Mustafa Çokayoğlu

Mustafa Çokay (qazaxca Мұстафа Шоқай(ұлы)) 25 dekabr 1890, Qızılorda27 dekabr 1941[1], Berlin) — Qazax ictimai və siyasi xadimi, publisist, Türkistanın birliyi uğrunda mübariz.

Mustafa Çokay
Şəxsi məlumatlar
Doğum tarixi 25 dekabr 1890(1890-12-25)
Doğum yeri
Vəfat tarixi 27 dekabr 1941(1941-12-27)[1] (51 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
  • Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsi[d]
Fəaliyyəti siyasətçi, publisist
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qazaxıstanın tanınmış dövlət və ictimai xadimi. 1918-ci ilin yanvarında Türkistan vilayəti ("Kokand vilayəti") hökumətinə başçılıq edib. 1918-ci ilin 21 fevralında bu hökumət bolşeviklər tərəfindən dağıdıldıqdan sonra 1921-ci ildə Avropaya mühacirət edib. İstanbulda "Yeni Türkistan" jurnalını nəşr edib (1927–1931). "Prometey" təşkilatının üzvü kimi Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə bolşevizmə qarşı birgə mücadilə etdiyi silahdaşlarından olub.[2]

1890-ci ilin yanvarın 7-də Sır Dərya kənarındakı Qırğız çöllərində yaşayan sadə bir qazax ailəsində doğulan Mustafa uşaqlıq və yeniyetməliyini Akmescitdə keçirib. İlk təhsilini də burada aldığından çox vaxt onu Akmescit doğumlu sayırlar. Soykökü Xarəzmşahlara bağlı olan bu böyük insan gəncliyindən zülmə və haqsızlığa qarşı mübarizəyə atılıb, keçməkeşli bir həyat yaşayıb.

Orta məktəbi Daşkənddə rus dilində bitirən Mustafa Peterburq Universitetində hüquq fakültəsinə qəbul olunur. Peterburqda sol dünyagörüşlü inqilabçılarla yaxından tanış olsa da, onlarla fikir birliyinə gələ bilməmişdi. Mustafa Çokay açıq-aydın görürdü ki, kommunizm qurmaq, insan azadlığına nail olmaq istəyi ilə mübarizəyə qoşulanlar velikorus şovinizmindən uzağa gedə bilmirlər. Bu səbəbdən də o, Rusiya imperiyasını yeni formada yaşatmaq istədiklərini gördüyünə görə onlardan uzaqlaşır. O, ilk növbədə xalqını rus müstəmləkəçilərinin əsarətindən xilas olmasına üstünlük verir.

1916-cı ildə Türkistanda və Çöllər məmləkətində rusların əleyhinə qiyam başlayır.[3].

Mustafa Çokayın Peterburqda oxuduğu illər Avropa və Rusiyanın Balkan xalqlarını Osmanlı dövlətinə qarşı üsyana təhrik zamanına təsadüf edir. Belə ağır bir zamanda Mustafa Çokay dostlarıyla bir dərnək qurur. Onlar Osmanlı dövlətinə yardım üçün müxtəlif tədbirlər həyata keçirirlər. Rusiya vətəndaşı olan müsəlmanlardan pul toplayaraq Osmanlı dövlətinin Rusyadakı Böyük elçisi Turhan paşaya verirlər.

Ali təhsilini başa vurduqdan sonra Türkistana dönən Mustafa Çokay Daşkənddəki "Uluğ Türkistan" qəzetinin ən fəal müxbirlərindən birinə çevrilir. Bir il sonra isə Daşkənddə "Birlik tuğu" jurnalını nəşr etməyə başlayır. Daşkənddə rusca çap olunan "Hür Türkistan" və "Yeni Türkistan" qəzetlərinin fəaliyyəti də Mustafa Çokayın adıyla bağlıdır. Qəzet və jurnallar ona yalnız fikrlərinin yaymaq üçün deyil, həm də məsləkdaşlarını tapıb bir yerə toplamaq üçün əvəzsiz vasitə olur. 1917-ci ilin fevralında çar II Nikolay hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Mustafa Çokay və məsləkdaşları qazax və qırğız Türklərinin ortaq dövlətləri olan "Alaş Orda"nı qurmağa başlayırlar. 27 noyabr 1918-ci ildə Kokandda Türkistan hökumətinin elanında onun əvəzsiz xidməti olur. Yeni qurulmuş hökumətdə rəhbər vəzifə tutan Mustafa Çokay bütün varlığıyla müstəqil siyasət yeritməyə çalışır və bir sıra demokratik islahatlar həyata keçirə bilir. Diqqəti çəkən odur ki, çar generalı olan Kolçak Mustafa Çokayın öldürülməsinə göstəriş verir. Bolşeviklər Çar Rusiyasını "xalqlar həbsxanası" adlandırsalar da, özləri hakimiyyətə gəldikdən sonra Rusiya imperiyasının sərhədlərini bərpa etmək üçün qanlı döyüşlərə atılırlar. Onlar az zaman içərisində "Alaş-Orda"nı özlərinə tabe edirlər.[4]

Mustafa Çokay mühacirətə getmək zorunda qalır. 1919-cu ildə Quzey Qafqaza gələn Mustafa Çokay Tiflisdə çıxardığı "Hür dağlılar" adlı həftəlik qəzetdə Türkistan davasını dilə getirən yazılar yazır. 1920-ci ildə Quzey Qafqaz Milli Təşkilatının Türkistan Milli Mərkəzi ilə birləşərək "Yeni dünya" qəzetini çıxarır. Burada dəyərli yazılar yazır. Tiflisdə "Şafak" adıyla çıxardığı qəzetdə Anadoludakı Kuvayi Milliye hərəkatını dəstəkləyən yazılar çap edir. Azərbaycan Xalq Cümhuriyyətini dəstəkləyən və daim ona yardımçı olan Mustafa Çokay bolşeviklər Qafqazı işğal etdikdən sonra Batum-Trabzon dəniz yolu ile İstanbula gedir. İstanbulda çıxan "Yeni Türkistan", Berlində çıxan "Yaşa Türkistan" adlı jurnallarda və Avropa dillərində çıxan mətbuatda Çokay həmişə Türkistan ve türklük davasını davam etdirir. Çokay 1921-ci ilin əvvəlində İstanbuldan gəmi ilə Fransanın Marsel limanına gelir, oradan qatarla Gare de Lyona gedir.

Tatar liderlərindən Fuat Toktar Çokay və xanımı Mariyanı Gare de Lyonda qarşılayır və kasıb bir otelə yerləşdirir. Bir neçə gün sonra Çokaylar Avenue Mozartda 64 nömrəli iki otaqlı kiçik bir evə köçməli olurlar. Ancaq iki həftə sonra maddi sıxıntıdan mənzillərini yeməkxanaya çevirir və burada Rusiyadan gəlmiş qaçqınlara ucuz qiymətə nahar verməyə başlayırlar. Bir zamanlar Türkistan Hökumətinin rəhbəri olan Çokay indi alın təri ilə çörəkpulu qazanmak üçün kartof, soğan soymaqla, düyü arıtlamaqla gün keçirir. Hətta Azərbaycan Xalq Cümhuriyyətinin mühacirətdə olan lideri Məhəmməd Əmin Rəsulzadə onun görüşünə gələrkən Çokay üzr diləyərək onunla söhbətini kartof soya-soya davam etdirir. Rəsulzadə xatirələrində Çokayın vəziyyətini belə gördüyünə üzülmür. Əksinə, onun əyilməzliyinə, qüruruna, ağıl və mətanətinə heyran qaldığını yazır.

1922-ci ilin ortalarında Çokayın xanımı Mariya xəstələnir. Onun Parisdə müalicəsinə pulları yetmədiyinə görə Almaniyaya aparırlar. Çünki Almaniyada inflayasiyaya görə hər şey ucuz idi. Belə ki, 100 fransız frankı ilə aylarla bir pansionda qalmaq mümkün idi. Çokaylar ailəsi altı ay Almaniyada qaldıqdan sonra Fransaya qayıdır və 1923-cü ildən Nogent Sur Marnede yaşamağa başlayırlar.[5]

Çokay Parisdə yalnız ideoloji baxışıyla deyil, dürüstlüyü və dostlarına olan vəfası ilə də tanınmışdı. O, Parisdə yaşayan Azərbaycan mühacirləri Əlimərdan bəy Topçubaşov və Ceyhun bəy Hacıbəylı ilə görüşür, birgə mübarizə planları hazırlayır, toplantılar keçirir, fikir mübadiləsi edirdilər. Çokay həyatının ən məhsuldar son 20 ilini Parisdə keçirir. 1921–1941-ci illərdə Parisdə yaşayıb ictimai-siyasi fəaliyyətlə məşğul olmaqla yanaşı tez-tez Berlinə gedir. Bu da səbəbsiz deyildi. Həm oradakı siyasi mühacirlərlə görüşür, həm də "Yaşa Türkistan" jurnalını orada çap etdirir.

Oturanlar (sağdan sola): Məhəmməd Əmin Rəsulzadə, Ayaz İshaki, Cəfər Seyidəhməd Krımər, Məhəmməd Girey Sunş. Ayaqüstə duranlar (soldan sağa): Mustafa Çokay, Mustafa Vəkilli, Tausultan Şakman. 1930-cu illər. Varşava, Polşa

1929–1939-cu illər arasında "Yaşa Türkistan" jurnalının 117 sayını çap etdirərək oxuculara çatdıra bilir. Bu jurnalda yalnız Türkistanın azadlığı uğrunda gedən mübarizədən söz açılmırdı. Keçmiş Rusiya ərazisində əsarətdə yaşayan xalqların milli mübarizəsi burada öz əksini tapır. Burada Azərbaycan siyasi mühacirlərinin məqalələrinə də tez-tez rast gəlinir. Jurnalın əsas qayəsi əsarətdə olan xalqları Sovet əsarətindən qurtarmaqla yanaşı, Türk xalqlarının birliyinə da nail olmaq idi. Buna görə də araşdırıcılar "Yaşa Türkistan" jurnalını Mustafa Çokayın ən böyük əsəri sayırlar. Çokayın baxışları jurnalda çap olunan məqalələrdə özünə geniş yer tapıb.

Faşist Almaniyası Fransanı az zamanda işğal etdiyində siyasi mühacirlərin çoxu bu ölkəni tərk etməli olur. Mustafa Çokay isə bu ölkəni özünə ikinci vətən saydığından Parisi tərk etmir. Bu da onun siyasi fəaliyyətinin zəifləməsinə səbəb olur. Lakin faşist rejimi onun bu hərəkətindən razı qalmır. 1941-ci il iyunun 22-də Almaniya ilə Sovetlər Birliyi arasında başlayan müharibədən az sonra Mustafa Çokay Sur Marnedəki evində həbs edilir və Berlinə aparılır. Alman faşistlərinin məqsədi Mustafa Çokayın nüfuzundan istifadə edərək əsir alınmış Türkistanlılardan, tatar və başqırdlardan ordu yaradaraq Sovetlər Birliyinə qarşı döyüşə göndərmək idi. Mustafa Çokay müharibədən sonra Türkistanın azadlıq əldə edə bilməyəcəyini gördüyündən alman faşistlərilə işbirliyinə getmir. 1941-ci il dekabrin 27-də xəstələnir, vəfat edir. Onu Berlində dəfn edirlər.

Mustafa Çokaydan söz açarkən onun xanımı, milliyyətcə rus olan Mariyanın da xidmətlərini unutmamaq lazımdır. Mustafa Çokayla birgə ömrünü rus müstəmləkəçilərinə qarşı mübarizəyə həsr edən Mariya xanım həmişə əriylə birlikdə olub. Mariya Mustafa Çokayın irsinin qorunmasında da mühüm rol oynayır. Mustafa Çokayın ölümündən sonra onun arxivini Parisdəki Şərq Dilləri və Mədəniyyətləri İnstituna verir. Orada Çokayın şəxsi sənədlərindən ibarət bir arxiv yaradılır. Mariya Çokayın zəngin kitabxanasını da Çokayın adı veriləcək bir bölüm yaradılmaq şərtilə instituta bağışlamışdı. Bununla yanaşı Mustafa Çokay haqqında xatirələrini yazaraq çap etdirir. Almatıdakı Qazaxıstan Dövlət Arxivi Parisdən Mustafa Çokayın arxivinin mikrofilmlərini apararaq qazax araşdırıcılarının istifadəsinə verir. Qazax xalqı Mariya Çokayevanı da həmişə hörmətlə xatırlayacaq.[6]

2008-ci ildə Mustafa Çokayın həyatını əks etdirən sənədli film çəkilib. Bu filmin bir çox kadrları Özbəkistanın Daşkənd, Kokand, Qazaxıstanın Qızıl Orda, Rusyanın St. Peterburq, Azərbaycanın Bakı, Gürcüstanın Tiflis, Türkiyənin İstanbul şəhərlərində, Fransa və Almaniyada çəkilib.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ""Məhəmməd Əmin Rəsulzadə ensklopediyası"" (PDF). 2016-05-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-02.
  3. Среднеазиатское восстание в России 1916–1917 гг. Arxivləşdirilib 2009-06-12 at the Wayback Machine // "Хронос" (hrono.ru)
  4. Мустафа Чокой-Оглы "Туркестан под властью советов". Алма-Ата "Айкап" 1993. ISBN 5-7667-0357-0
  5. Бахыт Садыкова "Мустафа Чокой в эмиграции" ISBN 978-601-293-486-1
  6. Əli Şamil, Mustafa Çokay — türklük savaşçısı, Xalq Cəbhəsi.- 2014.- 9 yanvar.- S.13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]