Muş döyüşü — 1467-ci il noyabrın 11-də Muş düzündə Qaraqoyunlu Cahanşahla Ağqoyunlu Uzun Həsən arasında baş vermiş döyüş. Uzun Həsən qalib gələrək Ağqoyunlu dövlətinin təməlini qoydu. Qaraqoyunlu dövlətinin varlığına son qoyuldu.
Muş döyüşü | |||
---|---|---|---|
Qaraqoyunlu, Ağqoyunlu tarixi | |||
Tarix | 1467-ci il noyabr | ||
Yeri | Muş düzənliyi | ||
Nəticəsi | Qaraqoyunlular məğlub oldu. Qaraqoyunlu dövləti süqut etdi. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
XV əsrin 50-ci illərində Ağqoyunlu ərazisində vəziyyət müəyyən qədər sabitləşdi. Ağqoyunlular əleyhinə çıxmış qüvvələrə qarşı mübarizədə Cahangir Mirzənin qardaşı Uzun Həsən böyük şücaət göstərdi. Tezliklə Ağqoyunlu əyanları Uzun Həsənin ətrafında sıx birləşərək Cahangir Mirzənin əleyhinə mübarizəyə qalxdılar. Bu zaman Cahangir Mirzənin əsas qüvvələri Diyabəkirdə idi və Uzun Həsən əsas zərbəni bura vurmağa çalışırdı. 1453-cü ildə baş vermiş döyüşdə Cahangir Mirzənin qüvvələri darmadağın edildi, özü isə Mardinə qaçmaqla yaxasını qurtara bildi. Daha sonra o Uzun Həsənə qarşı mübarizədə mütəffiq tapmaq məqsədilə Ağqoyunluların əsas düşməni Qaraqoyunlu Cahanşahla ittifaqa girmək üçün Təbrizə gəldi.[1]
Uzun Həsən Ağqoyunlu tayfa ittifaqını daha da möhkəmlətmək və bu ittifaqın ərazisini Azərbaycan torpaqları hesabına genişləndirmək, Azərbaycanın cənub vilayətlərində hakimiyyəti ələ keçirmək, orada hökmranlıq edən Qaraqoyunlulara qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə başladı. O, əyanlara böyük imtiyazlar və vədlər verdi, onlan öz ətrafında sıx birləşdirməyə müvəffəq oldu. XV əsrin ortalarında Qaraqoyunlularla Ağqoyunlular arasındakı mübarizə daha da kəskinləşdi. Mübarizənin ilk dövrünün xüsusiyyəti ondan ibarət idi ki, hər iki tərəf dövlətlərdəki daxili ziddiyyətlərdən fəal surətdə istifadə etməyə başlamışdı. XV əsrin 50-ci illərində Uzun Həsən ermənilərin yaşadıqları torpaqları və Gürcüstanın Qaraqoyunlu hakimiyyəti altında olan şərq hissəsini ələ keçirərək, öz hakimiyyətinə tabe etdi.[1]
Bu dəfə iki Türkmən icması arasında mübarizə başladı. Bu mübarizə Cahanşahın şərqdəki işğalları zamanı Uzun Həsənin qərbdə əldə etdiyi qazancları geri almaq üçün 1467-ci il mayın 16-da Təbrizdən ayrılaraq Van gölü yaxınlığındakı Sökmənabada gəlməsi ilə başladı.[2] Görünən səbəb dədə-baba yurdlarına səfər olsa da, əslində bu yürüş Ağqoyunlulara öz yerini göstərmək məqsədi daşıyırdı. Bu zaman Uzun Həsən 12 min atlı ilə İlqara gedərkənonu təqib etdiyi xəbəri Cahanşaha çatdırıldı. Bu xəbərdən hiddətlənən Cahanşah bu hadisəni müharibənin səbəbi kimi qiymətləndirdi və vəziyyəti rəisləri ilə müzakirə etdikdən sonra Uzun Həsən üzərinə yeriməyə qərar verdi. Təqib məsələsindən xəbər tutduqdan sonra Uzun Həsən Amiddən Harputa yola düşdü. Burada özünə bağlı qüvvələri çağıraraq Qaraqoyunluları izləmək üçün Kabes yaylağına çəkildi. Mübahisənin diplomatik tərəfini də nəzərə alaraq öz elçisi Xızır bəy Tərxanı Cahanşahın yanına göndərdi. Elçi nə qədər bu xəbərin gerçək olmadığını, Uzun Həsənin Harputda olduğunu söyləsə də Cahanşah ona qulaq asmadı və öz elçisi Məhəmməd Süfrəçini təhqir edici məktubla Uzun Həsənin yanına yola saldı.[3] Məhəmməd Süfrəçi Uzun Həsənin yanına gələrək Cahanşahın tələblərini ona çatdırdı. Cahanşah bildirirdi ki, Uzun Həsən əgər sözlərində səmimidirsə əvvəla özü şəxsən gəlib bunu şaha bildirsin və ya oğlanlarından birini göndərsin. Elçi həmçinin Qaraqoyunlu qoşunun sayca onlardan çox olduğunu da dəfələrlə vurğuladı. Həsən bəy cavab olaraq bildirdi ki, o baş verəcək döyüşdən qorxmur və nə özü nə də oğlanlarından biri Cahanşahın hüzuruna getməyəcək.[4]
Müharibənin qaçınılmaz olduğunu dərk edən Həsən bəy bir tərəfdən döyüş hazırlıqları ilə yanaşı digər tərəfdən diplomatik fəaliyyətlərini də davam etdirirdi. Beləki Qaraqoyunlu elçisini yola salan kimi bu dəfə qadısı Rüknəddin Əlini hörmət və sayğı dolu sözlərlə yazılmış məktubla o cümlədən qiymətli hədiyyələrlə yenidən Cahanşahın hüzuruna göndərdi.[5] Məqsədi mümkün olan qədər döyüşdən qaçmaq əks halda Qaraqoyunluların fikrini yayındırmaq idi. Bu elçi Uzun Həsən adından Cahanşa bildirir: "Bəyimiz sizə sadiq və bağlıdır. Məqsədiniz ölkə ələ keçirməkdisə bütün qalaların açarlarını sizə təqdim etməyə hazırdır. Əgər mal mülk istəyirsizsə var dövlətini sizə verməyə hazırdır." Lakin Cahanşah bu elçini də müsbət qarşılamadı. Onun əsas məqsədi Ağqoyunluların gedərək artan gücünü sındırmaq, onların hakim olduqları əraziləri ələ keçirmək idi. Nəticədə tərəflər özlərinə bağlı qüvvələrin hamısını ətraflarında topladıqdan sonra döyüşə başladılar.[6]
Cahanşah Ərciş, Adilcəvaz və Əhlət üzərindən Bitlisə oradan da Muş düzənliyinə gəldi çıxdı. Harputdan yola düşən Həsən bəy isə Çapaqcur üzərinə yeriyərək Təkyə-Melqısı adlanan əraziyə endi. Bura çatdıqda artıq Diyarbəkirlə Van arasındakı yüksəklikləri, yolları və keçidləri öz ərgərləri ilə tutmuş, avanqard qüvvələrini də Çapaqcura göndərmişdi.[7] Həsən bəy rəqib qüvvələrinin say baxımından üstünlüyünü nəzərə alaraq, meydançalı döyüş əvəzinə yıxılma strategiyasını qəbul etdi və üzərinə gələn Qaraqoyunlu qüvvələrini buna məcbur etdi. Əvvəlcədən buraya ordu göndərərək qalanı ələ keçirən Qaraqoyunlu qüvvələri ilə sayı 3000 civarında olan Ağqoyunluların qabaqcıl qüvvələri arasında baş verən ilk toqquşmada Cahanşah məğlub oldu. Beləliklə, Çapaqcur düzündə hökmranlıq edən Uzun Həsən əsgərlərini Muş düzünün qərbindəki dağlar üzərində yerləşdirərək düzənlikdə Qaraqoyunlu qüvvələrinə basqın etməyə başladı. Basqınlara qarşılıq olaraq qaraqoyunlular sıldırım keçidləri tutan əsgərlərlə qarşılıq versə də təsirli olmadı. Hər iki vəziyyətdə itki verən Cahanşah döyüşün gedişatını danışmaq məqsədilə divan çağırdı. Divanda əsgərlərin qayıtmaq istəklərini nəzərə alaraq döyüşü gələn ilə ertələməyi qərarlaşdırdılar. Nəticədə qüvvələrin bir qismi geri qayıtdı. Cahanşah ailəsini, əyanlarının bir qismini və qalan əsgərlərini də götürərək Bingöl vilayəti sərhədləri daxilindəki Sancaq bölgəsinə gələrək burada qaldı. Düşmənə əhəmiyyət vermədiyi üçün də ciddi tədbir görməyə ehtiyac duymadan əyləncəyə başları qarışdı.[8] Uzun Həsən rəqibinin bu hərəkətini Yuxarı Fərat hövzəsinə doğru hərbi fəaliyyər olduğunu düşünürdü, lakin elçiləri məsələnin həqiqətini ona çatdırdıqda, bunun belə olmadığını anladı və daha sərt bir kəşfiyyat və təlim yürütməyə başladı. Rəqibinin Sancaq bölgəsində yerini təyin etdikdən sonra qərargahına kəndli qiyafəsində bir casus göndərdi. Cahanşahın qərargahına heç bir çətinliklə rastlaşmadan girən bu casus yüksək səslə qışqıraraq onun itmiş atını kiminsə görüb-görmədiyini soruşdu ancaq heç bir cavab almadı. O şahın bütün əsgərlərinin sərxoş olduğunu görüb Həsən bəyə xəbər verdi. Vəziyyətin əlverişli olduğunu anlayan Həsən bəy 1467-ci il noyabrın 10-da səhər saatlarında 6000 nəfərlik qoşunu ilə Cahanşahın qərargahına qəfil basqın etdi. Güc nümayiş etdirmək imkanı belə tapa bilməyən Qaraqoyunlu qüvvələri dağıldı. Cahanşah bir əsgər tərəfindən öldürüldü, iki oğlu və bütün əyanları əsir düşdü. Sonralar cənazəsi Təbrizə aparılaraq orada tikdirdiyi Müzəffəriyyə məqbərəsində dəfn olundu.[7]