Mahmud Fərman oğlu Əhmədov (2 avqust 1989; Ağstafa rayonu, Azərbaycan — 3 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Mahmud Əhmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 avqust 1989 |
Doğum yeri | |
Vəfat tarixi | 3 noyabr 2020 (31 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2007-2020 |
Rütbəsi | Əsgər – MAHHXHQ |
Döyüşlər |
Aprel döyüşləri İkinci Qarabağ müharibəsi • Laçın döyüşləri |
Təltifləri |
Mahmud Əhmədov 1989-cu il avqustun 2-də Ağstafa rayonunda anadan olub. 1995–2001-ci illərdə Ağstafa rayon A. Abdullayev adına 2 nömrəli tam orta məktəbdə, 2001–2006-cı illərdə isə Ağstafa rayon Texniki-humanitar Təmayüllü Liseyində təhsil alıb. Ailəli idi. İki qızı yadigar qaldı.
Mahmud Əhmədov 2007-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2007–2009-cu illərdə Silahlı Qüvvələrin Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2009-cu ildə MAHHXHQ hazırlıq kursunu bitirərək Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissənində xidmətə başlayıb.
2013-cü ildə "Azərbaycan Ordusunun 95 illiyi" yubiley medalı ilə təltif edilib.
2016-cı ilin 2 – 4 aprelində cəbhə boyu baş verən Aprel döyüşlərində qəhrəmancasına iştirak edib.
2018-ci ildə 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilib.
Xidmətdə olduğu müddətdə nümunəvi hərbi xidmətinə, döyüş və ictimai-siyasi hazırlığında əldə etdiyi nailiyyətlərə görə müxtəlif fəxri fərmanlarla təltif edilib.
Azərbaycan Ordusunun əsgəri olan Mahmud Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsinə qoşulub. Müharibənin ilk günü Tərtər istiqamətində gedən döyüşlərdə tankı düşmən tərəfindən vurulub və yaralanıb. Oktyabrın 18-dək Bərdə rayon xəstəxanasında müalicə alıb. Müalicəsini yarımçıq qoyaraq yenidən döyüşlərə qatılıb. Noyabrın 3-də Laçın rayonu istiqamətində gedən şiddətli döyüşlərdə Mahmud Əhmədovun idarə etdiyi tank düşmən tərəfindən vurulub və o, şəhid olub. Ağstafa Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mahmud Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mahmud Əhmədov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]