Nadir Mikayılov (14 iyun 1939, Ağdam – 16 noyabr 2011, Bakı) – coğrafiya elmləri doktoru, professor. Kərrar Mikayılovun oğlu. Tofiq Mikayılovun qardaşı
Nadir Mikayılov | |
---|---|
Nadir Kərrar oğlu Mikayılov | |
Doğum tarixi | |
Doğum yeri | Ağdam |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan SSR |
Elm sahəsi | coğrafiya |
Elmi dərəcəsi | coğrafiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Bakı Dövlət Universiteti |
Təhsili | ali |
Nadir Kərrar oğlu Mikayılov 14 iyun 1939 ildə Ağdamda dünyaya gəlmişdir. Ağdam Kənd Təsərrüfatı Texnikumunu fərqlənmə diplomu ilə bitirmiş (1958), hərbi xidmətdən sonra (1958-61) Perm Dövlət Universitetinin (Rusiya Federasiyası) Coğrafiya fakültəsində (1961-1966) ali təhsil almışdır.
Nadir Mikayılov tələbəlik illərində Şimali Ural geoloji-axtarış ekspedisiyasının tərkibində texnik-geoloq və geomorfoloq kimi, təcrübəli mütəxəssislərin rəhbərliyi altında Rusiyanın şimali Tayqa və Tundra zonalarında çöl tədqiqat işlərində təcrübə qazanmışdır. Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aspiranturasına qəbul olunmuş (1968), "Qarabağ düzündə yayılmış ağırgilli şoranların yaxşılaşdırılması" mövzusunda dissertasiya müdafiə edərək (1972), kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1979 ildə baş elmi işçi diplomu almışdır.
Nadir Mikayılov "Kür-Araz ovalığında yayılmış şoran-şorakət torpaqların əmələgəlmə şəraitinin və meliorasiyanın ekoloci əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək (2003), coğrafiya elmləri doktoru alimlik dərəcəsi almışdır.
Nadir Mikayılov Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Coğrafiya İnstitutunun Geomorfologiya şö’bəsində kiçik elmi işçi (1966), Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi katibi (1974-78), Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyasının müdiri (1978-82),Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində "Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə" kafedrasında dosent, professor vəzifələrində çalışmışdır.
Nadir Mikayılov 16 noyabr 2011 ildə Bakıda vəfat etmişdir.
Nadir Mikayılovun torpaqşünaslıq və torpaq meliorasiyasının müxtəlif sahələrini əhatə edən 120-dən artıq əsəri çap olunmuşdur.
Nadir Mikayılov torpaqların meliorativ yaxşılaşdırılmasında açıq və qapalı drenaj şəbəkələri fonunda kimyəvi meliorasiyanı geniş tətbiq etmiş, kimyəvi meliorantlar kimi gipsdən, üzvi-mineral turşulaşdırıcı maddədən, mineral turşulardan və s. geniş, çoxfaktorlu eksperimentlər həyata keçirmişdir. Fəaliyyət göstərdiyi müddətdə 10 nəfərlik dəstə ilə 35 əkinçilik rayonunun və 1800-dən çox kolxoz və sovxoz torpaqlarının bonitet kartoqramlarını işləyib hazırlamışdır.
Nadir Mikayılov bir çox beynəlxalq və respublika səviyyəli konqres, konfranslarda şorlaşmış torpaqların yaranması və meliorasiyanın ekoloji problemlərinə aid maraqlı, yeni problemlərlə çıxış etmişdir. O, dəfələrlə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin və respublika «Bilik» cəmiyyətinin fəxri fərmanlarını almışdır.