiya sakinləri kommunikasiya qülləsini ələ keçirməyə çalışsalar da, bunu son anda bacara bilmədilər. Ərdəbil yaxınlığındakı Germi məntəqəsində yerli əhali bütün hakimiyyət orqanlarını ələ keçirməyi bacardı. Həbsxanadakı bütün məhbuslar azad edildi və onların yerinə inqilabdan sonra yaradılmış İnqilab Keşikçiləri Korpusunun yerli mənsubları həbs edildi.[12]
Üsyançılar insanları öz əyalətlərin işlərini idarə etmək istədiklərini bildirirdilər. Məsələn, radiodan elan edilən və MXRP tərəfindən hazırlanmış bəyanatda həm Ayətullah Xomeyninin, həm də mərkəzi hökumətin nümayəndələrinin əyalətdən qovulması tələb edilirdi. Bəyanatda kürd xalqı kimi Azərbaycan xalqının da hüquqlarına hörmət edilməsi tələb edilirdi. Təbrizdəki nümayişlər zamanı insanların səsləndirdikləri şüarlardan biri də İran xalqları üçün öz müqəddəratını təyin etmə prinsipinin tədbiq edilməsi barədə idi. Nümayiş iştirakçıları çıxışçılardan yalnız Azərbaycan türkcəsində danışmağı tələb edirdilər, əgər kimsə farsca danışmağa cəhd etsəydi o, dərhal etirazla qarşılanırdı. Yalnız Azərbaycandakı hərəkatı dəstəkləyən qeyri-azərbaycanlılara öz dillərində çıxış etməyə icazə verilirdi.[13]
Üsyan Xomeyni Şəriətmədarini təhdid edib hərəkatın önünə keçməsini əngəlləməsindən sonra ciddi ziyan gördü. 6 dekabrda Xomeyni Şəriətmədarinin evini ziyarət etdi. Görüş zamanı o, Şəriətmədariyə bildirdi ki, İslami İnqilab Şurası şəhərdəki kommunikasiya qülləsinin 24 saat içində boşaldılmayacağı təqdirdə Təbrizin bombardman edilməsi barədə qərar qəbul etmişdir. Bununla eyni zamanda İnqilab Keşikçiləri Korpusunun bölmələri helikopterlə Təbriz Universitetinin həyətinə daxil oldular. Bura o zaman Şəriətmədari ilə mübarizədə Xomeynini dəstəkləyən İran azərbaycanlısı solçular tərəfindən nəzarət edilirdi. Yeni rejimin kürdlərlə mübarizəsində xeyli kürdün öldürüldüyünü bilən və bunun Azərbaycanda da olmasını istəməyən Şəritəmədari daha çox toqquşmanın qarşısını aldı. Şəritəmədarinin göstərişləri Azərbaycanda yalnız elan edildi. Elana görə guya Şəriətmədari və Xomeyni razılığa gəlmiş, Xomeyni Azərbaycanın daxili işlərinə qarışmayacağını, Şəriətmədari isə mərkəzin bölgəyə təyinatlarını qəbul etmişdir. Brenda Şafferə görə, razılaşmanın Şəriətmədarinin əyalətdəki təyinatlar üzərində nəzarəti təmin etməsi faktı daha bir sövdələşmənin əldə olunması fikrinin həqiqətə uyğun olmadığını göstərir. Ayətullah Şəriətmədari din xadimlərinin birbaşa siyasətə qarışmasının əleyhinə idi və beləliklə, özü üçün belə bir rol istəməzdi.[13]
Şəriətmədarinin müraciətindən sonra 9 dekabr tarixində təbrizlilər ələ keçirdikləri obyektləri hökumət qüvvələrinə təhvil verdilər. Hakimiyyəti ələ alan Xomeyni tərəfdarları MXRP-ın mərkəzlərinə basqınlar etməyə və onun aktivistlərini həbs etməyə başladı. Onlara edilənin elanın saxta olmasını başa düşdükdən sonra etirazçılar yenidən rabitə qülləsini və digər yerləri ələ keçirdilər. Bundan sonra 5 həftə olar mühüm obyektləri öz əllərində saxlamağı bacardılar. Etirazçıların bəxti onda gətirmədi ki, Təbriz ətrafında olan və o dövrdə Xomeynini dəstəkləyən Tudəyə rəğbət bəsləyən bir əsgər Təbrizdəki rabitə qülləsinin fəaliyyətini məhdudlaşdırdı. Bununla da, Təbrizdəki üsyançıların xalqa müraciəti və onları səfərbər etməsi çətinləşdi. Buna baxmayaraq, 13 dekabrda Təbrizdə 700 min insan Şəriətmədarini dəstəkləyən nümayiş keçirdi. Etirazçıların tələblərindən biri də qeyri-azərbaycanlı əsgərlərin vilayət ərazisindən çıxarılması idi. 12 yanvar 1980-ci ildə MXRP-ın 11 liderinin edam edilməsindən və İnqilab Keşikçiləri Korpusunun partiyanın ofislərini ələ keçirməsindən sonra toqquşmalar daha da artdı. Şəriətmədari Xomeyninin MXRP-ni rəsmən ləğv etmək tələblərini qəbul etmədi. Şəriətmədari rejimin partiyanı ləğv etmək tələbinə kinayə ilə cavab verdi və bildirdi ki, mövcud hökumət siyasəti çərçivəsində buna ehtiyac yoxdur, çünki “özü bütün siyasi partiyaları amerikalı, sionist və antiinqilabçı kimi qələmə verə, onları qanunsuz elan edə bilər”; o, hakimiyyətin bu etiketlərdən istifadə edərək MXRP-yə böhtan atmaq cəhdlərini nəzərdə tuturdu. MXRP heç vaxt formal olaraq buraxılmayıb.[14]
Brenda Şaffer 1979-cu ilin dekabrında yaşananları İrandakı Azərbaycan türklərinin yeni rejimə münasibətinin formalaşmasında mühüm rol oynadığını bildirməkdədir. O, yazır ki, Azərbaycan türkləri inqilabın onların dillərinə və kültürlərinə olan qadağaları ləğv edəcəyini düşünsələr də, bunda çox optimistik olduqlarını başa düşdülər. Həmçinin Azərbaycan türklərinin - xüsusən yaşlı və mühafizəkar olanların - hörmət etdiyi Ayətullah Şəriətmədarinin alçaldılması və kənarlaşdırılması yeni hökumətdən narazılığın daha da güclənməsinə yol açdı. Ervand Abrahamianın inqilabdan sonrakı ilkin seçkilərdə Azərbaycan bölgəsində seçkilərə qatılmanın aşağı səviyyədə olmasını yazmasına[15] istinad edən Brenda Şaffer bunun Azərbaycan türklərinin seçkidə iştirakla hansısa dəyişikliyə nail ola bilməyəcəklərini düşünməsi ilə əlaqələndirir.[14]
1980-ci illin yanvarında Şəriətmədari rəsmi olaraq özünün MXRP ilə əlaqəsinin olmadığını elan etdi və Qumda onun tərəfdarları ilə Xomeyni tərəfdarları arasında baş vermiş toqquşmadan sonra virtual ev həbsinə salındı.[16] Onun köməkçilərinin bir çoxu həbs edildi. Xomeyninin rəhbəri olduğu İslami Republikaçı Partiyası MXRP-in qapadılması üçün etirazlar təşkil etməyə başladı və nəticədə MXRP özünün fəaliyyətini durdurduğunu elan etməyə məcbur oldu.[17] Yanvar ayından etibarən partiya artıq mövcud deyildi.[18] Bundan bir neçə ay sonra partiyanın aktiv üzvlərindən bəziləri Təbrizdə edam edildilər.[19]
2010-cu ildə Dr. Əsədulla Əsədi İran məhkəməsi tərəfindən Müsəlman Xalq Respublikası Partiyasının üzvü olmaqda və düşmən dövlətlərlə əməkdaşlıq etməkdə ittiham edilərək həbs edilmişdi.[20]
Təbrizdəki hadisələrdən sonra Ayətullah Şəriətmədari müsahibələr verməyi və bəyannamələr yayınlamağı dayandırdı. Buna baxmayaraq, onnu Qumdakı evinə hər gün yüzlərlə ziyarətçi gəlirdi ki, onların çoxu da Azərbaycan əyalətlərindən idi. Xomeyni İraqla müharibəni dayandırmaq məsələsində uğursuz olduqdan sonra Şəriətmədari tərəfdarları arasında müharibə əleyhinə danışmağa başladı. Bunu özünə qarşı təhdid kimi dəyərləndirən Xomeyni 1982-ci ilin aprelində Şəriətmədarinin rejimə qarşı sui-qəsdə qarışdığını bildirdi. Əslində isə Şəriətmədari bu sui-qəsd barədə eşitsə də, ona qatılmamış və əhəmiyyət verməmişdi. Brenda Şaffer, Şəriətmədarinin din adamlarının aktiv siyasətə qarışmasına qarşı olması və azərbaycanlı tərəfdarlarının onun Xomeyni ilə siyasi mübarizəyə girməməsindən tez-tez şikayət etmələrinə əsaslanaraq sui-qəsdə qarışmadığını bildirir. 1980-ci illin yanvarında Şəriətmədari rəsmi olaraq özünün MXRP ilə əlaqəsinin olmadığını elan etdi[21] və Xomeyni Şəriətmədarini alçaldaraq Böyük Ayətullah rütbəsindən məhrum edib ev həbsinə saldırdı. Hətta ona tibbi yardımın edilməsini da qadağan etdirdi və nəticədə aprel 1986-cı ildə Şəriətmədari vəfat etdi. Bir çox azərbaycanlı onun ölümündə Xomeynini ittiham edirdi. Hələ 1982-ci ildəki hadisələr zamanı Şəriətmədarini dəstəkləmək üçün Təbrizdə etiraz nümayişləri təşkil edilmiş və minlərlə azərbaycanlı Quma gələrək Şəriətmədariyə onu dəstəkləməyə hazır olduqlarını bildirmişdilər. Lakin o, onları sakitləşdirmiş və evlərinə yola salmışdı.[22][23]