Mara Buneva (1902 – 14 yanvar 1928, Skopye) ― makedoniya bolqarı olan inqilabçı,[1][2] Daxili Makedoniya inqilabi təşkilatının üzvü. O, keçmiş Serb çetnik komandiri və Yuqoslaviyanın Skopye vilayətinin məmuru olan Velimir Preliçi qətlə yetirmiş, özünü isə silahla sinəsindən vuraraq intihar etmiş və bir neçə saat sonra xəstəxanada ölmüşdür.
Mara Buneva | |
---|---|
Doğum tarixi | 1902 |
Vəfat tarixi | 14 yanvar 1928 |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Buneva bu gün əsasən Bolqarıstanda[3] qəhrəman, Şimali Makedoniyada isə mübahisəli bir bulqarofil kimi qəbul edilir.[4][5] Onun ölümü hər il Skopye, Vardarda özünü güllələdiyi yerdə anılır.
Buneva 1902-ci ildə o dövrdə Osmanlı imperiyasının Kosovo vilayətinin (indiki Şimali Makedoniya) ərazisi olan Tetovo şəhərində anadan olub. Onun ailəsi əslən Setole kəndindəndir.[6] Balkan müharibələrindən (1912–1913) sonra Serbiyanın Cənubi Serbiya adlı vilayətinə çevrilən Vardar Makedoniyası 1915–1918-ci illərdə Bolqarıstanın işğalı altında idi. Bu dövrdə Bunevanın atası Nikola Bunev Tetovonun meri idi və Buneva Skopye qızlar liseyində oxuyurdu.
Buneva 1919-cu ildə Bolqarıstana köçdü. O burada Sofiya Universitetində təhsil aldı və bir Bolqarıstan zabiti ilə evləndi.[7] O, 1926-cı ildə boşanmış və Buneva Bolqarıstan zabiti olan qardaşı Borisin təsiri ilə Daxili Makedoniya inqilabi təşkilatına (DMİT) qoşulmuşdur. Buneva daha sonra DMİT-nin rəhbəri İvan Mixaylovun birbaşa göstərişi ilə gələcək terror aktlarını həyata keçirmək üçün Sofiyada təlim keçib. O, 1927-ci ildə Yuqoslaviyaya qayıtmış və sui-qəsd missiyası ilə Skopyedə mağaza açmışdır.[8]
Buneva burada Skopye vilayətinin serb qubernatorunun hüquq müşaviri Velimir Preliçlə tanış ola bilib. Preliç Makedoniya Gənclərinin Gizli İnqilab Təşkilatının üzvləri olan yerli gənc tələbələrin həbsində mühüm rol oynamış şəxs idi.[9] Təşkilat 1927-ci ilin mayında hakimiyyət tərəfindən aşkar edilmiş və rəhbərləri həbs edilmişdi. Skopyedə onların 20-nə qarşı keçirilmiş məhkəmə prosesində onların əksəriyyəti dekabrda uzunmüddətli həbs cəzasına məhkum edilmişdi.[10] Nəticə olaraq, DMİT Preliçin edam edilməsini əmr etmişdi.[11] 1928-ci il yanvarın 13-də təyin olunmuş vaxtda Buneva nahara gedərkən Periçin qarşısını kəsmiş, onu güllələmiş, daha sonra isə özü intihar etmişdir.[12] Ertəsi gün Serbiya polisi Bunevanın cəsədini naməlum yerdə basdırıb.[13] Preliç isə bir neçə gün sonra xəstəxanada dünyasını dəyişib və Skopyedə dəfn edilib.[14]
Onun hərəkəti Bolqarıstan və Avropada, həmçinin Amerikadakı Makedoniya bolqarı mühacirlər arasında əks-səda verib. Makedoniya Vətənpərvər Təşkilatının xanımlar üçün nəzərdə tutulmuş ilk köməkçi şöbəsi 1928-ci ildə Torontoda yaradılmışdır və Mara Bunevanın adını daşıyır.[15] Bolqarıstanda Buneva Makedoniyanın azadlığı uğrunda həyatını itirmiş şəhid kimi qəbul edilir. Bu gün Sofiya və Blaqoyevqradda küçələr onun adını daşıyır. Bolqarıstan Antarktika İnstitutu tərəfindən Antarktidadakı bir nöqtə onun şərəfinə "Buneva nöqtəsi" adlandırılıb.[16] İkinci Dünya müharibəsi zamanı Bolqarıstan Vardar Makedoniyasını ilhaq etmiş və Mara Bunevanın öldüyü yerə xatirə lövhəsi vurulmuşdur.[17] Lakin bu abidə sonradan Yuqoslaviyadakı kommunist höküməti tərəfindən dağıdılıb.
2000-ci illərin əvvəlindən etibarən, demək olar ki, hər il onun öldüyü gündə Şimali Makedoniya və Bolqarıstandan olan bolqarlar qeyri-qanuni yollarla[18] onun şərəfinə yeni xatirə lövhələri quraşdırırlar.[19] Bununla belə, bu plitələr tez bir zamanda çıxarılır və ya məhv edilir.[18] 2007-ci ilin yanvarında bu tədbirlər Skopyedə münaqişə ilə başa çatmışdır.[20] Makedoniyanın keçmiş baş naziri Lyubço Georgievski iddia edir ki, Bunevaya qarşı olmaq tarixdən kifayət qədər məlumatlı olmamaq və serb şovinizmini müdafiə etmək deməkdir.[21] Bolqarıstan rəsmilərinin sözlərinə görə, Skopyedə təkrarlanan insidentlər orada davam edən anti-bolqar kampaniyasının bir hissəsidir.[22]
Bunevanın xatirəsi Skopyenin rəsmi orqanları tərəfindən yad edilməmişdir.[23] Bununla belə, 2010-cu illərdə Makeniyanın bəzi millətçi birlikləri Bunevanı etnik makedon qəhrəman elan edərək, onun bolqarlar tərəfindən mənimsənildiyini iddia etmişdir.[24] Onlar tərəfindən hətta 2015-ci ildə Bunevanın vəfat etdiyi yerə makedon dilində xatirə lövhəsi də qoyulmuşdur.[25] Tarixin bu cür ifadəsi tarixi keçmişin yanlış təfsirinin nümunələrindən biridir.[26] 2011-ci ildə Skopyedə açılmış Makedoniya Mübarizə Muzeyində Bunevanın mum fiquru qoyulmuşdur. Makedoniyalı tarixçilərin fikrincə, onun kimi mübahisəli bir şəxsiyyətlərin mum fiqurunun yerləşdirilməsi muzey ziyarətçiləri arasında sadəcə çaşqınlıq yaradır.[27] 16 yanvar 2024-cü ildə Skopyedəki Bolqarıstan Mədəniyyət və İnformasiya Mərkəzində onun haqqında "Qisasçı" (2023) adlı film nümayiş etdirilib.[3]