İlya Repin

İlya Repin (rus. Илья́ Ефи́мович Ре́пин, ukr. Ілля Юхимович Рєпін; 24 iyul (5 avqust) 1844[1][2][…]29 sentyabr 1930[3][4][…], Repino[d], Finlandiya[5][6]) — Ukraynada doğulmuş[7] kazak mənşəli XIX əsr rəssamı. Müxtəlif mənbələrdə həm Ukrayna rəssamı[8][9][10][11][12] və Rusiya rəssamı[13][14][15] kimi təqdim edilir.

İlya Repin
rus. Илья́ Ефи́мович Ре́пин
Doğum tarixi 24 iyul (5 avqust) 1844[1][2][…]
Vəfat tarixi 29 sentyabr 1930(1930-09-29)[3][4][…] (86 yaşında)
Vəfat yeri
Fəaliyyəti rəssam, heykəltaraş, esseist, qrafika ustası[d], müəllim
Təhsili
  • İmperator Rəssamlıq Akademiyası[d] (18631871)[1]
Janrlar tarix rəssamlığı, portret, janr rəssamlığı
Stil realizm
Tanınmış işləri
Tələbələri Valentin Serov, Boris Kustodiyev, Anna Ostroumova-Lebedeva, Nikolay Feşin, İsaak Brodski, İqor Qrabar
Üzvlüyü
  • Serbiya Elmlər və İncəsənət Akademiyası[d] (19071930)
Mükafatları "Fəxri legion" ordeni kavaleri Commander of the Order of the White Rose of Finland
İmperator Rəssamlıq Akademiyasının böyük qızıl medalı
İmza
ilya-repin.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Peredvijniki Rəssamlar Dərnəyinin üzvü olan Repin əsərlərinin önəmli bir hissəsini anadan olduğu Ukrayna ərazisinə həsr etmişdi.[16] Realist əsərlərinin çoxunda böyük bir psixoloji dərinlik var və bu mövcud sosial quruluşa olan gərginliyi əks etdirir. 1920-ci illərin sonunda haqqında ətraflı yazılar dərc olunmuşdu və təqribən 10 il sonra Repinin əsərlərinə qarşı vurğunluq formalaşmışdı. SSRİ-də Sosialist realizminə mənsub olan incəsənət xadimləri tərəfindən örnək alınması gərəkli olan bir model kimi qəbul olunmuş, fəaliyyəti təqdir olunmuşdur.

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
İlya Repinin hal-hazırda muzey kimi fəaliyyət göstərən kənd evi.
Zdravnevo, Belarusiya.

İlya Repin 5 avqust 1844-cü ildə indiki Ukrayna ərazisində yerləşən Çuquyev şəhərində rus ailənin övladı olaraq anadan olmuşdur. Atası hərbçi, anası isə müəllimə idi. İlya Repin Bunakov adlı ikona sənətçisinin yanında şagird olaraq işləmiş və ondan portret rəssamlığı üzrə ilkin təhsilini almışdı. Çəkdiyi ikonaları yerli kilsələrə sataraq dolanışığını təmin edirdi. Daha sonra 1866-cı ildə Sankt-Peterburqa getdi və Rus İncəsənət Akademiyasında təhsil almağa başladı.[17]

Təhsil aldığı illərdə A. A. Porohovsçikova adlı bir biznesmen Repinə ilk əsərini sifariş vermişdi. Bir sıra slavyan bəstəkarların portreti Repinin ümumi toplum tərəfindən təqdir olunmuş ilk əsərlərindəndir. 1872-ci ildə məktəb layihəsinə təqdim etdiyi Yurinin qızının həyata dönməsi əsəri ona qızıl medal və təqaüd qazandırmışdı. İlya Repin bu təqaüdlə əsərləri müşahidə etmək üçün altı illik İtaliyaFransa səfərinə çıxa bilmişdi.

İlya Repin 1870-ci ildə Volqa çayında etdiyi gəzintidə ən məşhur əsəri olan Burlaklar Volqada əsərini çəkəcək mövzu tapmışdı. Bir qayığı çəkən işçilərin üzləşdiyi çətinliyi təsvir edən bu əsər 1873-cü ildə nümayiş olundu. İzləyənlər və tənqidçilər əsəri yüksək qiymətləndirdilər.

İlya Repin təhsil aldığı illərdə incəsənət tənqidçisi olan Vladimir Stasovla dostlaşdı. Eyni zamanda Modest Musorqski, Nikolay Rimski-KorsakovAleksandr Borodinlə tanış oldu. İlya Repin 1872-ci ildə Vera Şevtsova ilə evləndi.

İlya Repin qazandığı təqaüdlə 1873–1876-cı illərdə İtaliyanı gəzdi və bir müddət Parisdə yaşadı. Parisdə tanış olduğu fransız impressionizmi Repinin işıq və rənglərdən istifadə etməsinə təsir göstərmişdir. Buna baxmayaraq onun üslubu əvvəlki Avropa rəssamlarınınkına, xüsusilə də Rembrandta yaxınlığı ilə seçilmiş və impressionizmi heç vaxt mənimsəməmişdir. Parisdə Paris kafesi və məşhur Sadko əsərlərini çəkmişdir. İlya Repin təqaüdünün müddətinin bitməsinə iki il qalmasına baxmayaraq 1876-cı ildə Rusiyaya geri dönməyi qərara aldı və növbəti fəaliyyətini Rusiya mövzularına həsr etdi. Əvvəlcə anadan olduğu Çuquyevə geri dönsə də, bir ildən sonra Moskvaya köçdü.

İlya Repin Rusiyaya geri döndükdən sonra həm tarixi, həm də aktual mövzularla maraqlandı. İlya Repin 1879-cu ildə Bir təbliğatçının həbs olunması əsərini çəkdi. Bir il sonra isə Zaporojya kazakları Osmanlı sultanına məktub yazırlar əsərinin ilkin versiyasını tamamlamışdı. İlya Repin Lev Tolstoyla dostlaşmış və bir neçə dəfə onun portretini çəkmişdi. 1881-ci ildə dövrünün bir sıra məşhur şəxslərinin (bunların arasında xəstə yatan Modest Musorqski də vardı) portretini çəkmişdi. İlya Repin bundan başqa rəsm kolleksiyaçısı və Tretyakov qalereyasına adını vermiş şəxs olan Pavel Tretyakovun da rəsmini çəkmişdi. Bu ərəfədə Kursk vilayətində dini keçid mərasimiİvan Qroznı və oğlu İvan əsərlərinin ilkin variantlarını tamamlamışdır.

İlya Repin Moskvadan Sankt-Peterburqa köçdükdən sonra, 1882-ci ildə həyat yoldaşı Veradan boşandı. Cütlüyün bu evlilikdən dörd övladı dünyaya gəlmişdi: Yuri, Vera, Nadya və Tatyana. İlya Repin övladlarını çox sevirdi və tez-tez onların portretlərini çəkirdi. 1882-ci ildə Repin Peredvijniki Rəssamlar Dərnəyini də tərk etdi. İlya Repin Peredvijniki Rəssamlar Dərnəyinin özünə qapanması və yeni üzvlər qəbul etməməsini bəyənmirdi.

1882–1889-cu illərdə Repin Avropa, Sibir, Uzaq ŞərqKrıma səfərlər etdi. O, bu dövrdə qabaqcıl rus rəssamlarından biri hesab olunurdu.

İlya Repin III Aleksandr tərəfindən Rus İncəsənət Akademiyasına professor kimi təyinat aldı. 1901-ci ildə Maksim Qorkinin portretini çəkdi. Həmin ildə Repin Fəxri Legion ordeninə layiq görüldü.

İlya Repin 1900-cü ildə rus yazıçı Nataliya Nordman ilə evləndi. 1903-cü ildə həyat yoldaşının Finlandiyanın Kuokkala qəsəbəsindəki (hal-hazırda Repino adlanır və Rusiyanın tərkibindədir) villasına köçdülər. 1914-cü ildə Nordman öldükdən sonra ev Repinə qaldı.

Fəaliyyətdə olduğu müddətdə İlya Repin özünü xalqın içindən çıxmış hesab edirdi. Çəkdiyi əsərlərində də xalqa geniş yer vermişdi. Tez-tez kəndlilərin rəsmlərini çəkirdi, amma ömrünün sonlarına yaxınlaşdıqca rus ziyalı və aristokratiyasının da (bunların arasında II Nikolay da vardı) rəsmlərini çəkməyə başlamışdı.

1878-ci ildə Repin bir qonaqlıqda olarkən Zaporojya kazaklarının Osmanlı sultanına məktub yazması ilə bağlı hekayəni eşidir. Əfsanəyə görə Osmanlı sultanı kazaklara təslim olmalarını əmr edən məktub yollamış, kazaklar da belə bir tələbi gülünc hesab edərək sultana lağ edici bir cavab yollamışdır. İlya Repin Zaporojya kazakları Osmanlı sultanına məktub yazırlar əsəri üzərində 10 ildən daha artıq işləmişdi.

Peredvijniki Rəssamlar Dərnəyi

[redaktə | mənbəni redaktə et]
Kursk vilayətində dini keçid mərasimi, (1880–1883).
Tretyakov qalereyası, Moskva.

İlya Repinin 1864-cü ildə paytaxta gəlməsi ilə təqribən eyni dövrdə akademiyanın bir qrup tələbəsi akademiyadakı rəsmi şəxslərə etiraz etdilər. Onlar akademiyanın qızıl medal yarışmasındakı mövzuların müəyyən olunması və ətraflı formalizmə qarşı çıxırdılar. Səyyahlar adı ilə də məşhur olan Peredvijniki Rəssamlar Dərnəyi kimi tanınan bu qrup rus rəssamlığının qeyri-rəsmi qolunu meydana gətirdi. İlya Repin hələ təhsil aldığı illərdə bu qrupa qarşı xoş münasibətdə olsa da, karyerasına zərər gəlməsin deyə onlara məsafəli yanaşırdı. O, Avropadan geri döndükdən qısa müddət sonra, 1878-ci ildə Peredvijniki Rəssamlar Dərnəyinə qoşuldu. Bu xalqçı cərəyan Repinin milliyətçi hislərinə uyğun gəlirdi. O, qısa müddət ərzində dərnəyin qabaqcıl üzvlərindən biri oldu.

İlya Repin 1882-ci ildə Peredvijniki Rəssamlar Dərnəyini tərk etdi.

İlya Repin 1873-cü ildə Vyana, 1878 və 1900-cü illərdə Paris, 1896-cı ildə Berlin, 1897-ci ildə Venesiya və 1911-ci ildə Romada keçirilən sərgilərdə iştirak etmişdi.

Tarixi və çağdaş mövzular

[redaktə | mənbəni redaktə et]
Zaporojya kazakları Osmanlı sultanına məktub yazırlar, (1880–1891), Rus Dövlət Muzeyi.

1881-ci ildə II Aleksandrın sui-qəsd nəticəsində öldürülməsindən bir qədər əvvəl Repin Rusiyadakı inqilabi əfval-ruhiyyə ilə bağlı bir sıra rəsm əsərləri çəkmişdi. Bunlara Etirafın rədd olunması, Bir təbliğatçının həbs olunması, GörüşməOnu gözləmirdilər kimi əsərləri aid etmək mümkündür. Rusukraynalı milli motivləri və təzadlı ovqatını özündə əks etdirən Onu gözləmirdilər əsəri Repinin ən məşhur əsərlərindən biridir. Böyük ölçülü Kursk vilayətində dini keçid mərasimi əsəri rus milli üslubunun prototipi hesab olunur, çünki fərqli sosial siniflər və onlar arasındakı gərginliyi özündə əks etdirir. Rəsmdə təsvir olunanlar həm ənənəvi dini mərasimdə öz yerlərini tutmuş, həm də qarşısıalınmaz şəkildə irəliləyən kütləyə inteqrasiya olmuşdular.

İlya Repin 1885-ci ildə psixoloji baxımdan ən dərin əsərlərindən biri olan İvan Qroznı və oğlu İvan əsərini tamamladı. Bu əsərdə özünü itirərək oğluna ölümcül zərbə endirmiş İvan Qroznının dəhşət dolu baxışlarla qanlar içində uzanan oğlunu qucaqlaması təsvir olunmuşdur. İvan Qroznının dəhşət dolu baxışları ilə oğlunun hüzünlü çöhrəsi təzad təşkil edir.

İlya Repinin ən mürəkkəb əsərlərindən biri də Zaporojya kazakları Osmanlı sultanına məktub yazırlar əsəridir. Rəssam bu əsərində Ukrayna kazaklarının milliyətçiliyini göstərməyi qarşısına məqsəd qoymuşdu. 1880–1891-ci illərdə çəkdiyi bu əsəri tamamladıqdan sonra III Aleksandr əsər üçün o dövrdə rekord məbləğ hesab olunan 35000 rubl ödəyərək onu almışdı.

Artıq yetkin bir rəssam olduqdan sonra Repin bir sıra məşhur rusun portretini çəkmişdi. Bunların arasında məşhur yazıçı Lev Tolstoy, saray fotoqrafı Rafael Levitski, məşhur kimyaçı Dmitri Mendeleyev, dövlət xadimi Konstantin Pobedonostsev, bəstəkar Modest Musorqski, çellist Aleksandr Verjbiloviç, filantrop Pavel Tretyakov, ukraynalı şair və rəssam Taras Şevçenko və başqaları vardı.

1903-cü ildə Rusiya hökuməti Repinə Dövlət şurasının təntənəli iclasını təmsil edən 400x877 sm ölçüsündə bir əsər sifariş etdi. Rəssam iki şagirdi ilə birlikdə əsəri tamamladı. Dövlət şurasının təntənəli iclası əsərinin tamamlanması iki il çəkdi və bu əsərdə 81 nəfər yüksəkvəzifəli dövlət xadimi təsvir olunmuşdu. Revmatizm səbəbindən Repinin sağ əli iflic olmuşdu. Bu səbəbdən Repin bu əsərin böyük bir hissəsini sol əli ilə çəkmişdi.

1905-ci ildə Rusiyanın Rus-yapon müharibəsində məğlub olmasından sonra ölkədə sosial vəziyyət gərginləşdi. Qanlı bazar günü hadisəsinin baş verməsi Repinə yeni ideya verdi və rəssam Qanlı bazar günü və Qızılın cənazəsi əsərini çəkmişdi. Bu dövrdə Repin dərs keçməyi dayandırdı və Lev Tolstoyla birlikdə ölüm hökmünün ləğv olunması üçün çalışdı. 1911-ci ildə Romaya səfər etdi. Bundan sonra Kuokkaladakı evində xatirələrini yazmağa başladı.

İlya Repin Finlandiyaya heyran qalmışdı. O, 1919-cu ildə Finlandiya Rəssamlar Dərnəyinə 23 rus rəssamının bir əsərini və özünün çəkdiyi 7 əsəri bağışladı. Bunun nəticəsində Athenum muzeyindəki Repin kolleksiyası meydana gəlmişdi.[18]

Ömrünün sonları

[redaktə | mənbəni redaktə et]
Penati, İlya Repinin ev muzeyi. Repino, Rusiya.

İlya Repin Finlandiyanın Kuokkala qəsəbəsində yerləşən özünün dizayn etdiyi evini Penati adlandırmışdı. Penati sözü latınca ev tanrıları mənasında işlənən Penates sözündən törəmədir. 1917-ci ildə baş verən Oktyabr inqilabından sonra Finlandiya müstəqilliyini elan etdi. SSRİ-nin bir sıra qurumları onu ölkələrinə dəvət etsələr də, Repin səfər etmək üçün yetərli qədər qoca olduğunu bəhanə edərək bu dəvətlərdən imtina etmişdi. Ölümündən sonra tapılan ona aid məktublarda isə Bolşeviklər iqtidarda olduğu müddətcə Rusiyaya geri qayıtmayacağını yazırdı.

Bu dövrdə Repin əsasən dini mövzularda rəsm əsərləri çəkirdi. Buna baxmayaraq bu əsərlərini ənənəvi yox daha yenilikçi üslubda çəkirdi. Müvəqqəti hökumətin başçısı olan Aleksandr Kerenskinin portreti istisna olmaqla həmin dövrdə və ondan sonrakı illərdə SSRİ haqqında önəmli bir əsər çəkməmişdi. Sonuncu rəsmi olan Hopak Ukrayna kazakları haqqında olan şən və coşğulu bir əsərdi. İlya Repin 29 sentyabr 1930-cu ildə Kuokkalada öldü və evinin yaxınlığında dəfn olundu.

Davam müharibəsi nəticəsində Finlandiyanın ərazisinə aid olan Kuokkala SSRİ tərəfindən ələ keçirildi və Repino olaraq adlandırıldı. İlya Repinin evi olan Penati YUNESKO-nun Sankt-Peterburq və onunla bağlı olan abidələr adlı ümumdünya irsi siyahısına daxildir.[19] Penati 1940-cı ildən insanların ziyarətinə açıq olan ev muzeyinə çevrilmişdir.

İlya Repin əsərlərində Ukrayna və Rusiyadakı gündəlik həyatı təsvir etmiş və sosial haqsızlıqları göstərməyə çalışmışdır. Bundan başqa tarixi və dini mövzularda rəsmlər, eləcə də əsasən bir sıra bəstəkar və yazıçıların portretlərini çəkmişdir.

Əsərlərində rəng və işıq oyunlarını ustalıqla istifadə etməsi impressionizmin təsiri şəklində qiymətləndirilmiş, çəkdiyi insan portretləri isə duyğuları əks etdirməsi ilə önə çıxmışdır.

İlya Repinin 340 əsəri 1924-cü ildə Moskvada, 1925-ci ildə isə Leninqradda bir yubiley sərgisində xalqa nümayiş olunmuşdu, amma rəssam bu sərgilərə hazır deyildi. 1930-cu illərdə Repinin əsərləri Sosialist realizminin bir modeli hesab olunurdu. Rəssam özü buna az cəhd göstərsə də, adı Lev Tolstoy, Modest MusorqskiNikolay Rimski-Korsakovla bir çəkilirdi. 1930-cu ildə ölümündən bir qədər əvvəl dərc olunan Kiçik Sovet ensiklopediyasında Repindən fövqəladə rus rəssamı şəklində bəhs olunurdu.

İlya Repin 1926-cı ildə onu ziyarətə gələn bir qrup SSRİ sənətçisinə inqilabi mövzuda olan əsərlərini hədiyyə etmişdir. Bunlara Nümayişçilərə atəş açılması, Qanlı bazar günü və Qızılın cənazəsiÇarın edam masası kimi əsərlər aiddir.

Aleksandr Qlazunov Şərq Rapsodiyası Op. 1 (1889) əsərini İlya Repinə həsr etmişdir.

İlya Repinin ən bahalı rəsmi qiyməti £4.5 milyon ($7.2 milyon) olan Paris kafesi əsəridir.[20] Birləşmiş Rəssamlar Reytinqinin ən yüksək kateqoriyasında — Dünya miqyasında məşhurlaşmış, ən az bir əsr öz dəyərini qorumuş rəssamlar kateqoriyasında İlya Repinin də adı vardır.

Haqqında düşüncələr

[redaktə | mənbəni redaktə et]

İlya Repin haqqında bioqrafiya yazmış F. Parker və J. Parker onun rus incəsənətindəki rolu haqqında belə demişlər:

" Qərb incəsənət tarixçi və tənqidçiləri Repinin uğur və xidmətlərinə yetərli səviyyədə əhəmiyyət verməmişdilər. Bu ya onun milli kimliyinin təqdirəlayiq olmaması ilə, ya da çox güman ki, Repinin bir yenilikçi, yeni bir rəssamlıq məktəbinin yaradıcısı olması ilə bağlı idi. O, həm də bir realist idi və modernist deyildi. Lakin həm inqilabdan əvvəl, həm də SSRİ dövründə İlya Repinin adı Fyodor Dostoyevski, Lev Tolstoy, Modest Musorqski və Nikolay Rimski-Korsakov ilə yanaşı çəkilirdi. O, hər şeydən əvvəl Rusiyanın ən qabaqcıl milli rəssamıdır. Onun əsərləri İqor Qrabarın təklif etdiyi milli incəsənətin meyarlarına - xalqın ruhunu əks etdirmək, xalqın düşüncə və əməllərini ifadə etmək, xalq tərəfindən başa düşülə bilmək kimi meyarlara uyğun gəlirdi.[21] "
  1. 1 2 3 4 Репин, Илья Ефимович (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1899. Т. XXVIIа. С. 481.
  2. 1 2 Ilya Yefimovich Repin // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Репин Илья Ефимович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Ilya Efimovich Repin (nid.).
  5. 1 2 Repin, Ilja Jefimovich (ing.). // The Enciclopædia Britannica 12 London, NYC: 1922. Vol. XXXII Pacific Ocean Islands to Zuloaga. P. 268.
  6. 1 2 РЕПИН // Большая российская энциклопедия. Электронная версия (rus.). Большая российская энциклопедия, 2016.
  7. "Ilya Yefimovich Repin – Britannica Online Encyclopedia". 2015-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-16.
  8. Leigh, Allison. "Farewell to Russian Art: On Resistance, Complicity, and Decolonization in a Time of War". Nineteenth-Century Art Worldwide (ingilis). 2022. doi:10.29411/ncaw.2022.21.3.7. 2023-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2023.
  9. "Ilya Repin's Ukrainian Heritage, with Svitlana Shiells". huri.harvard.edu (ingilis). Harvard Universiteti. September 27, 2016. February 15, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2023.
  10. Prymak, Thomas M. "A Painter from Ukraine: Ilya Repin". Canadian Slavonic Papers / Revue Canadienne des Slavistes. 2013. 19–43. 2023-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2023.
  11. Турчак, Леся Іванівна. "ТВОРЧІСТЬ ІЛЛІ РЄПІНА У КОНТЕКСТІ УКРАЇНСЬКОЇ ТА СВІТОВОЇ ХУДОЖНЬОЇ КУЛЬТУРИ". Питання культурології (ukrayna). 29 oktyabr 2021. 204–215. doi:10.31866/2410-1311.38.2021.245945. 2023-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2023.
  12. Greenberger, Alex. "Met Museum Reclassifies Three Painters Formerly Labeled Russians as Ukrainians". ARTnews.com. 13 fevral 2023. 2023-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2023.
  13. Iovleva, L. I. Repin, Il'ya // Grove Art Online (ingilis). 1. Oxford University Press. 2003. doi:10.1093/gao/9781884446054.article.t071521. 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-20. Russian of Ukrainian birth
  14. "Repin, Ilya Efimovich", Benezit Dictionary of Artists (ingilis), Oxford University Press, 2011-10-31, doi:10.1093/benz/9780199773787.article.b00151213, 2022-01-03 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2023-01-19, Ukrainian, 19th–20th century, male. Active in Finland from 1917. ... Ilya Efimovich Repin was the son of a soldier-settler of Cossack origin. In later life he would draw on his origins for the subject matter in works such as The Zaporozhe Cossacks Writing a Reply to the Turkish Sultan.
  15. "ULAN Full Record Display: Repin, J. J. (Russian painter, 1844-1930)". Union List of Artist Names (Getty Research). 2023-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-19. Nationalities: Russian (preferred) / Ukrainian
  16. V Marcadé – Art d'Ukraine, edition l'Age de l'Homme, 1990 Lausanne Switzerland, pg. 151 – 163
  17. Christian Brinton, ed. (1921). The Ilya Repin exhibition. Arxivləşdirilib 2016-03-17 at the Wayback Machine Kingore. ss. 27.
  18. "Helena Soini, Ilja Repin ja Suomi" (PDF). 2011-09-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-11-17.
  19. "Historic Centre of Saint Petersburg and Related Groups of Monuments – UNESCO World Heritage Centre". 2017-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-17.
  20. "Now Repin's joined the oligarchs". 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-17.
  21. Alexander Boguslawski. "Ilya Efimovich Repin (1844-1930)"

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]