Tofiq Mikayılov

Tofiq Kərrar oğlu Mikayılov (15 yanvar 1931, Ağdam2014, Bakı) – Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, Azərbaycan SSR Dövlət mükafatı laureatı.

Tofiq Mikayılov
Doğum tarixi
Doğum yeri Ağdam, Azərbaycan, SSRİ
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi biologiya
Elmi dərəcəsi biologiya elmləri doktoru
Elmi adı professor
İş yeri Azərbaycan Milli Elmlər Akademiyası
Təhsili ali
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı — 1990

Tofiq Mikayılov 15 yanvar 1931 ildə Ağdam şəhərində dünyaya gəlmişdir. O, 1947 ildə Ağdam 1 saylı orta məktəbi, 1952 ildə Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Tofiq Mikayılov 1952 ildə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) aspiranturasına daxil olmuşdur. Təhsil aldığı dövrdə Leninqrada SSRİ EA Zoologiya İinstitutuna ezam edilmiş, "Kür çayının vətəgə balıqlarının parazit faunası" mövzusunda namizədlik (1958), "Azərbaycan su hövzələri balıqlarının parazitləri (növ tərkibi, dinamikası, mənşəyi)" mövzusunda doktorluq (1969) dissertasiyaları müdafiə etmişdir. 1972 ildən professordur.

Tofiq Mikayılov Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Zoologiya İnstitutunda aspirant, kiçik elmi işçi, böyük elmi işçi, direktorun elmi işlər üzrə müavini, parazitologiya şöbəsinin və Su heyvanları parazitləri laboratoriyasının müdiri vəzifələrində çalışmışdır.

Tofiq Mikayılov 2014 ilin dekabr ayında Bakıda vəfat etmişdir.

Kərrar Mikayılovun oğlu, Nadir Mikayılovun qardaşıdır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Tofiq Mikayılov 1971 ildə Sovet İttifaqı ərazisində ilk dəfə Su heyvanları parazitləri laboratoriyasını təşkil etmişdir. Bunun sayəsində ayrı-ayrı model su hövzələrində aparılan kompleks parazitoloci tədqiqatların nəticəsində su hövzələrindəki parazitoloci vəziyyəti tam aydınlaşdırmaqla yanaşı, oxşar su hövzələrindəki parazitoloci durumun da proqnozlaşdırılması mümkün olur.

Tofiq Mikayılov şagirdləri ilə birgə Azərbaycan su hövzələrində yaşayan balıq və digər su heyvanlarında 400 növdən artıq parazit aşkar etmiş, onlardan bə’ziləri respublikada, Qafqazda ilk dəfə qeydə alınmışdır. O, respublikada ilk hidroparazitoloci tədqiqatın əsasını qoymuşdur. Balıqlarda, balıqla qidalanan heyvanlarda və insanda xəstəlik törədən parazitlərin öyrənilməsi və onlara qarşı lazımi tədbirlərinin elmi əsaslarının hazırlanmasında xeyli faydalı işlər görmüşdür.

Tofiq Mikayılovun iştirakı və yaxından köməyi nəticəsində Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda balıq xəstəlikləri laboratoriyası yaradılmış, buranın elmi planlarının hazırlanmasında və xüsusi ilə elmi kadrların formalaşmasında onun xidmətləri olmuşdur.

Tofiq Mikayılov Azərbaycanda hidroparazitologiya sahəsində su heyvanlarının parazit və xəstəliklərinin öyrənilməsi üzrə tədqiqatların əsasını qoymuşdur.

Tofiq Mikayılov 150-dən çox elmi əsərin, 5 monoqrafiyanın, 3 elmi-kütləvi kitabın müəllifi, 3 cildlik "Azərbaycanın heyvanlar aləmi" monoqrafiyası redaksiya şurasının üzvü, I cildin əsas redaktoru və müəlliflərindən biri, məktəblilər üçün "Zoologiya" dərs vəsaitinin müəlliflərindəndir.

Tofiq Mikayılov Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Zoologiya İnstitutunda fəaliyyət göstərən, biologiya elmləri doktoru alimlik dərəcəsi verən ixtisaslaşdırılmış şuranın sədri seçilmişdir. O, Moskvada akad. K.İ.Skryabinin adına tə’sis olunmuş mükafatı verən ekspert komissiyasının üzvü olmuşdur.

Tofiq Mikayılov Almaniya, Fransa, Çexiya, Macarıstan və s. ölkələrdə keçirilən beynəlxalq simpozium və konqreslərin iştirakçısı olmuşdur.

Tofiq Mikayılov 1991-ci ildə 1990-cı il üzrə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuşdur.

  • Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001.