Baharlı oymağı

Baharlı oymağıQaraqoyunlu tayfa konfederasiyasına daxil olan tayfalardan biri. Baharlı tayfası/oymağının üzvləri uzun müddət CənubiŞimali Azərbaycan, Türkiyə, İranın Fars, Kerman əyalətləri ərazisində yaşamış, XX əsr boyunca oturaq həyata keçmiş və demək olar ki, özünün tayfa quruluşunu, kimliyini itirmişdir. Baharlı tayfası/oymağı Azərbaycan türklərini təşkil edən tayfalardan biridir[1]Azərbaycan türkcəsində danışmaqdadırlar.[2][3][4]

J. Malkolmun fikrincə, baharlılar əslən Şamlı tayfasının bir qoludurlar. Şamlılar əsas Qızılbaş tayfalarından biri olmuş və Əmir Teymur tərəfindən Suriyadan İrana gətirilmişdirlər.[5] A. Houtum-Schindler qeyd edir ki, onlar Fars ostanında əsasən başqaları tərfəindən ərəblər olaraq qeyd edilirlər və gümanki bu onların vaxtilə Suriyadan gətirilməsi ilə bağlıdır.[6] Lakin bu müəlliflərin heç biri bu iddiaları üçün hansısa sənəd göstərmir, Pierre Oberling bunu qeyd edərək, əlavə edir ki, gümanki bu əlaqələndirmə Xəmsə tayfa konfederasiyasındakı ərəb tayfası ilə bağlıdır. Digər tərəfdən, Baharlılar ilə Qaragözlülər arasında yaxın əlaqə olduöu bəllidir və Qaragözlülərin Şamlı tayfasının bir hissəsi olduğu bilinməkdədir. Qoşaçayın (indki Miandoab) 25 km şimal-qərbində Qaragözlü adlanan kənd vardır və bu yer Marağanın şimal-qərbində yaşayan Baharlıların yaşayış yerinə çox yaxındır. Həmədanın qərbində də Baharlı və Qaragözlülərin adı ilə bağlı xeyli yaşayış yerləri mövcuddur. Həmçinin Pierre Oberlinqin 1957-ci ildə Şiraz şəhərində İbrahim xan Baharlı və Əmirağa xan Baharlı ilə etdiyi müsahibədən bəlli olmuşdur ki, Fars ostanında yaşayan Baharlı oymağının Qaragözlü adında oymağı vardır.[7]

Vladimir Minorski inanır ki, Baharlı adı Qaraqoyunlu dövlətinin hakim sülalənin çıxdığı Baranlı və ya Barani elinin bir digər adıdır və onlar İva boyundan ayrılmışdırlar.[8][9] Hər bir halda, Faruk Sümer bunu sübut edəcək heç bir dəlilin ortada olmadığını bildirmişdir.[10] Qaraqoyunlular zamanı Baharlı oymağı Həmədan ətrafında yaşamaqda idi və Minorski də buradan yola çıxaraq iddia edirdi ki, Baharlıların adı da buradakı Bahar qala adından törəmişdir. Lakin fakt odur ki, XVIII əsrdə belə Mərkəzi Anadoluda Baharlı adında tayfa mövcud idi.[11] Beləliklə, Pierre Oberling düşünür ki, Baharlılar Həmədan ətrafına köç edərkən onların bir hissəsi əvvəlki yerlərində qalmış və onlar Həmədana gəldikləri zaman Bahar adında qala artıq orada mövcud idi.[7]

Qaraqoyunlu və Ağqoyunlu imperiyaları dövrü

[redaktə | mənbəni redaktə et]

Məlum olan qaynaqlardan bilindiyi qədərilə, Baharlı oymağı Qaraqoyunlu tayfa konfederasiyasına o artıq formalaşdıqdan sonra qatılmışdır və hətta ehtimal edilir ki, bu qatılma 1408-ci ildə Həmədanın Qara Yusif tərəfindən ələ keçirilməsindən sonra baş vermişdir. Cahanşahın hakimiyyəti zamanı tayfanın başçısı Əlişəkər bəy Baharlı idi və o, Balal və ya Bilallu oymağından idi. Abdülbaki Nəhavəndinin yazdığına görə, Əlişəkər bəy ən bacarıqlı Qaraqoyunlu sərkərdələrindən biri olmuş, 1457-ci ildə qərb və cənub-qərbdə ələ keçirilən torpaqların tutulmasında mühüm rol oynamışdır. Əlişəkər bəyin Qaraqoyunlu hakim ailəsi ilə qohum olduğu bilinsə də, bu qohmuluğun tam olaraq necə olması bəlli deyil. Baburun verdiyi məlumata görə, Cahanşah Əlişəkər bəyin qızı Paşa Bəyim ilə evlənmişdir[12], lakin Fəzlullah Rüzbehana görə, Paşa Bəyim ilə evlənən Cahanşahın oğlu Məhəmməd Mirzə olmuşdur.[7][13]

Əlişəkər bəyin oğlu Pirəli bəy (o, həmçinin Şirəli bəy də adlandırılır) atasından sonra tayfanın başçısı olmuşdur. O, Cahanşahın zabitlərindən biri olmuş, Cahanşah Uzun Həsən tərəfindən məğlub edildikdən sonra Cahanşahın nəvəsi İbrahim bəy və 4-5 min Baharlı ailəsi ilə birlikdə Xorasandakı Teymurilərə sığınmışdır. Onlar burada Teymuri imperiyasını yenidən Qaşqardan Cənubi Qafqaza qədər uzanan bir imperiya halına gətirməyə çalışan son hökmdar olan Əbu Səidin xidmətinə daxil olmuşdurlar. Əbu Səidin də 1469-cu ildə Uzun Həsən tərəfindən məğlub edilməsindən sonra İbrahim bəy ilə Pirəli bəy Hüseyn Bayqaranın xidmətinə girmişdirlər. Uzun Həsən tez-tez yazdığı məktublarda mühacir liderlərin ona təhvil verilməsini tələb etmiş, cavab almadıqda isə ən azı 3 ordunu Xorasana göndərmişdir.[14][15] Bir müddət sonra Pirəli bəy Hüseyn Bayqaradan ayrılmış və Əbu Səidin üçüncü oğlu Sultan Mahmudun xidmətinə girmişdir. Bu zaman Sultan Mahmud müasir Tacikistanda yerləşən Hesar-e Şadmanda özünü hakim elan etmişdir. Bu zaman artıq dul qalmış və öz qardaşı ilə sürgündə yaşayan Paşa Bəyim Sultan Mahmud ilə evlənmişdir.[7][13]

Uzun Həsən 1478-ci ildə vəfat etdiyi zaman Pirəli bəy əvəvlki torpaqlarını yenidən ələ keçirməyə çalışdı. Qardaşı Bayram bəy və Sultan Mahmudun qardaşı Əbu Bəkir ilə birlikdə Bam və Sistan yolu ilə Kerman əyalətinə yürüşə başladı. Yürüşı qatılan ordu baharlılar ilə çağatayların birləşməsindən təşkil edilmişdi. Bu birləşmiş ordu zəif qorunan Kerman ilə Sircanı ələ keçirdi və Farsa doğru yola düşdü. Lakin Sultan Yaqubun komandanlıq etdiyi Ağqoyunlu ordusu onları məğlub etdi, həm Pirəli bəy, həm Bayram bəy, həm də Əbu BƏkir öz ailələrini Sircanda tərk edərək Qorqana qaçdılar. Burada Hüseyn Bayqara tərəfindən göndərilmiş ordu onlara hücum etdi və Əbu Bəkir öldürüldü, qardaşlar isə ələ keçirildi. Pirəli bəy kor edilərkən, qardaşı Bayram bəy edam edildi.[7][16]

Baharlılar Böyük Moğol hökmdarlarının xidmətində

[redaktə | mənbəni redaktə et]

Pirəli bəyin varisi kimi Xorasan baharlıların rəhbəri onun oğlu Canəli bəy oldu. O, Bədəxşanda məskunlaşdı və 1490-cı illərin sonundan etibarən Baburun xidmətinə girdi. 1499-cu ildə Əndican bölgəsində Babur üçün döyüşərkən başından zərbə aldı və kəllə sümüyü deşildi, lakin o, xidmətini davam etdirib Babur ilə birlikdə Kabula, oradan da Hindistana daxil oldu.[17][7]

Canəli bəyin oğlu olan Seyfəli bəy də Babur üçün xidmət etmişdir. Babur öğldüyü zaman o, onun yerinə gələn Humayuna (1530-1556) xidmət etməyə başlamış və öldüyü zaman Qəznə hakimi olmuşdur. Seyfəli bəyin oğlu və varisi Bayram xan (ö. 1561) Böyük Moğol imperiyasının görkəmli şəxsiyyətlərindən biri olmuş və Əkbər dönəmində xidmət etmişdir. O, Əkbərin xanbabası (yəni, mühafizəçisi), daha sonra isə xanlarxanı (yəni, baş naziri) olmuşdur. Bayram xan, həmçinin öz şairliyi, alimliyi və incəsənətə hamiliyi ilə seçilmişdir.[18][7]

Qaraqoyunluların süqutundan sonra müasir İranın qərbində qalan baharlılar bir çox digər Qaraqoyunlu tayfası ilə birlikdə tədricən Azərbaycanda məskunlaşmışdırlar. Görünüşə görə, onlar Ağqoyunlularla əməkdaşlıq etmişdirlər. Baharlılardan Həsən bəy Şəkəroğlunun Ağqoyunlu hökmdarı Əlvənd Mirzəyə İsmayıl Mirzə Səfəviyə qarşı mübarizədə yardım etdiyi bəllidir. O, Şərur döyüşündə də Ağqoyunlu tərəfində döyüşmüşdür.[19][7]

Səfəvilər dövrü

[redaktə | mənbəni redaktə et]

Malkolm Baharlı tayfasının erkən səfəvi şahları dövründə hakimiyyətin əsasını təşkil edən yeddi əsas tayfadan biri olduğunu bildirsə də,[20] Pierre Oberling bu iddianın hansısa güvənilir qaynaqda əks etdirilmədiyini yazır. Həsən bəy Rumlunun yazdığı əsərdə sadəcə iki Baharlı tayfası mənsubunun adı çəkilir. Onlardan biri Məhəmməd Baharlı 1516-cı ildə Bəlxdəki qalanın komandanı olmuşdur. İkinci sərkərdə isə Vəli bəy Baharlıdır. Vəli bəyin I Təhmasibin ölümündən sonra paytaxtda taxta hansı şahzadənin çıxması ilə bağlı münaqişə yaranan zaman İsmayıl Mirzəni dəstəkləyənlər arasında adı çəkilir. Həmçinin Münəccimbaşının əsərində adı çəkilən 8 Qızılbaş tayfasının siyahısına Baharlı tayfası daxil edilməmişdir.[7]

Yayılma arealları

[redaktə | mənbəni redaktə et]

Hal-hazırda Türkiyədə, keçmiş Sovet İttifaqının bəzi ölkələrində (xüsusən Azərbaycan Respublikasında) və İranda Baharlı tayfasının izləri və parçaları mövcuddur. Anadolunun şərqindəki Diyarbəkir bölgəsində Baharlı adında kənd vardır.[7] Eyni zamanda Şimali Azərbaycanın Şuşa və Zəngəzur bölgələrində də baharlılar yaşamışdır.[21] Eyni zamanda Şimali Azərbaycanda bu tayfanın adını daşıyan 3 kənd də mövcuddur. Baharlıların bir digər qrupu da Cənubi Azərbaycanda yaşamaqdadırlar.[7] 1906-cı ildə bölgəni ziyarət edən fransız alim Eugène Aubin Marağanın şimal-şərqində yerləşən Dizacrud məntəqəsində Baharlı tayfasının məskunlaşdığını yazmışdır.[22] Pierre Oberling onların M.L. Sheil tərəfindən XIX əsrin ortalarında sayları 2 min nəfər göstərilən qrup olduğunu yazmaqdadır.[23] XX əsrin ikinci yarısından etibarən baharlılar özlərinin tayfa kimliyini itirmiş və (Cənubi) Azərbaycan tayfaları içərisində qeyd edilməmişdir. Lakin vaxtilə onların tayfa ilə yaşadıqları ərazilərdə xeyli sayda onlarla bağlə kənd adları qalmaqdadır. Məsələn, XV-XVI-cı əsrlərdə Baharlı tayfasının əsas tirəsi olan Bilallı tirəsi və bir digər QAraqoyunlu tayfası Ağaç Əri ilə bağlə xeyli kənd adları bilinməkdədir. Bu siyahıya digər iki Qaraqoyunlu tayfası olan Alpout və Baranlı adları da daxil edilə bilər. Cənubi Azərbaycanda cənuba doğru isə Sənəndəc bölgəsində Baharlı tayfası ilə bağlı yer adlarına rast gəlinir.[7]

İranın cənubuna doğru irəlilədikcə bəzi baharlılar Əfqanıstan sərhədi yaxınlığında, Darmianın 12 km cənubunda yerləşən Baharmərz kəndində yaşamaqdadırlar. Bu yer Xorasanın cənubunda yerləşməkdədir. Həmçinin eyni vilayətdə, Boşruya məntəqəsinin 3 km şimal-qərbində Bilal adında kənd də yerləşməkdədir. Həsən Fəsainin yazdığına görə, Xarəzm (Xivə) bölgəsində Baharlı adında tayfa yaşamaqdadır.[7]

Kerman ostanında Bar-e Baharlı adında kiçik bir tayfa yaşamaqdadır. Onlar Rabor ilə Bezencan arasında yaşamış və son Qacar sülaləsi dönəmində 40 ailədən obarət olmuşdurlar.[7][24]

Fars ostanında da Baharlı tayfası mənsubları yaşamaqdadırlar.[a] Pierre Oberlinqin 1957-ci ildə tayfanın ağsaqqallarından olan İbrahim xan Baharlı və Əmirağa xan Baharlı ilə apardığı müsahibədən bəlli olur ki, bu tayfa Fars ostanına Cənubi Azərbaycan ərazisindən gəlmişdir. Lakin Oberling onların tirə adlarının Məşhədli olmasını əsas gətirərək, onların Qaraqoyunlu dövlətinin süqutundan sonra Xorasana qaçan baharlıların varisləri ola biləcəyini yazır.[7] Field isə iddia edir ki, onların Fars bölgəsində XVIII-XIX əsrdə məskunlaşdığını qeyd edir.[29] Oberling onların bu dövrdə Xorasandan gələ biləcəkləri ehtimalını istisna edir. O, yazır ki, Kermandakı Bar-e Baharlı və Farsdakı Baharlı icmaları Sircanı tərk edən baharlıların varisi ola bilər. O, Pirəli bəy ilə qardaşı Bayram bəyin 1478-ci ildə Ağqoyunlu Yaqub Mirzə tərəfindən məğlub edildiklərini, bundan sonra da Sircandakı baharlıların daha cənuba çəkilə biləcəklərini qeyd edir.[7]

1860-cı illərə qədər Fars əyalətindəki baharlılar tamamilə köçəri həyat tərzi sürmüşdürlər. Onların yaylaqları Şirazın şimalındakı Ramcerd, Marydəşt və Kamində, qışlaqları isə Farsın cənub-şərqində Darab və İzadkəstdə yerləşirdi.[7] Sheil 1849-cu ildə onların sayını 1230 ailə, K.E, Abbott isə 2 min ailə olaraq təqdim edir.[30][31] Onların son əhəmiyyətli liderləri 1851-1852 və 1858-1859-cu illərdə tayfa başçısı olmuş və Əhmədli tirəsindən gələn Molla Əhməd xan Bozorgi olmuşdur. Onun ölümündən sonra tayfa başçılığı uğrunda gərgin mübarizə başlamış, bu mübarizə tayfa daxilində kəskin qırğınlara yol açmış və sonda tayfa üzvlərinin sayı xeyli azalmış, gücləri zəifləmişdir. Sonda sağ qalmış tayfa üzvləri artıq onların köğçəri həyat tərzi yaşaya biləcək gücdə olmadıqları qənaətinə gəlmişdirlər. Beləliklə, onlar özlərinin qışlaqlarında daimi yaşamağa başlamış, əkinçilik və heyvandarlıqla yanaşı, quldurluqla məşğul olmuşdurlar. 1860-cı illərin əvvəllərində onlara baş çəkən L. Pelly yazırdı ki, onlar "çox nadinc və quldur dəstəsidirlər, onlar bir-birlərini öldürməklə özlərinin və kəndxudalarının həyatına son qoyurlar və [sonda] onlardan yalnız qarşısına çıxan hər kəsi talamaq üçün dolaşan bəzi atlılar [sağ] qalır."[7][32] Buna bənzər qeydlər H. B. Vaughan, A. T. Wilson, G. Demorgny, P. M. Sykes və digər müəlliflər tərəfindən də yazılmışdır.[33][34][35][36][7]

1861-ci ildə tayfa Şiraz bölgəsindəki Xəmsə tayfa konfederasiyasına qatıldı.[b] Bu tayfa ittifaqı Fars canişini Soltan Murad Mirzə tərəfindən yaradılmışdı və məqsədi bölgədə artan Qaşqay təsirini azaltmaq idi.[37]

1933-cü ildə təkcə Fars bölgəsində yaşayan baharlılar 8 min ailədən və 20 tirədən ibarət idilər. Tirələr bunlar idi:

  • İbrahimxani, Əhmədli, İsmailxani, Bürbür, Bəklə, Cambozorqi, Cərgə, Cuqa, Hacıtərli, Hacıəttərli, Heydərli, Rəsulxani, Saqqız, Səfiqani, İsabığlı, Kərimli, Külahpüşti, Məşhədli, Nəsirbəyli, Varata.[7]

II Dünya müharibəsindən sonra İranda yaşayan baharlılar tamamilə oturaq həyata keçdilər və Darab bölgəsinin Fasarud, Kosuya və Qəriət-əl Keyr məntəqələrində yaşamağa başladılar.[7] Müharibənin sonuna doğru bölgəni ziyarət edən britaniyalı həkim O. Garrod qeyd etmişdi:

[Baharlılar] tayfa quruluşunu və xüsusiyyətlərini sürətlə itirirlər. Bir vaxtlar Fars əyalətinin şərqinin ən yaxşı atlıları və ən qorxulu döyüşçüləri, quldurları olan Baharlılar malyariya və məskunlaşdıqları məskənlərin məcmu çirkabında yetişdirilən xəstəliklərin təsirindən təəssüf ki, degenerasiyaya uğradılar.[38]

Pierre Oberlinqlə 1957-ci ildəki müsahibəsində Əmirağa xan Baharlı Fars əyalətində yaşayan baharlıların sayı olaraq 4 min nəfər rəqəmini demişdir.[7] Joshua Projectin bildirdiyi məlumata görə isə, baharlıların 2015-ci ildəki sayı təxminən 10 min nəfərə yaxındır.[2]

Qarabağ baharlılarından olan və Rusiya imperiyası zamanı quberniya katibi, məmur, aktyor kimi çalışmış Mirzə Məmmədhəsən bəy Vəliyev. O, Əbülfət Vəlinin, şair Nəcəfqulu bəy Şeydanin atası olmuşdur..

Qarabağ baharlıları

[redaktə | mənbəni redaktə et]

Baharlı eli oymaq şəklində Qarabağda, bir neçə mahalın ərazisində qərar tuturdu. Baharlı obasının ikisi Kəbirli elində, biri Çulundur mahalında, biri isə Qapan mahalında yaşam sürürdü. I Şah Abbas Səfəvinin 1071-ci ilin şəvval ayı tarixli (iyun, 1601) fərmanında Baharlı oymağı haqqında dəyərli məlumat verilib.[39]. Baharlı oymağının sakinlərindən Dərgahqulu, Kərəməli və başqalarının şikayəti əsasında tərtib edilmiş həmin fərmandan görünür ki, vaxtı ilə qeyd olunan tayfanın bir çox ailələri Qarabağdan İsfahanla Şirazla Xuzistan arasında yerləşən Çaharmahal məntəqəsinə köçürülmüş və orada uzun müddət yarımköçəri həyat sürmüşlər. Şah Sultan Hüseyn Səfəvi tərəfindən 1714-cü ilin dekabr ayında verilmiş şəcərəyə görə köhnə xəlifə Əbutalib bin Şeyx Məhəmməd bin Xəlifə Əlirzanın əmisi oğlu Xəlifə Məhəmmədqasım Qapanat mahalının Baharlı, Sarıəlili, Xacəəbuishaqlı və Xələc camaatına yeni xəlifə təyin edilmişdi. Baharlı obalarından üçü Kəbirli mahalında yerləşmişdi. Biri I Baharlı obası, biri II Baharlı obası, o birisi isə Lələimamverdi obası idi.[25][26][27][28]

Azərbaycan baharlıları arasından çıxmış məşhur şəxslər

[redaktə | mənbəni redaktə et]

Azərbaycanlı məşhur baharlılara nümunə olaraq bu şəxslər göstərilir:

Məhəmməd bəy Baharlı, Pirəli bəy Baharlı, Canəli bəy Baharlı, Seyfəli bəy Baharlı, Sultanqulu bəy Baharlı, Bayram xan Baharlı, Əbdürrəhim xan Baharlı, Həsən bəy Müqimi, Bayramxan bəy Abdulla xan oğlu Baharlı, Mirzə Vəli bəy Baharlı, Mirzə Haşım bəy Baharlı, İbrahim bəy Baharlı, Mirzə İsmayıl bəy Vəliyev (Baharlı), Mirzə Məmmədhəsən bəy Vəliyev, Məşədi Əsədulla bəy Vəliyev, Məhəmmədəli bəy Vəlizadə (Məxfi), Abdulla bəy Vəlizadə, Nəcəfqulu bəy Vəliyev (Şeyda), Əbülfət bəy Vəli, Məhəmmədhəsən bəy Vəlili-Baharlı, Əliş bəy Vəliyev, Cabbar bəy Vəlibəyov, Sulduz Rüstəmov, Vəli Vəlizadə, Zakir Cabbar bəy oğlu Məmmədov, Səttar bəy Vəliyev, Xostan Vəliyev, Zahid Məmmədov, Məhəmməd Baharlı, tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) və başqaları daha çox tanınırlar.[25][26][27][28]

  1. Ənvər Çingizoğlu Fars əyalətindəki baharlıların tayfa başçılarının siyahısını belə təqdim etmişdir:[25][26][27][28]
    1. Hüseyn xan (Bahadur-Nizam)
    2. Əmir Ağa xan
    3. Sultan İbrahim xan
    4. Kazım xan
    5. Qulamhüseyn xan
    6. Manuçöhr xan
    7. Əhmədrza xan
    8. Mürtəza xan
  2. Ənvər Çingizoğlu Xəmsə konfederasiyasına qatılan Baharlı tirələri olaraq bunları göstərməkdədir:[25][26]
    • Əbülqasımlı
    • Əhmədli
    • Ələmdar
    • Əmələ
    • Əminə
    • Əminli
    • Əmirhacılı
    • Aşıqlı
    • Aşırlı
    • Övladlı
    • Əzizbəyli
    • Hacıəttarlı
    • Hacıbaranlı
    • Hacıxanlı
    • Heydərli
    • Həsənbəyli
    • İbrahimxanlı
    • İsmayılxanlı
    • İsabəyli
    • Caməbözörgi (böyükcaməli)
    • Qağaxanlı
    • Kamanlı
    • Məmmədli
    • Məhəmmədxanlı
    • Nəzərbəyli
    • Qaraxanlı
    • Qaraxaslı
    • Kazımbəsli
    • Rəsulxanlı
    • Sadıqlı
    • Səfixanlı
    • Səkkizli
    • Şəkərli
    • Əzizli
    • Çəhərdəh çərik (on dörd çərik)
    • Dərəşur (şordərəli)
    • Kərimli
    • Xosrovlu
    • Lor
    • Sül eymanlı
    • Təkkə (təklə)
    • Zərgər
  1. Баскаков, 1969. səh. 265
  2. 1 2 "Baharlu in Iran". Joshua Project. 26 may 2015. 15 yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust.
  3. "Azerbaijani, South". Ethnologue. 7 mart 2013. 5 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust.
  4. "Baharlu". Glottolog. 28 sentyabr 2022. 13 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 avqust.
  5. Malcolm, 1829. səh. 237
  6. Houtum-Schindler, 1896
  7. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 Oberling, 1988
  8. Minorsky, 1955. səh. 391
  9. Golden, 1992. səh. 367-368
  10. Sümer, 1967. səh. 23-24
  11. Niebuhr, 1774. səh. 415
  12. Beveridge, 1969. səh. 49
  13. 1 2 Minorsky, 1957. səh. 42
  14. Lucknow, 1874. səh. 16-17
  15. Woods, 1976. səh. 125
  16. Minorsky, 1957. səh. 42-43
  17. Beveridge, 1969. səh. 109, 546
  18. Ansari, 2007. səh. 1135-1137
  19. əl-Siyər, 2017. səh. 463
  20. Malcolm, 1829. səh. 326
  21. Baharlı, 1921. səh. 61
  22. Aubin, 1908. səh. 101
  23. Sheil, 1856. səh. 396
  24. Field, 1939. səh. 235
  25. 1 2 3 4 Çingizoğlu, 2008. səh. 22–79
  26. 1 2 3 4 Çingizoğlu, 2012. səh. 22–79
  27. 1 2 3 Zakiroğlu, 2013
  28. 1 2 3 Zakiroğlu, 2015
  29. Field, 1939. səh. 216
  30. Sheil, 1856. səh. 399
  31. Abbott, 1857. səh. 310-311
  32. Pelly, 1963. səh. 183
  33. Demorgny, 1913. səh. 103
  34. Wilson, 1941. səh. 47
  35. Vaughan, 1892. səh. 97
  36. Sykes, 1951. səh. 479
  37. Oberling, 1974. səh. 65
  38. Garrod, 1946. səh. 44
  39. "Rahnümayi-k etab" jurnalı, 10-cu il, № 3, şəhrivər, 1346, səh.295