Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Məhəmmədhəsən bəy Vəliyev-Baharlı (tam adı: Məhəmmədhəsən bəy Nəcəfqulu bəy oğlu Vəliyev; 1896, Şuşa – 24 iyun1937, Bakı) — Azərbaycan Dövlət Bankının ilk müdiri, iqtisadçı, etnoqraf, siyasi repressiya qurbanı.
Məhəmmədhəsən bəy Nəcəfqulu bəy oğlu 1896-cı ildə Şuşa şəhərində dünyaya gəlmişdir. Bakı gimnaziyasını bitirdikdən sonra təhsilini Kiyev universitetinin iqtisadi-coğrafiya fakültəsində davam etdirmiş və 1915-ci ildə oranı bitirmişdir.
Baharlı Azərbaycan Demokratik Cumhuriyyəti hökumətinin fəaliyyəti dövründə təsis edilmiş Bakı Dövlət Universitetində dərs demiş, həmin dövrdə, 1919-cu ilin sentyabrın 30-unda yaradılmış Azərbaycan Dövlət Bankının müdiri vəzifəsində çalışmışdır. Sovet dövründə isə əmək fəaliyyətini Azərbaycan SSR Dövlət Plan Komitəsində davam etdirmişdir.
O, 1923–1929-cu illər arasında fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Təbliğ Cəmiyyətinin üzvü olmuş, həmçinin 1937-ci ilə qədər gizli surətdə fəaliyyət göstərən Azərbaycan İstiqlal Təşkilatının katiblərindən biri olmuşdur. M. Baharlı 1926-cı ildə Solovki əsir düşərgəsindən sürgündən qayıtdıqdan sonra, ikinci dəfə 1937-ci ildə həbs edilmişdi.
M. Vəliyev (Baharlı) 27 iyul 1937-ci ildə güllələnmişdir.[1][2]
Anası İmarət xanım Vəliyeva (Məlikova) — Həsən bəy Zərdabinin bacısı Şirinxanım Məlikovanın qızı.
Bacısı Səltənət xanım Həsənova-Vəliyeva — Azərbaycan pedaqoqu. Səltənət xanım Həsənova-Vəliyeva 4 fevral 1893-cü ildə anadan olmuşdur. O, 1901–1905 illərdə Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovanın müdiri olduğu Tağıyev Qızlar Gimnaziyasında oxumuş, rus dilində təhsil almışdır. Tağıyev Qızlar Gimnaziyasının ilk məzunlarından biridir.[3] Səltənət xanım Həsənova-Vəliyeva uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuşdur.[3] Səltənət xanım Həsənova-Vəliyeva Bakı milyonçusu Mir Əbdüləhəd Seyid Qəhrəman oğlu Seyidhəsənzadə ilə 1917-ci ildə ailə həyatı qurmuşdur. Səltənət xanım Həsənova-Vəliyeva 1976-cı ildə, 83 yaşında Bakıda vəfat etmişdir.[3]
Bacısı Züleyxa xanım Nəcəfqulu bəy qızı Vəliyeva — Tağıyev Qızlar Gimnaziyasının ilk məzunlarından biri, Züleyxa xanım Vəliyeva 22 fevral 1890-cı ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Şuşalıdır. O, 1901–1905-ci illərdə Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovanın müdiri olduğu Tağıyev Qızlar Gimnaziyasında oxumuş, rus dilində təhsil almışdır. Tağıyev Qızlar Gimnaziyasının ilk məzunlarından biridir[3]. Züleyxa xanım Vəliyeva qısa ömür yaşamışdır. O, toyu ərəfəsində, 1908-ci ildə, 18 yaşında vəfat etmişdir[3].
Məhəmməd Həsən Vəliyevin(Baharlının) əsəri "Azərbaycan" adlı olmuşdur. Lakin bu əsərin uzun illər istifadə edilməsi yasaq olunmuşdur.
Ənvər Çingizoğlu, Baharlı oymağı,"Soy" dərgisi, 6(14) Bakı, 2008, səh. 22–79
Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001
Zakir Məmmədov (Baharlı), Orxan Zakiroğlu (Baharlı). Məhəmmədhəsən bəy Vəliyev (Baharlı) (soykökü, həyatı, yaradıcılığı). Bakı, 2015
Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar. I kitab. Bakı, 2013
Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar (Ensiklopedik məlumat kitabı). II kitab. Bakı, 2013
Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy və onun nəslinin tanınmış övladları. "Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri" (Doqquzuncu buraxılış). Bakı, 2014.