I Nikolay (Rusiya imperatoru)

I Nikolay Pavloviç (rus. Николай I Павлович; 25 iyun (6 iyul) 1796[1][2], Böyük Qatçina sarayı, Sankt-Peterburq quberniyası[d]18 fevral (2 mart) 1855[1][2], Qış sarayı[3]) — Romanovlar sülaləsindən olan Rusiya çarı.

I Nikolay
rus. Никола́й I Па́влович
Şəxsi məlumatlar
Doğum adı Николай Павлович Романов
Doğum tarixi 25 iyun (6 iyul) 1796[1][2]
Doğum yeri
Vəfat tarixi 18 fevral (2 mart) 1855[1][2] (58 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Dəfn yeri
Atası I Pavel[1]
Anası Mariya Feodorovna[1]
Uşaqları
Hərbi xidmət
Qoşun növü Mühəndis Qoşunları[d], süvari, Qvardiya
Döyüşlər

Monoqram Monoqramın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Avstriya imperatorunun xahişi ilə I Nikolay rus qoşunlarının Macarıstanda baş verən inqilabi çıxışların yatırılmasında iştirakına göstəriş vermiş, macar inqilabı boğulduqdan sonra inqilabi çıxışlarda iştirak edənlərin bir qismi Türkiyədə sığınacaq tapmışdılar.

Yaranmış şəraitdə Rusiyanın əlinə Qara dəniz boğazlarına müdaxilə etmək üçün fürsət düşmüşdü və III Napoleon bundan istifadə edərək Müqəddəs İttifaqın parçalanması üçün müxtəlif üsullara əl atdı. I Nikolay Türkiyədən inadla macar inqilabçılarının geri qaytarılmasını tələb edir, sultan isə bundan qəti olaraq imtina edirdi. Məhz bu zəmində "Şərq məsələsi"yenidən kəskinləşməyə başladı ki, bu da müharibəyə gətirib çıxardı.

Şərq məsələsinin qızışdırılmasında iki dövlət xüsusilə maraqlı idi: Fransa və Rusiya.

  • Fransa onu iflic vəziyyətinə salmış Müqəddəs İttifaqın dağıdılmasına çalışırdı.
  • I Nikolay isə Qara dəniz boğazında Rusiyanın ağalığına nail olunmasını istəyirdi.

Avropa dövlətlərindən İngiltərə Qara dəniz boğazlarında qüdrətli Rusiyadansa, zəif Türkiyənin olmasına üstünlük verirdi. Avstriya isə şərq böhranından Balkanlarda möhkəmlənmək üçün bir vasitə kimi istifidə etməyə çalışırdı.

I Nikolay Müqəddəs İttifaqın meydana gəlməsindən sonra Avropada əminamanlığı qorumaq adı altında rus qoşunlarının bir neçə dəfə Avropada görünməsinə nail olmuşdu və Rusiyaya "Avropanın jandarmı" adını qazandırmışdı.

Artıq XIX əsrin ortaları üçün I Nikolayda belə bir fikir yaranmışdı ki, Türkiyə "xəstə adam" timsalıdadır və tezliklə "öləcəkdir". Buna görə də, Türkiyə imperiyasının ərazisini bölüşdürmək və Qara dəniz planını reallaşdırmaq olar. Halbuki bu dövrdə beynəlxalq şərait kəskin şəkildə Rusiyanın əleyhinə idi.

Avropa dövlətlərinin hamısı Rusiyanın cahangirliyindən bezmişdi və ona qarşı çıxış etmək üçün fürsət axtarırdı. Belə fürsəti isə rəqiblərinə I Nikolay özü verdi. 1853-cü il yanvarın 9-da ingilis diplomatik korpusu Çar sarayında olarkən I Nikolay İngiltərənin Rusiyadakı səfiri Seymur Hamiltona yaxınlaşaraq Türkiyənin gələcəyinə İngiltərənin münasibətinin necə olacağı fikrini öyrənmək istədiyini bildirdi. Səfir Rusiyanın mövqeyini İngiltərə hökumətinə çatdırmağa söz verdi. Bir aydan sonra, fevralın 9-da İngiltərənin stats-katibi Con Rosselin imzası ilə Rusiyanın mövqeyinə İngiltərənin kəskin mənfi münsibətini bildirən cavab gəldi. Fransa və Avstriya da analoji mövqe nümayiş etdirdilər.

Artıq bu dövr üçün Rusiyanın xarici işlər naziri Nesselrod I Nikolayı inandırmışdı ki, Türkiyə Avropa dövlətlərinin gözündən düşmüşdür. Rusiyanın Fransadakı səfiri Kiselyov, İngiltərədəki səfiri Brunnov və Avstryadakı səfiri Meyndorf I Nikolayı arxayınlaşdırmışdılar ki, Rusiya Türkiyəyə müdaxilə edəcəyi təqdirdə Avropa diplomatiyasının dəstəyini qazanacaqdır. Çar elə hesab edirdi ki, 1848–1849-cu il inqilabından sonra Avstriya Rusiyaya müttəfiq olmaq üçün onun tərəfindən çıxış edəcəkdir. Fransa isə 1852-ci il dövlət çevrilişindən sonra özünə gəlməyib, buna görə də Avropada hamı Rusiyanın tərəfində duracaq. Çar bununla olduqca ciddi siyasi səhvə yol verirdi. Çünki Fransa keçmiş müttəfiqlərin arasını vurmaq üçün belə fürsəti çoxdan gözləyirdi.

Xaricdəki rus diplomatlarından yalnız Aleksandr Qorçakov əvvəlcə Vyanadan, sonra isə Alman knyazlarından I Nikolayın adına göndərdiyi təqdimatda göstərirdi ki, Avropadakı beynəlxalq şərait Rusiyanın əleyhinə çevrilmişdir. Avstriya Rusiyanın hegemonluğundan çıxmaq üçün fürsət axtarır. III Napoleon isə "Avropa konsertini" dağıtmaq üçün bəhanə gəzir. Təsadüfi deyildi ki, Fransa Avropa dövlətlərindən ilkini kimi, 1853-cü ildə hələ 1740-cı ildə imzalanmış Fransa-Türkiyə müqaviləsinin şərtlərini bərpa etməyə müvəffəq olmuşdu.

Müqavilənin şərtlərinə görə, Fransa Yaxın Şərqin katolik xristianları üzərində Türkiyədən qəyyumluq hüququ alırdı. Bundan xəbər tutan I Nikolay türk sultanına etirazını bildirərək analoji hüququn 1829-cu il Ədirnə sülhü ilə Türkiyənin pravoslav xristianlarına aid olduğunu bildirmişdi. Fransanın həqiqi məqsədlərindən bəhs edən Xarici İşlər Naziri Druyen de Lyus sonralar qeyd edirdi ki, "Müqəddəs yerlər" məsələsinin Fransa üçün heç bir əhəmiyyəti yoxdur. Bu qədər hay-küy salmış "Şərq məsələsi" III Napoleona ona görə lazım idi ki, o artıq yarım əsrə yaxın Fransanı iflic vəziyyətinə salmış "Konstantinopol İttifaqı" (Müqəddəs İttifaq) dağıda bilsin. Yalnız bu yolla İngiltərə, Avstriya və Prussiyanı Rusiyadan ayırmaq mümkün idi. I Nikolayın belə mövqeyi üzündən 1853-cü ilin əvvəllərindən etibarən Rusiya-Türkiyə münasibətləri kəskinləşməyə başladı. Rusiyanın aparıcı Avropa dövətləri ilə münasibətləri də yaxşı vəziyyətdə deyildi. Fransız diplomatiyasının qəsdən təhriki ilə sultan Əbdülməcid Rusiyaya münasibətdə daha az barışdırıcı mövqe tutmağa başlamışdı.

Məhz belə vəziyyətdə I Nikolayın əmri ilə Hərbi Dəniz Naziri knyaz A. J. Menşikov Rusiyanın Türkiyədə fövqaladə səlahiyyətli səfiri təyin edildi. A. Menşikov 1853-cü il martın 10-da Osmanlı dövlətinin xarici işlər naziri Rüfət paşaya Rusiyanın aşağıdakı məzmunda notasını təqdim etdi:

  • Rusiyanın Türkiyədəki pravoslav kilsəsi və pravoslav əhalisi üzərində qəyyumluq hüququ təsdiq edilsin.
  • Bu hüqüq fərmanla yox, sultan sənədi ilə (divani-humayun) təsdiq olunmalıdır. Çünki fərman yerli xarakter daşıyır, sultan sənədi isə beynəlxalq hüquqi qüvvəyə malik olurdu.

O dövrki mətbuat yazır ki, əgər Türkiyə həmin fərmanı qəbul edərsə, onda I Nikolay Türkiyənin ikinci sultanı olar. Bu türk-rus münasibətlərinin pisləşməsində əsas rol oynadı.

1853-cü ilin aprelində İngiltərə hökuməti Rusiyaya qarşı barışmaz mövqeyi ilə məşhur olan Stratford Kanninqi (Lord Redklif) İstanbula səfir təyin etdi. Kanninq rus səfiri ilə ilk görüşündən sonra müəyyənləşdirdi ki, Menşikovun baçlıca məqsədi Türkiyə ilə müharibəyə nail olmaqdır və çox ustalıqla iki işi reallaşdırdı:

  • Türkiyənin Xarici İşlər Naziri Rüfət paşanın Rəşid paşa ilə əvəz olunmasına nail oldu. Rüfət paşa ruspərəst mövqeyə malik idi, Rəşid paşa isə Rusiyaya düşmən münasibət bəsləyən şəxslərdən idi.
  • Rusiya ilə Türkiyə arasında diplomatik münasibətlərin qırılmasına nail olmaq, bu isə müharibə demək idi.

Məlum olduğu kimi, çar knyaz Menşikova verdiyi məxfi göstərişdə notanın qəbul edilməyəcəyi təqdirdə Türkiyə ilə diplomatik münasibətləri kəsməsi səlahiyyətini vermişdi. Mayın ortalarına qədər davam edən diplomatik mübarizə Türkiyənin notanı rədd etməsi ilə nəticələndi. Yaranmış şəraitdə Menşikov mayın 21-də Türkiyə ilə diplomatik münasibətləri kəsdi və Odessaya qayıtdı.

Rusiyanın xarici nümayəndəliklərinin susduğu dövrdə Vyanadakı səfir A. Qorçakov sonuncu dəfə Rusiyanı Türkiyə ilə müharibəyə getməkdən çəkindirmək üçün xarici işlər naziri Nessellroda təqdimatı göndərdi. Lakin buna əhəmiyyət verilmədi. Çünki heç kəs çarın arzusunda olduğu müharibənin əleyhinə getməyə cəhd etmirdi. Müharibə dövründə Rusiyada Avropada təcrid vəziyyətinə düşmüşdü. Bu da çox tezliklə Rusiyanı böyük fəlakət qarşısında qoydu. Ingiltərədəki rus səfiri Brunnov Türkiyə tərəfindən nota rədd edildikdən sonra yenə XİN-ə müraciət edərək İngiltərə və Fransanın hadisələrə müdaxilə etməyəcəyini Nesselrodun və I Nikolayın diqqətinə çatdırmışdı. Bundan sonra I Nikolay bildirdi ki, qanuni tələbləri yerinə yetirilməyənədək Dünayboyu knyazlıqları işğal edib girov götürür və iyunun 21-də general M. Qorçakovun komandanlığı altinda 80 minlik rus ordusu Prut çayını keçərək Moldava və Valaxiyanı işğal etdi.

Lakin I Nikolayın arzuları ürəyində qaldı. Belə ki, hələ mart ayında III Napoleon knyaz Menşikovun İstanbul səfərindən xəbər tutduqdan sonra Tulon limanında dayanmış fransız donanmasına İstanbul boğazına hərəkət etmək əmri verildi. Analoji addım İngiltərə tərəfindən də atıldı və ingilis donanması Qara dəniz boğazlarına yeridildi. Yalnız Avstriya və Prussiya vahid mövqeyə gələ bilmirdilər. Amma Rusiyanın məğlub olması nəticəsində heç nə qazanmayacaqlarından ehtiyatlanırdılar.

Türkiyə İngiltərə və Fransanın mövqelərindən arxayınlaşdığı üçün nə quru qoşunlarında, nə də dəniz qüvvələrində ciddi hazırlıq görmədi. Uzun sürən diplomatik mübarizədən sonra 1853-cü il oktyabrn 16-da ingilis səfiri Stratford və fransız səfiri Lakurun təhriki ilə Türkiyə Rusiyaya müharibə elan etdi. Noyabrın 2-də I Nikolayın Türkiyə ilə müharibə haqqında manifesti elan olundu. Müharibə başladıqdan az sonra noyabrın 18-də rus admiralı Naximovun başçılığı altında 8 gəmidən ibarət rus donanması Sinop buxtasında dayanmış 16 gəmi və çoxlu sursata malik türk donanmasını darmadağın etdi, komandan Osman paşanı əsir götürdü. Sinop məğlubiyyəti Avropada sensasiya yaratdı. Müasirləri deyirdilər ki, türk donanmasının məğlub edilməsindən sonra Avropada Rusiyaya qarşı müharibədən daha populyar heç nə tapmaq olmazdı.

Sinop epizodundan sonra ingilis və fransız donanması Qara dəniz boğazlarına daxil oldu və 1854-cü ilin yanvarında admirallar bildirdilər ki, Qara dənizə daxil olmaqda əsas məqsədləri Türkiyənin sahil məntəqələrini rusların qəfil hücumundan qorumaqdır. Çətin vəziyyətə düşmüş I Nikolay Fransa və İngiltərədəki səfirlərindən generalların bəyanatının Rusiyaya aid olub-olmamasını öyrənməyi tələb etdi. Məlum oldu ki, generalların bəyanatı ancaq Türkiyə ilə bağlıdır və çarın əmri ilə Londondakı rus səfiri Brunnov İngiltərə ilə diplomatik münasibətləri kəsərək geri qayıtdı. Anoloji addım Parisdəki rus səfiri Kiselyov tərəfindən də atıldı.

1854-cü il yanvarın 29-da Fransanın hökumət orqanı olan "Monityer" qəzetində III Napoleonun I Nikolaya açıq məktubu dərc olundu. İlk dəfə idi ki, bir monarx digər monarxa mətbuat vasitəsilə açıq müraciət edirdi. Müraciətdə Sinop döyüşünün təkcə Türkiyənin yox, İngiltərə və Fransanın da ləyaqətini təhqir etdiyi göstərilirdi. Ancaq müraciətdə Türkiyə ətrafında baş verənlərin daha çox İngiltərə ilə bağlı olması öz əksini tapmışdı.

Bununla belə, III Napoleon tələb edirdi ki, nə qədər Rusiya Avropa ilə üz-üzə qalmayıb rus donanması Qara dənizdən çıxarılmalı, Türkiyəyə qeyd-şərt irəli sürülmədən danışıqlar başlamalıdır. III Napoleonun bəyanatına I Nikolayın Rusiya XİN-nin mətbuat orqanı olan "Jurnal De Sen-Peterburq"da cavab məktubu dərc olundu. Jurnalda dərc edilməklə yanaşı, I Nikolay cavab məktubunu rəsmi sənəd kimi Fransanın Rusiyadakı səfirinə də təqdim etdi. Məktubda Sinop döyüşünün günahı I Nikolay tərəfindən həm Türkiyə, həm də İngiltərə və Fransa üzərinə qoyulurdu. Burada göstərilirdi ki, İngiltərə və Fransa diplomatiyasının təhriki ilə Türkiyə-Rusiya münasibətləri müharibə həddinə çatmışdır. Hər iki hökmdar məktubun sonuna "Siz əlahəzrətin yaxın dostu" kimi imza qoymuşdular.

  1. 1 2 3 4 5 6 Николай I (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1897. Т. XXI. С. 119–124.
  2. 1 2 3 4 W. A. P. Nicholas I. (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 19.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #118588079 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]