Mariya Vasilyevna Trubnikova (rus. Мари́я Васи́льевна Тру́бникова; 6 (18) yanvar 1835, Çita, Zabaykal vilayəti[d], Rusiya imperiyası – 28 aprel (10 may) 1897, Tambov, Tambov quberniyası, Rusiya imperiyası[1] və ya Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası) — Rus yazıçısı, qadın təhsilinin görkəmli müdafiəçisi, sürgün edilmiş dekabrist Vasili İvaşev[2] və Kamil Le Dantunun qızı.[3]
Mariya Trubnikova | |
---|---|
rus. Мари́я Васи́льевна Тру́бникова | |
Doğum tarixi | 6 (18) yanvar 1835 |
Doğum yeri |
|
Vəfat tarixi | 28 aprel (10 may) 1897 (62 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Uşağı | |
Fəaliyyəti | yazıçı |
İstiqamət | feminizm |
Vikianbarda əlaqəli mediafayllar |
Mariya Vasilyevna Trubnikova 6 yanvar 1835-ci ildə atası dekabrist Vasili İvaşovun sürgün edildiyi Çitada anadan olub.[4] 1841-ci ildə valideynlərinin ölümündən sonra sürgün yerini tərk etmək üçün əlahəzrət imperator I Nikolaya müraciət edir. I Nikolaydan icazəni aldıqdan sonra Mariya Vasilyevna nənəsi, bacısı Vera və qardaşı Pyotrun müşayiəti ilə Simbirsk quberniyasının Arxangelskoye-Repyevka kəndinə köçüb..[4][5] Orada uşaqları atalarının bacısı Yekaterina Petrovna (knyaginya Xovanskaya) Vasilyev (atasının adı ilə) soyadı ilə böyüdüb.[6] 1856-cı il fərmanı ilə soyadı və zadəganlığı dekabrist İvaşevin ailəsinə qaytarıldı.
Mariya Vasilyevna dövrün tələblərinə uyğun ev şəraitində yaxşı təhsil alıb. O, bir neçə xarici dil bilirdi.
1854-cü ildə Mariya Vasilyevna “Birjevıye vedomosti”nin naşir-redaktoru K.V.Trubnikovla nigaha daxil olub. Ailə qurduqdan sonra o, Sankt-Peterburqa köçür.[7]
K.V.Trubnikovla nigahda onun dörd qızı olur. Bu qızlardan Mariya Vurubova, Vera Çerkesova və Olqa Bulanova-Trubnikova da anaları kimi aktiv ictimai fəaliyyətlə məşğul olublar. Vera Çerkesova və Olqa Bulanova-Trubnikova yazıçı kimi də tanınıblar.[3]
Mariya Trubnikova Sankt-Peterburqda aktiv ictimai fəaliyyətlə məşğul olmağa başlayır. Onun burdakı evinin salonu liberalların və radikalların görüş yerinə çevrilir. Nadejda Stasova ilə yaxın dostlaşaraq, 1860-cı ildə "Ucuz Mənzillər Cəmiyyəti"ni qurub. 1862-ci ildə isə Mariya Vasilyevna dövrün qadın hərəkatının görkəmli nümayəndələrinin daxil olduğu Tərcüməçilər Cəmiyyətinin təsisçilərindən biri olub. Cəmiyyət rus qadınlarına yalnız zehni əməklə dolanmaq imkanı verməklə yanaşı, Rusiyada qadınlar üçün ali təhsil sistemi yaratmaq vəzifəsini də qarşısına qoymuşdu. Trubnikova və Stasova elm adamlarını və böyük ədəbiyyat xadimlərini bu işə cəlb etməyə nail olmuşdular.
1861-ci ildə Avropaya səfərindən sonra Trubnikova Cenni d'Herikurt ilə yazışmağa başladı. D'Herikurt, ona məşhur Avropa feministləri - Jozefina Batler və Mariya Gegg ilə əlaqələr qurmağa kömək etdi. O vaxtdan başlayaraq Trubnikova Fransa, İngiltərə, İsveçrə və Şimali Amerikada qadın hərəkatının görkəmli simaları ilə əlaqələr qurub və bu münasibətləri daima inkişaf etdirib. Mariya Vasilyevna məktublarında onlara Rusiyada qadınların vəziyyəti haqqında ətraflı məlumat verirdi. “Now a day” kimi bəzi xarici nəşrlərdə daima yazılarla çıxış edirdi. Con Stüart Mill ona məşhur məktubunu 1868-ci ildə rus qadınlarına müraciətini - ing. "The Subjection of Women" göndərib.[3]
Mariya Trubnikova 28 aprel (10 may) 1897-ci ildə Tambovda vəfat edib. O, Sankt-Peterburqdakı Novodeviçi qəbiristanlığında dəfn olunub.
Mariya Trubnikova əri tərəfindən nəşr olunan "Səhmdarlar üçün jurnal" (1858) və "Birjevye Vedomosti" (1863-1869) ilə əməkdaşlıq edib. Jurnallarda o, ədəbiyyat, tərcümələr və biblioqrafiya şöbəsinə rəhbərlik edirdi. Trubnikova həmçinin digər dövrü nəşrlər ilə də aktiv əməkdaşlıq edir, onlarda məqalələr, hekayələr çap edir, onların səhifələrində aktiv müzakirələrə qoşulurdu. Məsələn, "Sankt-Peterburq Qəzeti"ndə (1869) N.S.Leskov ilə qadın məsələsi ilə bağlı polemikası ictimaiyyət arasında geniş müzakirələrə səbəb olmuşdu. "Avropa bülleteni" (1871-1884) qəzetində bir sıra tərcümələri, "Yeni zaman” (1876) qəzetində xarici publisistikanın icmalları və bədii əsərlərin tərcümələri nəşr olunub. E.Lvovanın “Seçilmiş xarici romanların tərcümələri” məcmusu ilə də fəal əməkdaşlıq edib.[3]
Mariya Trubnikovanın özünün redaktorluğu ilə təbiətşünaslığa, tarixə, jurnalistikaya və uşaq ədəbiyyatına dair bir sıra əsərlər tərcümə edilərək nəşr olunub.[3]