Təbriz üsyanı — İran İslam inqilabından sonra yaşanan hadisələr nəticəsində etnik haqların əldə edilməsi uğrunda İranda yaşayan Azərbaycan türklərinin etirazları nəzərdə tutulur. Etirazlar Təbrizdən ətraf bölgələrə də yayılmış, bəzi yerlərdə hakimiyyət etirazçılar tərəfindən ələ keçirilmişdir. Üsyan və ya etirazlar sonradan rejim qüvvələrinin yardımı ilə yatırılmışdır.
Təbriz üsyanı (1979-1980) | |
---|---|
İran İslam İnqilabı | |
| |
Yeri | İran Azərbaycanı və ya Cənubi Azərbaycan |
Səbəbi | Yeni rejimdən muxtariyyət tələbləri və Ayətullah Şəriətmədarinin Ruhulla Xomeyni ilə siyasi mübarizəsi. |
Nəticəsi | Hökumət qüvvələri tərəfindən yatırıldı. |
|
İnqilabdan sonra Azərbaycan türklərinin çoxu özü də təbrizli olan Ayətullah Şəriətmədarini izləməkdə idilər. Şəriətmədarinin dinin hakim olmasına və din adamlarının yeni hökumətdə üstünlük əldə etməsinə qarşı idi və buna görə də, yeni kontitusiyanı qəbul etmirdi. Həmçinin tələblər içərisində etnik azlıqların hüquqlarının tanınması, onlara öz dillərindən geniş istifadə haqlarının verilməsi tələb edilirdi. Hətta üsyandan bir qədər əvvəl Təbrizdə və ümumiyyətlə Cənubi Azərbaycanda yaradılmış bəzi təşkilatlar Azərbaycana geniş muxtariyyət verilməsini tələb edirdi. Bunlara misal olaraq Şəriətmədari tərəfindən dəstəklənən və bəziləri tərəfindən elə Şəriətmədarinin partiyası hesab edilən, üzvlərinin mütləq əksəriyyətinin Azərbaycan türkləri olan Müsəlman Xalq Respublikası Partiyası da daxil idi. Partiyanın rəhbərlərindən biri Şəriətmədarinin oğlu Həsən Şəriətmədari idi.
Brenda Şaffer etnik təməllər üzrə səfərbər olmanın göstəricisi kimi Ruhulla Xomeyni ilə mübarizə zamanı Azərbaycan türklərinin Ayətullah Şəriətmədariyə dəstək vermələrini göstərir. Bu gərginlik konstitusiya layihəsinin refendumu ərəfəsində özünün pik nöqtəsinə çatdı. Şəriətmədari Vilayəti-Fəqihə qarşı çıxırdı və bildirir ki, bu sistem hakimiyyətin bir nəfərin əlində cəmləşməsinə yol açacaqdır. O, həmçinin yerli haqların verilməsini də tələb edirdi. Azərbaycan türklərinin əksəriyyəti Şəriətmədarinin çağırışına və həddindən artır mərkəziləşmənin Azərbaycan türklərinin haqlarına uyğun gəlmədiyi qənaətinə əsasən 2 dekabr konstitusiya referendumunu boykot etdilər. İrandakı digər etnik azlıqların əksəriyyəti də belə etmişdi.[1]
Xomeyni və onun partiyasına qarşı çıxmasından az sonra Şəriətmədariya qarşı dövlət nəzarətindəki mətbuat orqanları tərəfindən kompaniy abaşladıldı. 6 dekabr tarixində Xomeyni Şəriətmədari ilə ilə görüşdü və görüşdə yaşananlar ultimatum kimi dəyərləndirildi.[2]
Ayətullah Şəriətmədarinin yeni konstitusiya təklifinə qəti müxalifətinə baxmayaraq, Təbriz radiosu onun adından çıxış edərək guya ayətullahnın insanları yeni konstitusiyanın lehinə səs verməyə çağıran fətva verdiyini elan etdi. Bununla Azərbaycan əhalisinin referendumun lehinə səs verəcəyi gözlənilirdi. Bunun yalan olduğu ortaya çıxdığı zaman Təbriz əhalisi etirazlara başladı və onlar yeni referendumu tanımadıqlarını, onun saxtalaşdırıldığını elan etdilər. Bundan sonra müxtəlif bölgələrdən insanlar Təbrizə axın edərək növbəti günə MSRP tərəfindən təyin edilmiş mitinqə hazırlaşmağa başladılar. Elə bu zaman Şəriətmədarinin Qumdakı evinə hücum edildiyi və onun mühafizəçilərindən birinin öldürüldüyü xəbəri insanları daha da qəzəbləndirdi. Beləliklə, 6 dekabr mitinqi təkcə təzə konstitusiyaya yox, eyni zamanda da Şəriətmədarinin evinə edilmiş hücuma etiraza çevrildi. Hökumət orqanlarına hücum edən təbrizlilər Təbriz radiosunu da ələ keçirdilər. Nümayişçilərin tələbləri və hərəkətlərinin intensivliyi göstərir ki, konstitusiya məsələsi və Şəriətmədarinin üzərinə hücum onların rejim əleyhinə fəaliyyətləri üçün təkan rolunu oynayırdı. Etirazın əsas səbəbləri sırasına Azərbaycan əyalətlərinə göndərilən məmurların təyinatı və mətbuat məsələsi idi. Etirazçıların mülki hava limanını ələ keçirməsindən sonra şəhərdə olan ordu etirazçılara müdaxilə etməkdən imtina etdi. Bundan başqa, şəhərdəki ordu birləşmələrindən bəziləri, xüsusən hərbi hava qüvvələrinə mənsub olan əsgərlərin bir qismi etirazçılara qatıldılar və Şəriətmədarini dəstəkləməyə başladılar.[3][4][5]
Təbrizdəki əhalinin üsyanı qısa bir müddət ərzində Urmiya və Ərdəbildə də etirazlar başladı. Yerlərdəki MXRP qolları Şəriətmədarini Xomeyni ilə olan mübarizəsində dəstəklədiklərini bildirirdilər. Təbrizdəki etirazlardan ruhlanan Urmiya sakinləri kommunikasiya qülləsini ələ keçirməyə çalışsalar da, bunu son anda bacara bilmədilər. Ərdəbil yaxınlığındakı Germi məntəqəsində yerli əhali bütün hakimiyyət orqanlarını ələ keçirməyi bacardı. Həbsxanadakı bütün məhbuslar azad edildi və onların yerinə inqilabdan sonra yaradılmış İnqilab Keşikçiləri Korpusunun yerli mənsubları həbs edildi.[6]
Üsyançılar insanları öz əyalətlərin işlərini idarə etmək istədiklərini bildirirdilər. Məsələn, radiodan elan edilən və MXRP tərəfindən hazırlanmış bəyanatda həm Ayətullah Xomeyninin, həm də mərkəzi hökumətin nümayəndələrinin əyalətdən qovulması tələb edilirdi. Bəyanatda kürd xalqı kimi Azərbaycan xalqının da hüquqlarına hörmət edilməsi tələb edilirdi. Təbrizdəki nümayişlər zamanı insanların səsləndirdikləri şüarlardan biri də İran xalqları üçün öz müqəddəratını təyin etmə prinsipinin tədbiq edilməsi barədə idi. Nümayiş iştirakçıları çıxışçılardan yalnız Azərbaycan türkcəsində danışmağı tələb edirdilər, əgər kimsə farsca danışmağa cəhd etsəydi o, dərhal etirazla qarşılanırdı. Yalnız Azərbaycandakı hərəkatı dəstəkləyən qeyri-azərbaycanlılara öz dillərində çıxış etməyə icazə verilirdi.[7]
Üsyan Xomeyni Şəriətmədarini təhdid edib hərəkatın önünə keçməsini əngəlləməsindən sonra ciddi ziyan gördü. 6 dekabrda Xomeyni Şəriətmədarinin evini ziyarət etdi. Görüş zamanı o, Şəriətmədariyə bildirdi ki, İslami İnqilab Şurası şəhərdəki kommunikasiya qülləsinin 24 saat içində boşaldılmayacağı təqdirdə Təbrizin bombardman edilməsi barədə qərar qəbul etmişdir. Bununla eyni zamanda İnqilab Keşikçiləri Korpusunun bölmələri helikopterlə Təbriz Universitetinin həyətinə daxil oldular. Bura o zaman Şəriətmədari ilə mübarizədə Xomeynini dəstəkləyən İran azərbaycanlısı solçular tərəfindən nəzarət edilirdi. Yeni rejimin kürdlərlə mübarizəsində xeyli kürdün öldürüldüyünü bilən və bunun Azərbaycanda da olmasını istəməyən Şəritəmədari daha çox toqquşmanın qarşısını aldı. Şəritəmədarinin göstərişləri Azərbaycanda yalnız elan edildi. Elana görə guya Şəriətmədari və Xomeyni razılığa gəlmiş, Xomeyni Azərbaycanın daxili işlərinə qarışmayacağını, Şəriətmədari isə mərkəzin bölgəyə təyinatlarını qəbul etmişdir. Brenda Şafferə görə, razılaşmanın Şəriətmədarinin əyalətdəki təyinatlar üzərində nəzarəti təmin etməsi faktı daha bir sövdələşmənin əldə olunması fikrinin həqiqətə uyğun olmadığını göstərir. Ayətullah Şəriətmədari din xadimlərinin birbaşa siyasətə qarışmasının əleyhinə idi və beləliklə, özü üçün belə bir rol istəməzdi.[7]
Şəriətmədarinin müraciətindən sonra 9 dekabr tarixində təbrizlilər ələ keçirdikləri obyektləri hökumət qüvvələrinə təhvil verdilər. Hakimiyyəti ələ alan Xomeyni tərəfdarları MXRP-ın mərkəzlərinə basqınlar etməyə və onun aktivistlərini həbs etməyə başladı. Onlara edilənin elanın saxta olmasını başa düşdükdən sonra etirazçılar yenidən rabitə qülləsini və digər yerləri ələ keçirdilər. Bundan sonra 5 həftə olar mühüm obyektləri öz əllərində saxlamağı bacardılar. Etirazçıların bəxti onda gətirmədi ki, Təbriz ətrafında olan və o dövrdə Xomeynini dəstəkləyən Tudəyə rəğbət bəsləyən bir əsgər Təbrizdəki rabitə qülləsinin fəaliyyətini məhdudlaşdırdı. Bununla da, Təbrizdəki üsyançıların xalqa müraciəti və onları səfərbər etməsi çətinləşdi. Buna baxmayaraq, 13 dekabrda Təbrizdə 700 min insan Şəriətmədarini dəstəkləyən nümayiş keçirdi. Etirazçıların tələblərindən biri də qeyri-azərbaycanlı əsgərlərin vilayət ərazisindən çıxarılması idi. 12 yanvar 1980-ci ildə MXRP-ın 11 liderinin edam edilməsindən və İnqilab Keşikçiləri Korpusunun partiyanın ofislərini ələ keçirməsindən sonra toqquşmalar daha da artdı. Şəriətmədari Xomeyninin MXRP-ni rəsmən ləğv etmək tələblərini qəbul etmədi. Şəriətmədari rejimin partiyanı ləğv etmək tələbinə kinayə ilə cavab verdi və bildirdi ki, mövcud hökumət siyasəti çərçivəsində buna ehtiyac yoxdur, çünki “özü bütün siyasi partiyaları amerikalı, sionist və antiinqilabçı kimi qələmə verə, onları qanunsuz elan edə bilər”; o, hakimiyyətin bu etiketlərdən istifadə edərək MXRP-yə böhtan atmaq cəhdlərini nəzərdə tuturdu. MXRP heç vaxt formal olaraq buraxılmayıb.[8]
Brenda Şaffer 1979-cu ilin dekabrında yaşananları İrandakı Azərbaycan türklərinin yeni rejimə münasibətinin formalaşmasında mühüm rol oynadığını bildirməkdədir. O, yazır ki, Azərbaycan türkləri inqilabın onların dillərinə və kültürlərinə olan qadağaları ləğv edəcəyini düşünsələr də, bunda çox optimistik olduqlarını başa düşdülər. Həmçinin Azərbaycan türklərinin - xüsusən yaşlı və mühafizəkar olanların - hörmət etdiyi Ayətullah Şəriətmədarinin alçaldılması və kənarlaşdırılması yeni hökumətdən narazılığın daha da güclənməsinə yol açdı. Ervand Abrahamianın inqilabdan sonrakı ilkin seçkilərdə Azərbaycan bölgəsində seçkilərə qatılmanın aşağı səviyyədə olmasını yazmasına[9] istinad edən Brenda Şaffer bunun Azərbaycan türklərinin seçkidə iştirakla hansısa dəyişikliyə nail ola bilməyəcəklərini düşünməsi ilə əlaqələndirir.[8]