"Laçının azad olunmasına görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir.
"Laçının azad olunmasına görə" medalı | |
---|---|
|
|
Ölkə | Azərbaycan |
Tip | medal |
Status | təqdim olunur |
Statistika | |
Təsis tarixi | 26 noyabr 2020 |
Təltif sayı | 5775 nəfər |
Ardıcıllıq | |
Yüksək mükafat | "Ağdamın azad olunmasına görə" medalı |
Aşağı mükafat | "Vətən müharibəsi iştirakçısı" medalı |
Vikianbarda əlaqəli mediafayllar |
2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş[1] və birinci oxunuşda təsdiqlənmişdir.[2]
Azərbaycan Respublikasının "Laçının azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.[3] Əsasnamədə deyilir:
Maddə 1. Təltif edilən şəxslər
- "Laçının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.
Maddə 2. Təltif edən orqan
- "Laçının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
- "Laçının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Ağdamın azad olunmasına görə" medalından sonra taxılır.
— medalın ƏSASNAMƏSİ[3]
Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.[4]
Maddə 1. Medalın ümumi təsviri
- "Laçının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.
Maddə 2. Medalın ön tərəfi
- 2.1. Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla konturlanmışdır.
- 2.2. Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuşdur. Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyunca "LAÇIN", aşağı qövs boyunca "1 DEKABR 2020" sözləri yazılmışdır.
- 2.3. "1 DEKABR 2020" sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuşdur. "LAÇIN" sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Daxili çevrənin içərisində, doğan günəş şüaları fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bayrağını aparan Azərbaycan əsgəri təsvir olunmuşdur.
- 2.4. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.
Maddə 3. Medalın arxa tərəfi
- 3.1. Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış lövhənin üzərində qövs boyunca "LAÇININ AZAD OLUNMASINA GÖRƏ" sözləri yazılmışdır. Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
- 3.2. Medalın arxa tərəfinin mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.
- 3.3. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.
Maddə 4. Medalın elementləri
- 4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
- 4.2. Xara lentin mərkəzində 10 mm enində qızılı rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol və sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli və 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
- 4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
— medalın TƏSVİRİ[4]