Muhamməd Əfəndi Osmanov (24 fevral 1838 və ya 1840[1], Yaxsay, Xasavyurd rayonu – 1904[1]) — görkəmli qumuq folklorşünası, şairi, araşdırmaçısı, hərbçisi və Peterburq Universitetinin müəllimi olmuşdur.[2]
Muhamməd Əfəndi Osmanov | |
---|---|
Doğum tarixi | 24 fevral 1838 və ya 1840[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1904[1] |
Milliyyəti | Qumuq |
Elm sahələri | Türk-tatar dili, folklorşünaslıq |
Elmi adı | Professor |
İş yerləri |
Çar Mühafizə Dəstəsi Peterburq Universiteti |
Təhsili | Yaxsay mədrəsəsi |
Tanınır | Qumuq ədəbiyyatı sahəsində |
Muhamməd Əfəndi 1838-ci ildə Yaxsay kəndində anadan olub. Tersk vilayətinə daxil olan bu kəndi qumuqların mədəni mərkəzi sayılıb. Kənddəki mədrəsə yalnız Dağıstanda deyıl, Şimali Qafqazda və Azərbaycanda da savadlı din alimlərilə seçilib. Mədrəsəni bitirənlərin əksəriyyəti elm və ədəbiyyatda iz qoymuş insanlar kimi tanınıb. Yaxsayda doğulmuş M. E. Osmanov, M. Alibekov, N.və Z. Batmirzəyevlər, A. Maqamedov, A. P. Salavatov, A. V. Süleymanov, S. Tokblatov, Ş. Aliberiyev, Atabayev, Latip, M. A. Adilxanov Y. Alimxanov və başqaları şair, yazıçı, publisist kimi tanınmışlar. Azərbaycanlı şair Seyid Əzim Şirvani, Balkar şairi Kazım Meçe və b. da bu mədrəsədə oxuyub.
Seyid Əzim Muhamməd Əfəndi ilə Yaxsay mədrəsəsində oxuyarkən tanış olub və dostlaşıb. Bu dostluq ömrünün sonunadək davam edib. Muhamməd Əfəndi Osmanov Yaxsay mədrəsəsini bitirdikdən sonra çarın mühafizə alayında xidmət edən atasını əvəz etmək üçün Peterburqa gedib. Seyid Əzim isə Şərqin dini və mədəni mərkəzlərinə səyahətə çıxıb. Faktlar göstərir ki, onlar bir birindən uzaqda yaşasalar da, əlaqələrini kəsməyiblər. Seyid Əzim yaşlı çağlarında Tiflisə Çar canişin idarəsinə kitabının çap olunması və başqa xahişlərlə müraciət edəndə Peterburqda yaşayan, hökumət dairələrinə yaxın olan və Universitetdə dərs deyən Muhamməd Əfəndi Osmanov ona yardımçı olub.
M. E. Osmanov xidmətdən tərxis olunduqdan sonra, 1867-ci ildən Peterburq Universitetinin şərqşünaslıq fakültəsində Türk-tatar dilindən dərs deməyə başlayıb. Muhamməd Əfəndi Unversitetdə işləyərkən xalq ədəbiyyatı nümünələrini və qumuq, noqay şairlərinin əsərlərini toplayıb.
M. E. Osmanov 1883-cü ildə Peterburqda çap etdirdiyi "Ногайские и кумыкские тексты (Сборник ногайских и кумыкских песен, переданый, поговорок, пословиц) kitabına Yırçı Kazakın ona nəzmlə yazdığı məktubu da daxil edib. Bu qumuq ləhcəsində ilk kitab sayılır. Şair Kazan şəhərində olarkən cədidçilərin, yəni yenilikçilərin təsiri ilə sadə və aydın dillə xalqı təhsilə çağıran, sosial məsələləri gündəmə gətirən, spirtli içkilərdən uzaq durmağı nəsihət edən, igidliyi, qəhrəmanlığı öyən şeirlər yazıb. "Nəsihət" adlı kitabını da 1889-cu ildə Kazan şəhərində çap etdirib. Onun lirik-romantik səpgili "Gülqız" əsəri klassik Doğu şairlərinin işlətdiyi təşbih və istiarələrlə zəngindir.
Muhamməd Əfəndi Osmanov 1904-cü ildə dünyasını dəyişib.[2]
Yaşlı çağlarında və ölümündən sonra onun əsərlərinə, elmi-pedaqoji fəaliyyətinin öyrənilməsinə diqqət yetirən olmayb. Rusiyada hakimiyyəti ələ alan bolşeviklər özlərinə tərəfdar toplamaq üçün azsaylı xalqlara bir sıra mədəni imtiyazlar verdi. Əslində bu imtiyazların arxasında bütün müstəmləkəçilər kimi bolşeviklərin də "parcala, höküm sür!" siyasəti dururdu. Bolşeviklərin azsaylı xalqlara verdiyi mədəni imtiyazlardan yararlanan qumuq ziyalıları şairin ölümündən 22 il sonra – yəni 1926-cı ildə Buynyakda "Muhamməd Əfəndi Osmanovun şeirlər məcmuəsi" adlı bir kitab çap etdirə biliblər. Buraya şairin dini, fəlsəfi şeirləri daxil edilib. Çap edilən şeirlər Sovet ideologiyasına uyğun gəlmədiyinə görə onun əsərlərininin hamısını toplayıb çap etdirmək, həyat və yaradıcılığını təbliğ etmək unutdurulub.
Böyük Türkoloq, professor Bəkir Çobanzadə də 1926-cı ildə Qumuqlar haqqında yazdığı məqalələri və "Qumuq dili və ədəbiyyatı tədqiqləri" adlı kitabını Bakıda işləyərkən çap etdirib. Sovetlər Birliyi çökdükdən sonra yenidən Muhamməd Əfəndi Osmanov həyat və yaradıcılığına, elmi və ictimai fəaliyyətinə diqqət artıb. Qumuqların toplum halında yaşadığı Dağıstan Respublikasının paytaxtı Mahaçqalada əsərləri çap olunmağa başayıb, haqqında araştırmalar aparılıb.