Azərbaycanda arid-seyrək meşələrin qalıqlarına Bozqır yaylaları (Açınohur öndağı), Həkəri və Araz çaylarının aşağı axını yamaclarında (Laçın, Qubadlı, Zəngilan rayonlarında), Naxçıvan MR-də, Ellər Oyuğu dağında, qismən Böyük Qafqazın şimali-şərq yamacında (Gilgilçay, Ataçay, Tıxçay hövzələrində), Şəmkirçayın aşağı axın dik yamaclarında və Qobustanda rast gəlinir. Məlum olduğu kimi, respublikamızın arid meşələr yayılan dağətəyi zonasında qədim dövrlərdən bəri əhali əkinçilik və maldarlıqla rintensiv məşğul olmuşdur. Bununla əlaqədar ilkin (bakirə) arid tipli meşə örtüyü burada kökündən antropogen dəyişikliyə uğramış, mövcud bitki formasiyaları əsasən törəmə bozqır, kserofil tiplidi
Arid meşələrinin əsas komponentləri çoxmeyvəli ardıc (Yuniperus polycarpos), kəsginiyli ardıc (Y.foetidissima), saqqızağac (Pistasia mutica), iberiya ağcaqayını (Acer ibericum), badam (Amygdalus nairika, A.Fenzliana), iydəyarpaq armud (Pyrus salicidolia), qafqaz dağdağanı (Celtis Caucasica), Zəngilan rayonunda araz palıdı (Quercus Araxina), Ellər Oyuğunda eldar şamı (Pinus eldarica) sayılır. Kserofit kollardan qaratikan (Paliurus spina christi), acılıq (Ephedra), doqquzdon (Lonicera), topulqa (Spiraea), dovşanalması (Cotoneaster), pallas murdarçası (Rhamus Pallasiana), sarağan (Cotinus) bitir. Arid meşələrinin deqradasiya prosesi yerin relyefindən, süxurlardan və antropogen təsirin intensivliyindən asılı olaraq müxtəlif istiqamətlərdə gedir. İnsan fəaliyyətinin güclü təsir göstərdiyi arid meşə sahələrinin yox edilməsi qaratikan,topulqa və s. kserofit kollardan ibarət müxtəlif şiblək tiplərinin və yovşan yarımsəhrasının yaranmasına səbəb olur.
Bozdağ ərazisində süxurlar çox kövrək duzlu gillərdən ibarət olan sahələrdə arid meşələrinin yerində səhranı xatırladan özünəməxsus friqana qrupları yaranır. Belə sahələrdə adətən qaratikana, saqqızağaca, dağdağana və iydəyarpaq armuda rast gəlinmir. Ot örtüyü seyrək olub sahənin 5-10 faizini təşkil edir, əsasən yovşan, məryəm noxudu, süpürgəgülü, dəvətikanından ibarət olur. Kol bitkiləri tək-tək və qrupla yayılır, tərkibinə kəvər (Capparis), acılıq, çox nadir hallarda tək-tək ardıc və sarağan (Cotinus) daxil olur. Friqana qrupları çox dik güney yamaclarda və davamsız «axar» substratda yaranır. Belə şəraitdə uzun davam edən eroziya prosesi nəticəsində sahə get-gedə hamarlanır və müəyyən dövrdən sonra friqana tək-tək gəvən və qaratikan bitən yovşan yarımsəhrasına çevrilir. Bu proses ən çox Kür-Araz ovalığına keçid hissəsində müşahidə olunur. Kiçik Qafqazın[1] cənub-şərq yamacının dağətəyi zonasında (Həkəriçay hövzəsində) dəniz səthindən 300-600 m yüksəklikdə meşəsi yox edilmiş sahələrdə əsasən friqana, 600-800(1000)m yüksəklikdə isə kserofil tipli şiblək qrupları formalaşmışdır. Yamacın baxarından, dikliyindən və insanın təsir intensivliyindən asılı olaraq bu iki şiblək tipi bir-birilə qarışa bilər. Araz, Bəsit və Oxçuçayları hövzələrində şibləklərin fonunda tək-tək saqqızağac, dağdağan, iydəyarpaq armud və küləkdən qorunmuş dərələrdə çinar da (Platanus orientalis) bitir. Cəbrayıl rayonunda İncəçay və Cələbilər çayı hövzəsində yovşan yarımsəhrası fonunda tək-tək saqqızağaca təsadüf edilir. Belə yarımsəhra 15-20 km enində qurşaq yaradaraq dəniz səthindən 600 m-dən yuxarı olan ərazidə kserofil şibləklərlə əvəz olunur. Belə şiblək tipi 600-800 (1000)m hündürlükdə xüsusi qurşaq əmələ gətirir. Kserofil şibləklərin fonunda saqqızağac, iydəyarpaq armud, ardıc və dağdağanın mövcudluğu şibləklərin arid meşələrinin yox edildikdən sonra əmələ gəlməsini və törəmə tipli bitki qrupu olmasını təsdiq edir.
Apardığımız elmi-tədqiqat işlərinin nəticəsi göstərir ki, vaxtilə, insan əməyinin təsirinə məruz qalmamışdan Bozqır yaylanın ərazisi onun bəzi yerində seyrək arid meşələrlə, bəzi yerində isə sıx meşələrlə örtülü olmuşdur. Bunu yayla ərazisinin müxtəlif yerlərində ağac və meşə qalıqları sübut edir. Burada meşə qalıqlarının bu və ya digər dərəcədə qalmasına təsir göstərən əsas amil relyef sayılmalıdır. Yaylanın cənubunda Türyançay və Qanıx çayları ətrafında sıx parçalanmış relyef şəraitində az-çox öz təbii halını saxlamış seyrək saqqız - ardıc meşələrinə rast gəlinir. Vaxtilə ardıc meşələri bu ərazidə geniş areala malik olmuş və antropogen amillərin təsiri nəticəsində sıradan çıxmışdır. İndi isə bu meşələrə kiçik massivlər şəklində keçilməz relyefli əlçatmaz dərə yamaclarında rast gəlmək olar.
Tədqiqat işləri göstərdi ki, vaxtilə yayla ərazisində (Oğuz, Qəbələ, İsmayıllı rayonları) dəniz səviyyəsindən 500-1000m yüksəklikdə quzey yamaclarda yayılan palıd (Quercus iberica) meşələri hazırda əkin və biçənək sahələrində tək-tək yaşı ötmüş möhtəşəm palıd ağacları şəklində qalmışdır. Palıd meşələrinin qalıqlarına ayrı-ayrı kiçik sahələrdə cavan ağaclar şəklində də rast gəlmək olar. Belə meşəliklər dəfələrlə balta və mal-qara ağzından çıxmışdır. Belə sahələrdə palıd ağacları kollaşır, bəzən isə sürünən şəkil alır. Ona digər az qiymətli ağac və kollardan dəmirqara (Carpinus orientalis), qaratikan, sumax (Rhus) və s. qarışmağa başlayır. Beləliklə, uzun müddət davam edən insan fəaliyyəti nəticəsində palıd meşələri törəmə tipli kolluqlarla və nəhayət, bozqırlarla əvəz olunur. Palıd meşəsi yox edilən sahələrdə qaratikan kolluqları daha geniş yayılmışdır. Belə sahələrdə tək-tək iydəyarpaq armud, saqqızağac və dağdağana rast gəlmək olar. Bunlar sonradan əmələ gələn törəmə ağac cinsləridir. Ümumiyyətlə, qaratikan kolluqlarını, hemikserofil və kserofil tipli şibləkləri insan fəaliyyətinin təsiri nəticəsində meşənin son deqradasiya mərhələsi hesab etmək olur. Bu kollar daşdayan (Antropogon) və dovşantopalı (Festuca ovina) bozqır otları ilə kompleks bitki örtüyü yaradır, lakin aralarında daim mübarizə gedir. Bozqır ot bitkiləri sıx və möhkəm kök sistemi yaradaraq ağac və kol cinslərinin əmələ gəlməsinə və inkişafına əngəl törədir. qaratikan isə özünün kölgəli çətri ilə ot bitkilərini sıxışdıraraq altında meşə mühiti yaradır və eyni zamanda torpağın bərpa olunmasına kömək edir. Mal-qara ağzı çatmayan yerlərdə (qaratikanın çətri altında) müxtəlif ağac və kol bitkilərinin cücərməsi üçün şərait yaranır. Sübut edilmişdir ki, ilkin qaratikanlıq ola bilməz. O, yalnız meşə yox edilən yerlərdə yaranır[2]. Ona görə də qaratikan kollarını keçmişdə həmin ərazidə meşə olmasını təsdiq edən dəlil saymaq mümkündür. Böyük Qafqazın cənub yamacında hemikserfil tipli şibləklərin xaraktrik massivləri onun şərq qurtaracağında – Pirsaatçay hövzəsində yayılmışdır. Burada dəniz səthindən 1000-1200m yüksəklikdə iberiya palıdı meşəsi yox edilmiş dik yamaclarda hemikserofil şibləklər qaratikan, ardıc, doqquzdon, iydəyarpaq armud, dovşanalmasından təşkil olunmuşdur. Bu kol növləri çox vaxt qarışıq halda bitir. Onlardan biri, əksər halda qaratikan qruplaşmada hakimlik edir. Kiçik Qafqazda qaratikan şibləkləri xüsusi bitki qurşağı yaradır, bu kolluqları iberiya palıdı meşələrinin antropogen deqradasiyasının son mərhələsi hesab etmək olar. Böyük Qafqazın cənub-şərq yamacında İsmayıllı və Şamaxı rayonlarının aşağı dağ-meşə qurşağında və Kiçik Qafqazın orta dağ qurşağında – Gədəbəy və Daşkəsən rayonlarında meşəsizləşdirilmiş ərazilərdə taxılotu – müxtəlifotlu, daşdayanlı, dovşan-topallı bozqırlar formalaşmışlar. Tədqiqatçıların əksəriyyəti – Şimali Qafqazda Y.V. Şivvers (1953). Cənubi Qafqazda – A.A. Qrossheym[3] (1948), A.A.Troisski (1934), Gürcüstanda – V.Z. Qulisaşvili (1964), Azərbaycanda Q.Ş. Məmmədov, M.Y. Xəlilov(2002)[4] mövcud bozqırların yaranmasını meşə örtüyünün yox edilməsilə izah edirlər. Cənubi Qafqazda, o cümlədən Azərbaycanda bozqırların meşə zonasında, yəni introzonal yayılması bunu bir daha təsdiq edir.