Nəcəfqulu bəy Şeyda

Nəcəfqulu bəy Şeyda (tam adı: Nəcəfqulu bəy Mirzə Məhəmmədhəsən bəy oğlu Vəliyev; 22 mart 1858, Şuşa1936, Bakı) — azərbaycanlı şair.

Nəcəfqulu bəy Şeyda
Nəcəfqulu bəy Mirzə Məhəmmədhəsən bəy oğlu Vəliyev
Doğum tarixi 22 mart 1858(1858-03-22)
Doğum yeri
Vəfat tarixi 1936
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Uşağı
Atası Mirzə Məmmədhəsən bəy Vəliyev
Fəaliyyəti şair
Vikimənbənin loqosu Nəcəfqulu bəy Şeyda Vikimənbədə

Həyatı[redaktə | mənbəni redaktə et]

Nəcəfqulu bəy Şeyda 1858-ci ildə Şuşa şəhərində doğulmuşdur. İbtidai təhsilini molla yanında almışdı. Sonra Bakıda Hacı Zeynalabdin Tağıyevin açdığı gеcə kursunda təhsilini davam etdirib. Qubеrniya idarəsində iyirmi bеş ilə yaxın tərcüməçi işləmişdir. Balaxanı kəndində nеft quyuları almışdı.[1]

Nəcəfqulu bəy İmarət xanımla ailə həyatı qurmuşdur. Onun Züleyxa xanım, Səltənət xanım adlı iki qızı, Məhəmmədhəsən bəy, Cavad bəy adlı iki oğlu olmuşdur.

Nəcəfqulu bəy şair idi. Şеyda təxəllüsü ilə şеir yazırdı. Nəcəfqulu bəy Şеyda haqqında yazılı mənbə o qədər də çox dеyil. Təzkirəçi Mir Möhsün Nəvvab özünün "Təzkirеyi-Nəvvab" əsərində, dеmək olar ki, bütün Qarabağ şairlərinin həyat və yaradıcılığından xеyli danışsa da, onun barəsində çox cuzi məlumat vеrir:

"Nəcəfqulu bəy Mirzə Məhəmmədhəsən bəy oğlu Baharlı Qarabağ vilayəti əhalisindəndir. Baharlı Şuşaya tabе olan kəndin adıdır. Otuz üç yaşlı, düz əxlaqlı bir cavandır. Mirzə Vəli Vidadinin (?) övladlarındandır. Bəzən şеir də yazır. Aşağıda yazılmış müxəmməs onun şеirlərindəndir. Təxəllüsü Şеydadır".

O, Baharlı oymağının tanınmış şəxsiyyətlərindən Mirzə Məmmədhəsən bəy Vəliyevin oğlu, Əbülfət Vəlinin qardaşıdır.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Mir Möhsün Nəvvab. Təzkireyi Nəvvab. (Çapa hazırlayanı və ön sözün müəllifi: filologiya elmləri namizədi Əkrəm Bağırov; Türkcə mətnlərin transliterasiyası: filologiya elmləri namizədi Nəsrəddin Qarayev; Farsca mətn və şerlərin filoloji tərcüməsi: filologiya elmləri namizədləri Əkrəm Bağırov, Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov). Bakı,1998
  • Poetik məclislər. (toplayanı və tərtib edəni Nəsrəddin Qarayev). (Bakı, 1987)
  • Şeirlər. (nəşrə hazırlayan: Nailə Mustafayeva). (Bakı, 2006)
  • Nəcəfqulu bəy Şeyda. Şeirlər. Bakı: Nurlan, 2006, 158 s.
  • Nəcəfqulu bəy Şeyda. "Gülşəni-Maarif" Təzkirəsi. (Nəşrə hazırlayan və ön sözün müəllifi: filologiya üzrə elmləri doktoru Paşa Kərimov). Bakı, 2014

Gülşəni-Maarif Təzkirəsi

Nəcəfqulu bəy Şeyda Və onun

Barədə [https://shorturl.at/cGJOV “Gülşeni-Maarif”]

Təzkirəsi XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində yaşamış Nəcəfqulu bəy Şeyda haqqında bildiklərimiz o qədər də çox deyil. Məlumdur ki, 1858-cil ildə anadan olmuşdur. Mirzə Baharlının nəvəsidir. Atasının adı Mirzə Məhəmmədhəsən olub. Şairin həyat və yaradıcılığı barədə əlimizdə olan ən etibarlı mənbə onun əlyazma irsidir. Nəcəfqulu bəyin öz əli ilə köçürdüyü dəftər Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Bu dəftərin 62 vərəqində 114 qəzəl, 2 müsəddəs, 3 qitə, 6 müxəmməs, 2 müstəzad, 86 rübai və müxtəlif məzmunlu başqa şeirlər toplanmışdır. Müxtəlif məzmunlu əsərlər işərisində nəzmə çəkilmiş hekayə və rəvayətlər, maarifçi məzmunlu, geriliyi tənqid edən şeirlər, “Tövbənamə”, Mövlanə Cəlalləddin Rumi, Sədi, Hafiz, Vəhşi kimi klassik Şərq poeziyası nümayəndlərinin əsərlərindən tərcümələr, farsca bir neçə qəzəl diqqətimizi cəlb edir. Şeirlərin qeyd edilən ən əski tarixi 1886-ci il, ən son tarix 1936-ci ildir. N.Şeydanın şeirləri, xüsusilədə qəzəlləri XIX əsrin sonlarından, XX əsrin əvəllərindən yazılı lirik aşiqanə, didaktik şeirlərdən şox da fərqlənmir. Lakin onun zəmanəsinə, ölkədəki mövcud vəziyyətə, quruluşa qarşı etiraz ruhu ilə aşılanmış elə şeirlərdə vardır ki, bunların üzərində dayanmağa ehtiyyac duyuruq. 1914-cü ilin may ayında yazdığı bir şeirdə Nəcəfqulu bəy xalqını çar Rusiyasının istilasından azad görmək istəyən, millətinə azadlığı bəxş ədəcək xilaskarı səbrsizliklə gözləyən alovlu bir vətənpərvər kimi çıxış edir.

Övladi-vətəndir qəlbi möhkəm,
Təzyiqə devam edir əsirkən,
Namüd deyil, gələn o gün həm,
Naci yetişər olarə erkən,
Ol vəqt olu qəlbləri ələmdən,
Xali ki, rəha olarlar qələmdən


Bu şeir N. Şeydanın Azərbaycan sovetləşməsinə qədərki düşüncələrini əks etdirir, onun həmin dövrün ən qabaqcıl ziyalıları ilə həmfikir olduğunu göstərir. Nəcəfqulu bəyin ele şeirləri də var ki, orada Azərbaycanda yeni qurulan sovet hakimiyyətini zalım adlandırır, haqqı boğan amansız bir rejim kimi onu tənqid edir. Şairə görə, yeni rejim, əslində, çar Rusiyasının başqa bir formasıdır. Onun 1924-cü ildə yazdığı şeirlərindən birində oxuyuruq:

Zülm, əyyam dolanıb sanma ki, yüngülləşəcək,
Get-gedə vəz i-cahan, bil, yəqin müşkülləşəcək.
Batil ehkamı məsəbbət eləyir əhli-zələm,
Nə zaman salikə həq söyləmək mümkünləşəcək?

Həmin dövrdə belə tənqidi şeirlər yazan şairin cəsarətinə təəccüb etməmək olmur.İnanmaq olmur ki, XX əsrin 20-30-cu illərində, qırmızı terrorun tüğyan etdiyi dövrdə belə şeirlər yazan,sonradan onları cırıb atmayan, evində saxlayan adamlar da olmuşdur. Axı hammı bilir ki, həmin illərdə belə şeirlərin müəllifini nə gözləyirdi. Sovet dövründə yazdığı şeirlərindən birində Nəcəfqulu bəy açıqdan-açığa inqilab nəticəsində hakimiyyətə gəlmiş quruluşu insan hüquqların “payman” etməkdə günahlandırır, xalqın bu yeni rejimin bəlasından bir zaman qurtaracağına inandığını söyləyir:

Key olan inqilabda həqqi, hüququ paymal,
Səbr ele, bir zaman gəlir, Şeyda oxur bəşarətu.

Şair 1924-cü ildə yazdığı başqa bir şeirində Sovet rejimi tərəfindən söz azadlığının tamamilə aradan götürüldüyünü, zorakılığın, represyaların baş alıb getdiyini tənqid atəşinə tutur. Azərbaycanda XX əsrin 20-30-cu illərində yazılmış belə cəsarətli şeirlərdən xəbərsiz olduğumuza təəssüflənməmək olmur. Şair “Mətbuat bülbülü”nə xitab edərək nə üçün onun səsinin gəlmədiyini soruşur və bülbülün adından cavab verir ki, indi sözün düzünü demək mümkün deyil, çünki haqq söyləyənləri cəzalandırır, həbsxanaya salırlar:

Azad idim, söylədiyim qanırdım,
İndi hürriyyəti-kəlam yedəklənibdir.
Həq söyləyən təhdid ilən qorxunur.
Cəbrən, zorən ağzıbirə soxulur,
Doğru gedir, əyri güllər toxunur,
Çirkin əğyar gör nə qəşənglənibdir.

1936-cı ildə yazılmış şeirlərindən birində N.Şeyda ölkədə hakim olan bolşevik partiyasını “Firqeyi-əhli-zəlalət” adlandırır, islam dinini sıxışdıran Sovet rejimini ifşa edir. Müəllif əminliklə bildirir ki, “əhli-fəsad” nə qədər güclü olsa da, haqq batil olmayacaq, bir gün qələbə çalacaq:

Fiqeyi- əhli-zəlalət eyləyir rəhbərlik,
Əhli-İslamə, Xudaya, nə zəlalət, nə sitəm...
Qüvveyi-cəbr ilə, Şeyda, olamaz həq batil,
Nə qədər əhli-fəsad yağdıra xəlq içrə zələm.

Şeirlərdən görünür ki, Nəcəfqulu bəy dindar bir adam olmuşdur:

Bir Hüseyn ibn Əlidir fəxr ilə ibrətnüma,
Oldu rahi-eşqdə,bəhri-həqayiqdə qəriq. 

Şairin fikirincə, xalqın başına gələn müsibətlərin bir səbəbi də onun öz dinindən, haqq zorlu uzaqlaşdırılmasıdır. Bu fikirdə olan şairin bəzən ümidsizliyə qapildığın da görürük :

Məsələki-millət pozuldu, münhədim oldu təriq,
Yox fərəhbəxça əlamət, 
Yox ümid dilşad edən.

Belə bədbin fikirlər Nəcəfqulu bəyin şeirlərində yerini şairin öz mənəvi gücünə, gələcəyə inam aşılayan nikbin əhvalı-ruhiyyəli misralarına verir:

Qoy nə qədər əhli-dəğa istəyir etsin zülmün,
Azmayıb həqdə, Şeyda, yenə ötkünləşəcək.

Bu yaxınlarda Şeyda irsinə dair yeni bir qaynağı, onun “Gülşəni-maarif” adlı təzkirəsinin əlyazmasını əldə etmişik. Şairin öz əlilə köçürdüyü bu əsəri Əlyazmalar İnstitututnun onun nəvələri təqdim etmişlər. Təzkirənin əvəlində müəllif anadilli poeziyamızın toplanmasında təzkirələrin rolundan danışır, Məhəmməd ağa Müctəhidzadənin “Riyazül-aşiqin”, Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” əsərlərini, Salman Mümtazın araşdırmalarını yüksək dəyərləndirdiyini bildirir. Sonra isə göstərir ki, adları bu mənbələrə düşməyən bir sıra şairlərimiz haqqında məlumat və əsərlərindən nümunələr toplayaraq gələcək nəsillərə qalsın deyə bunlardan bir təzkirə tərtib etmişdir. Müəllif göstərir ki, bunlar əsasən onun müasirləridirlər. Təzkirədə cəmi 24 şairin əsərləri toplanıb. Onların adlarını təqdim olunan ardıcıllıqla veririk: Azər Buzovnalı, Əşrəf Nəzərli, Mir Bədrəddin Bədri, Məhəmməd Hadi Bakuvi Sabit, Əbdülxaliq Cənnəti, Hacıağa Hacı, Mirzə Möhsün Xəyali, Ağa Hüseyin Rəsulzadə, Mirzə Əbdüləli Səməndər, Həsən Səyyar, Mir Əbdülvəhhab Seyid Zərgər, Hacı Səlim Səyyah, Nəcəfqulu bəy Şeyda, Mikayıl Seydi, Sadiq bəy Sadiq, Mirzə Məhəmməd Ziya, Mirzə Həsib Qüdsi, Ağadadaş Müniri, Əliabbas Müznib, Səməd Mənsur, Əbdüləli Hilali, Məhəmməd Hadi Şirvani, Məhəmməd Ağa Müştəri, Əbdülxaliq Yusif. Hacı Səlim Səyyah barədə yazarkən müəllif hal-hazırda, yeni 1935-ci ilə şairin 27 yaşının olduğunu qeyd etmişdir. Belə çıxır ki, N.Şeyda təzkirəsini ömrünün son dövrlərində yazıbdır. Bu təzkirədə adları çəkilən şairlərin tədqiqatçılarımıza naməlum qalan bir çox şeirləri köçürülmüşdür. “Riyazül-aşiqin” təzkirəsinin müəllifi, “Müştəri” təxəllüsu Məhəmməd ağa Müctəhidzadənin təzkirəsi çap ediləsə də, indiyədək onun cəmi bir neçə şeiri işıq üzü görmüşdür. “Gülşəni-maarif” də Məhəmməd ağanın 45 şeiri gözəl, səliqəli xətlə köçürülmüşdür. Şeirlərin əksəriyyəti lirik məzmunlu qəzəl, müxəmməs və mürəbbelərdən ibarət olsa da, burada vətən sevgisini, maarifçiliyi təbliğ edən əsərlər də vardır.Ümumiyyətlə, təzkirəni nəzərdən keçirdikdə görürük ki, tərtibçi vətənpərvərlik ruhlu, oxucuları elmə, təhsilə səsləyən şeirlərə üstünlük vermişdir. Məhəmməd Hadinin topluya daxil edilmiş yeddi şeirindən ikisinə (“Təqdir qılınız, əhli-vətən, işbu məqalı” misrası ilə başlanan “Əfkari-Hadi” və “Dünyadə əyilməz fəqatemari-vətəndir” misrası ilə başlanan “Vətən” şeirləri) şairin 1978- ci ildə “Elm” nəşriyyatında çap edilmiş seçilmiş əsərlərində rast gəlmirik. Təzkirədə Nəcəfqulu beyin öz həyatı, ata-balaları barədə yazdıqları da çox maraqlıdır. Məlum olur ki, şair Baharlı elinin görkəmli dövlət xadimi və şair, XVI əsrdə Humayun şahın, Əkbər şahın dövründə Böyük Moğollar dövlətində, Hindistanın tarixində böyük rol oynamış Məhəmməd Bayram xanın nəslindəndir. Onun babaları XV yüzildə Azərbaycanın cənubunda dövlət qurmuş Qaraqoyunlu tayfa ittifaqının Baharlı oymağındandırlar. Nəcəfqulu bəyin təzkirəsində öz babaları və hayatı barədə yazdıqları tariximizin baxmından maraq kəsb edir: “İbrahim xan ulu babam Mirzə Vəlinin Araz çayının kənarında vaqe Baharlı qəryəsindən bir qədər rəiyyətlə Ağdam ilə Qarabağ arasında bir qitə yerdə sükunət etdirir və sakin olduqları yerin adını dəxi Baharlı qoyurlar. Baharlı kəlməsi nərədən nəşət olduğunu gərəkdir izah etmək. Şah Abbas Səfəvinin zamanında Türküstan çölündə Baharlı oymaöının valisi olan Bayram xanın övladlarından birisi Marağa şəhərinin yavuqluğunda öz əlilə bir bir kənd bina edir və adını dəxi Bayramxanlı qoyur. Nadir şahın qətlindən sonra İranda vaqe hərcmərclikdən ehtiyat edib Mirzə Vəlinin atası Böyük bəy öz elini götürüb Aras çayının kənarında Baharlı adında bir gəryə bina edər ki, hala həman qərya durur. Və bəyləri dəxi Vəlizadə Baharlı ləqəbilə adlanırlar. Mirzə Vəli İbrahim xana müqqəbər olandan sonra Ağdam ilə Qarabağ şəhərinin yanında bir parça torpaq bəxş edir və Mirzə Vəli dəxi Aras kənarındaki Baharlıdan bir qədər rəiyyətlərini köçürüb həm yerdə sakin etdirir. Adını dəxi baharlı qoyur. Və Mirzə Vəlinin oğlanlarından Mirzə İsmayıl adlı həmin Baharlıdan bir qədər rəiyyətlərini köçürüb həman yerdə sakin etdirir. Necə ki, mərhum Qasım bəy Zakir təxəllüs İsmayıl bəy ilə zərafətən müşairələrindən bu növ İsmayıl bəyə həzl təriqilə yazıyor... Qasım bəy Zakirin Mirzə İsmayıl Bayram xan Baharlının nəslindəndir. Ruzigar və zəmanə dolandıqca Azərbaycanın halı dəxi dəyişiyor. Romanov nəslindən əvvəlinci Nikolay həman xanları bir-bir özünü müti edir. Və o vaxt Qarabağ, Tərtər və Qarğabazarı və ya Qaryagin şəhərləri Şamaxı quberniyasına daxil olduğuna görə mərhum atam 1845 sənaye-məsihidə Şamaxı candarma idarəsində mütərcimlikmənsəbini ifa edir. Ta ki, 1859-cu il ildə Şamaxı şəhəri şiddətli zəlzələdən məxburə olur. O vaxtın höküməti quberniyanı Bakı köçürməyə əmr edər və 1860- cı ildə tamam didanxana idarələri və xidmətkarları Bakıya köçürlər. Burada mərhum atam beş il xidmət etdikdən sonra Quba şəhərində xidmətə təyin olunur və orada 1879-cu ildə vəfat edir. Onun vəfatından sonra mən dəxi Qurbanı tərk edib 1880-ci ildə Bakıya hicrət etdim və burada bəzi xidmətlərdə olub ta bu halacan Bakdıda yaşayıram.”

Şairin ölüm tarixi bizə məlum deyildir. Onun bizə məlum olan son şeiri 1936-cı ildə yazılmışdır. Şübhə etmirik ki, Nəcəfqulu bəyin “Gülşeni-maarif” təzkirəsinin nəşri ədəbiyyat tariximizin araşdırıcıları üçün dəyərli töhfə olacaqdır.

PAŞA KƏRİMOV, Filologiya üzrə elmlər doktoru

Ailəsi[redaktə | mənbəni redaktə et]

  • Həyat yoldaşı İmarət xanım Vəliyeva (Məlikova)Həsən bəy Zərdabinin bacısı Şirinxanım Məlikovanın qızı.
  • Oğlu Məhəmmədhəsən bəy Vəliyev-Baharlı — Azərbaycan Dövlət Bankının ilk müdiri, iqtisadçı, etnoqraf, siyasi repressiya qurbanı.
  • Qızı Səltənət xanım Həsənova-VəliyevaAzərbaycan pedaqoqu. Səltənət xanım Həsənova-Vəliyeva 4 fevral 1893-cü ildə anadan olmuşdur. O, 1901–1905 illərdə Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovanın müdiri olduğu Tağıyev Qızlar Gimnaziyasında oxumuş, rus dilində təhsil almışdır. Tağıyev Qızlar Gimnaziyasının ilk məzunlarından biridir.[2] Səltənət xanım Həsənova-Vəliyeva uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuşdur.[2] Səltənət xanım Həsənova-Vəliyeva Bakı milyonçusu Mir Əbdüləhəd Seyid Qəhrəman oğlu Seyidhəsənzadə ilə 1917-ci ildə ailə həyatı qurmuşdur. Səltənət xanım Həsənova-Vəliyeva 1976-cı ildə, 83 yaşında Bakıda vəfat etmişdir.[2]
  • Qızı Züleyxa xanım Nəcəfqulu bəy qızı VəliyevaTağıyev Qızlar Gimnaziyasının ilk məzunlarından biri, Züleyxa xanım Vəliyeva 22 fevral 1890-cı ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Şuşalıdır. O, 1901–1905-ci illərdə Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovanın müdiri olduğu Tağıyev Qızlar Gimnaziyasında oxumuş, rus dilində təhsil almışdır. Tağıyev Qızlar Gimnaziyasının ilk məzunlarından biridir[3]. Züleyxa xanım Vəliyeva qısa ömür yaşamışdır. O, toyu ərəfəsində, 1908-ci ildə, 18 yaşında vəfat etmişdir[3].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. V.Quliyеv. Biz gеdəsiyik, dünya qalası. Bakı: Şuşa, 2001, səh.44.
  2. 1 2 3 Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(I kitab. Bakı, 2013)
  3. 1 2 Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(I kitab. Bakı, 2013)

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu. Baharlı oymağı. Bakı: "Soy" dərgisi, 2008, səh.22–79.
  • Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(I kitab. Bakı, 2013)
  • Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(Ensiklopedik məlumat kitabı) (II kitab. Bakı, 2013)
  • Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy ocağı (sələfləri, xələfləri). Bakı, 2015
  • Orxan Zakiroğlu (Baharlı). Xanlar xanı Bayram xan (sələfləri, xələfləri). Bakı, 2015
  • Orxan Zakiroğlu (Baharlı). Əlişəkər bəy nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015
  • Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy və onun nəslinin tanınmış övladları. "Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri" (Doqquzuncu buraxılış). Bakı, 2014

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]