Mina xanım Mirzəyeva

Mina xanım Mirzəyeva (TbilisiBakı) — Azərbaycanın ilk ziyalı qadınlarından biri, pedaqoq.

Mina xanım Mirzəyeva
Mina xanım Mirzəyeva
Doğum yeri Tiflis
Vəfat yeri Bakı
Təhsili
Fəaliyyəti pedaqoq

Həyatı[redaktə | mənbəni redaktə et]

Mina xanım Mirzəyeva Tiflis şəhərində anadan olmuşdur. Gimnaziyada təhsil almışdı. Sankt-Peterburq Universitetini tamamlamışdı.

Mina xanım Mirzəyeva 1923-cü ildə "Şərq qadını" jurnalının redaksiya heyətinin üzvü idi.

Mina xanım Mirzəyeva Sovet dönəmində qadın fəallarından idi. "Mina xala" kimi tanınırdı.

"Başda Ceyran Bayramova və onun yaxın köməkçiləri Mina xala, Məsmə Məmmədova, Hökumə Məmmədova, Mələknisə Məlikova olmaqla, klub rəyasət heyətinin bir neçə fəalı qərara alırlar ki, qadınları kluba cəlb etmək üçün müsahibə, ucadan qiraət, yığıncaqlardan başqa, onları tikiş emalatxanasının işinə geniş şəkildə cəlb etmək vacibdir. Bu işin təməlini elə o bir neçə qadın qoydu, onlar ərləri və atalarından gizli evdən öz tikiş maşınlarını gətirdilər və kiçik tikiş emalatxanası təşkil etdilər. Bir neçə gündən sonra, elə həmin qadınlar, birinci olaraq savadsızlığın ləğv edilməsi kurslarına yazıldılar. Bir neçə aydan sonra müdavimlər imtahan verməli idilər. Bu zaman şayiə yayıldı ki, yaxşı qiymət alanları kəndə işə göndərəcəklər.

Əvvəllər bu həyəcan doğurdu, lakin sonra entuziastlar tapıldı. Onlar bəyan etdilər ki, burada qorxulu heç bir şey yoxdur. Qadınlar həyəcanla deyirdilər – kluba gəldik, emalatxana təşkil etdik, savadsızlığımızı ləğv etdik, bəs sonra? Axı, digər qadınlara da kömək etmək lazımdır.

İmtahanlar üğürla verildi və məzunların birinci qrupu, böyük inqilabi iş – azərbaycanlı qadının cəmiyyətimizin tamhüquqlu üzvünə çevrilməsinə nail olmaq üçün respublikanın qəzalarına yollandılar. Mina xala Şamaxı qəzasına, Məmmədova Məsmə Xızıya, Ələkbərova Tahirə Göyçay qəzasına, Ağayeva Xanım Lənkəran qəzasına, Əsgərli Bilqeyis Quba qəzasına, Əliyeva Xanım Naxçıvan diyarına, Məmmədova Hökumə Şuşa qəzasına yollandılar.

Tarix heç zaman bu təvazökar, cəsarətli, çətinliklərdən qorxmayan, ürəklərinin səsi ilə Azərbaycan qadınları arasında partiya-siyasi və mədəni tərbiyəvi iş aparan kommunist qadınların adlarını unutmayacaq.

Yerlərinə çatan kimi, onlar qızğın surətdə fəaliyyətə başladılar. Əli Bayramov adına klubda ictimai-siyasi fəaliyyətə başlayan, istedadlı təşkilatçılara çevrilən qadınlar bunlar idi: Xavər Şabanova-Qarayeva, Məsmə Xala Ələkbərova, Mina Mirzəyeva, Hökumə Məmmədova, Q.Qədirbəyova, B.Qafarova, M.Mirqədirova, Fatma Hacıyeva, B.Məmmədova, S.Əyyubova, Susanna Mnatsakanova, Bilqeyis Həşimzadə, Sara Talıblı, Ruqiyyə Əzimova və bir çox başqaları.

1925-ci il mayın 26-da Əli Bayramov adına klubun akt zalında klubun 5 illik yubileyi münasibətilə təntənəli iclas keçirildi"[1].

Ayna Sultanovanın yaxından iştirakı və təşəbbüsü ilə respublikada “uşaqların dostu” cəmiyyəti yaradılmışdı. Cəmiyyətin sədri Ceyran Bayramova idi. Bu cəmiyyət Əli Bayramov adına qadınlar klubunda yerləşirdi. Cəmiyyət ehtiyacı olan ailələrə maddi yardım göstərir, kiçik-kiçik karxanalar və artellər təşkil edir və onlardan gələn gəlirləri uşaqların vəziyyətinin yaxşılaşdırılmasına sərf edirdi. Cəmiyyətin fəal üzvlərindən Ayna Sultanova, Ceyran Bayramova, Mina Mirzəyeva və bir çox başqaları kimsəsiz və yetim uşaqları küçələrdən yığır, onları yeni açılmış uşaq evlərinə yerləşdirirdilər. Həmin illərdə Bakı, Lənkəran, Şamaxı, Gəncə, Nuxa və başqa qəzalarda uşaq evləri təşkil olunur, maarifpərvər qadınlar bu evləri himayəliyə alır və ana məhəbbəti ilə kimsəsiz uşaqlara xidmət edirdilər.

Mina xanım Mirzəyeva pedaqoq kimi Darülmüəlliamatda çalışırdı. 1926-cı ilin sentyabrında Mədinə xanım Qiyasbəyli köhnə ziyalı nəslinə mənsub olduğuna görə müdirəlikdən götürürlər. Onun yerinə partiyaçı Mina xanım Mirzəyeva təyin edilir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Mirzoyeva Minaxanım. Unudulmaz xatirələr (Minaxanım Mirzoyevanın söhbəti) Respublikamızı görkəmli qadınları. - Azərbaycan qadını, 1957, № 9, s .16.
  • Xoş günlərin təməlini qoyanlar / Mina Mirzəyeva haqqında/. - Azərbaycan qadını, 1967, № 10, s.6-7.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın Milli tarix muzeyinin ən yeni tarix fondu. Bilqeyis Məmmədovanın xatirələri.