Nadir Qasımov

Nadir Sadıq oğlu Qasımov (22 may 1928, Bakı10 mart 2000) — Azərbaycan Respublikasının Xalq rəssamı.

Nadir Qasımov
Nadir Sadıq oğlu Qasımov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi (71 yaşında)
Fəaliyyəti Rəssamlıq
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 1992 "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1967
"Əməkdə fərqlənməyə görə" medalı — 1959

Həyat və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Qasımov Nadir Sadıq oğlu 1928-ci il may ayının 22-də Bakıda anadan olmuşdur. 1941–1946-cı illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almışdır. 1947–1953-cü illərdə isə Sankt-Peterburqda İ.E.Repin adına Rəssamlıq Akademiyasında (İohansonun emalatxanasında) təhsilini davam etdirmişdir. 1953–1954-cü illərin beynəlxalq və respublika sərgilərində portret və mənzərə əsərləri uğurla nümayiş etdirilmişdir. Onların sırasında SSRİ Xalq artistləri BülbülünMərziyyə Davudovanın, qocaman neft ustası Gülbala Əliyevin portretlərini göstərmək olar.[1]

Rəssamın yaradıcılığında romantiklik ən çox bu səpkidən olan əsərlərdə duyulur. Bu növ rəngkarlıq nümunələrinə "Xəzərdə külək" (1991), "Dəniz coşur" (1975), "Xəzərin günəşi və küləyi" (1990), "Buludlu gün" (1991), "Dəniz və qayalar", "Xəzər dənizi" (1990) kimi əsərlərin adlarını çəkmək olar. "1990cı ildə Xəzər üzərində" adlı mənzərə əsərində 1990-cı ilin qanlı 20 Yanvar faciəsi əks etdirilmişdir. Bu əsər rəssamın mənzərə vasitəsilə xalqının faciəsini obrazlı şəkildə göstərmək istedadını üzə çıxarmışdır.[1]

Rəssamın sevimli mövzusu təkcə Xəzər olmamışdır. Tez-tez Azərbaycanın kənd və rayonlarında yaradıcılıq səfərlərində olan rəssam təbiətlə yanaşı sadə əmək adamlarına, qadınların zəhmətinə qiymət vermiş, onlardan ilham almışdır. Elə bunun nəticəsində 1960-cı illərdə onun "Pambıq dağında", "Çəltik sahəsində", "Analar", "Lənkəran bazarı", "Rəfiqələr", "Yüksək dağlar", "Lalələr", "Bizim torpaq" tabloları meydana çıxmışdır.

1961-ci ildə R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində təşkil olunan ilk fərdi sərgisində rəssamın qədim və müasir Çinə həsr etdiyi 50-yə yaxın mənzərə və portret işi nümayiş etdirilmişdir.[2]

Nadir Qasımovun yaradıcılığı 1940-cı illərin sonundan 2000-ci ilə kimi davam edən yarım əsrdən çox bir dövrü əhatə etmişdir. Onun əsərləri dəfələrlə dünyanın 50-dən çox ölkəsində — ABŞ-də, Kanadada, Meksikada, Belçikada, Almaniyada, İtaliyada, İngiltərədə, Fransada, Misirdə, Yuqoslaviyada, Hindistanda, Livanda, Bolqarıstanda, Monqolustanda, Macarıstanda, Rumıniyada, Polşada, Çexoslovakiyada, Kubada, Türkiyədə nümayiş olunmuş və müxtəlif diplomlara və fəxri fərmanlara layiq görülmüşdür.[1]

Rəssamın 100-ə yaxın əsəri Rusiyanın muzey kolleksiyalarında, MDB ölkələrinin muzeylərində, ABŞ, Belçika, Fransa, Almaniya, Türkiyə, İspaniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiyanın muzeylərində, şəxsi kolleksiyalardadır.[2]

Nadir Qasımov 1958–1969-cu illərdə Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətinin üzvü, 1967–1969-cu illərdə Bakı Şəhər Sovetinin üç çağırış üzrə deputatı seçilmişdir. 1970–2000-ci illərdə İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş, Boyakarlıq kafedrasının professoru olmuşdur.

Nadir Qasımov 2000-ci il mart ayının 10-da vəfat etmişdir.

  1. 1 2 3 Nadir Qasımov: 1928–2000/Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi.- Bakı, 2008.- 52 s.
  2. 1 2 Misirli, E. Xalq rəssamı Nadir Qasımovun yaradıcılığında portret janrı /Elnarə Misirli//Təzadlar.- 2014.- 18 oktyabr.- S.10.