Məhərrəm Abuşov

Məhərrəm Abuşov (7 iyul 1962, Əliquluuşağı, Qubadlı rayonu2 oktyabr 1994, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Məhərrəm Abuşov
Məhərrəm Qubad oğlu Abuşov
Şəxsi məlumatlar
Doğum tarixi 7 iyul 1962(1962-07-07)
Doğum yeri
Vəfat tarixi 2 oktyabr 1994(1994-10-02) (32 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Şəhid
Hərbi fəaliyyəti
Rütbəsi Baş leytenant
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Abuşov Məhərrəm Qubad oğlu 1962-ci il 7 iyulda Qubadlı rayonunun Əliquluuşağı kəndində ziyalı ailəsində anadan olmuşdur. Atası- Həndəsə, Cəbr müəllimi Anası- Həkim. 1988-ci ildə Azərbaycan Texniki Universitetini bitirərək " Bakı Neft-Kimya sənayesi "zavodunda Mühəndis vəzifəsində çalışmışdır.1992-ci ildə könüllülərdən ibarət dəstəyə daxil olaraq, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlərdə fərqləndiyinə görə "Baş leytenant" hərbi rütbəsinə qədər irəliləmişdir.1994-cü il oktyabrın 2-si Füzuli rayonunda qəhrəmancasına şəhid olmuşdur.

Birinci Qarabağ müharibəsi və döyüşlərdə iştirakı[redaktə | mənbəni redaktə et]

Laləzar körpüsündə döyüş[redaktə | mənbəni redaktə et]

1992-ci ilin Mart ayının 17-si idi. Həmin gün Məhərrəm nədənsə çox narahat idi. Tez-tez postlara baş çəkir, kəndlə əlaqə saxlayırdı. Bir yandan da rayondan qayıdan avtobus gecikirdi. Axşamın düşməyinə az qalırdı amma avtobus hələdə yox idi.

Əliquluuşağı kəndi. Laləzar körpüsü

Məhərrəm avtobusun posta yaxınlaşdığını görüb, postdakı əsgərlərə lazımi göstərişlərini verib avtobusun yanına gəldi. Avtobusu təhlükəsiz körpüdən keçirtmək məqsədilə avtobusa mindi. Avtobus təpədən körpüyə düşən yola irəliləməyə başladı. Məhərrəm durbinlə Əliquluuşağı kəndinə gedən yolun üstündəki Laləzar körpüsünə baxdıqda körpünün altında qayanın arxasında avtomatını yola tuşlamış yaxşı gizlənə bilməyən erməni əsgərini gördü. Avtobusu saxlatdırıb yerə endi. Sürücüyə ermənilərin şübhələnməməyi məqsədilə kapotu açıb mühərriklə məşğul olmağı tapşırdı. Özü isə post-məntəqəyə qayıdıb, əsgərlərdən birini kəndə yola saldı.

Az sonra kənd tərəfdən körpüyə doğru hərəkət gördü. Bu hərəkət körpünün ətrafında döyüş mövqeyi tutmağa başlayan İlham Məmmədovun başçılığı altındakı dəstə idi. Məhərrəm öz bölüyünə körpü ilə üzbəüz döyüş mövqeyi tutmağı əmr etdi. Öz dəstəsini döyüş mövqelərində yerləşdirib, avtobusun yanına gəldi. Avtobusun ətrafında bir neçə əsgər saxlayıb, yenidən mövqelərə qalxdı. Atəş əmri verildi. Məhərrəmin bölüyü ilə İlhamın bölüyü iki istiqamətdə düşməni atəşə tutdular uzun çəkən döyüşdə düşmən xeyli itki verərək geri çəkilməyə məcbur oldu. Həmin döyüş zamanı Məhərrəmin ayıqlığı sayəsində çoxlu kənd sakini xilas edildi. Döyüş zamanı Ermənistanın "milli qəhrəmanı" Azərbaycan xalqına yüzlərlə qanlı cinayətlər törətmiş "Karen" ləqəbli erməni məhv edilmişdir.[1]

Vertolyotun avtomatla vurulması[redaktə | mənbəni redaktə et]

1992-ci il iyun ayının 24-ü idi. Məhərrəm yüksək təpədəki gizli müşahidə postunda dayanıb, durbinlə düşmən sərhəddini nəzərdən keçirirdi.

Məhərrəm Abuşov(öndə dayanan) və döyüş yoldaşları

Durbini Gorus şəhəri istiqamətində çevirəndə, alaqaranlıqda "Mi-24" tipli üç erməni vertolyotunun kəndə tərəf uçduğunu görüb , cəld ratsiya ilə kəndə məlumat verdi. Kəntdəki dəstəyə başçılıq edən İlham Məmmədov atəş nöqtələrini yaxşı gizlətmişdi. Erməni vertolyotları kənd üzərində bir neçə dövrə vuraraq, kəntdəki sakitlikdən arxayın olub yavaş yavaş aşağı enməyə başladılar. Bu zaman vertolyotlar könüllü dəstə tərəfindən atəşə tutuldular. Vertolyotlar özlərinə gəlib cavab atəşi açana qədər , vertolyotlardan biri tüstüləməyə başladı. Vertolyot çayın kənarında yerə düşüb partladı. Bütün istiqamətdə atəşə tutulan vertolyotlardan biri zədələnərək Bərgüşad çayının ortasındakı kiçik adaya məcburi eniş etdi. Məhərrəm öz dəstəsi ilə həmin yerə tərəf qaçmağa başladı. Məhərrəmin dəstəsi vertolyot olan yerə çatdıqda, ermənilər vertolyotun ətrafına toplaşıb vertolyotu təmir etməyə çalışırdılar. Elə bu zaman digər vertolyotda adaya endi. Ermənilər birləşib vertolyotu təmir etməyə başladılar. Amma buna nail ola bilmədilər. Məhərrəm atəş əmri verdi. Məhərrəmin dəstəsi düşməni atəşə tutdu. Ermənilər vertolyotun arxasında gizlənib cavab atəşi açdılar. Vəziyyətin pisləşdiyini görən ermənilər cəld salamat olan vertolyota doluşdular. Vertolyot bir qədər hündürə qalxandan sonra sərhəd istiqamətinə doğru səmt götürdü. Vertolyota dayanmadan atəş açıldı. Vertolyot gözdən itməyə başlamışdıki uzaqdan partlayış səsi eşidildi. Vertolyot atəşlər nəticəsində zədə almış və havada partlamışdır. (Ələ keçirilən "Mi-24" tipli vertolyot sonradan təmir edilərək Qubadlı ərazi özünümüdafiə batalyonunun sərəncamına verilmişdir.)[2][3][4]

İlk kontuziya[redaktə | mənbəni redaktə et]

Məhərrəm Abuşov(solda)və döyüş yoldaşları

1993-cü ilin Mart ayı idi. Əliquluuşağı kəndi Novruz bayramına hazırlaşırdı. Əliquluuşağı kəndinin müdafiə edən əsgərlərlər bayram ərəfəsində ermənilərin daha sıx hücümlar etdiyini bilərək, döyüşə hazır vəziyyətdə ayıq sayıq dayanmışdılar. Bu zaman ermənilər yenidən kəndi uzaqvuran toplardan atəşə tutmağa başladılar. Məhərrəm kəndin içi ilə qaça-qaça mövqelərinə tələsirdi. Mərmilər kəndin müxtəlif yerlərinə düşürdü. Məhərrəm kənd sakini Musa Qasımovun evinin yanına çatanda, həyətə bir mərmi düşdü. Musa Qasımovun oğlu Rüstəm Qasımov yerə yıxıldı. Məhərrəm yoldan çıxıb Rüstəmin yanına qaçdı. Rüstəmə çatmağa bir qədər qalmış, sol tərəfdə iri tut ağacının yanında daha bir mərmi partladı. Partlayışın dalğası Məhərrəmi kənara atdı. Məhərrəmin başı hasarın dirəyinə dəydi, huşunu itirib yerə yıxıldı. Rüstəmə köməyə tələsən Çərkəz kişi bunu görüb Məhərrəmin yanına qaçdı. O cəld Məhərrəmin bədənini yoxladı. İri tut ağacı onu qəlpələrdən qorumuşdu. Çərkəz kişi tez su gətirib Məhərrəmin üzünə çilədi. Məhərrəm ayıldı. Amma qulaqları tutulmuşdu. Məhərrəm ayağa qalxdı. Çərkəz kişi ilə köməkləşib Rüstəmi təhlükəsiz yerə apardılar.

Ağdam istiqamətində döyüşlər[redaktə | mənbəni redaktə et]

1994-cü ilin yanvar-fevral aylarında Ağdamın düşmən əlində olan kəndlərinin azad edilməsi yolunda, Milli Ordunun döyüşçüləri düşmənlə ölüm dirim mübarizəsinə qalxmışdılar.

Məhərrəm Abuşov(sağda), Sərdar Atayev(ortada) və Ziyad Mirzəyev(solda)

Məhərrəmin taqım komandiri vəzifəsini yerinə yetirdiyi batalyona Güllücə,İlxıçılar,SumaQərvənd kəndlərinin ermənilərdən təmizlənməsi əmri verilmişdi. Məhərrəmin taqımına Güllücə kəndinə hücum etmək tapşırığı verildi Təyin olunmuş vaxtda batalyona hərəkət əmri verildi. Dörd istiqamətdə hücuma keçildi. Məhərrəmin taqımı elə ilk həmlədə erməniləri xeyli geriyə çəkilməyə vadar etdi. Amma onları kənddən çıxarda bilmədilər. Düşmənlərin ön cəbhədə yerləşdirdikləri bir neçə hərbi maşın, onların irəli hərəkət etmələrinə imkan vermirdi. Taqımın dayanması Məhərrəmi narahat edirdi. O müxtəlif yollar düşünür, hücumu davam etdirmək üçün əlverişli planlar hazırlamağa çalışırdı. Taqımın ləngiməsi, əməliyyatın uğurla başa çatmasına mane ola bilərdi. Məhərrəm ani olaraq qərar qəbul etdi. Taqım döyüşçülərini iki hissəyə böldü. Köməkçisi Ziyad Mirzəyevə ermənilərin döyüş nöqtələrinə sol tərəfdən yaxınlaşmağı əmr edib, taqımın obiri üzvlərini birbaşa düşmənlərin üzərinə qaldırdı. Ermənilərin başları onlara qarışdığından, digər yandan yaxınlaşan dəstəni nəzərdən qaçırtdılar. Bir neçə dəqiqə davam edən döyüşdən sonra, Məhərrəmin taqımı erməni texnikalarını məhv edərək, düşmənin atəş nöqtələrini susdurdu. Az sonra ermənilər hücumlara tab gətirə bilməyib, Güllücə,İlxıçılarQərvənd kəndlərini tərk edib qaçmağa başladılar. Məhərrəmin taqımınaGüllücə kəndinin yaxınlığında döyüş mövqeyi tutmaq tapşırığı verildi. Məhərrəm döyüş texnikasını lazımi yerlərdə yerləşdirərək, müvəqqəti postlar qurdu. Kəndin yaxınlığındakı kiçik təpənin üstünə çıxıb, ətrafı gözdən keçirdi. Özü üçün lazımi qeydlər edib, təpədən enməyə başladı. Bu zaman ermənilər itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə, Məhərrəmin taqımının tutduğu mövqeləri artilleriya atəşinə tutmağa başladılar. Məhərrəm cəld mövqelərə tərəf qaçmağa başladı. Amma taqım döyüşçülərinin mövqe tutduqları səngərlərə çata bilmədi. Bir qədər aralıda partlayan mərminin zərbəsi onu kənara tulladı. Mərmilərdən biri onun qoluna sancıldı. Bir mərmi isə, sifətini cızıb keçdi. Bunlardan başqa zədə almadı. Amma qulaqları yenidən tutuldu. Beləliklə, o ikinci dəfə kontuziya aldı. Bütün bunlara baxmayaraq, döyüş meydanını tərk etmədi. Yenidən dəstənin önündə dayandı. Komandirlərinin bu hərəkəti əsgərləri daha da ruhlandırdı. Bu əməliyyatdan sonra, komandanlıq onu "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunması üçün vəsatət qaldırdı. Lakin onu təqdim edə bilmədilər. Ermənilər Füzuli-Horadiz istiqamətində qüvvə cəmləyir və hücuma keçməyə hazırlaşırdı. Təcili olaraq, o istiqamətdə döyüş mövqelərini möhkəmləndirmək lazım idi. 24 mart 1994-cü ildə taqım komandiri leytenant Abuşov Məhərrəm Qubad oğluna növbəti baş leytenant rütbəsi verildi. Az sonra onu bölük komandiri təyin etdilər.Horadiz istiqamətdə göndərilən dəstələrin içərisində baş leytenant Məhərrəm Abuşovun komandiri olduğu bölükdə var idi.

Şiştəpə uğrunda döyüşlər[redaktə | mənbəni redaktə et]

ŞiştəpəLələtəpə yüksəklikləri uğrunda qanlı döyüşlər davam edirdi. Ermənilər bu döyüşlərə yeni-yeni qüvvələr qoşur və yüksəklikləri ələ keçirmək üçün əllərindən gələni edirdilər.

Məhərrəm Abuşov(soldan 4-cü) əsgərləri ilə birlikdə

Bu yüksəkliklərin böyük strateji əhəmiyyəti var idi. Məhərrəmin bölüyü cəbhə xəttinə çatan kimi, onları Şiştəpə istiqamətində gedən döyüşlərə göndərdilər. Şiştəpəni qoruyan igid döyüşçülər düşmənin hərbir hücumuna rəşadətlə sinə gərir, ermənilərin irəliyə doğru hərəkətlərini qarşısını alırdılar. Məhərrəm tez bir zamanda döyüş mövqeyi ilə tanış oldu. Bir neçə kəşfiyyat xarakterli döyüşlərdən sonra, ermənilərin zəif yerlərini müşahidə edən Məhərrəm əks-hücum üçün plan hazırladı. Ermənilər əsasən kolluq və kiçik təpəlikdən ibarət olan sağ cinahdan güclü hücum olmayacağını fikirləşərək, bu istiqamətdə az qüvvə saxlayırdılar. Əsas diqqətlərini isə birbaşa hücuma yönəltmişdilər. Bunu nəzərə alan Məhərrəm gecənin qaranlığından istifadə edərək, sağ cinaha çoxlu canlı qüvvə toplamaq və səhər açılan kimi hücuma keçmək planı işləyib hazırlamışdı. Məhərrəmin planı digər komandirlər tərəfindən bütünlüklə bəyənildi. Cinahdan hücuma rəhbərlik Məhərrəmin özünə tapşırıldı. O əməliyyata hazırlaşmağa başladı. Dan yeri ağarmağa başlayırdı. Heçnədən xəbərsiz, ermənilər hücuma hazırlaşırdılar. Onlar bütün qüvvələrini birbaşa hücuma yönəltmişdilər. Ermənilərin mövqelərimizə tərəf açdıqları ilk atəşlə Məhərrəmin hücum əmri eyni vaxta düşdü. Qəfil hücumu gözləməyən ermənilərin bir hissəsi, hətta cavab atəşi belə açmağa macal tapmadan qaçmağa başladılar. Məhərrəmin hazırladığı müdhiş plan və bölüyünün düşmənlə apardığı döyüşün nəticəsi olaraq, ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur oldular. Məhərrəmin bölüyü düşməni xeyli geri atandan sonra, Şiştəpə ətrafında müdafiə mövqeyi tutub, bu barədə mərkəzə məlumat verdi. Horadiz qəsəbəsi istiqamətində vəziyyət gərginləşməkdə davam edirdi. Məhərrəmin burada göstərdiyi igidlikdən və planı üzrə idarə etdiyi döyüşdən xəbərdar olan komandanlıq, Məhərrəmin Horadiz istiqamətində gedən döyüşlərdə düşmən üzərində qələbə qazanmağa köməyi olacağını düşünərək, Məhərrəmi öz bölüyü ilə birlikdə Horadiz istiqamətində gedən döyüşlərə göndərdilər.

Vətənə son xidmət[redaktə | mənbəni redaktə et]

Horadiz qəsəbəsi ermənilərdən azad olunsa da, qəsəbənin təhlükəsizliyini təmin etmək çətinləşmişdi. Bölgəyə yeni-yeni qüvvələr göndərilir, nəyin bahasına olursa-olsunmüdafiə dairəsini genişləndirməyə çalışırdılar. Baş leytenant Məhərrəm Abuşovun bölüyü də bu əməliyyatlara qoşuldu. Ermənilərin hücumları ara vermirdi. Onlar hər tərəfdən Horadiz qəsəbəsinə güclü həmlələr edirdilər. Uzun sürən döyüşlərdən sonra ermənlər xeyli itki verərək geri çəkilməyə məcbur edildilər. Qəsəbənin təhlükəsizliyini təmin etmək məqsədilə, qəsəbə ətrafında müdafiə postları qurulmağa başlanıldı. Müdafiə zonaları bir neçə hissəyə bölündü. Bu hissələrdən biri isə baş leytenant Məhərrəm Abuşova tapşırıldı.

Bakıxanov Şəhidlər Xiyabanı

Məhərrəm tezbir zamanda postlarda güclü müdafiə sistemi təşkil etdi. Dağ yüksəkliklərində gözətçi məntəqələri qurdurdu. Ermənilər bir neçə uğursuz hücum cəhdlərindən sonra bir qədər sakitləşmişdilər. İndi onlar özlərinə xas olan çirkin əməllərə əl atırdılar. Onlar birbaşa hücumlardan əl çəkərək, gecələr ətraf əraziləri minalamağa və snayper silahlarından istifadə etməyə başlamışdılar. Məhərrəm vəziyyəti əsgərlərə başa salır, onlardan ayıq və ehtiyatlı olmalarını tələb edirdi. Ermənilər onun tapşırılmış sahəyə bir addım belə ata bilmirdilər. Hər hansı bir hərəkətləri layiqincə qarşılanır və cavab verilirdi. Bu hal bir neçə ay davam etdi. Atəşkəs əldə olundu. Atəşin kəsilməsinə baxmayaraq, ermənilər öz çirkin əməllərindən əl çəkmirdilər. Onlar tez-tez atəşkəsi pozur, mütəmadi olaraq mövqelərimizi uzaqvuran toplardan və snayper silahlarından atəşə tuturdular. Məhərrəmin bölüyü düşmənlərin bütün bu cəhdlərinin qarşısını məharətlə alırdı. 1994-cü il oktyabr ayının 2-si idi. Məhərrəmin bölüyünün müdafiə etdiyi zonada nümayəndələrin növbəti görüşü keçirilməli idi. Məhərrəm komandanlıqdan bütün zonanı yoxlayıb minadan təmizləmək əmri almışdı. Görüşün təhlükəsizliyini təmin etmək məqsədilə, Məhərrəm səhər tezdən müavini leytenant Ziyad Mirzəyevi də götürüb UAZ-69 markalı avtomobillə yoxlanışa çıxdı. Məhərrəmin fikri avtomobil yolunun kənarında qalsa da, yolun özünüdə nəzərdən qaçırmırdı. Birdən avtomobil yolunun tən ortasında şübhəli birşey hiss edib, avtomobili saxlatdlı. Leytenant Ziyad Mirzəyev və əsgərlərə avtomobildə qalmaqlarını əmr edib yerə endi. Diqqətli baxışlarla ətrafı gözdən keçirtdi. Yolun tən ortasında tələsik basdırılmış minanı görüb, əli ilə oranı avtomobildəkilərə göstərdi. Sonra sakit addımlarla minaya tərəf irəlilədi. Avtomobildən beş-altı addım aralanmışdı ki, qəfildən ayağının altında "çaqqıltı" səsi eşidib bir anlığa dayandı. Cəld aşağı baxdı. O, mina-tələyə düşmüşdü. Fikirləşməyə vaxt qalmamışdı. O ancaq avtomobildəkilərə "gizlənin"-deyə qışqıra bildi. İri bir qəlpə köksünə sancıldı. Partlayışın zərbəsi onu kənara atdı. Ziyad və əsgərlər ona tərəf qaçdılar. Məhərrəmi avtomobilə qoyub, sürətlə Horadiz qəsəbəsindəki hosbitala istiqamət aldılar. Hosbitala çatdıqda artıq gec idi. Məhərrəm çoxlu qan itirdiyindən şəhid olmuşdur. 1994-cü il oktyabrın 2-si Azərbaycanın daha bir igid oğlu Abuşov Məhərrəm Qubad oğlu xidməti vəzifəsini yerinə yetirərkən vətən yolunda şəhid olmuşdur. Göstərdiyi igidliyə görə ölümündən sonra yenidən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunması üçün vəsatət qaldırılır. Amma bilinmiyən səbəblərə görə təltif olunmur. Abuşov Məhərrəm Qubad oğlunun qəbri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında yerləşir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəli idi. İki övladı yadigar qalıb.

İrsi[redaktə | mənbəni redaktə et]

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki küçələrdən biri Məhərrəm Abuşovun adını daşıyır. Sabunçu rayonunun Balaxanı qəsəbəsində "Məhərrəm" adlı bulağı var.

Məhərrəm Abışov ölümündən sonra Azərbaycan Bayrağı ordeni ilə təltif edilməsinə vəsatət qaldırıldı.[mənbə göstərin]

Mənbə[redaktə | mənbəni redaktə et]