İdman (qəzet)

"İdman" qəzeti — Azərbaycanın idman mətbuatının ən böyük tarixə malik nəşri olan qəzet.[1]

İdman
Baş redaktor
Təsis tarixi 1932
Ölkə

"İdman" qəzeti 1932-ci ildə ilk dəfə "Azərbaycan bədən tərbiyəçisi" ("Fizkulturnik Azerbaydjana") adı ilə çap olunub.

Fəaliyyətinin ilk illərində həm Azərbaycan, həm də rus dillərində olmaqla 4 səhifədə nəşr olunub.

Qəzetin ilk baş redaktorlarından biri tanınmış yazıçı Aleksandr Kiknadze olmuşdur. İkinci dünya müharibəsi səbəbilə, 1941-ci ildə "İdman" qəzeti fəaliyyətini dayandırmış və əksər qəzet əməkdaşları əbhəyə yollanmışlar. Müharibə dövründə və ondan sonrakı illərdə qəzet redaksiyası dəfələrlə yerdəyişməyə məruz qaldığından "İdman" qəzetinin nümunə cildləri, eləcə də bir çox tarixi sənədləri yoxa çıxmış və ya məhv olmuşdur. Məhz bu səbəbdən qəzetin 1932-ci ilin hansı ayında nəşrə başladığını araşdırmaq mümkün olmamışdır.

İkinci dünya müharibəsi başa çatdıqdan sonra "İdman" qəzeti öz fəaliyyətini yalnız 1950-ci ildə bərpa edə bilmişdir. 1968-ci il yanvarın 1-dən qəzetin adı dəyişdirilərək, "İdman" qoyulmuşdur.

"İdman" qəzeti Azərbaycan idman jurnalistikasının tarixi hesab edilir. Belə ki, "İdman" qəzetilə dünya şöhrətli İnna Rıskal, Vera Lantratova, Anatoli Banişevski, Tofiq Bəhramov, Ələkbər Məmmədov, İbrahimpaşa Dadaşov və başqa tanınmış idmançılar əməkdaşlıq edib və daimi əlaqə saxlayıblar. "İdman"da sənət fəaliyyətinə başlamış jurnalistlərdən bir çoxu sonralar "Sovetski Sport", "Futbol – hokkey" və s. kimi qəzetlərdə məsul vəzifələrdə işləyiblər.

1941-ci ilədək qəzetin rus variantına rəhbərlik etmiş Aleksandr Kiknadze sonralar Moskvada "Sovetski Sport"un futbol şöbəsinin redaktoru olub. "İdman" qəzetinin müxbiri olmuş Yuli Segeneviç də sonralar "Sovetski Sport"da həmin vəzifəni daşıyıb. Vaxtilə "Kommunist", "Azərbaycan gəncləri" və digər tanınmış qəzetlərə rəhbərlik etmiş bir çox şəxslər jurnalistikada ilk addımlarını məhz "İdman"da atıblar.

Hazırda qəzetin yetirməsi olan jurnalistlər Azərbaycanın bir çox telekanallarında və dövrü mətbuatda çalışırlar.

Vaxtilə "İdman" qəzeti 120 min nüsxə ilə (90 min azərbaycanca, 30 min rusca) çap olunub. Hazırda 1500 – 2000 nüsxə ilə çap olunur. Hazırda qəzet həftədə bir dəfə 8 səhifə həcmində nəşr olunur.

Müxtəlif vaxtlarda qəzetə əməkdar jurnalistlər, mərhum Mirpaşa MiriyevAqşin Kazımzadə, mərhum jurnalistlər Oqtay Atayev, Arif Şəfizadə, eləcə də Əməkdar jurnalist Oqtay Bayramov, Vaqif Əfəndiyev, Toğrul Bağırov rəhbərlik ediblər.

2000-ci ildən qəzetin baş redaktoru Respublikanın Əməkdar jurnalisti Qabil Mehdiyevdir. Son illərdə qəzetin yaradıcı heyəti tərəfindən bədən tərbiyəsi və idman mövzusunda 6 kitab nəşr etdirilib. Bundan başqa qəzetin 32 səhifəlik rəngli aylıq idman əlavəsi də işıq üzü görür.

  1. "Azərbaycan mətbuatının inkişaf tarixi" (az.). anl.az. 8 iyul 2010. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-18.
  • Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. Bakı: Təhsil, 2006.
  • "Haqqımızda". www.azsport.az. İstifadə tarixi: 2023-10-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]