Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Məmməd Musa oğlu Adilov (18 noyabr 1953, Nuxa – 16 oktyabr 2011, Şəki) — ədəbiyyatşünas alim, AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru.
Məmməd Adilov | |
---|---|
Məmməd Musa oğlu Adilov | |
Fayl:Məmməd Adilov.jpg | |
Doğum tarixi | |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (57 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | Filologiya elmləri doktoru |
Elmi adı | direktor |
İş yeri | Azərbaycan MEA M.Füzuli adına Əlyazmalar İnstitutu |
Təhsili | BDU Şərqşünaslıq fakültəsi |
Mükafatları |
AMEA-nın Fəxri Fərmanı (2003) |
Məmməd Adilov 18 noyabr 1953-cü il tarixdə Nuxa şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin məzunudur (1976).
1976–1977-ci illərdə Şəki şəhərindəki orta peşə məktəbində müəllim, 1977–1982-ci illərdə Azərbaycan Radiosunda və "Bakı" qəzetində müxbir, 1981–1989-cu illərdə Azərbaycan Xarici Dillər İnstitutunda ikiillik ərəb dili kurslarında müəllim vəzifəsində işləyib.
1982–1984-cü illərdə ordu sıralarında tərcüməçi zabit kimi xidmət etdikdən sonra 1984-cü ildə Azərbaycan EA Əsaslı Kitabxanasında baş direktor[1], elə həmin ildən Azərbaycan EA Əlyazmalar İnstitutunda baş laborant, daha sonralar kiçik elmi işçi, elmi işçi, elmi katib, direktor müavini vəzifələrində çalışıb. Həmçinin, 1993–1996-cı illərdə Lənkəran Dövlət Universitetində, 1995–1998-ci illərdə isə Bakı İslam Universiteti Sumqayıt filialında müəllimlik etmişdir. 2003-cü ildə Azərbaycan MEA Əlyazmalar İnstitutunun direktoru vəzifəsinə seçilmişdir.
1986-cı ildə "Azərbaycan dilində ixtisar sözlər" mövzusunda namizədlik, 2004-cü ildə "Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
İkisi xarici ölkədə olmaqla 170-ə yaxın elmi əsəri nəşr olunub, 100-dən artıq kitabın nəşrə hazırlanmasında iştrak etmişdir.
İSESKO-nun Rabatda (1993) və Qahirədə (1996) keçirilmiş simpoziumlarında iştirak etmiş, həmçinin, Moskvada, İstanbulda, Tehranda, Vilnüsdə, Aşqabadda, Məkkədə, Konyada, Urmiyada, Qazanda, Türküstanda elmi ezamiyyətlərdə olmuşdur.
1999-cu ildə "Kitabi-Dədə Qorqud"un yazıya alınmasının 1300 illik yubileyini, 2003-cü ildə isə Xacə Nəsirəddin Tusinin 800 illik yubileyini keçirən dövlət komissiyalarının üzvü olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə ekspert şurasının üzvü və "Əlyazmalar xəzinəsində" jurnalının baş redaktoru idi.
2003-cü ildə AMEA-nın Fəxri Fərmanı ilə, 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Məmməd Adilov 16 oktyabr 2011-ci il tarixdə toy ziyafətində iştirak etmək üçün Şəki şəhərinə gəlmiş, toyda iştrak etmiş, lakin toydan getdikdən sonra həmin gecə, Şəki şəhərində qəflətən dünyasını dəyişmişdir.