Çıldır döyüşü (farsca:نبرد چلدر; türkcə: Çıldır Muharebesi) — Səfəvi-Osmanlı müharibəsinin (1578–1590) gedişində baş vermiş ilk döyüş. 1578-ci ilin 8 və ya 9 avqust günündə Çıldır gölünün yaxınlığındakı düzdə baş vermişdir. Osmanlı tarixçisi və yürüşün iştirakçısı İbrahim Rəhimizadə bu döyüşü müharibənin ilk döyüşü, İbrahim Peçevi isə "Çıldır düzündəki böyük döyüş" deyə adlandırmışdır. Osmanlı imperiyası bu döyüşdə Səfəvi ordusu üzərində qələbə qazanmış və beləliklə onlar üçün Gürcüstana gedən yollar açılmışdır.
Çıldır döyüşü | |||
---|---|---|---|
Səfəvi-Osmanlı müharibəsi (1578-1590) | |||
Tarix | 9 avqust 1578 | ||
Yeri | Çıldır gölü sahili ətrafında. Qars yaxınlığında. | ||
Səbəbi | Osmanlı imperiyasının daxilində problemləri olan Səfəvi imperiyasından torpaq ələ keçirmə istəyi | ||
Nəticəsi | Osmanlıların qələbəsi[1] | ||
Ərazi dəyişikliyi | Gürcüstana gedən yolun Osmanlı imperiyası üçün açılması | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Osmanlı imperiyası ilə Səfəvi imperiyası arasındakı sərhəd 1555-ci ildə imzalanmış Amasya sülhü ilə təmzimlənirdi. 1576-cı ildə I Təhmasibin ölümündən sonra Səfəvi imperiyası daxilində taxt uğrunda mübarizə kəskinləşdi. Onun varisləri olan Heydər Mirzə ilə İsmayıl Mirzə arasındakı mübarizə nəticəsində İsmayıl qalib gələrək şah oldu. İki il sonra III Murad (1574–1589) Qafqaza müdaxilə edib orada öz hakimiyyətini qurmaq üçün ideal zamanın yetişdiyi qərarına gəldi. Baş vəzir Sokollu Mehmed Paşa yürüşə qarşı olsa da, onun təsir dairəsi artıq çox daralmışdı.
III Murad Səfəvilərlə müharibəyə ciddi hazırlıq görmüşdü. O, yenidən şiələrə qarşı sünniliyin cihad ritorikasından istifadə etdi və cihad elan edildi. Ordu yürüşə başlamamışdan əvvəl Səfəvilərin daxilindəki narazı qüvvələrdən istifadə edilməyə çalışıldı. Beləki, 1577-ci ildə də Osmanlı imperiyasının təşviqi ilə kürdlər Səfəvi imperiyası əleyhinə üsyana qalxmışdı. Bu yürüşdə də Şirvandakı qüvvələrdən yararlanmaq nəzərdə tutulmuşdu. Həmçinin, Osmanlı 100 mindən çox qoşuna sahib olsa da, vassalı olan Krım xanı Məhəmməd Gəraydən (1577–1584) tatar qoşunlarının bu yürüşdə iştirak etməsini tələb etdi. Bundan əlavə, Dağıstanın feodal hakimlərinə, o cümlədən Qumuq və Qaytaq hakimi Çitlav Şamxala, Tabasaran hakimi Qazi Salehə və avar hakimi Toca Laz Bürhanəddinə əmr edilmişdi ki, Osmanlı imperiyasının Gürcüstanı və Şirvanı istila etməsinə yardım göstərmək üçün öz qoşunlarını hazır vəziyyətə gətirsinlər.[4]
Yürüşün idarə edilməsi üçüncü vəzir Lələ Mustafa Paşaya həvalə edildi.[5] 1578-ci ildə ordunun Ərzurumdan çıxaraq şərqə doğru hərəkət etməsi ilə yürüş başladı.[6]
Osmanlılar 1555-ci il müqaviləsini pozaraq, 1578-ci ildə Qars qalasını bərpa edərək oraya qoşun yeritmişdilər. Qarsla qonşu olan Çuxursəəd vilayətinin hakimi Məhəmmədi xan Toxmaq Ustaclı Qəzvinə Osmanlıların hərəkəti barədə məlumat göndərmişdi.
Osmanlılar Ərzurumdan Qarsa tərəf hərəkət edəndə Məhəmmədi xan Toxmaq Osmanlı basqınını dayandırmaq üçün Çuxursəəddə qüvvələri birləşdirmək çağırışı ilə Azərbaycanın cənub hissəsinin hakimi Əmir xan Türkmanın və Qarabağ hakimi İmamqulu xan Qacarın yanına adam göndərdi. Lakin Əmir xan ifrat tərsliyi və türkman və ustaclı tayfaları arasında mövcud olan düşmənçilik üzündən istəyirdi ki, həmin tayfadan bir nəfər də adlı-sanlı adam sağ qalmasın". Buna görə də o, çıxış etməyi təxirə salaraq öz qoşunlarının silahlandırılmasına və təchizatına cinayətkarcasına laqeydlik göstərdi. İmamqulu xan Qacar Çuxursəəd bəylərbəyinin çağırışına cavab verərək öz qoşunu ilə buraya gəldi. Onların birləşmiş qoşunlarının sayı 15 min nəfərdən artıq deyildi. Onlar Əmir xanın dəstələrinin yaxınlaşmasını gözləyərək Qarsın şimal-şərqində, Çıldır gölünün sahilində yerləışdilər. Səfəvi sərkərdələri düşmənin Gürcüstana yolunu kəsmək istəyirdilər.[2]
Döyüşün 9 avqustda baş tutmasına inanılır.[7] Yürüşün iştirakçılarından bəziləri döyüşün günü barədə məlumat yazmışdırlar. Lələ Mustafa paşanın katibi Gelibolulu Əli[a] Lələ Mustafa paşanın 9 avqustda Ərdəhandan çıxdığını və növbəti gün Çıldır gölü yaxınlığında döyüş baş verdiyini yazmışdır.[8] Bu versiyaya uyğun fikirləri Hammer də istifadə etmişdir.[9] İbrahim Rəhimizadə döyüşün gününü bildirməmişdir.[10] Osman Özdəmiroğlu paşanın katibi Asəfi isə döyüşün 9 avqustda olduğunu yazmışdır.[b]
Kürd tarixçisi və yürüşün iştirakçısı Şərəf xan Bitlisi (1543–1601/1602) 1578-ci ilin dekabrında Səfəvi tərəfindən qaçaraq Osmanlı tərəfinə sığınmışdır. O, döyüşün 1579/1580-ci ildə baş verdiyini yazmışdır. Lakin o, iştirakçı olsa da, əsəri bu hadisələrdən 20 il sonra yazdığına görə tarixlərlə bağlı səhvlərə yol vermişdir.[12] Hadisələrin müasiri Oruc bəy Bayat (1560–1604) döyüşün səbəbləri, gedişatı və məğlubiyyətin səbəbləri barədə məlumat versə də, döyüşün tarix barədə heç nə yazmamışdır.[13]
Fərəh Hüseynə görə, Peçevi (1574–1650) döyüşün tarixi olaraq hicri 986-cı ilin cəmadiyəlaxır ayının 5-i vermişdir. Bu da qriqoryan təqvimi ilə 9 avqust 1578-ci ildir.[14] Hər bir halda, Peçeviyə görə bu gündə Osmanlı ordusu Vale və Yeniqala adlı iki qalanı ələ keçirmiş və ardıyca Çıldır döyüşü baş vermişdir. Lakin o, dəqiq olaraq bildirmir ki, Çıldır döyüşü iki qalanın tutulması ilə eyni gündə yoxsa növbəti gündəmi baş verib.[15] İosif fon Hammer-Purgstall döyüşün növbəti gün baş verdiyini bildirir və tarix olaraq 10 avqustu göstərir.[14]
Erkən gürcü qaynaqları bu döyüşdən bəhs etmirlər. Mesxetiya Psalter xronikası bildirir ki, Lələ Mustafa paşa 7 avqustda yola çıxmışdır.[16] Eristovlu Akathistin xronikasında isə sadəcə gün belə bildirilmədən Lələ Mustafa paşanın avqustda gəldiyi qeyd olunur. XVIII əsrə aid iki gürcü qaynağı (anonim Paris və Vaxuşti Baqrationi əsərləri) döyüşün 9 avqustda baş verdiyini bildirirlər. Eyni qaynaqlar Çıldır döyüşündən əvvəl — 7 avqust tarixində Mgeltsıxe qalasının mühasirəsinin baş verdiyini bildirirlər.[17][18] Bu mühasirə əməliyyatını yürüşdə iştirak etmiş İbrahim Rəhimizadə müharibənin ilk hərbi əməliyyatı adlandırmışdır.[19]
Osmanlı tarixçiləri və hadisələrin müasirləri olan İbrahim Rəhimizadəyə, Şərəf xan Bitlisiyə görə, Səfəvi ordusunun komandanlığında Çuxursəəd bəylərbəyi Məhəmməd xan Toxmaq Ustaclı və Qarabağ bəylərbəyi İmamqulu xan Qacar olmuşdur.[10][12] İbrahim Peçevinin yazdığına görə isə, Məhəmməd xan Toxmaq Ustaclı və İmamqulu xan Qacardan başqa, qızılbaş ordusunun rəhbərliyində Qara xan adlı başqa bir sərkərdə də olmuşdur.[15] Vaxuşti Baqrationi orduların komandanlarını Səfəvi ordusunda "sultan [Toxmaq xan] və Qara xan Bazuklu və hökmdar Muqalu [Əmir xan], Osmanlı ordusunda Ərzurum və Van paşaları" kimi təqdim etmişdir.[17]
Rəhimizadə döyüş zamanı qızılbaş ordusunun 50 min nəfərdən ibarət olduğunu yazmışdır.[10] Lakin digər qaynaqların incələnməsi sübut edir ki, döyüşdə bu qədər qızılbaş döyüşçüsü olmamışdır və həqiqi rəqəm bundan azdır. Azərbaycan tarixçisi Fərəhə görə, Rəhimizadə qızılbaş ordusunun sayını bilərəkdən çoxaldır ki, Osmanlı ordusunun başlanğıcda verdiyi xeyli sayda itkini əsaslandıra bilsin.[20] Oruc bəy Bayat döyüşdə qızılbaş ordusunda 30 min süvarinin və elə eyni sayda da piyadanın olduğunu yazmışdır.[13] Osmanlı tarixçisi İbrahim Peçevi isə, qızılbaş ordusunda ümumilikdə 30 min döyüşçünün olduğunu bildirmişdir.[15] Azərbaycan tarixçisi Oqtay Əfəndiyevə görə, qızılbaş döyüşçülərin sayı cəmi 15 min olmuşdur.[20] Osmanlı ordusunun avanqard dəstələrini kürd döyüşçülər və əmirlər təşkil etməkdə idi.[21] Həmçinin Oruc bəy Bayat Osmanlı ordusunun "200 min nəfərdən ibarət olduğunu və onlardan 100 mininin yaxşı silahlandığını" bildirmişdir.[13]
Rəhimizadəyə görə, Osmanlı ordusu Yeniqalanı mühasirəyə almış və onu atəşə tutmuşdurlar.[10] Qalannı müdafiəçilərinin müqavimətinin qərılmasına az qalmış Osmanlı ordusunun Diyarbəkir bəylərbəyi Dərviş paşanın komandanlığı altında avanqard dəstəsi qalanın yaxınlığında qızılbaş ordusu ilə döyüşə başlamışdır. İbrahim Peçevi döyüş barədə ətraflı məlumat verir. Onun sözlərinə görə, qızılbaş ordusu əvvəlcə 40–50 nəfərlik ön Osmanlı dəstəsi ilə qarşılaşmış və bunun ardınca Dərviş paşa 300–400 nəfərlik yardımla onların köməyinə yetişmişdir.[15] Lakin qüvvələr qeyri-bərabər olduğuna görə qızılbaş ordusu bu mərhələdə üstün olmuş, 2–3 minlik Osmanlı ordusu məhv edilmiş, döyüşün gedişatında Dərviş paşa 2–3 dəfə atından salınmış və nəticədə aldığı yaralara görə döyüşdən sonra vəfat etmişdir.[10][15]
Həmçinin bu toqquşmada Dərviş paşa özünün 30 ağasını və 7 sancaqbəyini itirdi.[22]
Bu qələbədən ruhlanan Azərbaycan döyüşçüləri qaçan düşməni təqib etməyə başladılar. Ön dəstənin məğlub olmasından xəbər tutan Mustafa paşa qızılbaşlara qarşı təcili olaraq 20–30 min nəfərlik əlavə qoşun göndərdi. Osmanlıları təqib edən azərbaycanlı hissələr öz əsas qüvvələrindən 2–3 fərsəng (12–20 km) aralı düşdülər.[22] Kritik bir məqamda Özdəmiroğlu Osman paşa Dərviş paşanın yardımına yetişmiş və Peçevinin sözlərinə görə igidlik göstərmişdir. Onu Ərzurum bəylərbəyi Bayram paşa və Martabzadə Əhməd paşa izləmişdir.[23][24] Əlbəyaxa formada bütün gün döyüş davam etmiş və "elə bir qırğın və qarışıqlıq olmuşdur ki, hətta göylərdəki mələklər belə heyran qalmışdır".[23] Güclü leysan yağışı yağdığına görə iki ordu da artilleriyadan istifadə etməmişdi.[25][24] Rəhimizadənin bildirdiyinə görə, "döyüşçülərin qanına qarışan leysan yağışları meyitləri aparan çaylar əmələ gətirmişdi". Növbəti günün səhərinə qədər davam edən döyüş sonunda qızılbaş ordusu məğlub oldu.[25] Osmanlı ordusu zəngin qənimət ələ keçirdi. "Bir çox at, qatır, dəvə, çoxlu kiçik və böyük çadırlar, bir çox başqa şeylər qazilərin əlinə keçdi. Ələ keçirilən qənimətin sayını ancaq Allah bilir".[24]
Tarixçi Oruc bəy Bayat belə hesab edirdi ki, Səfəvi qoşunlarına başçılıq edən Məhəmmədi xan Toxmaq yanlış məlumatın qurbanı olmuşdu. O, öz kəşfiyyatçılarının məlumatına əsaslanaraq Dərviş paşanın və Bəhram paşanın qırx minlik qoşununu Osmanlıların başlıca zərbə qüvvəsi hesab etmiş, onlara hücum etmişdi. Lakin Mustafa paşanın yetmiş min nəfərlik qoşunu gizli sığınacaqdan gəlib Səfəvilərin sağ cinahına zərbə endirəndə Məhəmmədi xan öz səhvini başa düşdü. Ancaq artıq gec idi. Oruc bəyin məlumatına görə, Səfəvi qoşunu iki xoşbəxt təsadüf üzündən tam darmadağın edilməkdən xilas oldu. Birincisi, Toxmaq tərəfindən göstərilmiş sərkərdəlik məharəti, ikincisi isə qaranlığın düşməsi idi.[22]
Döyüşdə qızılbaş ordusunun itkisi ağır olmuşdu.[26] Tarixçilər 5–10 min arası rəqəm səsləndirirlər. Peçevinin sözlərinə görə, "növbəti gün yüksək divandan öldürülmüş düşmən döyüşçülərinin başlarının sayımı keçirilirdi. Bəlli oldu ki, onların sayı düz 5 min nəfərdir. Həmçinin 500 yüksək rütbəli əsir də ələ keçirilmişdi ki, onlar hüzura gətirildikdən sonra eyni taleyi yaşadılar [edam edildilər]".[24] Rəhimizadə döyüşün növbəti günün səhərinə qədər davam etdiyini, "4 min lənətə gəlmişin [qızılbaşın] öldürüldüyünü" və "dərhal divanxananın qarşısında 1000 nəfər allahsız sorxsarın qılıncla əsir edildiyini" yazır.[26] Oruc bəy Bayat isə, 7 min qızılbaşın öldürüldüyünü və 3 min nəfərin də əsir edildiyini yazmışdır.[27] Tarixçilər "minlərlə qızılbaş əsiri"nin edam edilməsi barədə yazırlar, Peçevinin fikrincə, 5000 əsirin başı kəsilərək dirəklərə sancılmışdır.[24] Oruc bəy yazırdı ki, Muradın əmri ilə 3000 əsir edam edilmişdir.[27] "Meyitlərdən və kəsilmiş başlardan iki bürc tikilmişdir ki, onlardan biri "cəsədlər qalası", digəri isə "yoxluq səltənətinin qalası" adlanırdı.[28]
Osmanlı ordusunun da itkiləri çox idi. Rəhimizadə yalnız Kürdüstan əmirlərindən çoxlu ocaqbəyinin, timar və ziyamət sahibinin öldürüldüyünü yazmışdır.[10] Əsərini daha sonra yazmış Şərəf xan Bitlisi onların adlarını da vermişdir. Hammer döyüşdə 7 kürd bəyinin öldüyünü yazmışdır.[9]
Qızılbaş ordusunun məlubiyyətinin səbəbləri Səfəvi dövlətinin daxilində idi. Qızılbaş əmirləri aralarında olan münaqişələrə görə birləşə bilmədilər. Təbrizin hakimi Əmir xan Türkman "türkman və ustaclı tayfaları arasındakı düşmənçiliyə" görə döyüş meydanına gəlmədi.[20] Osmanlıların qələbəsinə kürd zadəganlarının kütləvi şəkildə onların tərəfinə keçməsi də kömək etdi.[29] İsgəndər bəy Münşinin fikrincə, Çıldır vuruşmasında Səfəvilərin məğlubiyyətinin başlıca səbəbi bunda idi ki, qızılbaş əmirləri "təkəbbürün və özlərinə güvənməyin bolluğundan rumilərlə müharibəni yüngül və sadə (iş) hesab edirdilər".[30] Buna görə də, onlar 10–15 min nəfərlik qoşunla Mustafa paşanın yüz minlik qoşununa qarşı çıxmağı mümkün saymışdılar. Qazi Əhmədin dediyinə görə, bir qızılbaş on nəfər rumiyə qarşı dururdu.[31]
Oruc bəy Bayatın sözünə görə, Məhəmməd xan Toxmaq Ustaclı döyüşü Osmanlı ordusunun 40 min nəfərdən çox olmadına inandığı üçün başlamışdır. Ona aydın olanda ki, onun ilkin mərhələdə döyüşdüyü yalnız qabaqcıl dəstələrdir və ordunun əsas hissəsi bundan xeyli çoxdur, Məhəmməd xan geri çəkilməyə başladı. Oruc bəy Bayatın sözlərinə görə, Məhəmməd xan yalnız gecə vaxtı ordusunun bir hissəsini geri çəkməklə qızılbaş ordusunun tam darmadağınından yayınması mümkün oldu.[13]
İbrahim Peçevi bu döyüşü "Çıldır düzündəki böyük döyüş" adlandırmışdır.[15]
Çıldırdakı qələbədən sonra Osmanlı qoşunları üçün Gürcüstana yol açıldı.[32] 1555-ci il sülh müqaviləsi Gürcüstanı Osmanlı İmperiyasının və Səfəvi dövlətinin təsir dairələrinə böldü. Lakin yerli hökmdarlar güclü tərəfə tabe olmağa üstünlük verirdilər. Çıldır döyüşündən sonra Mustafa paşanı Samtsxe-Saatabaqonun faktiki hökmdarı Manuçar Cakeli ziyarət etdi və Osmanlılara itaətini bildirdi.[33] Osmanlı ordusu Tiflisi işğal etdikdən sonra Kaxetiya krallığının kralı II Aleksandr da onun ziyarətinə gəlib itaətini bildirdi. O, bundan sonra Osmanlı ordusunu ərzaqla təmin etməklə birlikdə, onların lehinə hərbi əməliyyatlarda iştirak etdi. Yalnız Kartli kralı Simon tabe olmaqdan imtina etdi və Osmanlı ordusu ilə savaşmağa başladı.[34][13]
Çıldır vuruşmasından sonra Məhəmmədi xan Toxmaq məsuliyyəti öz üzərinə götürərək qoşunların qalıqları ilə Çuxursəədə getdi, İmamqulu xan isə Qarabağa qayıtdı.[35]