Nəcməddin Hüseyn oğlu Sadıkov və ya Sadıqov (24 may 1956, Dərbənd, Dağıstan MSSR) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik (2005).
Nəcməddin Hüseyn oğlu Sadıkov 24 may 1956-cı ildə Dərbənd şəhərində anadan olub. Birinci Qarabağ müharibəsi başlayanda ailəsi ilə birlikdə Azərbaycana gəlmişdir. Ailəlidir, 3 övladı var.
- 1979–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri, tabor komandiri, alay komandirinin müavini vəzifələrində xidmət edib;
- 1 fevral 1992-ci ildə Azərbaycan Ordusuna gəlmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini — Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib;
- Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib;
- Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb;
- Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib;
- Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası, xarici siyasət strategiyası və hərbi doktrinası ilə bağlı sənədlər hazırlayan və Milli Təhlükəsizlik Siyasəti Komissiyasının üzvü. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 858 nömrəli Sərəncamı ilə N. Sadıkov general-polkovnik rütbəsinə layiq görülmüşdür.
- 2020-ci ilin iyulunda Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun vəzifədən azad edilməsi və qardaşının Ermənistan ordusunda yuxarı vəzifə tutması iddiası barədə yayılan xəbərlərlə bağlı rəsmi açıqlama yayıb.[2]
- 2020-ci ilin oktyabrında İkinci Qarabağ müharibəsi zamanı adı Müdafiə Nazirliyinin rəsmi saytının struktur bölməsindən çıxarılıb.[3]
- 2021-ci ildə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxıldığı açıqlanıb.[4]