Məryəm İmanova (25 yanvar 1998) — Azərbaycanlı stolüstü tennisçi.
Məryəm İmanova | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Məryəm Mehman qızı İmanova |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
İdman növü | Stolüstü tennis |
2014-cü ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin (GİN), Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) birgə təşkilatçılığı ilə "Olimpik Star" idman-əyləncə kompleksində yeniyetmə və gənclər arasında keçirilən stolüstü tennis üzrə Azərbaycan birinciliyində 1996–1998-ci il təvəllüdlülər arasında qarışıq-qoşa stolüstü tennis qaydalarına uyğun təşkil edilmiş yarışda Bakını təmsil edən Nurlan Həsənovla birinci yer olub. Həmçinin qızlar arasında keçirilmiş şəxsi yarışlarda da qalib olub. Həmçinin 1996–1998-ci il təvəllüdlü qızlar arasında keçirilmiş qoşa yarışlarda isə Şərmin Şirinova (Sumqayıt) ilə birinci yeri tutublar.[1]
2015-ci ilin yanvarında İran İslam Respublikasının paytaxtı Tehran şəhərində böyüklər arasında IV Fəcr Kuboku uğrunda yarışlar məşqçilər Niyaz Əzimov və Xəyalə Qiyasovanın rəhbərliyi ilə qızlar arasında qoşa yarışlarda Azərbaycan yığma komandasının üzvləri Rüfət Quliyeva ilə cütlük şəklində III yerə sahib olub, bürünc medal qazanıblar.[2]
2015-ci il fevralında Bakıda stolüstü tennis üzrə beynəlxalq "Top-16" turnirində qadın tennisçilərin yarışında Azərbaycanı təmsil edib.[3]
"Bakı-2015" I Avropa Oyunlarında stolüstü tennisçilərin fərdi yarışlarında iştirak edib.[4][5]
2017-ci ildə Azərbaycan yığmasının heyətində IV İslam Həmrəyliyi Oyunlarına qatıldı.[6][7] Komanda yarışlarında o, Jinq Ninq, Miao Vanq və Xinqtai Çen ilə birgə 2-ci yeri tutdu və İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
2019-cu ildə Qazaxıstanın Çimkənt şəhərində keçirilən Qazaxıstanın Milli Qəhrəmanı Akpan Batırın xatirəsinə həsr olunmuş stolüstü tennis üzrə beynəlxalq turnirdə Azərbaycan yığmasının heyətində qadınların komanda yarışlarında Nəzakət Qarayeva ilə gümüş medal qazanıb.[8][9]
2020-ci ilin yanvarında “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən stolüstü tennis üzrə Azərbaycan çempionatında qadınlar arasında şəxsi yarışlarda “Gömrükçü” İK-nın təmsilçisi olaraq birinci yeri tutub. Qoşa yarışlarda qadınlar arasında Nəzakət Qarayeva (“Təhsil” RİM) ilə cütlüklərin fəxri kürsününün ilk pilləsində qərarlaşıblar. Qarışıq qoşa yarışlarında Hilal Həsənovla (“Gömrükçü” İK) qalib olub. Komanda yarışlarında qadınların mübarizəsində Bakı–I (“Gömrükçü” İK- “Təhsil” RİM), çempion olublar. Yarışda Məryəm İmanova mütləq çempion elan edilib.[10]
2022-ci ilin mayında 28 May Müstəqillik Gününə həsr olunan stolüstü tennis üzrə ənənəvi "Top-8" turnirində iştirak edib. "Şüa" İdman Kompleksində keçirilən yarışa ölkə çempionatında ilk 8 yeri tutan idmançılar qatılıb.[11]
2022-ci ilin noyabrında stolüstü tennis üzrə Azərbaycan Kubokunda qadınların turnirində 1-ci, qadınların qoşa yarışında Aliyə Haşımova ilə birlikdə üçüncü, qarışıq qoşa yarışlarda Yusif Almazağazadə ilə birgə üçüncü olub.[12][13]
2023-cü ilin mayında "Şüa" İK-da Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan "Top-8" ölkə turnirində şəxsi xarakterli yarışda qadınlarda 1-ci yer olub. Turnirdə son ölkə kuboku yarışını ilk 8-likdə başa vuran idmançılar iştirak ediblər. Mükafatçılara ASTF-nin diplom və hədiyyələri təqdim olunub.[14]
2023-cü il oktyabrın 4-də GİN və ASTF-nin təşkilatçılığı ilə "Şüa İK"-da keçirilən stolüstü tennis üzrə Azərbaycan Çempionatında şəxsi yarışlarda qadınlar arasında ikinci, qoşa yarışlarda qadınlar arasında Billurə Eminova ilə üçüncü, qarışıq qoşa yarışlarında Əliverdi Şahgəldiyev ilə birinci olub.[15][16]