Mehdi (Mirmehdi) Həsən oğlu Seyidzadə (11 noyabr 1907, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu – 30 avqust 1976, Bakı) — Azərbaycan şairi, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1936), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960).
Mirmehdi Seyidzadə | |
---|---|
Təxəllüsü | Mehdi Seyidzadə |
Doğum tarixi | 11 noyabr 1907 |
Doğum yeri |
|
Vəfat tarixi | 30 avqust 1976 (68 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri | |
Atası | Həsən Seyidzadə |
Fəaliyyəti | şair |
Fəaliyyət illəri | 1935-ci ildən |
Əsərlərinin dili | Azərbaycanca |
İstiqamət | şeir |
Janr | lirik |
Tanınmış əsərləri | İlan və Qurbağa |
Mükafatları |
Mirmehdi Seyidzadə 1907-ci il noyabr ayının 11-də Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində anadan olub. İbtidai təhsilini İranda Məşhəd şəhərində almışdır. 1920-ci ildə ailəliklə Bakıya köçmüş, burada 1921–1925-ci illərdə Pedaqoji texnikumda təhsil almışdır. 1926–1930-cu illərdə Qubadlı və Şəmkir rayon komsomol komitələrində bir il işlədikdən sonra Bakıda kitabxana müdiri olmuşdur. 1930–1932-ci illərdə isə Maarif işçiləri kitabxanasına rəhbərlik etmişdir. Azərbaycan Pedaqoji İnstitutunun qiyabi şöbəsində 2 il təhsil almış yazıçı 1932–1939-cu illərdə Azərnəşrdə redaktor, şöbə müdiri işləmişdir. 1938–1939-cu illərdə yenidən təşkil olunmuş "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. 1941-ci ildə Sovet ordusunun tərkibində İranda "Qızıl əsgər" qəzeti redaksiyasında xüsusi müxbir işləmişdir. Xəstəliyinə görə ordudan tərxis olunmuş, Azərbaycan Radio Verilişləri Komitəsində məsul redaktor, bir ildən sonra 1944-cü ildə Azərnəşrdə şöbə müdiri təyin olunmuşdur. Mirmehdi Seyidzadə 1976-cı il avqust ayının 30-da vəfat etmişdir.
Ədəbi yaradıcılığa 1925-ci ildə "Şərq qadını" jurnalında çap etdirdiyi "Kənd qızı" adlı ilk şeiri ilə başlamışdır. Seyidzadə 1927–29-cu illər uşaq şeirləri "Zirək Səməd" mənzum nağılını, "Şanlı gün" poemasını yazmış, "Nərgiz", "Ayaz", "Qızılquş", "Elsevər" və şairə mənzum pyesləri tamaşaya qoyulmuş, bir neçə şeirlərinə isə mahnılar bəstələnmişdir. 1932-ci ildə mükafata layiq görülən "Şanlı gün" poeması ayrıca kitab şəklində nəşr edilmişdir. Bakıda onun bir sıra başqa kitabları, o cümlədən "Balaca təyyarəçi", "Ceyran", "Neft haqqında", "Kim güclüdür", "And" kitabları çıxmışdır. Mirmehdi Seyidzadə yaradıcılıqdan əlavə A. S. Puşkin, Jukovski, Krılov, Ömər Xəyyam və digər sənətkarların əsərlərindən tərcümələr etmişdir.
Mirmehdi Seyidzadə 1966-cı ildə "Əmək veteranı" medalı, "Şərəf nişanı" ordeni, 1958-ci ildə Lenin komsomolu mükafatı, Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı, 1975-ci ildə "Lenin" ordeni ilə təltif edilmişdir.
2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində Mirmehdi Seyidzadənin 110 illik yubileyi qeyd olunmuşdur.[1]