Bayraməlibəyova Məryəm Teymur bəy qızı — azərbaycanlı pedaqoq, Lənkəranda ilk qadın Xeyriyyə cəmiyyətinin təşkilatçısı, "Ünas" (qızlar) məktəbinin müdiri, 1919–1920-ci illərdə Lənkəran qızlar gimnaziyasının inspektoru, 1920–21-ci illərdə savadsızlığın ləğv olunması üzrə ilk qadın kurslarının təşkilatçılarından biri.[1]
Məryəm Bayraməlibəyova | |
---|---|
Məryəm Teymur bəy qızı Bayraməlibəyova | |
Doğum tarixi | 1898 |
Doğum yeri | |
Vəfat tarixi | 1987 |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC SSRİ |
Həyat yoldaşı | Cavad bəy Məlik-Yeqanov |
Uşaqları | Azəra,Taleyə, Asiman |
Atası | Teymur bəy Bayraməlibəyov |
Vikianbarda əlaqəli mediafayllar |
Məryəm Bayraməlibəyova 1898-ci ilin soyuq yanvar günlərinin birində Lənkəran şəhərində Azərbaycanın görkəmli xalq müəllimi Teymur bəy Bayraməlibəyovun maarif nurlu ocağında dünyaya göz açıb. Məryəm Teymur bəyin doqquz uşağından biri idi. Teymur bəy bütün çətinliklərə sinə gərərək bu uşaqları böyüdüb tərbiyə etmiş, onlara ali təhsil vermişdi. Teymur bəy maarifpərvər bir xalq müəllimi idi və Məryəm xanımın taleyində böyük rolu olmuşdur. Məryəm xanım atasının yolu ilə gedərək müəllimliyi ömrünün qayəsi etmişdi.[1]
Məryəm xanım ibtidai təhsilini "Nicat" xeyriyyə cəmiyyətinin hesabına 1905–1911-ci illərdə Bakıda, Hacı Zeynalabdin Tağıyevin qız məktəbində — I rus-tatar qızlar məktəbində almışdır. O, təhsilini davam etdirmək məqsədi ilə 1911-ci ildə "Müqəddəs Nina" qızlar məktəbinə daxil olmuş və 1917-ci ildə bu məktəbin 8-ci pedaqoji sinfini qızıl medalla bitirmişdir. Oxumağa böyük həvəs göstərən Məryəm xanım ali təhsil almaq üçün Moskvaya gedir və tibb institutuna qəbul edilir.[2]
Moskvada tibb institutuna daxil olan Bayraməlibəyovanın təhsil xərclərini Bakı milyonçusu — xeyriyyəçisi Murtuza Muxtarov öz üzərinə götürmüşdü. Oktyabr çevrilişi (1917) nəticəsində vəziyyətin dəyişməsi ilə əlaqədar vətənə dönmüş və müəllimlik fəaliyyətinə başlamışdır. Məryəm xanım bu haqda xatirələrində yazır:
“...Lakin Moskvada 2 aydan artıq qala bilmədim. İnqilabın başlanması ilə əlaqədar olaraq (1917-ci il fevral inqlabı) Bakıya qayıtdım”.[3] |
Bakıda qalmaq üçün hər cür imkanın olmasına baxmayaraq, Məryəm xanım Lənkərana gedir. 1921-ci ildə Bakıya köçür. 1922-ci ildə həbs olunmuş, Bakıdan kənara çıxmamaq barədə iltizam verdikdən sonra həbsdən azad olunmuşdur.[1]
1988-ci ildə vəfat etmişdir.
Qadınların təhsilinə böyük əhəmiyyət verən Məryəm xanım Bayraməlibəyova 1918-ci ilin əvvəllərindən atasının səyi ilə 1917-ci ildə Lənkəranda yaradılmış və hələ fəaliyyətə başlamamış "Ünas" (qızlar) məktəbinin müdiri kimi işə başlayır.
Məryəm xanım Bayraməlibəyova Lənkəranda 50 uşağın təhsil aldığı ilk müsəlman qız məktəbində dərs deməklə yanaşı, 1921-ci ilədək bu məktəbə rəhbərlik etmiş, dram və xor dərnəkləri təşkil etmişdi. Məryəm xanım həmçinin 1919–1920-ci illərdə Lənkəran qızlar gimnaziyasının inspektoru olmuş 1919-cu ildə Lənkəranda ilk qadın Xeyriyyə cəmiyyəti yaratmışdır.
Gənc müəllim qısa müddət ərzində ev-ev, qapı-qapı gəzib məktəbə 9–12 uşaq toplaya bilir və nəticədə, 1918-ci tədris ilində məktəb fəaliyyətə başlayır. Qısa müddət ərzində Lənkəranda 50 uşağın təhsil aldığı ilk müsəlman qız məktəbi Məryəm xanımın rəhbərliyi altında böyük uğur qazanır. Məktəbin şagirdi, Azərbaycanın ilk qadın opera müğənnisi Həqiqət Rzayeva yazırdı: "Məryəm xanım qızları məktəbə cəlb etmək üçün özü də çadrada gəzirdi. Biz təkcə yazmaq, oxumaq öyrənmirdik, eyni zamanda səhnəciklər hazırlayıb valideynlərimiz qarşısında çıxış edirdik. Toplanan vəsait kasıb qızların məktəbə cəlb olunması üçün sərf edilirdi"[4].
1920-ci ildə Məryəm xanım Bayraməlibəyovanın təsis etdiyi "Ünas" məktəbində fəaliyyətə başlayan dram dərnəyi "Dursunəli və Ballı badı" tamaşası idi. Burada hazırlanmış "Dursunəli və Ballı badı" tamaşasının iştirakçıları yalnız qızlar olub. Oğlan rollarını da qızlar oynayıb. Dursunəli rolunda Həqiqət Rzayeva çıxış edib. Sonrakı tamaşalarda o, dramatik rollar oynamaqla yanaşı, məlahətli və güclü səsi ilə tamaşaçılara xüsusi zövq bəxş edib.[1]
Aprel işğalından (1920) sonra pedaqoji fəaliyyətini davam etdirən Bayraməlibəyova 1920–21-ci illərdə savadsızlığın ləğv olunması üzrə ilk qadın kursları təşkil etmiş, bütün qəzada yeganə qadın müəllim kimi siyasi maarif işində fəal çalışmışdır. 1921-ci ildə ailəliklə Bakıya köçmüş, 1921–1923-cü illərdə Azərbaycan nümunəvi — təcrübə məktəbində türk qrupunun rəhbəri olmuşdur. 1922-ci ildə həbs olunmuş, Bakıdan kənara çıxmamaq barədə iltizam verdikdən sonra həbsdən azad olunmuş, pedaqoji fəaliyyətini davam etdirmişdir.[5] 1921-ci ildən 1924-cü ilədək o, ayrı-ayrı məktəblərdə, seminarlarda, texnikumlarda həmkarlar ittifaqı katibi işləyir.
Məryəm xanım Bayraməlibəyova 1925-ci ildə Bakıda Azərbaycan müəllimlərinin I qurultayının nümayəndəsi olmuşdur.
"Şərq qadını", "Maarif işçisi", "Yeni məktəb" və s. jurnallarda onun təlim-tərbiyə məsələlərinə dair məqalələri dərc edilirdi. Lakin həyatda bədxahlar, qara qüvvələr onun işıqlı yollarını zülmətə döndərirlər. Vaxtı ilə əri Cavad bəyin Azərbaycan Demokratik Cümhuriyyəti parlamentinin üzvü olduğu və "xalq düşməni" damğası ilə həbs və sürgün edildiyi üçün üç uşaq anası olan, respublikanın ümid verən gözəl ziyalı qadını Məryəm xanım Bayraməlibəyova da təqibə məruz qaldı. Sonra "xalq düşməni" adı ilə uzaq Arxangelskə sürgünə göndərildi. Burada ağır işlərdən, işgəncələrdən, ağlamaqdan kor oldu. Lakin onun bu vəziyyəti qəddar ürəkləri yumşaltmadı.
O, ikinci dəfə Qazaxıstana sürgün olundu. 1948-ci ildə cəza müddətini başa vurub Bakıya qayıtdı. 1956-cı ildə bəraət verilənədək Bakıda öz ailəsinin, uşaqlarının yanında yaşamağa qoymadılar. Beləcə Vətən üçün, xalq üçün yanan, onun tərəqqisinə çalışan bu mübariz qadın əzab və iztirablar içində yaşadı. Doxsan il ömür sürdü.[6]
Məryəm xanım Bayraməlibəyova müəllimlik sənətinə olan sevgisi, gənc nəslin təlim-tərbiyəsinə göstərdiyi qayğı, bu yolda fədakarcasına çalışması respublikamızın təhsil ocaqlarında fəaliyyət göstərən müəllimlərimizə bir örnək, bir nümunə olmalıdır.[6]
1923-cü ildə Məryəm xanım Cavad bəy Məlikyeqanovla ailə həyatı qurub. Məryəm xanım ona və ailəsinə qarşı törədilən haqsızlığa qarşı etiraz əlaməti olaraq 1937-ci ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri M. İ. Kalininə məktub yazmış və səbirsizliklə onun cavabını gözləmişdir. Lakin o, cavabı çox gözləməli olmamışdır. Cəmi bir neçə gündən sonra o, həbs edilərək Bayıl həbsxanasına salınmışdır. Həbs olunarkən 3 qızı olub. Sürgünlük həyatının birinci mərhələsi Arxangelskdə keçib. Burada xəstələnib, gözləri tutulub, müalicə üçün Moskvaya – məhbusların xəstəxanasına göndərilib. Oradan yenidən Qazaxıstana sürgün edilir. 1948-ci ildə azad edilərək Bakıya qayıdıb. Lakin hər iki gözündən kor olmasına baxmayaraq onu Bakıda yaşamağa qoymayıblar. 1956-cı ilə kimi Daşkəsəndə yaşayıb. Sonralar Bakıya köçmüş, övladlarına qovuşmuşdur. Məryəm xanımın 3 qızı taleyin çətinliklərinə baxmayaraq ali təhsil almış və müxtəlif peşələrə sahib olmuşlar.[6]