Maqnitski aktı (ing. Magnitsky Act) — 2012-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş qanun, insan hüquqlarının pozulmasında günahkar olan şəxslərə tətbiq edilir.[1] Sənəd Hermitage Capital Fondunun hüquqşünası Sergey Maqnitski Moskva təcridxanasında istintaq zamanı öldükdən sonra qəbul edilib.[1] Hazırda Amerikanın siyahısına 18 nəfər daxildir.[1] ABŞ Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş siyahiya daxil edilən Rusiya və MDB dövlətlərindən olan 18 şəxsə qarşı maliyyə və viza qadağaları tətbiq edilib.[1]
Sergey Maqnitski 2009-cu ildə Moskvanın istintaq təcridxanasında vəfat edib.[2] Həbsindən əvvəl hüquqşünas çoxmilyardlıq büdcə vəsaitlərinin mənimsənilməsini araşdırıb.[2] Hüquqşünasın təmsil etdiyi Hermitage Capital bildirib ki, Sergey Maqnitski oğurluqda suçladığı şəxslər tərəfindən şərlənərək məhbəsə atılmışdır.[2]
Siyahıdakı ilkin 16 adam bilavasitə Hermitage Capital şirkətinin hüquqşünası Sergey Maqnitskinin ölümünə aidiyyətda şübhəli bilinən şəxslərdir.[2] Siyahıda olanlardan biri — Artyom Kuznetsov 1975-ci ildə Bakıda anadan olub.[3]
2013-cü il 12 apreldə rəsmi Moskva "Maqnitski siyahısı"na cavab olaraq 18 ABŞ vətəndaşının Rusiyaya girişini yasaqlayıb.[2]