Mandarin (port. mandarim – nazir, məmur, sanskr. mantrin – məsləhətçi) — portuqalların Çin imperiyasında, daha sonradan həm də Koreya və Vyetnamdakı məmurlara verdiyi ad. Ad ("nazir" mənasını verən mandarim) portuqal dili vasitəsilə sanskritdən (mandari – rəhbər, komandir) gəlib və müvafiq olaraq Çin dilindəki quan (官) sözünə uyğundur. Məşhur yanlış düşüncənin əksinə olaraq bu söz yalnız Mançjur sülaləsinin məmurlarını nəzərdə tutmurdu. Çində 1300 il ərzində sərt təhsil senzi mövcud olmuşdur. Mandarin təyin olunmaq üçün ağır imtahan prosedurundan keçmək tələb olunurdu.
Çin imperiyasında dövlət xidməti Çjou sülaləsindən bəri mövcud idi, lakin o dövrdə ən yüksək hökumət postlarını əsasən monarxın yaxınları və ya zadəganların nümayəndələri tuturdu.
605-ci ildə Suy sülaləsi dövründə doqquz rütbəli sistemin Ketszüy sistemi ilə əvəzlənməsindən sonra mandarinlər təbəqəsinin meydana çıxması üçün zəmin yarandı və artıq Tan sülaləsi dövründə tamamilə formalaşdı. Mandarinlər Çində şenşi adlandırılan dövlət qulluqçuları təbəqəsinin yaradıcısı və özəyi oldular. Mandarinlər sonra qəza şəhərlərinə öz iqamətgahlarına – yamenlərə xidmətə göndərilirdilər.
Tzin sülaləsinin süqutundan sonra mandarinlərin əvəzinə müasir dövlət qulluqçuları meydana çıxdı.
Tzin sülaləsi (1644-1912) dövründə hər biri 2 alt dərəcəyə malik olan 9 dərəcəyə bölünən hərbi və dövlət qulluqçuları var idi. Mülki təyinatlar Yasaq şəhərdəki ali katibdən (ən yüksək) ən aşağı dərəcə olan prefektura vergiyığanı, həbsxana gözətçisinin köməkçisi, polis komissarının müavini və vergi mütəxəssisinədək dəyişirdi. Hərbi təyinatlar isə feldmarşaldan və ya imperator mühafizəsinin kamergerindən üçüncü sinif çavuşa, onbaşıya və ya birinci və ya ikinci sinif sıravi əsgərədək dəyişirdi.[1]
Tzin sülaləsi dövründə əyalət qubernatorları papaqlarının üstündə yaqut daş olan sancaq taxırdılar. Aşağı rütbəli məmurlar yaqut əvəzinə mərcan, sapfir, lazurit, ağ yəşim, qızıl və gümüşdən istifadə edirdilər.[2]