Malik Mirzəyev

Malik Hüseyn oğlu Mirzəyev (d. 25 dekabr, 1936-cı il, Laçın rayonu, Sadınlar) — dosent[1], coğrafiya elmləri namizədi[2].

Malik Mirzəyev
azərb. Malik Hüseyn oğlu Mirzəyev
Doğum tarixi (87 yaş)
Doğum yeri Laçın rayonu, Sadınlar
Vətəndaşlığı Azərbaycan Azərbaycan SSR
Elm sahəsi coğrafiya
Elmi dərəcəsi coğrafiya elmləri namizədi
Elmi adı dosent
İş yeri Azərbaycan Müəllimlər İnstitutu
Təhsili

Malik Mİrzəyev 25 dekabr 1936-cı ildə Laçın rayonunun Sadınlar kəndində ziyalı ailəsində anadan olub[3]. Atası Hüseyn Mirzə oğlu Gəncədə və Tiflisdə mükəmməl təhsil almışdır. Malik Mirzəyev Laçın şəhər orta məktəbini bitirmiş, 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsinə daxil olmuş, 1961-ci ildə fiziki-coğrafiya ixtisası üzrə məzun olmuşdur.

1961-1963-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Eroziya bölməsində kiçik elmi işçi işləmiş, 1963-1966-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Coğrafiya institutunun əyani aspiranturasını bitirmişdir.

1967-ci ildə “Qarabağ vulkanik yaylasının landşaftı və təbii rayonları” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Malik Mirzəyev 1967-1976-cı illərdə Pedaqoji Universitetdə müəllim, baş müəllim, dosent, 1976-1986-cı illərdə ETPEİ-də baş elmi işçi, 1986-cı ildən ömrünün sonuna qədər Azərbaycan Müəllimlər İnstitutunda dosent vəzifəsində çalışmışdır. Onun 300-ə qədər elmi-bədii publisistik məaqlələri, kiçik hekayələri, ona qədər kitabı, dərslikləri və metodik vəsaitləri çap olunmuşdur.

Məktəblərdə onun müəllifi olduğu “Təbiətşünaslıq” (II, IV, V siniflər) və “Coğrafiya” (VI sinif) dərsliklərindən istifadə olunur. “Doğma yurdu gəzə-gəzə” (1990), “Atmosfer, insan və ətraf mühit” (1975), “Dağlar sərvət xəzinəsidir” (1994), “Kiçik Qafqazın təbiəti və landşaft qurşaqları” (1995), monoqrafiyaları, coğrafiyaya aid test, proqram və planlaşdırmalar da onun qələminin məhsuludur. Onun ssenarisi əsasında çəkilmiş “Azərbaycanın faydalı qazıntıları” adlı rəngli tədris filmi məktəblilərin istifadəsindədir. Malik Mirzəyev coğrafiya elminin müxtəlif problemləri barəsində Bakı, Ankara, Moskva, İrəvan, Səmərqənd, Həştərxan, Kursk, İrkutski və başqa şəhərlərdə təşkil olunmuş elmi kondranslarda və simpoziumlarda çıxış etmiş, uzun müddət Azərbaycan Dövlət Televiziyasında “Təbiət” verilişinin aparıcısı olmuşdur. Türk dünyasını başdan-başa gəzmiş, araşdırmalar aparmış və nəticədə “Türk dünyası” adlı (“Müəllim” nəşriyyatı, Bakı-2004) kitab yazmışdır.

Malik Mirzəyev elmini və elmi pedaqoji fəaliyyətini Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda, vətənpərvərlik tərbiyyəsi, bu istiqamətdə də xalqın birliyə çağrılması, müəllimlərin ixtisasının artırılması və yenidən hazırlanması kimi müqəddəs bir vəzifəyə həsr etmişdir. Türk dünyasının tarixi-coğrafiyası və bugünkü durumu haqqında fundamaental tədqiqat əsərləri çap etdirmişdir.

Malik Mirzəyev akademik M.Mehdizadə mükafatına layiq görülmüşdür.

O, gözəl ailə başçısı olaraq, layiqli övladlar böyütmüşdür. Ömür-gün yoldaşı Aliyə xanım Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda baş elmi işçi işləmiş, hal-hazırda təqaüddədir, nəvələrinin təlim-tərbiyəsi ilə məşğuldur.

Uzun illər keçəcək, onun dərslikləri, elmi əsərləri, vətəndaşfəaliyyəti unudulmayacaq və Malik Mirzəyev onu tanıyanların, doğmalarının, tələbələrinin, dostlarının xatirəsində əbədi yaşayacaqdır.

  • “Atmosfer, insan və ətraf mühit” (1975)
  • “Dağlar sərvət xəzinəsidir” (1994)
  • “Kiçik Qafqazın təbiəti və landşaft qurşaqları” (1995)
  • “Türk dünyası”, “Müəllim” nəşriyyatı, Bakı-2004
  • “Dağlardan axan sular kimi”, “Müəllim” nəşriyyatı, Bakı-2004.
  • “Doğma yurdu gəzə-gəzə” (1990)
  • “Təbiətşünaslıq” (II, IV, V siniflər)
  • “Coğrafiya” (VI sinif)
  1. ""Topoqraf İbrahim ağa Vəkilov" kitabı, səh.7" (PDF). 2012-10-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-12-25.
  2. "Laçın rayonu: Görkəmli şəxslər haqqında məlumat". 2013-06-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-25.
  3. Malik Mirzəyev lacin.info saytı[ölü keçid]