Miranda Hobbs

Miranda HobbsKendis BuşnellinBöyük şəhərdə seks” romanının, eyni zamanda HBO telekanalının həmin roman əsasında çəkdiyi “Böyük şəhərdə seks” serialı, “Böyük şəhərdə seks”, “Böyük şəhərdə seks 2” filmlərinin əsas qəhrəmanlarından biridir. Filmlərdə və serialda Miranda obrazı aktrisa Sintiya Nikson tərəfindən canlandırılmışdır. Nikson bu roluna görə Emmi mükafatı və Ekran Aktyorları Gildiyası Mükafatına layiq görülmüşdür.

Miranda Hobbs
ing. Miranda Hobbes
Böyük şəhərdə seks obrazı
Sintiya Nikson tərəfindən Böyük şəhərdə seks 2
filmində yaradılmış Miranda Hobbs obrazı
Canlandıran Sintiya Nikson[d]
Məlumat
Cinsi qadın
Milliyyəti amerikalı

Obrazın tarixi

[redaktə | mənbəni redaktə et]

Roman və serialda

[redaktə | mənbəni redaktə et]
" “Hansınızın elə bir dostu var ki, tamamilə nəzərə çarpyaman və ya bitki kimi olsun ki, mən Şənbə axşamı onunla şam yeməyinə gedim?”[1] "

Miranda Hobbs yalnız karyerası haqqında düşünən, kişilərə və onlarla münasibətə rişxəndlə yanaşan bir hüquqşünasdır. 1990-cı ildə Filadelfiyada Harvard Universitetinin hüquq fakultəsinin məzunu olduqdan sonra o, Kerrinin gevənilən dostu və vicdan səsi olub. Serialın erkən mövsümlərində o, insanlara güvənməyən, kişi xasiyyətli və tez inciyən biri kimi təsvir olunsa da, illər ərzində bu obraz tədricən dəyişir, xüsusilə hamilə qaldıqdan sonra bu daha çox hiss olunur və sonda o, Stiv Bredi ilə evlənir. Oğlu Bredi Hobbsun doğulması onun üçün yeni problemlərin meydana çıxmasına səbəb olur, işgüzar Miranda diqqətini istədiyi kimi işinə yönəldə bilmir, lakin bir müddət sonra işi ilə ailəsi arasında balans yarada bilir. Dörd rəfiqə arasında Miranda şəxsi evə malik olan ilk qadın olur (onun uğurunun göstəricisidir), lakin, serialın son mövsümündə genişlənən ailəsi üçün daha rahat şərait yaratmaq üçün Bruklin taunhausa köçür.

Böyük şəhərdə seks:Film

[redaktə | mənbəni redaktə et]

Böyük şəhərdə seks filmində Miranda artıq Stivlə evlidir və beş yaşlı oğlu Bredi ilə birgə Bruklindəki evlərində yaşayırlar. Ailə hələ də Maqdanı xidmət üçün yanında saxlayır. Eyni zamanda bəlli olur ki, başından zərbə aldıqdan sonra Alsqeymer xəstəliyi yaşayan, Stivin anası Mari də onlarla yaşayır. Miranda əsasən vaxtını işinə və Brediyə sərf etdiyindən, onların münasibəti sıxıcı olmağa başlayır. Bir dəfə Mirandanın qəzəbli olduğu vaxtda, Stiv onunla zarafat edərək dodağında köpüyün qaldığını bildirir. Stiv öz dodağına da köpük bulaşdırır və mirandanı güldürür. Bir gecə sekslə məşğul olduqları vaxt Miranda Stivə deyir ki, tələssin, çünki, o, səhər tezdən durub işə getməlidir, bundan sonra Stivin həvəsi ölür. Rəfiqələri ilə söhbətlərindən birində Miranda qızlara deyir ki, altı aydır sekslə məşğul olmur. Buna görə də, Stiv başqa bir qadınla sekslə məşğul olur və sonra bunu Mirandaya etiraf edir. Baxmayaraq ki, Stiv üzr istəyir, Miranda ayrılmaq qərarı verir və evi tərk edərk, uşağı ilə birgə Aşağı İst Sayda köçür. Biq və Kerrinin toy günündən əvvəlki qonaqlıqda Miranda Biqə deyir ki, evlənməklə ağılsızlıq edirlər. Buna görə də Biq toya gəlməkdən imtina edir. Miranda hər şeyi Kerriyə danışmaq istəsə də, Şarlotta bir az gözləməyi məsləhət görür. Qızlar balayı planını dəyişərək, birlikdə səfərə çıxırlar. Səfər zamanı Miranda özünü günahkar hiss edir və qayıtdıqdan sonra baş verənləri Kerriyə danışır. Kerri bir müddət incisə də, onu bağışlayır. Miranda uzun ayrılıqdan sonra psixoloqun göstərişi ilə Stivlə yenidən görşməyə başlayır və onlar Bruklin körpüsünün üzərində görüş təyin edərək görüşür, bir-birlərini bağışlayırlar.[2]

Böyük şəhərdə seks 2

[redaktə | mənbəni redaktə et]

Böyük şəhərdə seks 2 filmində Miranda hüquqşünas olaraq bir şirkətdə çalışır və işləri o qədər çoxdur ki, övladına belə vaxt ayıra bilmir. O, görür ki, nə qədər çox cəhd etsə də, qadın olduğuna görə müdiri tərəfindən sıxışdırılır. Stiv ona işdən çıxmağı təklif edəndə, o buna etiraz edir, lakin, növbəti iş görüşlərindən birində müdiri tərəfindən növbəti dəfə təhqir edildikdə Miranda işdən çıxır. Daha sonra Samanta, Kerri və Şarlotta ilə birgə Əbu-Dabiyə getmək qərarına qəlir. Burada o, ərəb dilini və adətlərini öyrənməklə dincəlir. Əbu-Dabidə Şarlotta ilə dərdləşərkən, yaxşı ana ola bilməməsindən narahat olduğunu bildirir. Nyu-Yorka qayıtdıqdan sonra isə, o, daha sərfəli bir iş tapır. Sonuncu dəfə, Miranda açıq havada iş yoldaşları ilə görüşmədə, dost mühitində görünür.

Münasibətləri

[redaktə | mənbəni redaktə et]

Skipper Conston

[redaktə | mənbəni redaktə et]

Miranda, iyirmi yeddi yaşlı vebsayt tərtibatçısı olan Skipper Constonla (Ben Veber) serialın birinci mövsümündə tanış olur. İlk əvvəl Kerrinin tanışı olan gənc və yaraşıqlı Skipper Mirandaya maraqlı görünür və onda hisslər oyadır. Baxmayaraq ki, aralarında bəzi seksual münasibətlər olur, Miranda heçç vaxt ciddi münasibət haqqında fikirləşmir.

Mirandanın əksinə olaraq, Skipper ilk baxışdan Mirandanı çox bəyənir və onunla ciddi münasibət qurmaq haqqında düşünür, “ən çox sevdiyi qadın” olduğunu bildirir. Miranda bunu öyrəndikdə qorxur və başqa adamlarla da tanış olmağı təklif edir, Skipper isə bundan əsəbləşərək gedir.

Dr. Robert Lids

[redaktə | mənbəni redaktə et]

Nyu-York Niks qrupunun idman həkimi olan Dr. Robert Lids (Bleyr Andervud) və Miranda Robertin Mirandanın yaşadığı binada boş mənzil tutmaq üçün danışıqlar apardığı zaman tanış olurlar. İlk görüşdən Robert Mirandanın diqqətini çəkir və Miranda onu daha yaxından tanımağa çalışır. Nəticədə Robertin binada yaşayacağı təsdiqlənir və cütlük arasında gözlənilməz, lakin aktiv münasibət başlayır. Robertlə aralarında qığılcım olmasına baxmayaraq, Miranda ayrıldığı dostu Stiv Bredi ilə münasibətləri tənzimləməkdə çətinlik çəkir. Lakin, oğlunun bir yaşında Miranda Stivə sevgisini bəyan edir və onun Robertlə olan münasibətləri kadr arxasında qalır. Bir neçə görüşdən sonra Robert Miranda və Stivin münasibətindən sıxılır və uzaqlaşır, sonuncu dəfə iki qadınla evində görünür.

Stiv Bredi (Devid Eygenberq) və Miranda serialın ikinci mövsümündə, Mirandanın Stivin işlədiyi barda Kerrini gözlədiyi zaman tanış olurlar. Onların görüşü ilk baxışdan adi olsa da, Stiv güclü əlaqə hiss edir və Mirandanı yenidən görməyi xahiş edir. Miranda əvvəlcə imtina edir, lakin, sonradan Stivdə hiss etdiyi cazibəni özünə etiraf edir. Lakin, onların maddi vəziyyətlərində olan fərqlilik bir müddət sonra ayrılmalarına səbəb olur. Lakin onlar dostluq münasibətlərini saxlayırlar və arada bir cinsi əlaqədə olurlar. Xərçəng xəstəliyinə görə Stivin yumurtalıqlarından birini itirməsindən sonra, Miranda qadınların bir yumurtalı olduğuna görə onunla yata bilməyəcəyi fikrini dağıtmaq üçün Stivlə yatır. Gözlənilməz nəticə hamiləlik olur. Əvvəlcə Miranda Stivə xəbər vermədən abort etdirmək qərarına gəlir. Lakin, xəstəxanada o, fikrini dəyişərək uşağı saxlamaq qərarı alır. Miranda Stivə hamilə olmasını xəbər verir, lakin eyni zamanda uşaqla bağlı bütün məsuliyyətləri, o cümlədən onun gələcəkdə təmin edilməsi və maliyyə ehtiyaclarını öz üzərinə götürür, Stivin istədiyi vaxt gəlib onu görə biləcəyini, həyatının vacib anlarında yanında ola biləcəyini bildirir.[3] Daha sonra onlar bir-birləri ilə evlənmək istəmədiklərini bildirirlər. Miranda Bredi Hobbsu (uşağa öz soyadını verir) dünyaya gətirir, cütlük uşağı birgə böyütməyə çalışır. Miranda özünü inandırır ki, Stivi sevmir və bir müddət sonra Stivin Debbi adlı bir qadınla görüşdüyünü öyrənir. Nəhayət, Bredinin bir yaşında Miranda Stivə etiraf edir ki, onu sevir, Stiv isə Mirandanı sevdiyini və onun həyatındakı yeganə qadın olduğunu bildirir. Serialın sonrakı mövsümlərində onlar birlikdə olurlar, genişlənən ailələrinin daha yaxşı məskunlaşması üçün Bruklinə köçürlər. Böyük şəhərdə seks filmində cütlük problm yaşayıb ayrılsa da, filmin sonunda yenidən qovuşur.

  1. "Miranda Hobbes Quotes, tvfanatic.com". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-30.
  2. "MIRANDA HOBBES from SEX & THE CITY, femalegazereview.com". 2014-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-30.
  3. "Miranda Hobbes' Boyfriends, cosmopolitan.com". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]