Elmalılı Məhəmməd Həmdi Yazır (1878, Elmalı, Antalya ili – 27 may 1942, İstanbul), pedaqoq, xəttat, musiqişünas, quran təfsirçisi
Məhəmməd Həmdi Yazır | |
---|---|
türk. Muhammed Hamdi Yazır | |
Doğum tarixi | 1878 |
Doğum yeri | |
Vəfat tarixi | 27 may 1942 |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Elm sahəsi | fiqh |
Vikianbarda əlaqəli mediafayllar |
Elmalılı Məhəmməd Həmdi Yazır 1877-ci ildə Antalyanın Elmalılı qəzasında dünyaya gəlmişdir. Atası Numan Əfəndi əslən Burdurun Gölhisar qəzasının Yazır kəndindən idi. Numan Əfəndi kiçik yaşlarında Yazır kəndindən Elmalıya gəlmiş, orda oxumuş və Şəriət məhkəməsində baş katibi vəzifəsində işləmişdir. Həmdinin anası Elmalı alimlərindən Mehmet Əfəndinin qızı Fatma xanım idi.
İbtidai məktəbi və bugünkü orta məktəblərə uyğun gələn Rüşdiyə mədrəsəsini Elmalıda bitirən Həmdi Əfəndi 1882-ci ildə dayısı Xoca Mustafa Sarılar ilə birlikdə İstanbula gəlmiş və dövrünün alimlərindən Kayserili Mahmud Həmdi Əfəndidən dərs almışdır. İstanbulun digər tanınmış müəllimlərinin dərslərində də iştirak etdikdən sonra 1906-cı ildə "Bəyazid ustadı (professoru)" diplomuna layiq görülmüşdür. Həmin ilki seçkilərdə Antalyadan millət vəkili seçilmiş və İkinci Konstitusiyanın I məclisində 1876-cı il "Qanun-i Əsasi" nin dəyişdirilməsində mühüm rol oynamışdır.
1909-cu ildə Mülkiyə məktəbində "Vəqf və ərazilərə dair ehkamlar" fənnindən dərs demiş və həmin illərdə Qazilər məktəbində Fiqh dərslərini vermişdir. Daha sonra "Dar əl-Hikmə əl-İsləmiyə" yə (Şeyxülislamla bağlı yüksək müşavirə heyəti) üzv, bir müddətdən sonra da həmin quruma sədr seçilmişdir. Birinci dünya müharibəsindən sonra Vəqflər Nazirliyində işləmiş və bu ərəfədə Əyanlar Məclisinin üzvü olmuşdur.
Türkiyənin respublika elan edildiyi vaxt "Mütəxəssislər" mədrəsəsində məntiq müəllimi işləyirdi. Mədrəsələr ləğv edildikdən sonra evində inzivaya çəkilmiş, elmi tədqiqat və araşdırmalarına davam etmişdir. İyirmi ilə qədər davam edən bu inziva dövrü "Haqq Dini Quran Dili" adlı türk dilindəki təfsiri yazmasına imkan vermişdir. Təfsirə başlamadan öncə Misirli şahzadə Abbas Həlim Paşanın təşviqi ilə "Böyük İslam Hüququ Lüğətinin" yazılması ilə məşğul olmuşdur. Bu əsər üzərində bir neçə il işlədikdən sonra yarımçıq qoymuş və təfsiri yazmağa başlamışdır.
Əyanlar məclisinə üzv olduğu illərin sonunda Fransız dilindən tərcümə etməyə başladığı bir fəlsəfə tarixi kitabını tamamlayaraq əlavə etdiyi müqəddimə və digər haşiyələrlə birlikdə "Mətalib və Məzahib" adı ilə nəşr etdirmişdir.
Həmdi Əfəndi zamanının gözəl sənətlərindən olan xəttatlıq və musiqi ilə də maraqlanmışdır. Xüsusilə, "nəsx" və "sülüs" yazı növlərində xəttat idi. Eyni zamanda Quran hafizi olduğu üçün alaturka musiqisinin müxtəlif məqamları ilə ciddi şəkildə məşğul olmuşdur.
Həmdi Əfəndi 27 may 1942-ci ildə İstanbulda Erenköydə vəfat etmişdir.
Əfəndinin nəşr edilmiş əsərlərinə "Haqq dini Quran dili", "Mətalib və məzahib", "İrşad əl-ahlaf fi əhkam əl-əvqaf" daxildir. Nəşr edilməyən əsərlərinə gəlincə, burada Fiqh üsuluna dair bir əsəri, məntiqə dair bir kitabı, yarımçıq vəziyyətdə bir hüquq lüğətini, tamamlanmamış bir divanı göstərə bilərik.
Elmalılı Məhəmməd Həmdi bundan başqa "Sırati-Müstəqim", "Səbil ər-Rəşad" və "Bəyan əl-Haqq" məcmuələrində yazılar nəşr etdirmiş, eyni zamanda dövrünün gündəlik qəzetlərinə elmi məqalələr yazmışdır.