Məhəmməd xan Şahqulu sultan oğlu Ustaclı və ya Toxmaq xan Ustaclı (fars. محمد خان تخماق استاجلو; XVI əsr, İrəvan – 1585, İrəvan) — XVI əsrdə yaşamış türkmən Ustaclı tayfasından olan Səfəvi məmuru, diplomatı və hərbi rəhbəri. O, 1568-ci ildən 1575-ci ilə qədər İrəvan və ya digər adı ilə Çuxursəəd bəylərbəyliyinin hakimi kimi xidmət etmişdir. Daha sonra, o, Osmanlı imperiyasına göndərilən nümayəndə heyətinə rəhbərlik etmişdir. Geri qayıtdıqdan sonra, o, bəzi hüquqi proseslərdə iştirak etmiş və 1578-ci ildə yenidən Çuxursəəd əyalətinə bəylərbəyi təyin edilmişdir. Səfəvi-Osmanlı müharibəsi (1578–1590) zamanı baş vermiş Çıldır döyüşündə o, əsas komandan kimi çıxış etmiş və məğlub olmuşdur. Bir neçə il sonra — 1583-cü ildə Məhəmməd xan Toxmağın bəylərbəyliyi əyalətin Osmanlı dövləti tərəfindən işğal edildiyinə görə sona çatmışdır. Bu əyalət 1604-cü ilə qədər Osmanlı dövlətinin tabeliyində qalmışdır.
Məhəmməd xan Toxmaq Ustaclı | |
---|---|
fars. محمد خان تخماق استاجلو | |
1568 – 1575 | |
Əvvəlki | Şahqulu sultan Ustaclı |
Sonrakı | Əbuturab Mirzə |
1578 – 1583 | |
Əvvəlki | Xəlil xan Əfşar |
Sonrakı | Osmanlı işğalı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XVI əsr |
Doğum yeri | |
Vəfat tarixi | 1585 |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Şahqulu sultan Ustaclı |
Dini | islam |
Rütbəsi | general |
Boyu balaca olduğuna görə "Toxmaq" ayaması ilə tanınmışdır.
Məhəmməd xan Ustaclı Çuxursəəd bəylərbəyliyinin özündən əvvəlki hakimi olan Şahqulu Sultan Ustaclının oğludur və onlar türkmən Ustaclı tayfasına mənsubdurlar.[1] Çuxursəəd bəylərbəyliyi hal-hazırkı Ermənistan ərazisini əhatə etmiş və onun əyalət paytaxtı İrəvan şəhəri olmuşdur. 1568-ci ildə Səfəvi hökmdarı I Təhmasib onu atasının yerinə bəylərbəyi və varis təyin etdi.[2] Bir neçə il sonra, şah özünündən ölqümündən qısa müddət əvvəl Məhəmməd xanı Osmanlı sultanı III Muradın taxta çıxması münasibətilə təbrik etmək üçün İstanbula göndərdi. I Təhmasib Osmanlı ilə münasibətlərdə 1555-ci ildən sonra formalaşmış isti münasibətlərin davam etdirilməsinin tərəfdarı idi.[3][4] Nümayəndəliyə 250 nəfər və 500 dəvə daxil idi. Nümayəndə heyəti 1576-cı ilin may ayında imperiyanın paytaxtı olan İstanbul şəhərinin yaxınlığında yerləşən Üsküdara çatdı. Onlar özləri ilə sultana şahdan hədiyyə vermək üçün qiymətli əlyazmalar, daş-qaşlar, habelə silahlar və gözəl xalçalar gətirmişdir.[1][4] Hədiyyələr arasında ən qiymətli hədiyyə brilliantlarla bəzədilmiş imperial çadır idi.[4]
Bunu böyük bir qarşılama mərasimi izlədi, elçilər gözəl formada bəzədilmiş atlar və 7 min dukat pulla geri göndərildilər. Həm mərasim, həm də çadirin hazırlanması Şahənşahnamənin birinci cildində təsvir edilmişdir.[4] Zeren Tanındıya görə, çadır "möhtəşəm incəsənət nümunəsi" olmuş, lakin bizim dövrümüzə gəlib çatmamışdır.[4] Məhəmməd xanın III Murada təqdim etdiyi I Şah Təhmasibin salamlama məktubu Topqapı sarayında saxlanılmaqdadır.[4][a]
Məhəmməd xan Osmanlıdan Qəzvinə qayıdır, ancaq burada ona diqqət və iltifat göstərilmir. Bu zaman onun Çuxursəəddəki ulkası alınıb Əbuturab Mirzəyə verilmiş və elə vilayətə də bəylərbəyi o təyin edilmişdi.[5]
II Şah İsmayıl (1576–1577) öz qısa hakimiyyəti dövründə Məhəmməd xanı, baş vəzir Mirzə Şükrullah İsfahanini və Mirzə Əli Qacarı ədalət məhkəməsinin örf şurasının üzvləri təyin etdi. Ona divanbəyi Sultan İbrahim Mirzəyə maliyyə məhkəmələri də daxil olmaqla, fərdi məhkəmələrdə kömək etmək tapşırılmış, həmçinin dövlət maraqlarının təsirləndiyi məhkəmələrdə də divanbəyinə yardım etməli idi.[6][b]
Məhəmməd xan və digərləri tərəfindən hazırlanan qərarlar və tənzimləmələr II İsmayılın qəbul etməsi ilə Səfəvi dövlətinin Ali Divanında təstiqləndi və bir neçə aydan sonra praktikada tətbiq olunmağa başladı.[6][8]
1578-ci ildə Məhəmməd Xudabəndə (1578–1587) Məhəmməd xanı yenidən Çuxursəəd bəylərbəyi təyin etdi.[2] 1578–1590-cı illər Osmanlı-Səfəvi müharibəsinin başlanğıcında səfəvilər yaxınlaşan Osmanlı hücumu barədə məlumatlandırılsalar da, bu hücumun böyüklüyü barədə məlumatlı deyildilər.
Şah tərəfindən Məhəmməd xana imperiyanın şimal-qərbindəki bütün qüvvələri toplamaq əmri verildi.[9] Məhəmməd xan 15.000–30.000 arası qoşun toplayaraq, Çıldır düzünə doğru hərəkətə başladı. Bu yer Lələ Qara Mustafa Paşanın komandanlıq etdiyi Osmanlı ordusundan uzaqda deyildi.[9] Rudi Mathi qeyd edir ki, onun casusları Osmanlı ordusunun düzgün sayını tapa bilməmiş və "yalnız görə bildiklərini saya bilmişdirlər".[10] İsgəndər bəy Münşi (ö. 1633) və Xuan Tomas Minadoiyə (ö. 1615) görə, Məhəmməd xan Toxmaq casuslarının məlumatlarından cəsarətlənərək hücum etmək qərarına gəlmişdir.[10][11] Münşi qızılbaşları günahlandıraraq qeyd edir ki, onlar əlavə dəstək qüvvələrinin gəlməsini gözləmək əvəzinə, daxili münaqişələr və intiriqalarla vurnuxa-vurnuxa 100.000 qoşuna qarşı 10.000 nəfərlə hücum edərək güclərinin dağılmasına səbəb oldu.[10]
9 avqustda Məhəmməd xan və adamları Osmanlı ilə döyüşdü.[9] Say baxımından həddindən artıq çox olan osmanlılar qalib gəldilər. Qızılbaşlardan 6–7 min nəfər döyüş meydanında həyatını itirdi, 3 min nəfər isə əsir düşdü və əsirlikdə edam edildilər.[9] Məhəmməd xanın bəylərbəyi kimi ikinci xidmət dövrü 1583-cü ildə sona çatdı. Bunun səbəbi əyalətin Osmanlı tərəfindən işğal edilməsi idi. İşğal 1604-cü ilə qədər davam etdi.[2]
Məhəmməd xan Toxmağın (Ustaclı) qulamı (nökər-döyüşçü) Behbud Ağa idi. Behbud Ağa Kartlinin zadəgan ailəsinə (tavadi) mənsub idi və Məhəmməd xana xidməti zamanı İslamı qəbul etmişdi. Behbud Ağanın Əliqulu bəy və İmamqulu bəy adlı iki oğlu olmuşdur. Bu iki qardaş 1610-cu illərdə Kartlinin birgə idarə etmişdirlər.[12]