Məşəl savaşı

Məşəl savaşı və ya Niyazabad döyüşü (türk. Meşaleler Savaşı) — 1578–1590-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı, 7 – 11 may,[1] 8 may[2] və ya 11 – 13 may[3] 1583-cü il tarixlərində baş vermiş döyüş. Döyüş Samurçayın sahilində baş vermiş və üç gün davam etmişdir. Döyüşün adı tərəflərin gecə vaxtı məşəl işığında döyüşü davam etdirməsinə görə belə adlanmaqdadır. Döyüşdə qələbə qazanan Osmanlı ordusu komandanı Özdəmiroğlu Osman paşa Şirvanda möhkəmlənmək imkanı qazandı.

Niyazabad döyüşü və ya Məşəllər savaşı
Səfəvi-Osmanlı müharibəsi (1578-1590)
Arifinin "Şəcaətnamə" əsərində döyüşün təsviri.
Arifinin "Şəcaətnamə" əsərində döyüşün təsviri.
Tarix May 1583
Yeri Samurçay sahilində Beştəpə adlanan yer.
Nəticəsi Osmanlıların qələbəsi
Münaqişə tərəfləri

Osmanlı İmperiyası

Səfəvilər İmperiyası

Komandan(lar)

Özdəmiroğlu Osman paşa
Heydər paşa
Cəfər paşa

İmamqulu xan Qacar
Rüstəm xan Hüsamoğlu
Əbubəkr ibn Bürhan

İtkilər

Bilinmir

7500 ölü
3000 əsir

Yürüş 1578-ci ilin yayında Osmanlı ordusunun Amasya sülh müqaviləsinin şərtlərini pozaraq Səfəvi sərhədinə doğru yürüşə başlaması ilə iki imperiya arasında yeni müharibənin əsası qoyuldu. Bir neçə qələbədən sonra GürcüstanŞirvan Osmanlı ordusu tərəfindən ələ keçirildi. Osmanlı imperiyasının Şirvan bəylərbəyisi Özdəmiroğlu Osman paşa Dərbəndə idi. 1582-ci ildə artıq bir il idi ki, sülhlə bağlı danışıqlar gedməkdə idi və Məhəmməd Xudabəndənin səfiri İstanbul şəhərində idi. Elə bu ərəfələrdə Özdəmiroğlu Osman paşa öz nümayəndələrindən birini sultanın yanına göndərərək qızılbaşların qurduğu tələ barədə məlumat verdi. Beləki qızılbaş dəstələrindən biri Osmanlı sancaqbəyini artıq sülhün imzalandığına inandıraraq qala qapılarını açdırmış və sonra da hər birini qətlə yetirmişdir. Buna cavab olaraq, sultan Səfəvi səfirinin həbs edilməsini əmr etdi.[4] Şirvandakı Osmanlı ordusunu gücləndirmək üçün Silistriya valisi Yaqub bəyə Rumeli ordusu ilə birlikdə Krımdan keçməklə yardıma getmək əmr edildi.[1][5]

1583-cü ilin yazında yeni qüvvələr alan qızılbaş sərkərdəsi və Qarabağ bəylərbəyi İmamqulu xan Kürü keçərək Şirvana daxil oldu. Şamaxıda olarkən, Niyazabad ərazisində Yaqub bəyin Osmanlı qoşunlarının cəmləşməsi xəbərini alan İmamqulu xan Rüstəm xanı qızılbaş dəstəsi ilə onlara qarşı göndərdi. Şiddətli vuruşmada Yaqub bəy və digər türk hərbi başçıları öldürüldülər. Osmanlılar tamamilə darmadağın edildilər. Dərbəndə doğru geri çəkilən Osmanlı ordusunu qızılbaş döyüşçüləri təqib edirdilər. Məğlub olub geri çəkilən orduya yardım etmək üçün Osman paşa qoşunla Dərbənddən çıxmağa məcbur oldu.[6]

25 aprel 1583-cü ildə öldürülən[1][7][8] Yaqub bəyin döyüşçüləri öz komandanlarının qısasını alaçaqları ilə bağlı and içdikdən sonra Osman paşa ordu ilə birlikdə Dərbənddən çıxdı. Samurçayı keçdikdən sonra Beştəpə deyilən yerdə ordu dayandı.[a][9] Elə bu ərəfələrdə, gürcü dəstələri istisna olmaqla ümumilikdə 50 min nəfərdən[7] ibarət qızılbaş ordusunun ön dəstələri meydana çıxdı.[10][11][12]

DağıstandaŞirvanda Osmanlı imperiyasının güclənməsi ayrı-ayrı yerli hakimlərin narazılığına səbəb olduğundan onlar hətta qızılbaşlarla ittifaqa girirdilər. Məsələn, Dağıstandakı hakimlərdən biri olan Şamxal və Əbubəkr Mirzə (və ya ibn Bürhan) Osman paşaya qarşı birgə çıxış etmək təklifi ilə Gəncənin qızılbaş hakiminə — İmamqulu xana müraciət etmişdilər.[6]

Qızılbaş ordusunun mərkəz cinahına şahın qvardiyası — qorçular yerləşdirilmişdi. Sağ cinaha Rüstəm xan Hüsamoğlu və keçmişdə Osmanlı imperiyasına xidmət etmiş Şirvan bəylərindən olan İbn Bürhan [b] komandanlıq edirdi. Sol cinaha isə Qarabağ bəylərbəyi İmamqulu xan komandanlıq etməkdə idi. Osmanlı ordusunun mərkəz qüvvələrinə 30 illik qara atının üstündə oturan və bu atının döyüşdən əvvəl kişnəməsini qələbə nişanəsi kimi qiymətləndirən Osman paşa komandanlıq etməkdə idi. Onun qarşısında 30 topla birlikdə, yeniçərilər yerləşdirilmişdi.[3][13][11] Sağ cinaha Sivas bəylərbəyisi Heydər paşa, sol cinaha isə Yaqub bəyin ölümündən sonra Rumeli ordusuna komandanlıq edən Kefe bəylərbəyisi Cəfər paşa komandanlıq edirdi.[11][8]

Səfər hər iki tərəf bir-birinə hücum etdi və toqquşmalar bütün gün davam etdi. Normalda atışmalar və toqquşmalar gecə düşdüyü zaman dayandırılırdı, lakin bu döyüşdə belə olmadı. Hər iki tərəf məşəl işığı altında atışmaları davam etdirdilər və hadisələrin bu cür cərəyan etməsi döyüşün "Məşəl döyüşü" və ya "məşəl ilə döyüş" adlandırılmasına yol açdı. Gecə yarısından sonra hər iki tərəfin razılığı ilə toqquşmalar müvəqqəti dayandırıldı. Hər iki tərəf cinahlarını qorumaq üçün qaravul dəstələri yerləşdirdi.[3][11][13][8]

Ertəsi gün səhər döyüş bir gün əvvəlki ilə müqayisədə daha az şiddətlə davam etdi.[3][11] Qızılbaşlar çayın yüksək sahilini tutduqlarına və Osmanlı qoşunlarını hər tərəfdən mühasirəyə aldıqlarına görə özlərinin qalib gələcəklərinə inanmaqda idilər. Lakin ikinci gün heç bir tərəfə qələbə gətirmədi. Məşəllər yenidən yandırıldı və döyüş gecə yarısına qədər davam etdi.[11][8] Nəhayət, yorğun rəqiblər gecə yarısı dağıldılar. Osmanlılar məğlub olsaydılar, onların yerləşmələri də nəzərə alındığında bu, onlar üçün fəlakət ola bilərdi. Osman paşa belə bir nəticənin mümkünlüyünü anladı, əsgərlərinə iman yolunda şəhid olmaqdan başqa məqsədlərinin olmadığını söylədi.[11]

Üçüncü günün səhərində də döyüş davam edirdi. Döyüşün gedişatında Cəfər paşa geri çəkilməyə başlasa da, digər cinahda Rumeli qoşunları qızılbaşlara təzyiqi artırdılar. Xüsusən Osmanlı ordusunun sol cinahından başlayan hücum nəticəsində qızılbaşların cinahı dağıdıldı və geri çəkilməyə başladı.[3][11]

İbrahim Peçevinin sözlərinə görə, qızılbaş ordusunun geri çəkildiyini görən İmamqulu xan Qacar "qışqıraraq ey qorxaqlar, hara qaçırsınız ? Şahın çörəyi gələcəyinizə getməsin" demiş, lakin dediklərinin bir xeyrinin olmadığını gördükdən sonra özü də döyüşdən geri çəkilməyə başlamışdır.[3][11][12]

Döyüşdən sonra meydanda xeyli sayda qızılbaş cəsədi qalmışdı. Ölən qızılbaş döyüşçülərin başı Osman paşanın əmri ilə kəsildi və onlardan "qüllə" düzəldildi, bu zaman məlum oldu ki, 7500 qızılbaş həyatını itirmişdir.[3][8][12] Həmçinin 3 min qızılbaş əsir olaraq ələ keçirilmişdi.[11][8] İmamqulu xan Qacar gürcü şahzadələrinə yazaraq köməyə gəlmələrini əmr etmişdisə də, onlar döyüş meydanına vaxtında gəlib çıxa bilməmişdilər. Rəhimizadənin yazdığına görə, gürcü döyüşçüləri döyüş meydanına gəlməyə çalışarkən azmış və yerli sakinlər tərəfindən öldürülmüşdülər. 17 əsilzadə gürcü əsir götürülmüş, həmçinin ölənlərin də başı kəsilərək Osman paşaya təqdim edilmişdir. Osman paşa bu kəsilmiş başları "Zəyəm bəyi Levənt xanın oğlu"na göndərmişdir. Osman paşa gürcü çarından Osmanlıya tabe olacaqları barədə razılığa gəldikləri halda niyə verdikləri sözü tapdadıqlarını soruşmuşdu.[14] Döyüşdən sonra Osmanlı ordusuna 3 gün istirahət verildi və istirahətdən sonra ordu Şamaxıya getdi. Şamaxıda 40 gün ərzində bir qala tikildi.[15][1][14] Gürcü və Dağıstan hakimlərindən qələbə münasibətilə təbriklər və tabe olma sözü aldıqdan sonra Osman paşa Dərbəndə yollandı.[14][11]

Osmanlı tarixçilərinə görə, Osman paşa bu döyüşdə özünün ən böyük qələbələrindən birini qazanmışdır.[1][11] İsmayıl Haqqı Uzunçarşılı bu döyüşü "məşhur döyüş",[12] İbrahim Peçevi "böyük döyüş" adlandırır.[10] Bu qələbə sayəsində Osman paşa Şirvandakı mövqelərini daha da gücləndirdi, beləliklə döyüşün nəticəsi Cənubi Qafqazda Osmanlı hakimiyyəti üçün həlledici oldu.[1][16]

Səfəvilər dövlətinin hərbi uğursuzluqları xeyli dərəcədə ölkənin ağır daxili vəziyyəti ilə izah olunmalıdır. 1580-ci illərin əvvəllərindən başlayaraq, qızılbaş əyanlarının daxilindəki, həmçinin türk qızılbaşlarla dövlətin fars kökənli əyanları arasında münasibətləri də kəskinləşdi. Məşəl savaşındakə məğlubiyyətdən sonra sarayda qalmış yeganə yüksək vəzifəli qeyri-türk olan Mirzə Salman da qızılbaşlar tərəfindən öldürüldü.[17]

  1. Döyüşün tarixi və təsviri barədə müxtəlif fikirlər vardır. İ.H. Uzunçarşılı döyüşün dəqiq günü göstərməyərək yalnız ilini göstərir:
    - İbrahim Peçevi:"Ordu Dərbənddən çıxıb ayın 6-da (29.4.1583) adı çəkilən yerdə düşərgə saldı. Ayən 18-də (11.5.1583) Beştəpə adlanan yerdə düşərgə salındı. Elə bu vaxt düşmən dəstələri peydə oldu."
    - İosif fon Hammer-Purgstall:"29 apreldə Osma paşa ordusunun başında qızılbaşlara qarşı çıxmaq üçün Dərbəndi tərk etdi və 3 gün şəhərin qarşısındakı düzənliklərə baxış keçirdi. 4 gün sonra o, çətinliklə keçəcəyi Samurçayın sahilinə gəlib çatdı. Növbəti gecə Beştəpədəki mühafizə dəstələri qızılbaşların yaxınlaşması barədə məlumat verdilər. Növbəti səhər iki ordu qarşı-qarşıya gəldi."
    - Şimşirgil:"29 apreldə o, qızılbaşlarda döyüşə getmək üçün şəhəri tərk etdi. 3 gün boyunca şəhərdə parad təşkil edildi. 4 gün sonra onlar Samurçaya çatıb, oranı keçdilər. Növbəti gecə Beştəpədəki mühafizə dəstələri qızılbaşların yaxınlaşdığını bildirdilər."
  2. Digər adıƏbubəkr Mirzə olan İbn Bürhan Şirvanşahlar nəslindən idi və əvvəlcə Osmanlı imperiyası ilə birlikdə qızılbaşlara qarşı savaşırdı. Sonradan qızılbaşlar tərəfinə keçmiş və buna görə də, İbrahim Peçevi onu “bu tərəfdən üz döndərmiş [yəni sultana xəyanət etmiş] İbn Bürhan” və “xain kafir” adlandırmışdır.[6]
  1. 1 2 3 4 5 6 Çiçek, 2007
  2. Фарах, 2005. səh. 72
  3. 1 2 3 4 5 6 7 Печеви, 1988. səh. 56
  4. Hammer, 1836. səh. 112
  5. Hammer, 1836. səh. 112-113
  6. 1 2 3 Əfəndiyev, 2007. səh. 211
  7. 1 2 Печеви, 1988. səh. 54
  8. 1 2 3 4 5 6 Hammer, 1836. səh. 114-115
  9. Фарах, 2005. səh. 72?
  10. 1 2 Печеви, 1988. səh. 55
  11. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Şimşirgil, 2013
  12. 1 2 3 4 Uzunçarşılı, 1988
  13. 1 2 Хотко, 2016
  14. 1 2 3 Печеви, 1988. səh. 58
  15. Фарах, 2005. səh. 73
  16. Mitchell, 2011
  17. Əfəndiyev, 2007. səh. 212
  • İbrahim Peçevi. История. Bakı: Elm. Tərcüməçi:Ziya Bünyadov. 1988.
  • Фарах Гусейн, Ибрахим Рахимизаде. Османо-Сефевидская война 1578—1590 гг.: по материалам трудов османского летописца Ибрахима Рахимизаде. Osmano-sefevidskai︠a︡ voĭna 1578-1590 gg: po materialam trudov osmanskogo letopist︠s︡a Ibrakhima Rakhimizade. Nurlan. 2005. səh. 222.