Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Mahmud ağa Əhməd ağa oğlu Məmmədzadə (1826, Şamaxı – 12 mart 1896, Şamaxı) — bütün Qafqazda tanınmış musiqi xadimi, sənəti, şeiri, musiqini sevən, əliaçıq, qonaqpərvər bir mesenat – incəsənət himayəçisi idi.
Mahmud ağa | |
---|---|
Mahmud ağa Əhməd ağa oğlu Məmmədzadə | |
Doğum tarixi | 1826 |
Doğum yeri | |
Vəfat tarixi | 12 mart 1896 |
Vəfat yeri |
O, musiqiçilərin qayğısına qalır, onlara maddi köməyini əsirgəmirdi. O dövrdə Qafqazın bütün məşhur xanəndə və tarzənləri Mahmud ağanın məclisində iştirak edirdilər. Şamaxı şəhərinin abadlaşdırılmasında onun müstəsna xidmətləri olmuşdur. Mahmud ağa görkəmli musiqişünas kimi tanınıb, mahir tar çalırmış, muğam bilicisi idi. O, həm də gözəl avazla pəsdən oxuyurmış. Bu dövrdə Şamaxıda Seyid Əzim Şirvaninin başçılıq etdiyi "Beytüs-Səfa" adlı ədəbi məclis də fəaliyyət göstərirdi. Mahmud ağa həmin məclisin üzvlərinə himayədarlıq edirdi. Seyid Əzim Şirvani ilə dostluq əlaqələri saxlayırdı. Özü də şeiri, musiqini çox sevirdi, gözəl tar çalır və muğamları pəsdən oxuyurdu. O, öz malikanəsində musiqili gecələr keçirmək üçün düzəltdirdiyi xüsusi salonda tez-tez xanəndələrin müsabiqəsini keçirir, birinci yerləri tutanlara qiymətli hədiyyələr və mükafatlar verirdi. Mahmud ağanın musiqi məclisinin sədası nəinki bütün Qafqazda, hətta onun sərhədlərindən çox-çox uzaqlarda belə yayılmışdı. XIX əsrin II yarısında Şamaxıya qonaq gələn bir çox səyyahlar Mahmud ağanın evinə düşürdilər. Fransız yazıçısı Aleksandr Dümanın, rus rəssamı knyaz Qaqarinin və b. bu haqda məlumatları maraq doğurur. Mahmud ağanın musiqi məclislərində yerli musiqiçilərlə birlikdə Tiflis, Qarabağ, İran musiqiçiləri də çıxış edirdilər. Hacı Hüsü, Məşədi İsi, Bülbülcan, Ərdəbilli Səttar, Sadıqcan, Cabbar Qaryağdı oğlu kimi dövrünün məşhur xanəndələri Mahmud ağanın qonağı olub, onun təşkil etdiyi musiqi məclislərində iştirak etmişlər. Bir çox tarixi sənədlərdən məlumdur ki, bu sənətkarlar içərisində Mahmud ağanın ən çox hörmət bəslədiyi və tez-tez Şamaxıya dəvət etdiyi xanəndə Hacı Hüsü və tarzən Sadıqcan olmuşdur. Mahmud ağa öz məclislərinə gənc musiqiçiləri də dəvət edib onlara klassik Şərq musiqisindən təlim verərmiş. Onun məclisi bütün Zaqafqaziyada musiqiçilər üçün bir növ sənətkarlıq məktəbi idi. Burada ifaçılıq təlimi alan və çalğısı bəyənilən hər bir musiqiçi təqdir olunardı. Şamaxıda yetişmiş Mirzə Məhəmmədhəsən, Mehdi, Məbud, Şükür, Davud Səfiyarov kimi xanəndələr, Məhəmmədqulu və Hümayi kimi tarzənlər Mahmud ağanın yetirmələri olmuşlar. O zaman Şamaxı musiqi məclisinin şöhrəti çox uzaqlara yayılmışdı. Azərbaycanın hər yerindən oxuyan, çalan, oynayan Şamaxıya gəlib Mahmud ağa qarşısında öz sənətini nümayiş etdirməyə can atardı. Təsadüfi deyildir ki, Mahmud ağanın adı və Şamaxı musiqi məclisi bu gün də xatırlanır və örnək kimi göstərilir. A. Düma Şamaxıda mesenat Mahmud ağa Əhməd ağa oğlunun qonağı olduğunu qeyd edir. Mahmud ağa Şamaxıda tez-tez muğam gecələri, yarışları keçirərmiş. Fransız A. Düma kimi, rus etnoqrafı və səyyahı İ. Yevlaxov, Peterburq Rəssamlıq Akademiyasının prezidenti, məşhur rus rəssamı, knyaz Q. Q. Qaqarin (1810–1893) də belə gecələrin qonağı olmuş, öz xoş təəssüratlarını xatirə və əsərlərində qələmə almışlar. Mahmud ağanın 1858-ci il noyabrın 24-də A. Dümanın şərəfinə təşkil etdiyi ziyafətdə rəqs edənləri (iki xanım və qız paltarı geymiş bir oğlan) 5 musiqiçi (tar, kamança, tütək, nağara və təbil ifaçıları) müşayiət edirdi. A. Düma qeyd edir: "Bazarda gəzərkən zəngin Şamaxı tatarı Mahmud bəydən dəvət aldıq: o, bizi fars şam yeməyinə və rəqqasələrlə gecəyə çağırdı. Şamaxı rəqqasələri nəinki Şirvanda, eyni zamanda bütün Qafqazda əvvəlki şöhrətini saxlamışdılar. … Bizə çoxdan iki xidməti eyni zamanda göstərən bu gözəl kahinələrdən bəhs etmişdilər". Knyaz Dondyukov deyirdi: "Şamaxı rəqqasələrini mütləq görün!" Baqration xatırladırdı: "Şamaxı rəqqasələrini mütləq görün!" Bakıda hamı bir nəfəsə təkrarlayırdı: "Şamaxı rəqqasələrini mütləq görün!" Rəqqasələr xanların hökmranlığının qalıqlarıdır. Onlar saray rəqqasələri idi. Təəssüf ki, həm parslardan həm də rəqqasələrdən yalnız üçü qalıb: iki qadın və bir oğlan". "Biz Mahmud bəyin evinə gəldik. Onun evi Dərbənddən Tiflisə qədər gördüyüm heyranedici fars evlərindən biri idi. (Düma romanında "azərbaycanlılar" termini bəzi yerlərdə "farslar" adlandırır). … Biz şərq zövqündə bəzədilmiş zala daxil olduq. Sadə, eyni zamanda zəngin bəzəkləri qələmlə ifadə etmək çətindir. Bütün qonaqlar qızılı güllərlə bəzədilmiş tül üzlü atlas yastıqların üstündə oturmuşdur. Yastıqüzü ən əlvan rənglərə qəribə zəriflik verirdi. Zalın axırında böyük pəncərə uzunluğunda üç rəqqasə və beş musiqiçi oturmuşdur. Təbii ki, belə ənənəvi rəqsi xüsusi musiqi müşayiət etməli idi". "Musiqi çalındı. Orkestr iki yerə bölünmüş böyük yumurtaya bənzər və dəmir ayaqlarda dayanan barabandan, bizim dəfə bənzər qavaldan, qədim fleytaya bənzər alətdən, metal simli, lələklə çalınan mandolinalar və nəhayət dəmir ayaqda, sol əldə hərəkət edən kupu olan çonqurdan ibarət idi. Maraqlıdır ki, çonqur özü simlərlə yayın üzərindən aparır, əksinə yox. Bütün bunlar şiddətli, çox da melodik olmayan, ancaq olduqca orijinal səs çıxarırdı". "Şərq rəqsi hər yerdə eynidir. Mən onu Əlcəzairdə, Tunisdə, Tripolidə, Şamaxıda görmüşəm. O, hər yerdə bu ya digər dərəcədə ayaqları yerə vurmaqdan, müxtəlif dərəcədə ifadəli bel hərəkətlərindən ibarətdir. Nisədə (Mahmud bəyin gecəsində olan rəqqasələrdən biri) bu hərəkətlər mükəmməl idi". Şamaxıda poeziya və musiqinin inkişafında əvəzsiz xidmətləri olmuş xeyriyyəçi Mahmud ağa Əhməd ağa oğlu öz məclisində Aşıq Bilaldan bir saz havası çalıb-oxumağını xahiş edir. Bilalın məlahətli, zil və yanıqlı səsi məclisi başına götürür. Həmin havanın yeni olduğunu duyan məclis içtirakçıları ondan havanın adını soruşurlar. O isə "bu yaxınlarda bəstələdiyim "Mahmud ağa gəraylısı"dır – deyir… Xurşudbanu Natəvan Bakı və Şamaxı məclisləri ilə də mütəmadi surətdə əlaqə saxlayır və bu məclislərdə oxunan şairlərin yeni qəzəlləri ilə tanış olurdu. Tarixi sənədlər Xan qızının Bakıda və Şamaxıda səfərdə olarkən bu musiqi məclisləri ilə maraqlandığını göstərir. Belə sənədlərdən biri Ağalar bəy Əliverdiybəyovun əlyazmasıdır: "Qarabağın məşhur xanəndələri Hacı Hüsü və Məşədi İsi 1884-cü ildə Mahmud ağanın hüzuruna gəlib, aylarla orada qalmışlar. Mahmud ağa məşhur Şamaxı xanəndəsi Məhəmmədhəsənin musiqi müəllimi olub. O, yaz fəsillərində xanəndə və müsahibləri ilə "Qız köşkü" naraında öz yaylağına övdət edib gün keçirərmiş. İbrahim xanın nəvəsi Xurşudbanu bəyim Natəvan Qarabağdan Bakı şəhərinə səfər edərək, Mahmud ağanın ziyarətinə gəlməyi özünə vacib bilib, onun görüşünə gelib, bir neçə gün onunla müsahibədə bulunmuşdu". Ruqiyyə Rzayeva "Mirzə Fərəc haqqında xatirələrim" məqaləsində yazır: "Şamaxıda dövlətli və alicənab şəxs olan Mahmudağa Əhmədağa oğlu Məmmədzadənin təşkil etdiyi xüsusi musiqi məclisi yığıncağı da vardı. Bu məclisin əhəmiyyəti onda idi ki, o, xanəndə və sazəndələr üçün geniş yarış meydanına çevrilmişdi. Hər musiqiçi ora ayaq basa bilməzdi. Mahmud ağa muğamlara çox yaxşı bələd idi. Ona görə hər sənətkarın qiymətini düzgün verə bilirdi. Odur ki, onun musiqi məclisinə ancaq yüksək musiqi mədəniyyətinə malik olan bacarıqlı, bilici, istedadlı musiqiçilər gedərdilər. Mirzə Fərəc öz quvvəsinə və sənətkarlığına inandığı üçün bu dəvətnaməni qəbul edir. O, bu məclisdə oranın daimi üzvü olan məşhur xanəndə Mirzə Məhəmməd Həsənlə birlikdə çıxış edir. Tarzənin özünün tərtib etdiyi proqramdan əlavə məclisdə olan mötəbər qonaqların arzuladığı musiqini, muğamları çalmalı idi. Mirzə Fərəc bu imtahandan qürurla çıxır. Mahmud ağa onun ifasına yüksək qiymə t verir. Bir neçə gün qonaq saxlayıb sonra hörmətlə yola salır". Seyid Əzim Şirvani yazırdı:
İki bəy düşmədi rüşvət təməinə əsla, Biri Məmməd Əli bəydir, biri də Mahmud ağa. Qaldığı vurdu işin, gözləmədı şərmü həya, Getdilər xəlqin hamı başına yüz dərdü bəla, Unudub Allahi bunlar hamı tüğyan elədi.
Mahmud ağa Məmmədzadə dövrünün əksər şairləri tərəfindən vəsf olunub.