Mərkəzi Afrika ekspedisiyası — 1898-ci ildə Seneqaldan başlayan Fransa hərbi ekspedisiyası. Ekspedisiyanın məqsədi Çad gölü hövzəsini fəth etmək və Qərbi Afrikadakı bütün Fransa ərazilərini birləşdirmək idi. Eyni zamanda, Furo-Lami ekspedisiyası bu regiona şimaldan, Gentil ekspedisiyası isə cənubdan hərəkət etmişdir.
Ekspedisiya 1898-ci ilin noyabrında Dakardan başlamışdır. Ekspedisiyanın marşrutu Fransa Sudanından keçirdi. Ekspedisiya 50 Seneqal tiralyeri, 20 spahi, 30 tərcüməçi, həmçinin 400 köməkçi heyət və 800 yükdaşıyandan ibarət idi. Ekspedisiyaya doqquz avropalı zabit rəhbərlik edirdi. Onlar kapitan Pol Vule, onun adyutantı Jülyen Şanuen, artilleriya leytenantı Pol-Jül Joallan, leytenant Lüi Peto, dəniz piyadalarının leytenantı Mark Palye, həmçinin daha başqa tibb işçisi və üç komandir idi. Ekspedisiya tüfəng, pulemyot və artilleriya ilə yaxşı silahlanmışdı.[1] Vule və Şanuen ekspedisiyadan iki il əvvəl Mosi krallıqlarının fəthində iştirak etmişdir və Afrikada döyüşmək təcrübəsinə sahib idilər.[2]
Ekspedisiya Pol Vulenin ideyası idi. O, müstəmləkələr üzrə nazir Andre Lebon ilə xarici işlər naziri Anoto Qabriel arasındakı ixtilaf, eləcə də Fransa siyasətçilərinin bütün diqqətinin Dreyfus işinə yönəlməsinə baxmayaraq, ekspedisiyanı təşkil edə bilmişdir. Adyutant Jülyen Şanuenin müdafiə naziri olan general Şarl Şanuenin oğlu olması bunda rol oynamışdır.[3] Vulenin qarşısına qoyduğu vəzifə Niger çayı ilə Çad gölü arasındakı ərazini tədqiq etmək və onu Fransanın himayəsi altına vermək idi. Müstəmləkə katibi Pol Vuleyə demişdir ki, o, "nə marşrutla bağlı, nə də yerli başçıların davranışı ilə bağlı heç bir göstəriş vermək niyyətində deyil".[4][5]
Ekspedisiya Nigerdəki Kulikoroya çatan zaman parçalanmışdır. Şanuen ekspedisiyanın əksəriyyətinə qurudan rəhbərlik etmiş və Vule qalan heyət ilə çay boyunca səyahət edərək Timbuktuya çatmışdır. Burada podpolkovnik Jan-Fransua Klobb onun əmrinə daha 70 Seneqal tiralyeri və 20 spahi vermişdir. Böyük miqyasda olan heyətini qida ilə təmin etməkdə çətinlik çəkən Şanuen yol boyu yerləşən kəndləri qarət etməyə başlamış və qaçmağa çalışan hər kəsə atəş açmağı əmr etmişdir. Bütün çətinliklərlə yanaşı, dizenteriya epidemiyası da baş qaldırmışdır. Odur ki, ekspedisiyanın ikinci ayının sonuna qədər 148 yükdaşıyan dizenteriyadan vəfat etmişdir.[5][6]
1899-cu ilin yanvarında Vule və Şanuenin qüvvələri Nigerin ən şərqindəki Fransa postu olan Sedə birləşmişdir. Bu nöqtədə ekspedisiyada təxminən 2 min adam var idi. Bu həcmdəki heyətə qida çatdırmaq mümkün deyildi və buna görə də Fransanın nəzarətində olan ərazidə olmasına baxmayaraq, Vulenin qoşunları soyunğuluq, qətliam və təcavüzə əl atmışdır.[5][6]
Döyüşmək qərarına gələn azsaylı yerlilərdən biri uzun müddət islamlaşan regionda yaşayan Əzna bütpərəst tayfasının başçısı sehrbaz-kraliça Sarrauniya idi. Ekspedisiyanın yolunu bağlamaq qərarına gələn Sarrauniya Vuleyə təhqirlərlə dolu təxribatçı məktub yazmışdır. Fransızlar çağırışı qəbul etmiş və 15 aprel 1899-cu ildə Sarrauniyanın qüvvələrini cəmləşdirdiyi Luqu və Tuqana kəndlərinə doğru yola düşmüşdür. Fransızlar güclü müqavimətlə qarşılaşmış, lakin nəticədə uğur qazanmış və Əzna tayfasını ərazidən qaçmağa məcbur etmişdir.[7]
1899-cu ilin yanvarında leytenant Peto Vuleyə baş verənlərdən artıq bezdiyini bildirmiş və ekspedisiyanı tərk etmişdir. Buna cavab olaraq, 29 yanvar 1899-cu ildə Vule onu "intizam və ruh yüksəkliyinə malik olmadığı üçün" vəzifəsindən azad etmişdir. Fevralın 15-də Peto Fransaya məktub göndərmiş və Vule ilə Şanuenin törətdiyi cinayətləri ətraflı təsvir etmişdir. Məktub müstəmləkə nazirinə çatmışdır və 20 aprel 1899-cu ildə Fransa Sudanının qubernatoru polkovnik Vimar Vule ilə Şanuenin həbs edilməsi haqqında əmr göndərmişdir. Əmri Timbuktu qubernatoru Klobb icra etməli və ardınca ekspedisiyanın başçılığına gəlməli idi. Klobb dərhal Timbuktunu tərk etmişdir və özü ilə 50 Seneqal tiralyerini götürmüş, leytenant Oktav Menyeni ikinci komandan təyin etmişdir. Yol boyu Klobb yerli əhalinin artan müqaviməti ilə qarşılaşmışdır. Bu vaxt Vole Birnin-Konni əhalisini qıraraq Fransanın müstəmləkəçilik tarixindəki ən böyük qırğınlardan birini törətmişdir.[8]
Klobb yandırılmış kəndlərdən və qırılmış insanlardan, asılmış qadınlardan və dirəkdə qızardılmış uşaqlardan təşkil olunmuş ekspedisiyanın izinə düşmüşdür. 10 iyul 1899-cu ildə təxminən 2,000 kilometr (1,200 mil) yol qət edərək Damanqaraya çatmış və burada yerli sakinlərdən Vule və onun adamlarının cəmi bir neçə saat irəlidə olduğu barədə məlumat almışdır. Klobb afrikalı serjantını yanında iki əsgər ilə birlikdə Vulenin yanına göndərmişdir və məlumat vermişdir ki, Vule dərhal təslim olmalı və Fransaya qayıtmalıdır. Vule cavab vermişdir ki, Klobbun 50 silahı varsa, onun da 600 silahı var və yaxınlaşdığı halda dərhal onları işə salacaq. Vule və Şanuen digər zabitlərə Klobbun məktubu barədə məlumat verməmiş və ertəsi gün onları yeni basqınlara göndərmişdir. İyulun 13-də sonuncu qətliam törədilmişdir. Kəndlilərdən birinin Vulenin əsgərlərindən ikisini öldürməsinə cavab olaraq o, 150 qadın və uşağı öldürmüşdür. Həmin axşam Vule Klobba ikinci məktub yazmış və ondan uzaq durmağı təkid etmişdir.[9]
Klobb digər zabitlərin və ya əsgərlərin bir zabiti öldürəcəyinə və ya onun öldürülməsinə icazə verəcəyinə inana bilmirdi. Özündən xəbərsiz Vule vəziyyəti digər zabitlərdən gizlətmiş və zabitlərdən yalnız Şanueni özü ilə götürərək Klobba tərəf hərəkət etmişdi. Ertəsi gün səhər Klobb əsgərləri ilə Dankoriyə, Vulenin yanına getmişdir. Zabitin yaxınlaşdığını görən Vule qoşunlarına dağılışmağı əmr etmiş və Klobba son xəbərdarlığı göndərmişdir, o isə buna məhəl qoymamışdır. Qoşunlarına heç bir halda atəş açmamağı əmr edən Klobb sinəsində "Fəxri legion" ordeni ilə təkbaşına Vulenin yanına getmişdir. Xəbərdarlıqlarını gücləndirmək üçün Vule iki əsgərinə havaya atəş açmağı əmr etmişdir. Klobb əsgərlərə vəzifələrini xatırladanda Vule silahı ona doğrultmuş və onlara atəş açmağı əmr etmişdir. Klobb adamlarına atəş açmamağı əmr etməyə davam edərkən yaralanmış və oradaca həlak olmuşdur, qoşunları isə ərazidən qaçmışdır.[10][11]
Axşam Vule zabitlərinə qarşıdurma barədə məlumat vermişdir və əlavə etmişdir: "Mən artıq fransız deyiləm, artıq Afrika lideriyəm. Sizinlə mən bir imperiya qura bilərəm". Zabitlər və əmrlərində olan əsgərlər bu baxış bucağına həvəs göstərməmişdir. İyulun 16-da bir xəbərçi Vuleyə qoşunların qiyam etməyə hazır olduğunu bildirmişdir. Vule və Şanuen əsgərləri bir yerə toplamış və qüvvənin önünəd məlumatı çox gec verdiyinə görə bir xəbərçini vurduqdan sonra Vule əsgərlərə zabitlərə tabe olmaq vəzifəsini xatırlatmağa, eyni zamanda onlara atəş açmağa başlamışdır. Seneqal tiralyerləri cavab atəşi açaraq Şanueni öldürmüşdür, lakin Vule qaranlığa doğru qaçmışdır.[8] Ertəsi günün səhəri Vule düşərgəyə qayıtmağa çalışdı, lakin keşikçi onu dayandırmışdır. Vule uğursuzca ona atəş açmışdır. Keşikçi cavab olaraq Vuleyə atəş açmış və öldürmüşdür.[12]
1899-cu ilin avqustunda Fransa hökuməti Vule və Şanuen tərəfindən törədilən qətliamları və Klobbun qətlini ictimaiyyətə açıqlamış, ardınca mətbuat həm ordunu, həm də Fransanın "Afrikadakı sivilizasiya missiyasını" tənqid etməyə başlamışdır.[12] Buna baxmayaraq, sonrakı uğurlar tənqidlərin intensivliyini azaltmışdır və 7 dekabr 1900-cü ildə Pol Vinye d'Okton Milli Assambleyaya vəziyyəti araşdırmaq üçün parlament komissiyası yaratmağı təklif etmiş, lakin hökumət bu təklifi "təhlükəli və məqsədsiz" adlandıraraq rədd etmişdir. Müstəmləkə Nazirliyinin tələbi ilə aparılan araşdırma 1 dekabr 1902-ci ildə bağlanmışdır. Vule və Şanuenin dəhşətli istidən dəli olduqları bildirilmişdir.[13]