Mikayıl Azaflı

Aşıq Mikayıl Azaflı (doğum adı: Mikayıl Cabbar oğlu Zeynalov; 21 mart 1924, Traubenfeld, Qazax qəzası12 oktyabr 1990, Tovuz rayonu) — aşıq, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1989).

Aşıq Mikayıl Azaflı
Doğum adı Mikayıl Cabbar oğlu Zeynalov
Doğum tarixi
Doğum yeri Azaflı, Tovuz rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri Azaflı, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
Uşaqları Dilarə Azaflı
Gülarə Azaflı
Aşıq Hakim
Minayə Azaflı
Fəaliyyəti şair
Mükafatları "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 1989

Mikayıl Azaflı 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində anadan olub, burada yazıb-yaradıb, burada dünyasını dəyişib və doğma kəndində dəfn edilib.[1]

Mikayıl Azaflı böyük coşqunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad aşıq idi. Erkən yaşlarında "Coşğun" təxəllüsü ilə şeirlər yazan aşıq-şair az sonra öz doğma kəndinin adını təxəllüs götürüb.

Professor Məhərrəm Qasımlının haqlı olaraq göstərdiyi kimi, Azaflı aşıq poeziyasının bütün şəkillərində əsl sənət nümunələri yaradan, klassik aşıq ənənələrini layiqincə davam etdirən sənətkarlardandır. Onun yaratdığı "Azaflı dübeyti", "Azaflı gözəlləməsi", "Azaflı sənəti", "Azaflı dünyası", "Azaflı gəraylısı", "Azaflı himni", "Mikayılı", "Azaflı dağları", "Azaflı bəhri", "Məzahiri", "Azaflı müxəmməsi", "Şah sarayı" kimi saz havaları dillər əzbəri olmuşdur.[2]

Azaflının Ümumittifaq Musiqi Cəmiyyətinin Rəyasət Heyətinə üzv seçilməsi təsadüfi deyildi. Bu, Azaflı Mikayılın musiqi istedadına qiymət və ehtiram idi. Aşığın arxivində Cəmiyyətin sədrinin birinci müavini V. M. Sameylenkonun 12 noyabr 1987-ci il tarixli rəsmi məktubu var. Azaflı Cəmiyyətin birinci Plenumunda iştirak etmək üçün Moskvaya dəvət olunurdu. Azaflı Moskvaya dəfələrlə dəvət olunmuşdu və ilk dəfə Moskvada 1954-cü ildə festivalda iştirak edib, medallarla təltif olunub.

Aşıq Mikayıl Azaflı kommunizmə qarşı idi və bunu öz şeirlərində bildirirdi. Bu səbəbdən o, 1961-ci ildə oğurluq və evində silah saxlamaqda təqsirli bilinib dörd il azadlıqdan məhrum edilmişdi. Lakin oğurluq etməsi sübuta yetirilməmişdir. Həbsxana həyatı sənətkara bir universitetdə qazanılacaq qədər təcrübə qazandırmışdı. Onun zindan həyatını təsvir edən şeirləri aşıq hələ zindandaykən dillər əzbəri olmuşdu.

Azaflı poeziyası xalq arasında geniş yayılsa da, XX əsrin 80-ci illərin ortalarına qədər mətbuat üzünə həsrət qalmışdı. Bu vaxt artıq sovet quruluşunun dayaqları laxlamağa başlamışdı. Odur ki, 80-ci illərdə Azərbaycan Televiziyasında rəhbər vəzifədə işləyən yazıçı Nahid Hacıyevin köməyi sayəsində aşığın iştirakı ilə onun yaradıcılığına həsr olunmuş bir saatlıq veriliş efirə verildi. Veriliş böyük maraqla qarşılandı. Sonralar "Yazıçı" nəşriyyatı sənətkarın "Qoca qartal" (1987) adlı kitabını çap etdi. 1988-ci ildə Şərifzadə adına Aktyor evində Azaflının özünün iştirakı ilə məclis keçirildi və geniş şəkildə televiziya vasitəsilə nümayiş etdirildi. Azaflının anadan olmasının 70 illiyi isə sənətkar dünyasını dəyişəndən sonra, təntənəli şəkildə 1994-cü ildə Filarmoniyada, 75 illiyi Yazıçılar Birliyində, 2004-cü ildə aşığın 80 illiyi Mədəniyyət Nazirliyinin xətti ilə Dövlət Musiqili Komediya Teatrında qeyd olundu.

1984-cü ilin mart ayında aşıqların IV qurultayında sənətkara böyük ehtiram göstərilərək, çıxış etmək təklif olunmuşdu. Azaflı məruzə səviyyəli çıxışında çoxillik təcrübəsindən istifadə edərək, aşıq sənətinin incəliklərindən, çatışmazlıqlarından, qarşıda duran vəzifələrdən söz açdı. Onun irad və tövsiyələri minnətdarlıqla nəzərə alındı. Qurultayda Azaflının aşıq sənətinin inkişafında göstərdiyi fədakarlıq və xidmətlər xüsusi qeyd edildi. O, Aşıqlar Birliyinin sədr müavini seçildi. Novruz Bayramı şənliklərində xalqımızın müdrik qəhrəmanı Dədə Qorqud obrazı ona həvalə olundu. 1989-cu il may ayının 17-də Azaflı Mikayıl ədəbiyyat və incəsənətin inkişafında böyük xidmətlərinə görə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görüldü.

Mikayıl Azaflının övladları – Dilarə Azaflı, Gülarə Azaflı, Aşıq Hakim, Məzahir Azaflı Minayə Azaflı Məlahət, Hökmran,– da aşıqlıq edirlər[3].

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Aşıq Azaflının "Qoca qartal" şerlər kitabı Bakıda (1987) və Türkiyədə (1989) nəşr olunmuşdur. O, "Mikayıl Azaflı və Narinc xatın" dastanının və "Azaflı dübeyti" və "Azaflı gəraylısı" məcmuələrinin müəllifidir.

O, həmişə aşıq musiqisinin təbliğinə və zənginləşməsinə çalışmışdır.

Ölümündən sonra Tovuz şəhərində bir küçəyə aşığın adı verildi və Azaflı kəndində oxuduğu məktəbin önündə büstü qoyuldu.

2024-cü ildə Mikayıl Azaflının 100 illik yubileyi Ankarada qeyd edilib.[4]

  • Azərbaycan Aşıqları və El Şairləri II, Bakı, 1984, s. 454–563.
  • Ali Kafkasyalı, Koca Kartal Azaplı, Ankara
  • M. Öcal Oğuz, Azaplı’nın Şiir Dünyasındaki Azerbaycan
  • Milli Folklor (5), mart 1990, s. 15–18.
  • Azərbaycan aşıq şeirindən seçmələr. II cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005. səh.337–346.
  • Musa Nəbioğlu. "Ozan-aşıq dünyası". Bakı: Nurlan, 2010, (şəkilli), səh.82.
  1. Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
  2. Məhərrəm Hüseynli, AŞIQ MİKAYIL AZAFLININ AŞIQ MUSA İLƏ GÖRÜŞÜ Arxivləşdirilib 2016-08-11 at Archive.today. "Ozan dünyası" jurnalı, № 1(22). 2015.
  3. "Bakıda möhtəşəm "Azaflı gecəsi" — news.lent.az saytı". 2014-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-16.
  4. Mədəniyyət TV. "Ankarada Mikayıl Azaflının 100 illik yubileyi qeyd edilib" (az.). Youtube.com. 10.04.2024. İstifadə tarixi: 2024-04-10.
  5. ""Haqq aşığı yaranıbdı qəm çəkə" kitabı nəşr olunub". 2024-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]